
Bakı Beynəlxalq Film Festivalına film qəbulu davam edir
KİNO
- 14.07.2025
- 0 Şərh
- 17 Baxış
Noyabrın 7-dən 12-dək Bakı yenidən film arenasına çevriləcək.
Yarpaq.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrini təmsil edəcək müəlliflər 16-cı Bakı Beynəlxalq Film Festivalında (BBFF) bir araya gələcək.
Ötən ildən tammetrajlı filmlərin müsabiqəsini elan edən festivalda bu il də yarışma əsas iki kateqoriya – debüt tammetrajlı bədii filmlər və qısa filmlər üzrə aparılacaq.
Filmlər müsabiqəyə https://filmfreeway.com/bakufilmfest platforması və festivalın saytı – www.filmfestival.az üzərindən göndərilir. Filmlərin qəbulu 2025-ci il avqustun 1-dək davam edəcək.
Müsabiqədə iştirak edəcək filmlərin siyahısı oktyabrın 10-da festivalın saytında və sosial şəbəkə hesablarında yerləşdiriləcək.
Müsabiqəyə qatılan filmləri beynəlxalq arenada yüksək mükafatlara layiq görülən əcnəbi və yerli kinematoqrafçıların təmsil olunduğu münsiflər heyəti qiymətləndirəcək.
BBFF debüt filmlərin kinonun inkişafındakı mühüm əhəmiyyətini nəzərə alaraq artıq ikinci ildir ki, debüt tammetrajlı bədii filmlərin müsabiqəsini elan edir. Məhz bu filmlər vasitəsilə kinoda yeni yaradıcı istiqamətlər, yeni tendensiyalar formalaşır, yeni imzalar meydana çıxır, eksperimentlər aparılır. BBFF də cəsarətli və qeyri-ənənəvi yanaşmalar vasitəsilə kino dilini zənginləşdirən debütantların platformasına çevrilməyi hədəfləyib. Festival debüt filmləri böyük ekranda göstərmək və kino sənayesində tanıtmaqla yanaşı, həm də yerli debütantlara stimul verir, onların beynəlxalq arenaya çıxmasına vasitəçilik edir.
Bu gün Bakı Beynəlxalq Film Festivalı ölkəmizdə mötəbər beynəlxalq tədbirə çevrilib. Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Festival bu illər ərzində Azərbaycan kinosunda yeni istedadların ortaya çıxarılması, onların diqqət mərkəzində olması üçün mühüm işlər görüb.