Cavab ver, Əbülfəz Qarayev!

Cavab ver, Əbülfəz Qarayev!

Açıq məktub

Kamal Rövşən oğlu Almuradlı

Əvvəlcə, necə deyərlər, abrımıza qısıldıq, səsimizi çıxartmadıq. Sonra gördük ki, yox, danışmasaq, olmur. Danışdıq. Sözümüzü çətin də olsa, ünvanına çatdırdıq. Bu yolda kömək edən də oldu, qulaq ardına vuran - ağzına su alıb oturan da. Gördük ki, yox, zəmanə dəyişilib.Mədəni şəkildə desək, yazdıqlarımızı heç vecinə alan yoxdur. 

Məcbur oldum bu yazını yazım. Suallarımı birbaşa nazirə ünvanlayım, o da cavab versin. 

Cənab nazir, 3 ildir ki, rəhbəri olduğunuz nazirlik tərəfindən atam Rövşən Almuradlıya qarşı aparılan təzyiq siyasəti hansı səbəbə görədir? Nəyə görə 60 yaşını keçmiş və ömrünün 40 ilini Azərbaycan mədəniyyətinə həsr etmiş rejissora qarşı bu cür münasibət var? Nəyə görə teatr direktorlarına konkret olaraq tapşırıq verilib ki, Rövşən Almuradlıya tamaşa verilməsin? Həqiqətənmi Rövşən Almuradlı hətta məsafəcə uzaq Qazax, Naxçıvan teatrında belə tamaşa hazırlamağa layiq deyil? İndiyə qədər mükafat və ad siyahısına nəyə görə Rövşən Almuradlının adı düşmür? Bu aqressiya nazirlik tərəfindən nə vaxta qədər davam edəcək? 

Bu yazımı "şəxsi problemini qabardır...” - deyə qiymətləndirə bilərsiniz. Amma gəlin olun mənim yerimdə. Atanıza qarşı edilən bu haqsızlıqlara etiraz etməzdinizmi, dostlar?! Bir neçə il bundan qabaq bir yazı yazmışdım – "Mədəniyyətimizin inciləri”. 

Fikrimi belə tamamlamışdım: "Adam başını dik tutar. Paçalarının arasında yox”. Mən başımı dik tutub sizə suallarımı ünvanladım, Cənab nazir. Ümid edirəm ki, siz də mənim kimi başınızı dik tutub suallarıma cavab verəcəksiniz.