Ələsgər Əhməd. Yeni şeirlər

Ələsgər Əhməd. Yeni şeirlər

Keçmişimin hindu gözəli

Deyirlər,
insanın keçmişi daha xoşbəxtdi
Bəlkə 20 il keçmişə qayıdaq:

Gözlərimin önündə soyunmuş ağac,
Burnumu ehtiraslandıran,
yarpaq qoxusu
Qabırğamın sol yarımkürəsində,
Adəmin qırmızı torpaq qorxusu
Nəsə yanımdakı itin də,
hürməyi başqadı
Sanki, bu hürmək
Göydən sümük yağdırmaq üçün duadı

Elə burdan,
bütün xatirələrdən başlayıram
Doğum gününü də,
ətir sevməyini də unudardımmı?
Təəssüf......
bacarmadım.
Bacarmayım deyə,
hamı bəxtə qatıldı
Ən bahalı restoranlarda,
terrorçular əyləşdi
Ən gözəl ətirlər,
"Parfumer" filmində satıldı
-məni baaa....
-bağışlayıram

15 yaşlı qızın makiyajından,
əlini qaldırıb oynanamaq mesajından bilinir
"Mən evlənmək istəmirəm" etirazı
Allah,
onu məsciddə
Sən isə,
səni başqa qadınlarda unutmağımdan narazı
Bir az qorxdum,
qorxdum ki, hər şeyi bir cürə bilərik
Uşaqları hədiyyəsiz oyunlardansa,
şən klounların
gözyaşlarıyla düşündürə bilərik

Mənim atam ölmədi ki,
sadəcə,
anamın ona olan sadiqliyini yoxladı
Kaş görərdiz,
görməliydiz
Anam,
işdən qovulan şən klounlar kimi ağladı

Qadın həbsxanasında,
gözəllik salonun güzgüsü də azad deyil
Çöldən içəriyə baxanlar da,
özlərini azad görmür
Göy qurşağı çıxandan,
yanımdakı it də hürmür
Deyəsən,
yerdən insan skeletlər çıxaran Allahın,
rəhmi də uzaq deyil
Kaş görərdiz,
görməliydiz
Atamın qatilini tapmaq üçün,
kimlərin üzünə qayıtdım,
dayanmadım
Bir kor qışqırdı ki,
"Mən gördüm,
mən gördüm, amma qulaqlarıma inanmadım"

Yolüstü,
bir nəfəri də qucaqladım
Qaşlarını çatmağıyla söylədi:
Alnımdakı qırmızı nöqtə, alın yazımdı

Bir qədəh də süzün!
Bir az da susun,
eşidilsin melodram
Hələ də bilmirsiz ki,
Mənə nə avropanın "qadın azadlığı"
nə də amerikanın "müharibələrə son"
deməyi lazımdı

Mən,
hindu gözəlinin çiyninə qoyduğum,
başımı axtarıram


Sevgisizlər günü


İçimdə lalların orkestrası alqışlanır
Korların gözlərini qırpmağıyla
Əziz Valentin,
evimin başıma uçması,
qapını çırpmağıyla eyni günə düşdü
Balaca hədiyyə qutusunda,
arzularım böyümüşdü
Həyatda ölümdən başqa,
yeniliklər də var
Özü də bilmədiyimiz qədərdi
Müqəddəsliyinə geciksəm də,
6 dəqiqə yarım
Benedikt, Henrini kral kimi tanıdı
O isə zəngimi açıb,
"buyurun, kimdi" deyə, cavab verdi
Kaponenin rəqibi qətlə yetirildi,
mənimsə xəyallarım

Artıq,
evimizi dəyişsək də,
qonaqlar dəyişməyəcək
Gəlib- gedənə qapı açmaqdan,
açarımızı itirdik.
Birimiz, hamımızı itirdik
"Zirvə" arzusuyla qalxsaq da,
yıxıldıq göydələndən
Paklar diyarından barıt qoxusu gələndən,
"hindi"lər avropaya inteqrasiyadan danışdı
Bircə onun,
kinini gülləliyə bilmədik
Müharibələr barışdı
- ölmədik-

Məni nə, bahalı içkilər sərxoş etdi,
nə qadağan olunmuş narkotik vasitələri,
aludəçi
Hər gün gözümün önündən keçir
Gözləri mavi,
donu qırmızı,
saçları yaşıl
gecənin cismləriylə daranmış
"onu düşünməyim" hər qadının xoşuna gəlir
Deyəsən əcdadları,
Rost çayının ətrafında yaranmış.

Atam əməliyyatdaykən,
anam demişdi ki;
Qayıdır, hamı qayıdır.

Əslində ondan da çox şey istəmirəm
və mən də bilirəm ki:

Adları sinonim olan,
bütün xoşbəxtliklər barmaq sayıdı
Onları da,
barmaqları qapı arasında qalanlar sayır
Bu tərəflərə yolu düşə-
dodaqları əsə- əsə deyə ki,
MƏLİK YAŞAYIR.

Yenə, monoton gözləntilər,
pəncərələr açıq,
otaqlar süs
Umduğum yerdən,
bıçaqlanacağımı düşünməmişdim
Öpdüyü dodaqlarımdan,
bu sallandı
"Sən də mi, Brütüs?"

İndi ən lazımsız anda gəlib
sual vermək həyacanıyla,
baxır gözlərimin içinə
Pəncərədən tullanmaq istəyəndə,
dizlərini qoruyan qız haqqında nə deyə bilərsən?

-Heç nə-

Bu yaxınlarda yazılmağa başladı,
dilimizin ucundakı "uzaqlıq" janrı
Sən qərar ver,
Mən niyə?
Qara dərili birini görüb,
gülən birinə
Yanımda ağ gəlinliklə,
ağ günə çıxmağı arzulayım ki, Tanrı?