İsmayıl Rizvanoğlu - “Bir gecənin içində on bir gecə yaşadım”

İsmayıl Rizvanoğlu - “Bir gecənin içində on bir gecə yaşadım”

(Rasim Qaracanın "On bir gecə” adlı kitabı haqqında)   

" ... Yəqin ki, bütün savaşlardan sonra mutsuzluq insanların ən böyük problemi olub.” 


(Rasim Qaraca – "On bir gecə”)    

 
  Mütaliə etməyi uşaqlıqdan sevirəm. Yadıma gəlir uşaq vaxtı oxuduğum ilk kitab Aleksandr Belyayevin "Amfibiya adam” kitabı olub. O kitabdan sonra mütaliəyə o qədər böyük sevgim yarandı ki, illər keçdikcə bu sevgi daha da artmağa başladı. Nəticəsi də həyatımı kitabsız təsəvvür edə bilməmək anlamı oldu. Hər ay iki mağazadan (söhbət Xan Xəzinəsi kitab evi və Alokitab.az dan gedir) özümə müxtəlif kitablar alıram. Çalışıram ki, mütaliə siyahımı hər ay daha da artırım. Həmişəki kimi bir neçə gün öncə Xan Xəzniəsi kitab evində idim. Hələ də almadığım və ya yeni gələn kitablarla maraqlanırdım. Avqust ayını istəyirdim ki, yerli müasir yazarlarımızın kitablarını oxumağa həsr edim. Bir siyahı planlamışdım. Və bir-bir siyahım üzrə kitablarımı toplamağa başladım. Birdən gözüm bir kitaba sataşdı. Bu Rasim Qaracanın qələmə aldığı "On bir gecə” kitabı idi. Siyahımda adı olmamağına baxmayaraq götürdüm. Həmişəki qaydaya uyğun olaraq alacağım kitablar barədə bu dəfə də Xan Rəsuloğlu ilə məsləhətləşdim. Bu arada siz də mütaliə siyahınızın daha mükəmməl olmağını istəyirsizsə vaxtınız olarkən Xan Xəzinəsinə baş çəkin. Peşman olmazsız. Hə, qayıdaq kitaba. Xan Rəsuloğlundan kitab barədə soruşarkən "yaxşı kitabdır, oxumağa dəyər” deməsi siyahıma bu kitabın da əlavə olunmasın gətirib çıxartdı. Çox başınızı ağrıtmayım kitablarımı toplayıb metroya doğru getdim. Vaqonlarda olan sıxlığa baxmayaraq mütləq və mütləq kitab oxumalıydım. Hər zamanki məqsədim olaraq. Bir-bir kitabları vərəqləyib, hansını daha birinci başlayacağıma qərar verməyə hazırlaşırdım.   Baxmayaraqki əlimdə hələ də bitirmədiyim bir kitabım da var idi. Rasim bəyin də kitabını göz ucu nəzərdən keçirdim. Nəhayət evə gəldiyimdə əlimdə olan yarımçıq kitabımı oxuyub bitirmək üçün mütaliəyə başlamaq istədim. Kitablar isə yazı stolumun üzərində mənə gülümsəyirdi. Bir anlıq yenidən gözüm "On bir gecə” - yə sataşdı. Əlimdəki kitabı kənara  qoyub onu yenidən vərəqləməyə başladım. Və o başlamaq bu başlamaq kitabı iki saat içərisində fasiləsiz olaraq oxuyub bitirdim. Böyük zövq aldım açığı. Bu zövqü oxucu olaraq mənə yaşatdığına görə Rasim Qaracaya təşəkkürümü bildirirəm. Hə... İndi isə keçək kitaba. Axı bu kitabda nə yazılmışdı ki, məni bu qədər özünə bağladı və  fasilə vermədən oxuyub bitirdim. Odurki, hələ də oxumayanlar, indi yazacaqlarımı diqqətlə oxuyun. Xoş mütaliələr... 

  "On bir gecə” - on savaş qəhrəmanının yaşadıqları ən ülvi hisslərin, qələm sahibi tərəfindən şişirdilmədən reallıqlara söykənərək toplanmış əlyazmalardan ibarətdir. Sevginin, ehtirasın, qadınla münasibətin xüsusi rənglərlə oxucuya çatdırmaq həqiqətən də cəsarət tələb edir. Rasim Qaraca o qədər sadə və oxucunu yormadan bu hissləri çatdırır ki, oxuduğunda bir anlıq müxtəlif həyat hekayələrinin içərisində hiss edirsən özünü.  
 
  Cəbhəylə əlaqəsi kəsilən on əsgər düşmən mühasirəsində qalmışdı. Sursatın tükənmək üzrə olması, üstəgəl ərzaq qıtlığı əsgərlədə gecənin qaranlığında ümidsizlik yaratmışdı. Bunu görən takım komandiri Çingiz maraqlı bir təklif edir ki, hər kəs ilk sevgisindən, qadınla ilk əlaqsəindən danışsın. İlk olaraq da öz başlayırki, tabeliyində olan əsgərlərdə ruh yüksəlişi yaratmış olsun. Və budur hər kəs bir-birini qaranlıqda görmədiyindən utanmadan öz həyat hekayəsini nəql etməyə başlayır. Kimisi ilk sevgisini, kimisi ilk cinsi əlaqəsini elə həvəslə söyləyirdi ki, sanki, döyüşü unudub yenidən o anları təkrar yaşayırdı. (Bu cümlələr kitabda müəllifin yazdığı cümlələrdir.)  

Hər bir əsgərin hekayəsini oxuduqca adam fərqli hallar yaşayır. Arada komik məqamların olması da yazıçının ustalığından xəbər verir. Oxucunu darıxmağa qoymayan hər səhifə əksər gənclər üçün bəlkə də bir örnək sayıla bilər. İstəyirəm qısa olaraq hər bir əsgərin hekayətindən gəldiyim nəticəni ayrı-ayrılıqda diqqətinizə çatdırım.

1.       "sarışın, bəyaz tənli bir qadındı...” (Çingizin kekayəti)

  Hekayətdən gəldiyim nəticə: Yazıçı, insanın statusundan asılı olmayaraq fərdlər arasında yaranan hissləri ustalıqla təsvir edir. Həmçinin xürafata, savadsızlığa qələmi ilə mötəşəm eyham vurur. Ailə qurarkən  şəxsi fikirin önə çəkilməsini, diqqətli olmağı və ən əsası da istər valideyn olsun, istərsə də yad biri, başqasının həyatına müdaxilənin bir müddət sonra uğursuzluq və ya da daha da pis, faciə ilə nəticələnəcəyini vurğulayır.

2.      "Gecəyarı rəqqasəsi” (Samirin hekayəti)

  Hekayətdən gəldiyim nəticə: Mühitin insana böyük anlamda təsiri. Uyğunsuzluq. Qərarsızlıq. Əcnəbi qadınlarla  Azərbaycan qadınlarının fərqi.  Daha ətraflı bilmək istəyirsizsə kitabı oxumağınız məslətdir.

3.      "Gənclikdə belə səhvlər olur” (Kamilin hekayəti)

  Hekayətdən gəldiyim nəticə: Aclıq ( istənilən anlamda). Bu günki Azərbaycan mühitində mental dəyərlərdənmi deyim, adət-ənənələrdənmi deyim dolayı yaşanan acınacaqlı vəziyyət. Bu seksual aclıqdır. Hələ bu günə qədər, bu gündən sonra da nə qədər insanlar bunun qurbanı olur, olacaq. Digər tərəfdən isə yazıçının müdrikliyi özünü bu hekayətdə də bir daha göstərir. Heç kəsə inanmamaq. Bəli, inanmamaq.

4.      "Poxludərədə öpüşmə” (Rövşənin əhvalatı)

  Əhvalatdan gəldiyim nəticə: Burda ən çox bəyəndiyim məqamlardan biri, məsum sevginin tərənnümüdür. O qədər ülvi hisslərlə, ustalıqla işlənibki. Oxuduqca insan özünə aid olan hekayətini xatırlayaraq onun eyfariyasında olur. Deyərdim ki uşaqlığımıza bir anlıq səfər edəcək bir yazıdır. Cəsarət sözünün əsarətlə əvəz olunmağının əla təsviri. İnanıram ki, oxuduğunuzda siz də bir anlıq nostaljiyə qapanacaqsız.  Hər birimizin də "Poxludərəmiz” olub nə vaxtsa.

5.       "Yol azmış iki nəfər” (Fəxrinin hekayəti)

  Hekayətdən gəldiyim nəticə: Qadına ilk toxunuşun titrəyiş verdiyi o anın əla təsviri. Tam səmimi deyirəm, şişirtmədən. Əvvəldə dediyim kimi oxucunu darıxmağa qoymayan yumoristik məqamların olduğu bir yazı. Hekayətin əvvəli nisbətən faciə ilə başlasa da sonradan qələm sahibi oxucunun əhvalını açmağı bacarır. Həmçinin, ani yalnışlıq üzündən bir ömür yaşanacaq bədbəxtliyin tənqidi də öz əksini tapıb yazıda.

6.       "Nasos stansiyasında işləyən adam” (İlqarın hekayəti)

  Hekayətdən gəldiyim nəticə: Mənim kitabın içərisində ən çox bəyəndiyim hekayət. Təbii ki, digərləri də bu hekayətdən heç də geri qalmır. Amma hər birimiz oxucuyuqda, ona görə də bizə toxunan məqamların təsir qüvvəsi hardasa özünü saxlamalıdır. Mənim üçün də bu yazıda, sizi isə bilmirəm. Gələk yazıya. Müəllifin, fiziki qüsurlu insanlarla ətrafın davranışının sətiraltı tənqidi əla təsvir olunub. Həmçinin, qısqanclığın, düşünülmədən atılan addımın, analiz olunmadan verilən qərarların acı nəticəsi. Ən əsası da bütün hekayələrdəki kimi, məsum sevginin çılpaqlığı. Bəli, doğurdanda, fərqli yanaşma və fərqli rənglərlə. Çox yazmaq olar amma yaxşısı özünüz oxuyun.

7.       "Başqa bir sevgili” (Sərdarın hekayəti)

  Hekayətdən gəldiyim nəticə: Bu hekayətdən təsirlənib hətta özüm də yeni bir hekayə üzərində işləməyə qərar verdim. Təsir gücü həqiqətən də böyükdür. Həmçinin hekayətdə patriotik məqamlara da az da olsa toxunulub. Üstəgəl də rüşvət. Sevginin maraqlı təsviri. Amma paradoks olaraq digər tərəfdən də heç nəyə ciddi yanaşmamaq və ötərilik... Bunun səbəbi isə hekayətdə əla qeyd olunub. Maraqlı mübaliğələr var. Oxumağa dəyər yazını, "Xan Rəsuloğlu” demişkən.

8.       "Film kimi həyat” (Ramizin hekayəti)

  Hekayətdən gəldiyim nəticə: Bu hekayətdən çox təsirləndim. Onu deyim ki, faciəvi sonluqla bitir. Gəldiyim nəticəni isə özümə saxlamağı düşünürəm. Siz də oxuyun. Nəticəsini özünüz görəcəksiz.

9.       "Sevginin nifrətə çevrilməsi” (Qaraşın hekayəti)

  Hekayətdən gəldiyim nəticə: Qərarsızlıq. Etinasızlıq. Kobud desək "qudurmaq”. Bütün bunların sətiraltı tənqidi ustalıqla qeyd olunub.  Hekayətin faciəvi sonluqla bitməyi məxsus olaraq yazılıb.

10.   "Çətini ölənəcəndi” (Şahinin hekayəti)

  Hekayətdən gəldiyim nəticə: Yazarın xüsusi olaraq oxucunu təkrar cəbhəyə qaytarmağı bu yazıda öz fərqliliyi ilə seçilir. Ehtirasın qısaca olaraq yer aldığı, bütün hekayətlərdəki kimi fərqli yanaşmanın şahidi olacağıq.   

  Hər bir hekayətdə olan maraqlı və fərqli yanaşmalar sövq elədi ki məni, kitabı qısa zaman çərçivəsində fasiləsiz oxuyub bitirim. Kitabı bitirənədək eyfariyasında oldum. İndi isə gələk yekun nəticəyə. Əslində Rasim Qaracanın biz oxuculara çatdırmaq istədiyi bir ismarıc var. Özünün də vurğuladığı kimi "könülsüzləşmə”. Hər on qəhrəmanın hər hansı bədbəxtlik və üzləşdiyi çətinlik üzündən çarəsini bulacağı bir mövqeni seçmək istəyi. Oxuduğunuzda özünüz də şahid olacaqsız ki, bütün qəhrəmanların bədbəxtliyinin əsl səbəbi nədir?.

"Həqiqətən də, savaşlardan sonra mutsuzluq insanların ən böyük problemi olur. İnsanlarımız könülsüzləşir. Bunun isə təkcə bir səbəbi var – savaşda könüllülərin cəbhəyə yollanması və həlak olmasıdır. Yerdə isə biz könülsüzlərin qalması."

Məncə müəllifin monoloqu bir çox gizli suallarımızın mükəmməl cavabı ola bilər. Mən oxudum zövq aldım, sizə də oxuyun zövq alın. Xoş mütaliələr. Bu arada bir daha Rasim Qaracaya bir oxucu olaraq təşəkkür edirəm. Var olun, var olsun qələminiz.

Bir gecənin içində həqiqətən də "on bir gecə” yaşadım... 



İsmayıl Rizvanoğlu