Cavid Fərzəli. Çiçəklərin doğulduğu gün.. (ŞEİR)

Cavid Fərzəli. Çiçəklərin doğulduğu gün.. (ŞEİR)

Sənə doğru 
ürəyimdə bütün güllə yerləri sağ qaldı,
ölmədim qumruların nəğməsində, çiçəklərin dilində...

Sevda susandan bəri 
ürəyim daha çox arxanca atılır sənin
qanadlarına tərəf yüyürən uçrumda
havaya sarılan yarasa gözlü dumanda...

Sənəcən qollarımın üstündə yaxın durdum
qıvrım qaranlıqdan asılan pəncərəyə,
eynəkli masalara...

Ürəyim yenə eyni tərəfə axır 
durğun dənizlərdə, lal səmalarda...

Heyf bilməmişəm, 
çiçəklərin doğulduğu gün ölürmüş bahar...
Günəşin əynindəsə
əlləri üşüyürmüş qışın

...Və birdə də bu payızda
bütün yollar ölü daşımaqdan yorulub artıq...

Bağışla, ayrılığın əlindən ala bilmədim səni...
Axı buludlar ölüm ayağında qalıb yağışların əlində...
Axı bütün sabahlar 
aydınlıqdan qıraq qalıb gecələrin əlində...