Bakıda III “Univision” mahnı müsabiqəsi keçirilir

Bakıda III “Univision” mahnı müsabiqəsi keçirilir

Bakıda III "Univision” mahnı müsabiqəsinə start verilib.
 
APA-nın məlumatına görə, layihə Gənclər və İdman Nazirliyi,  Mədəniyyət və Turizm Nazirliyi və  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə  keçirilir.
 
Bu gün müsabiqənin püşkatma mərasimi də olub. Mərasimdə çıxış edən ATGT sədri Şahin İsmayılov deyib ki, bu ilki müsabiqə ötən ilkilərdən fərqlənir: "Belə ki, bu il müsabiqəyə müraciətlər daha çox oldu. Bizə 40 ali və orta ixtisas təhsil müəssisələrindən müraciət daxil olub. Bu il bölgələr daha aktiv şəkildə iştirak etdilər. Həmçinin bu il texniki şərait də yüksək səviyyədə təşkil olundu. Bu  ilki III "Univision” Tələbə Mahnı Müsabiqəsində 22 təhsil müəssisəsinin təmsilçiləri iştirak edəcək. Əsas məqsədimiz odur ki, bu müsabiqəni Azərbaycanda inkişaf etdirək, daha sonra isə beynəlxalq səviyyədə tələbə platforması yaradaq".
 
Ş. İsmayılovun sözlərinə görə, bu gün püşkatma mərasimindən sonra sabah final uğrunda mübarizə aparacaq iştirakçıların sıralanması məlum olacaq: "Finalda qalib olan tələbə gənc ölkəmizi 14-21 may tarixlərində keçiriləcək beynəlxalq "Univision” tələbə mahnı müsabiqəsində təmsil edəcək. İnanıram ki, layiq olan gənc tərəfimizdən seçiləcək".
 
Daha sonra isə münsiflər heyətinin üzvü əməkdar artist Tünzalə Ağayeva bildirib ki, müsabiqə 3 ildir keçirilir və çox uğurlu alınır: "Mən 3 ildir bu müsabiqəyə böyük həvəslə qatılıram. Çünki gənclərlə işləmək və onlarda musiqimizə, həmçinin dünya musiqisinə olan sevgini görmək məni çox sevindirir. İnanıram ki,  layihə illər keçdikcə daha da böyük marağa səbəb olacaq".
 
Gənclər və İdman Nazirliyinin əməkdaşı Elnur Abdullayev isə deyib ki, sözügedən layihə tələbə təşəbbüsüdür: "Burada bu gün həmçinin, Naxçıvandan olan tələbələr də iştirak edir. Bu çox sevindiricidir. Bu cür layihələri həyata keçirməkdə məqsəd təbii ki, gənclərdə aktivlik hissini artırmaqdır".
 
Layihənin təşkilatçısı Yalçın Cabbarov isə gənclərə məsləhət görüb ki, müsabiqədə aktiv olsunlar: "Lakin nə olur, olsun öz peşənizdə qalın. Çünki bu gün Azərbaycanda sadə vətəndaşdan çox müğənni var. Buna görə də peşənizi sevin".
 
Layihə rəhbəri Natəvan Quliyeva da iştirakçılara uğurlar arzu edib.
 
Daha sonra isə püşkatma keçirilib.