Azərbaycanlı skripkaçı Yorkda konsert verib

Azərbaycanlı skripkaçı Yorkda konsert verib

Azərbaycanlı skripkaçı Sabina Rakçeyeva və "Deko” ansamblının rəngarəng musiqisi martın 8-də Yorkda builki yaz partiya konfransında iştirak edən 200-dən artıq liberal demokratı heyrətləndirib.

Avropa Azərbaycan Cəmiyyətindən (AAC)  verilən məlumata görə, Sabina Rakçeyeva Nyu Yorkdakı Culliard Məktəbinin (Juilliard School) ilk azərbaycanlı məzunu, AAC-ın incəsənət və mədəniyyət üzrə müşaviridir. İstedadlı musiqiçilər qarışıq musiqilər, tanqo və öz əsərlərini ifa ediblər.

Tədbiri açıq elan edən AAC-nin direktoru Lionel Zetter bütün iştirakçıları salamlayaraq, həmin gecə keçirilən bir neçə tədbir arasından AAC-nin təşkil etdiyi caz ziyafətini seçdikləri üçün onlara təşəkkürünü bildirib. O, Beynəlxalq Qadınlar Günü olduğu üçün tamaşaçılara belə bir sual ünvanlayıb: "İlk olaraq hansı dövlət qadınlara səsvermə hüququ verib - Böyük Britaniya, ABŞ və ya Azərbaycan? Tamaşaçılar yekdilliklə Azərbaycan deyə cavab verib”.
 
Ukraynadakı son hadisələrə toxunan cənab Zetterin sözlərinə görə, bu hadisələr sübut etdi ki, keçmiş sovet respublikaları Qərblə iqtisadi, siyasi və mədəni əlaqələri inkişaf etdirməlidir. Bundan sonra o, İngiltərə-Azərbaycan Cəmiyyətinin yeni təyin olunmuş sədri Lord Germanı təqdim edib. "Azərbaycanın fantastik mədəniyyəti var. Sabina və "Deko” ansamblı çox gözəl musiqi ifa etdilər”, - deyə o, söyləyib.

Tədbir Azərbaycanla Böyük Britaniya arasında yaxın əlaqələr barədə məlumatlılığı artırmaq məqsədilə təşkil olunub. Bu il Trans-Adriatik boru kəmərinin tikintisinə yardımla bağlı razılaşmaların tamamlanması ilə Azərbaycanın Avropa Birliyi üçün əhəmiyyəti daha da artıb. 2018-ci ildə tamamlanması planlaşdırılan kəmər Azərbaycan qazını Türkiyənin Avropa sərhədindən İtaliyaya çatdıracaq, bununla da AB-nin enerji təhlükəsizliyini təmin edəcək və təchizatın diversifikasiyasına imkan verəcək. Kəmər Cənub Enerji Dəhlizi layihəsində mühüm rol oynayacaq.