Bəhram Bağırzadə: “Bundan söhbət düşəndə, gözlərimi aşağı salıram” – MÜSAHİBƏ

Bəhram Bağırzadə: “Bundan söhbət düşəndə, gözlərimi aşağı salıram” – MÜSAHİBƏ

Əbədi bakılı, əfsanəvi "Bakılı oğlanlar" komandasının üzvü, komediya aktyoru, rejissor, publisist və sadəcə gözəl insan Bəhram Bağırzadənin ANN.Az xəbər portalına verdiyi eksklüziv müsahibəni diqqətinizə təqdim edirik.

- Siz müxtəlif növ sərgilər də daxil olmaqla, paytaxtda keçirilən mədəni tədbirlərin daimi qonağısınız, ona görə də bu suala asanlıqla cavab verə bilərsiniz: son bir neçə ildə ölkəmizin mədəni həyatında hansı dəyişikliklər baş verib?


- İlk növbədə mən yaradıcı və qeyri-yaradıcı insanlara öz ideyalarını həyata keçirməyə yardım göstərdiyi üçün dövlətimizə təşəkkür edirəm. Əgər bizim ölkəmizdə sərgilər, müsabiqələr, təqdimat mərasimləri keçirilirsə – bu, bizim dövlətimizdə hökm sürən sabitliyin göstəricisidir. Əgər Azərbaycanı SSRİ-nin başqa keçmiş ölkələriylə müqayisə etsək, onda biz onları iki-üç addım qabaqlayırıq, qonşularımızı isə ən azı 50-60 il qabaqlamışıq. Bu fikri mən şayiələrə əsasən söyləmirəm.
 
Ölkəmizin mədəni həyatında baş verən dəyişikliklər barədə mühakimə yürütməyim, fikrimcə, yanlış olardı, çünki mən bu sahənin peşəkarı deyiləm. Bu barədə Tahir Salahov, Sakit Məmmədov, Xəyyam Mirzəzadə kimi əsl incəsənət korifeyləri fikrini bildirsə, daha yaxşı olar. Onların fikir söyləməyə tam haqqı var. Mən özümü daim ya yaxşı tərəfə, ya da pis tərəfə dəyişən mexanizm hesab edirəm. Bəzən həssas qələbələr olur, bəzən də, təəssüf ki, təhqiredici məğlubiyyətlər. Bəzən səhnədə çıxış kifayət yaxşı və güclü olur, bəzənsə zəif olur. Mən bunu etiraf edirəm. Mən həmişə prosesdəyəm. Mənim üçün hədəf – heç nədir, hərəkət isə – hər şeydir. Mükəmməlliyin və özünü təkmilləşdirməyin hüdudu yoxdur.
  
- Sizin uşaqlığınız sovet dövründə keçib və siz hətta "SSRİ: müsbətlər və mənfilər" kitabını yazmısınız. Sovet Azərbaycanı sizin yadınızda necə qaldı və müasir Azərbaycan Sovet Azərbaycanından nə ilə fərqlənir?

- Birincisi, biz minnətdar olmalıyıq ki, 70 il SSRİ-də yaşadıq. Çarın vaxtında reallaşdıra bilmədiyimiz ideya və fikirlərimizi sovet dövründə reallaşdırdıq. Əgər 1918-ci ildə qurulmuş ADR-i qoruyub saxlaya bilsəydik, nələrin baş verəcəyi barədə mühakimə yürütməkdə çətinlik çəkirəm. Heç kəs hadisələrin hansı axarda inkişaf edəcəyi və Azərbaycanın aqibətinin necə olacağı barədə fikir yürüdə bilməz. Yaxşı da ola bilərdi, bizdən ikinci Əfqanıstan da düzəldə bilərdilər. Bizim bəxtimiz gətirdi ki, SSRİ adlı böyük güclü dövlətdə yaşayırdıq. Mən bir vaxtlar oktyabrist, pioner və komsomolçu olduğuma görə təəssüf hissi keçirmirəm. Sovet təhsilinin sayəsində biz bu gün ən azı, Azərbaycan və rus dilində oxuya bilirik, indiysə çoxları ingilis, fransız, ispan və ərəb dillərini bilir. Məhz o bazanın sayəsində Azərbaycan indi yaşayır və inkişaf edir.

Buna baxmayaraq, mən Allaha minnətdaram ki, biz artıq 20 ildən çoxdur müstəqil suveren dövlətik və sovet vaxtı qazandıqlarımızı itirmədik, əksinə, bizdə olan kadrlardan istifadə edirik. Bundan başqa, dövlət bizim xalqımızın təhsiliylə məşğul olmağa davam edir ki, bu da çox əhəmiyyətlidir. Bu gün bir çox məktəblilər hər il xaricdə təhsil almağa yola düşürlər, özü də dövlət proqramı hesabına. Prezident istedadlı uşaqları stimullaşdırmaq üçün onlara xüsusi təqaüd ayırır. Qeyd etməyə dəyər ki, Azərbaycan sürətlə inkişaf edir. Ölkə iqtisadiyyatı gücünü artırır. Bizdə Avroviziya kimi ən möhtəşəm layihələr keçirilir, gələn il tariximizdə ilk dəfə olaraq, birinci Avropa Olimpiya oyunlarını qəbul edəcəyik, dünya və Avropa çempionatları yüksək səviyyədə təşkil olunacaq. Bu gün bizim "Neftçi", "Qarabağ", "İnter", "Bakı" və başqa futbol klublarımız, çempionlar liqasında və avrokubokda çıxış edirlər. Təəssüf ki, sovet vaxtı bizim komandalarımız bu qədər əhəmiyyətli yarışlara qatıla bilmirdilər, indi isə Azərbaycan klubları ən nüfuzlu futbol kuboklarında təmsil olunurlar. Bizim olimpiya çempionlarımız çoxdur, bu isə xüsusən sevindiricidir.

Mən SSRİ-nin keçmiş vətəndaşlarıyla tez-tez ünsiyyətdə oluram. Onlar hamısı Azərbaycana və xüsusən də Bakıya heyran olurlar. Əlbəttə, hər şey mükəmməl ola bilməz. Bəzi əskikliklər var, amma bunlar düzələndir. Hər şey qaydaya düşür. Əsas olan odur ki, biz düz yoldayıq. Səhv etmək xüsusiyyəti hamıya xasdır, amma yeni nəsil azərbaycanlılar səhvləri düzəldəcəklər, onlar xarici ali məktəbləri bitirdikdən sonra vətənə qayıdacaqlar və digər proqressiv gənclərlə birlikdə dövləti qaldıracaqlar. Şəxsən mənə bu ölkədə yaşamaq çox rahatdır. Mən yaşayıram, işləyirəm, yaradıram. İnsana başqa nə lazımdır ki?
 


- Sizin bestseller kitabınız "Mənim gəncliyimin şəhəri" artıq dördüncü dəfədir nəşr olunur. Sizcə, kitabınızın bu qədər məşhur olmasının və xüsusən də xaricdə yaşayan azərbaycanlılar arasında tələbata malik olması nəylə əlaqədardır?

- "Mənim gəncliyimin şəhəri" kitabının dördüncü nəşri ABŞ-da, İsraildə, Almaniyada və MDB ölkələrində yaşayan bakılıların çoxsaylı xahişləri nəticəsində ərsəyə gəldi. Bu kitab ona görə dəyərlidir ki, onda Bakının tarixinin müxtəlif dövrləri haqqında bakılıların xatirələri toplanmışdır, bunun sayəsində o, Azərbaycanla yanaşı dünyanın bir çox ölkələrində böyük şöhrət qazandı. "Mənim gəncliyimin şəhəri" – bu, yalnız dəyərli tarixi faktların toplusu deyil, həm də mənəvi və emosional təəssüratların salnaməsidir, bunun sayəsində yüzilliklər sonra bizim nəsillərimiz dünyanın ən gözəl şəhərinin sözlə ifadəedilməz atmosferini hiss edə biləcəklər.

Mənim kitabımın dərc edilməsini xahiş edən insanların əksəriyyəti, çoxdan Azərbaycanı tərk ediblər, hal-hazırda xaricdə yaşayırlar və nadir hallarda bura gəlirlər. Onların hamısı bizim gözəl şəhərimizə nostalji hisslər bəsləyirlər. Kitabın sloqanı: "Xatirələr – bu, bizim qovulmayacağımız yeganə cənnətdir" və "Bakı – həmişə gənc qalacaq şəhərdir". Hərçənd bugünkü Bakı – onların bir vaxtlar yaşadıqları və çox sevdikləri həminki şəhər deyil. Amma onlar bu xatirələrlə yaşayırlar. Mən anladım ki, belə kitab yazmaq lazımdır və mən onu yazdım. Və mənə xoşdur ki, məhz bu kitab "Bakılı" cəmiyyətinin "Humay" mükafatını aldı.

- Bəhram, siz bu əhəmiyyətli qələbəni öz mərhum atanıza həsr etdiniz…


- Bu yaxınlarda mən düşünürdüm ki, mənim mərhum atam polis polkovniki olub, amma ömrünün son on beş ilini o, rəsmlər çəkib və yeddi şəxsi sərgi keçirib. O, ümid edirdi ki, bir gün "Humay" mükafatına layiq görüləcək. Mən bu mükafatı alarkən, öz qələbəmi atama həsr etdim, çünki bu, ilk növbədə onun mükafatı idi, hərçənd o, rəssam kimi bu mükafata layiq görülmədi, amma onun oğlu həm naşir, həm də kitabın ideya müəllifi kimi bu mükafatı aldı. Əgər atam mənə genetik və ruhi cəhətdən özündən nəsə miras qoymasaydı, bu şəhərə sevgi aşılamasaydı, yaxşı tərbiyə verməsəydi, bu kitab işıq üzü görməyəcəkdi. Mən bu kitabı atamın sayəsində dərc etdim. Ona görə də "Humay" mükafatı - bizim ikimizin qələbəsidir. Əminəm ki, bu, son mükafat olmayacaq, axı tezliklə yeni kitabım işıq üzü görəcək, ancaq bu barədə hələ danışmaq istəməzdim. Qoy bu, kiçik sürpriz olaraq qalsın. Sadəcə deyim ki, bu kitabda mənim atamdan nələrsə var!
 
 
 
 

- «Həyatda ən yaxşı müəllim — təcrübədir. Düzdü, baha götürür, amma aydın izah edir". Bununla razısınız?

- Tamamilə razıyam. İstənilən elm təcrübəyə və praktikaya dayanır, çünki təcrübə olmadan elm irəliləyə və inkişaf edə bilməz. Belə anlayış mövcuddur: bilik – qidadır. Əgər sən bu qidanı həzm edə bilmirsənsə, onda nəyinə lazımdır? Bilikdə də analoji vəziyyətdir. Əgər biliyin varsa, onda onu tətbiq etməyi bacarmalısan, əks təqdirdə, nə faydası var? Sovet dövründə "Elm və həyat" jurnalı var idi. Bu elmi ədəbiyyatı yaponlar tonlarla alırdılar. Gənc alimlər və konstruktorlar tərəfindən irəli sürülən ideyaları SSRİ həyata keçirə bilmədi. Amma yaponlar bu jurnalları alırdılar, elmin nailiyyətlərini öyrənirdilər, onları təcrübədə tətbiq edirdilər və nəticədə bizi yüz il qabaqladılar. Sonra biz onlardan həmin maqnitofonları, diskləri, fotoaparatları və müxtəlif texnikaları alırdıq.

SSRİ anlaya bilmirdi ki, niyə yaponlar hərəsinin çəkisi bir neçə kiloqram olan tonlarla adi gürzlər alırlar. Sən demə, onlar bu gürzləri əridirdilər və Toyota avtomobili istehsal edirdilər. Əsas bu ifadənin qurbanı olmamaqdır: "Vaxtında düşünüb başqa cür etmək lazım idi". Hər şeyi birinci dəfədən və keyfiyyətli etmək lazımdır. Bütün həyatım boyu peşəkarlarla işləmişəm. Məsələn, hətta öz mənzilimi təmir edərkən, mən mütəxəssisə müraciət edirəm. Hər kəs öz işini maksimal dərəcədə yaxşı icra etməlidir, onda heç bir problem yaranmayacaq və biz arzu etdiyimiz nəticəyə nail olacağıq.
 
 
 

- Həyatda çoxmu çətinliklərlə qarşılaşmısınız və onlar sizə nəyi öyrədib?

- Mənim həyatımda çətinliklər çox olub. Allaha şükürlər olsun, faciələr olmayıb, amma çətinliklər olub. Mən həmişə yaradana təşəkkür etmişəm ki, həyatımda bu çətinliklər olub, bunun sayəsində mən bərkimişəm. Bunun sayəsində, öz həyatımın hər dəqiqəsini qiymətləndirirəm. Allaha şükürlər olsun ki, cavanlıqda buraxdığım səhvləri artıq təkrarlamıram, onların üzərində öyrənirəm. Bu gün hətta başqa insanların səhvlərini öyrənməyə və onları öz həyatımda təkrarlamamağa çalışıram. Həyatda çox səhvlər buraxmışam, amma o insan səhv etmir ki, o, fəaliyyətsizdir, buna görə də həyatda yeni vəziyyətlərlə qarşılaşdıqda hansısa səhvlər buraxıram. Amma bundan nəticə çıxardıram və həyatdan həzz alıram!
 
 
 

- İndi azərbaycanlıların "tolerantlığı" kəlməsini çox eşitmək mümkündür. Azərbaycan xalqının bu keyfiyyətini bizim üçün aça bilərsinizmi?

- Bəzən "tolerantlıq" sözündən xoşum gəlmir. Biz istisnasız olaraq hamını sevən mehriban, həssas və sülhsevər xalqıq. Bizim torpağımızda bütün millətlərin, xalqların və dinlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. İndi tez-tez mentalitet sözündən istifadə edirlər, mən bunu da anlamıram və ya kosmopolitizm, multikulturalizm. Yaşamaq, yaratmaq, bəşəriyyəti sevmək və yaxşılıq etmək lazımdır. Ən vacib məsələ budur. Hətta düşmənə də insan kimi yanaşmaq lazımdır.

- Şəhərimizdə hansı dəyişiklikləri görmək istərdiniz?
 
- Qısa deyəcəm. Bakının hər bir sakini özünü bu şəhərin meri kimi hiss etməlidir. Yalnız onda hər kəs öz paytaxtına sevgiylə yanaşacaq!

- Siz güclü yumor hissinə maliksiniz və münaqişəsiz insan təəssüratı bağışlayırsınız. Bəs əbədi bakılını nə özündən çıxara bilər?

- İnsanların avamlığı. Həmvətənlərimizin mədəniyyətsizliyini, kobudluğunu görəndə çox pis oluram. Bu, mənə çox pis təsir edir. Xüsusilə, şəhərimizə gələnlər paytaxt mühitinə alışa bilmədikdə, ona uyğunlaşmadıqda, burda olan mövcud mədəniyyəti anlamadıqda, bizim mirasımızı dəyərləndirmədikdə və layiqli şəhər sakini olmaqdıqda bu, mənə toxunur. Amma ən çox allahsızlardan qorxuram, çünki onlardan nə desən gözləmək olar.
 
 
 

- Azərbaycan istənilən mədəni, idman, beynəlxalq tədbirlərin keçirilməsinə və meqalayihələrin reallaşdırmasının hazırdımı?


- Əsas məsələ hər şeyə peşəkar yanaşmaq və buna uyğun kadrlar yetişdirməkdir ki, onlar gələcəkdə öz vətənlərinin inkişafı naminə çalışsınlar. Bu yaxınlarda Türkiyədən qayıdırdım. Bizim təyyarədə 212 adam var idi. Yeni aeroport bu reysi qəbul edirdi və biz düz bir saat yük gözlədik. Mən işçilərdən birindən soruşdum ki: "Siz bir reysi qəbul etməyə bu qədər vaxt sərf edirsiniz, bəs gələn il iyunun əvvəlində, 2015-ci il Avropa Oyunlarının açılışından əvvəl, 6 min idmançı, minlərlə rəsmi şəxs, minlərlə azarkeş gələndə, bunun öhdəsindən necə gələcəksiniz?". Əlbəttə, o, nə cavab verəcəyini bilmədi. Aeroport işçiləri və könüllülər öz işini yaxşı bilməlidirlər. Heç kəsin xətrinə dəyməsin, amma bütün həyatı boyu kənddə yaşamış insan gəlib aeroportda işləyə bilməz. Aeroport – şəhərin simasıdır, turistlərlərin gördükləri ilk məkandır, şəhərin qonaqlarında ilk təəssüratları formalaşdıran vizit kartımızdır. Ona görə də aeroportda, öz işini beş barmağı kimi bilən və yüksək səviyyədə xidmət göstərə bilən peşəkarlar işləməlidir.

- 2015-ci il Avropa Olimpiya oyunlarına toxunmuşkən, siz buna görə həyəcan keçirirsinizmi?

- Şükürlər olsun, bunun üzərində işləyən, vəziyyəti qiymətləndirən və düzgün qərarlar qəbul edən komitəmiz var. Amma mən də bir vətəndaş kimi, narahat oluram, buna görə bəzi təkliflər verməyi özümə borc bilirəm. Məsələn, 2015-ci il Avropa Olimpiya Oyunlarının keçirilməsi zamanı avtomobillərin şəhərə girişini məhdudlaşdırmaq lazımdır ki, yollar qismən boşalsın. Bizim çox hörmətli təhsil nazirimiz Mikayıl Cabbarov tədris ilini 15 iyuna qədər uzatdı. Oyunların açılışı isə 12-də olacaq. Mən bu il tədris ilini beş gün azaltmağı və uşaqların tətilə tez göndərilməsini təklif edərdim ki, şəhərdə az camaat olsun.
 
 
 

- Siz Azərbaycan futbolunun sadiq azarkeşisiniz, həm klub, həm də yığma səviyyəsində. Sizin fikrinizcə, bizim yığmamızın beynəlxalq yarışlarda uğursuzluqlarının səbəbi nədir?

- Bunun bir çox səbəbləri mövcuddur, bu barədə danışmaq istəməzdim, çünki KİV vasitəsilə belə bəyanatlar səsləndirmək istəmirəm, çünki bu, həmin insanlara münasibətdə ona görə ədalətli olmayacaq ki, canlı ünsiyyətdə təəssüflər olsun bunu onlara deməmişəm. Kiminsə arxasından danışmaq – bu, ədəbsizlikdir və günahdır, ona görə ki, bu, qiybətdir. Amma futbolçuların özlərinə çox şey demişəm, ona görə də təkrarlaya bilərəm. Onların əksəriyyəti savadsızdır, dünyagörüşləri zəifdir və özləri də nə etdiklərinin fərqində deyillər. Futbolçular onlar üçün narahat olan, onlara baxan, azarkeşlik edən və həmişə heç nəyə baxmayaraq onları dəstəkləyən valideynlərinə və xalqına hörmət etmirlər.

- Sizcə, yaranmış durumdan çıxış yolu nədir?

- Əgər məsələyə kompleks yanaşsaq, onda Azərbaycan futbolunun sistemi yanlış qurulub. Onu yenidən yaratmaq lazımdır. Mən hətta bir ideya təklif etdim, onu heç kəs tutmadı və çətin gələcəkdə kimsə dəstəkləsin. Bu ideya ondan ibarət idi ki, yaxın 5-7 ildə Avropa və dünya çempionatları daxil olmaqla, beynəlxalq yarışlarda iştirakdan imtina edilsin, bu halda UEFA və FIFA-ya məktub göndərilsin. Bizim yığmamıza qoyulan pulu, uşaq və gənc futbolunun inkişafına yatırmaq lazımdır. Əsl futbol məktəbləri və akademiyalar yaratmaq, futbol dövlətlərindən ən yaxşı mütəxəssisləri gətirmək, bizim gənc futbolçularımızın tərbiyəsi üçün bütün vacib şərtləri yaratmaq lazımdır, bunun nəticəsində Azərbaycanın milli yığması formalaşacaq. Beləliklə, biz 7-8 il sonra bunun bəhrəsini görəcəyik. Yalnız bundan sonra bizim yığmamız beynəlxalq yarışlarda iştirak etmək durumunda olacaq. Yarışlara qatılıb, təhqiredici məğlubiyyətlərə dözmək isə, hesab edirəm ki, məqsədəuyğun deyil.
 
 
 

- Belə çıxır ki, bütün sahələrdə müşahidə edilən inkişaf futboldan yan keçib…

- Nə qədər acı olsa da, nəticə aşkardır. Dünyada daim bizim ölkəmizin uğurlarından danışırlar. Bizim pəhləvanlarımız, şahmatçılar, voleybolçular və bir çox başqa idmançılar, futbol üzrə milli yığmadan başqa, daim qələbələr gətirirlər və dünya arenasında ölkənin imicini qaldırırlar. Bura həmçinin bizim mədəniyyət və incəsənət xadimlərimizin müvəffəqiyyətlərini də aid etmək olar. Məsələn, bizim cazmenlərimiz ən yüksək mükafatlar alırlar. Xanəndələr bizim milli incəsəntimiz olan muğamı dünyaya tanıdırlar. Biz bütün sahələrdə hamını ötürük və hər şeyə qalib gəlirik. Mən artıq KVN haqqında danışmıram. Təəssüf ki, futbolda biz analoji qələbələrlə və nailiyyətlərlə lovğalana bilmirik, bu da bir vətəndaş kimi, mənə çox toxunur. Xaricdə, xüsusilə şərqi Avropada olarkən, əcnəbilər bizim gözəl şəhərimizi tərifləyirlər, insanlarımızın təhsilli və səmimi olmasını vurğulayırlar, onlar ən müxtəlif sahələrdə Azərbaycanın son illərdə bütün sahələrdə qazandıqları nailiyyətləri sadalayırlar. Əgər on il əvvəl bizi xaricdə tanımırdılarsa, indi çox yaxşı tanıyırlar. Bu, çox xoşdur. Amma söhbət futboldan düşəndə, gözlərimi aşağı salıram, çünki utanıram, axı mən ölkəsini və xalqını sevən azərbaycanlıyam! Ona görə də ciddi dəyişikliklər etmək lazımdır.
 
 
 

- Bəhram Bağırzadədən müasir Azərbaycan gəncliyinə bir neçə məsləhət...


- Mən kiməsə nəsə məsləhət görmək hüququna malik deyiləm. Məncə, bu, düzgün olmaz. Yalnız onu deyə bilərəm ki, cahilliyə dözmürəm. Əgər gənclərimizi götürsək, təəssüf ki, onlar mədəniyyətsiz oldular. Bu, həqiqətən belədir. Mən gənclərlə tez-tez ünsiyyət saxlayıram. Biz belə deyildik, bizim nəslimiz çox fərqlənirdi. Çoxları deyirlər ki, Bəhram qocaldı, ona görə də gənclərdən xoşu gəlmir. Bu, belə deyil. Məsələ başqadır. Qeyd etməyə dəyir ki, bugünkü gənclər başqadır, onlar daha kreativ, daha müasirdirlər, texnikanı əla anlayırlar. Onlardan bunu almaq mümün deyil və mən bunu dəstəkləyirəm, çünki özüm də beləyəm. Mən yeniliyi, irəliləyişi sevirəm. Amma mədəniyyət, sözün geniş mənasında müasir Azərbaycan gənclərinin əksəriyyətində axsayır. Həmişə şəhərimizin sakinlərinin dillərdə əzbər olan yazılmamış qanunları, özünü aparmaq mədəniyyəti, bu gün, əfsus, gözlərimiz önündə yox olur. Azərbaycanlılar həmişə qadına və yaşlılara (ağsaqqallara) nəzakətli davranışı ilə məşhur olub, bu da əcnəbilərdə heyrət doğurub. Yaxşı ki, indi müasir Azərbaycan gənclərinin proqressiv, mədəni və təhsilli nümayəndələrinə rast gəlmək olur, amma onlar təəssüf ki, azdırlar, bununla belə, bu, bizim xalqımızın işıqlı gələcəyinə ümid yaradır!

- Maraqlı söhbət üçün çox sağ olun, Bəhram.

- Siz sağ olun!

Rüstəm Qasımov
ANN.Az