Əbülfəs Qarayevin ““YUĞ əməliyyatı”

Əbülfəs Qarayevin ““YUĞ əməliyyatı”

Mədəniyyət nazirliyinin anti-mədəniyyət mövqeyi

Azərbaycanda gündəm manatın kəskin devalvasiyası və neft gəlirlərinin ciddi azalması fonunda ölkənin sürükləndiyi böhranlı vəziyyətə dair xəbərlərlə çalxalanarkən "YUĞ” teatrının yerləşdiyi binadan köçürülməsi barədə məlumat yayıldı və ciddi müzakirələrə səbəb oldu. Mediada, sosial şəbəkələrdə çoxsaylı sənət adamları bu xəbəri aqressiv qarşıladı. 

Öncə mövzudan xəbərsiz oxucular üçün kiçik bir xatırlatma:

Azərbaycan Dövlət "YUĞ” Teatrı Bakının mərkəzində - M.Muxtarov küçəsi, 83 ünvanında yerləşir. Teatrın mənzilləndiyi yer tarixi binadır, indi isə "Yasamal rayonu ərazisində söküntü və abadlıq işlərinin həyata keçirilməsi, yenidənqurma işlərinin aparılması” səbəbi ilə həmin binanın da uçurulmasına qərar verilib. 

Haşiyə:

Qeyd edək ki, Azərbaycan Dövlət "Yuğ” Teatrı 1989-cu ildə rejissor Vaqif İbrahimoğlu tərəfindən yaradılıb və Milli Teatrın dördüncü mərtəbəsinin kiçik səhnəsində fəaliyyətə başlayıb. 1993-cü ildə teatra dövlət statusu verilib. 2003-cü ildə isə "Yuğ” Teatrı Bakı milyonçusu Murtuza Muxtarov küçəsindəki köhnə hamamın binasına köçürülüb. "Yuğ” teatrının poetikası qədim türklərin "yuğlama” (həlak olmuş igidin şərəfinə qopuz /saz musiqisinin müşayiəti ilə təntənəli surətdə keçirilən yas məclisi) mərasimi, şamançılıq ənənələri ilə çağdaş Avropa teatr avanqardının prinsiplərinin sintezi üzərində qurulub.  

Qayıdaq mətləbə...

Biz Azərbaycanda mədəniyyət ocaqlarına dırnaqarası münasibətin kifayət qədər şahidi olmuşuq, ona görə də bir teatrın yersiz-yurdsuz qoyulmasına qətiyyən təəccüblənməmək lazımdır. Bura kitabxanaların kababxanalara, kinoteatrların supermarketlərə çevrildiyi ölkədir. Belə bir ölkədə hansısa teatrı söküləcəyi əsas gətirilərək yerləşdiyi binadan (özü də tarixi binadan!) çıxarılması qədər təbii, məntiqəuyğun heç nə ola bilməz.


Ən qəribəsi artıq "YUĞ”un ləğv ediləcəyi barədə iddiaların yaranmasına da gətirib çıxaran məlum addıma mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin reaksiyası, daha doğrusu, reaksiyasızlığıdır. Qara Qarayev kimi Azərbaycanın bütün zamanlar üçün ən böyük mədəniyyət xadimlərindən birinin soyadını daşıyan, onun qardaşıoğlu olan bir şəxs hansısa teatrın, özü də ilin-günün bu vaxtı belə bir aqibətlə üzləşməsinə necə "yaşıl işıq” yandıra bilər?!


Daha bir haşiyə:

Kimlərsə deyə, yaxud düşünə bilər ki, hər halda rəsmilər "YUĞ”un başqa bir binada yerləşdiriləcəyinə söz veriblər. Amma bu halda belə sorğulanmalı olan bir məsələ var: yuxarıda da qeyd etdiyimiz kimi, teatrın yerləşdiyi ünvan tarixi binadır. Dünyanın istənilən normal ölkəsində səbəb nə olur olsun, belə binalar sökülmür, əksinə, onlar bir dəyər kimi qorunub saxlanılır. 

Yəni hesab etsək ki, "YUĞ” Teatrı nə binasız qalacaq, nə də ləğv ediləcək, hətta bu halda belə, Əbülfəs Qarayev və onun nazirliyinin Bakının mərkəzində tarixi bir binanın yox edilməsinə susqun, ögey münasibətini anlamasq mümkün deyil. Son illərdə Azərbaycan paytaxtında onlarca belə bina "yenidənqurma və abadlıq” adı altında yox edilib, Qarayev və nazirliyi həmin vaxt da eyni cür mövqe və münasibət sərgiləyib.

Unutmaq lazım deyil ki, gün gələcək, sökülüb yerində heç bir memarlıq özəlliyi və estetik gözəlliyi olmayan, yöndəmsiz yaşayış binalarının, ticarət mərkəzlərinin və s. inşa edildiyi həmin tarixi binalara qarşı vandal münasibətə görə bir çox əlaqədar qurumlarla bərabər, Əbülfəs Qarayev və onun Mədəniyyət və Turizm Nazirliyindən də hesab istəniləcək... 
 
Və sonda:

Bir ölkənin sözün həqiqi mənasında tərəqqisi, yüksəlişi üçün ən böyük yatırım onun mədəniyyətinə, sənətinə və ədəbiyyatına qoyulan yatırımdır.

Biz  neft pullarının ölkəyə sel kimi axdığı dövrlərdə bunun şahidi olmadıq. Neft pullarından mədəniyyətin payına az qala heç nə düşmədi. Əvəzində təkcə Bakıda nə qədər kitabxana, kinoteatr tarixə qovuşdu, paytaxta özünəməxsus estetik görkəm və gözəllik verən, eyni zamanda özündə uzun illərin daş yaddaşını gəzdirən xeyli bina izsiz-tozsuz yoxa çıxarıldı, İşərişəhər öz ilkinliyindən qoparılıb atıldı və s. 

Əbülfəs Qarayev və onun mədəniyyət sahəsinə cavabdeh nazirliyi isə bütün bu dövr ərzində  məsələn, "toylar kralı” Səməd Səmədova "xalq artisti” adı verdirməsi ilə öyünə bilər.

Bütün bu ümumi mənzərənin fonunda isə nə indi "YUĞ”un başına gələnlər, nə də sabah oxşar aqibəti başqa bir teatrın yaşaması təəccüb doğurmamalıdır. 

Qaynar.info