"Əllər yuxarı, bu soyğundur" - Məşhur yazıçının mağazasından reportaj

 Ayxan Ayvazın "Yazıçılar başqa yerlərdə" layihəsi

- "Mübariz Örən, hardadır görən?”

Telefonu açan kimi öz quraşdırdığım misranı deyirəm.

Gülür və ardınca deyir: "Marketdə”.

Mübariz Örənin bir maşını var, bir də marketi.

İndi Nərimanov metrosu yaxınlığındayam və onun marketinə gedirəm. Hava buz kəsir...

Mübariz elə marketin qarşısında dayanıb. Maşını da çöldə. Elə bil Koroğlu və atı qarşımda durub. Diqqətlə baxanda mənə elə gəldi ki, maşınını iplə ağaca bağlayıb.

Marketə girən kimi əlimi silah kimi tutub qışqırdım:

- Əllər yuxarı! Bu bir soyğundur!

Xadimə yeri süpürdüyü, kassadakı pulu verdiyi yerdə dondu. Müştəri də təəccüblə mənə baxdı. Özümü bir anlıq güzgüdə görmək istədim elə bil: əlimi silah kimi tutub marketi soymağa gəlmişəm.

Kimsə qulağımın dibində uğunurdu...

Sən demə, uğunan və donmuş marketi təzədən hərəkətə gətirən Mübariz imiş...

- Kefsən e... Gəl gedək...

Marketə girəndə elə bilirsən ki, arxasında sirli bir pərdə var və orda səni böyük bir dəhliz gözləyir. O dəhliz səni daha geniş yerlərə çıxaracaq.

Amma və lakin...
 


Sözü verək Mübarizə:

- Səni gəzdirəcək elə yerimiz yoxdu... – bu da onun açıqlaması. Üzündə "balıq gülüşü” gördüm. Xəbəri olmayanlara deyim: Mübariz Örənin ən gözəl hekayəsidir bu. Reportajı bitirən kimi ilk işiniz bu hekayəni oxumaq olsun.

Bir addım irəli, iki addım geri. Lap rus əsgəri sayaq. Və market bitdi.

- Yaman gəzdik. Çox geniş imiş. Qurtarmaq olmur heç. – bu mənim "obedsiz” zarafatım.

- Yaxşı, gəl keçək kabinetə.

Sən demə, Mübarizin kabineti də varmış. Kibrit qutusu boyda kabinet.

Kabinetdən əvvəl bir sualım da vardı Mübarizə. Nə idi ay allah?

Kassada dayanan ağ saçlı kişi başı ilə salamlaşır mənlə. Xadimə də gülümsünür. Bayaqkı hadisənin xoş təəssüratı qalıb üzlərində.

Sualım yadıma düşdü və tez dilləndim:

- Mübariz, heç işçilərin yerinə işləmisən?

- Əlbəttə, çox olub. Fors-major situasiyalar həmişə olur.

Xəyalımda Mübarizin əlinə bir süpürgə verirəm, Mübariz yeyin-yeyin ora-buranı təmizləyir. Arada gəlib gedənə gülümsəyir, əsəbi vaxtında "ə, bir ayağını çək görüm” deyir.

Kassadakı Mübariz ciddidir, təmkinlidir. Elə bil oturub roman yazır. Müştərilər səbrsizdir.

- Qardaş, nə xəyala dalmısan?

Və...

- Ayxan! Ayxan!

Mübariz məni xəyal dünyasından ayırır. Öz xəyalımı ona danışanda gülümsünür. Deyir, elə demək olar ki, bunların hamısını reallaşdırmışam.

Kabinetə keçirik. Çay da var burda. Qabaq-qabağa iki kreslo, ortada balaca masa.

Mübarizin sözü düşür yadıma:

- Bura mənim qısa hekayəmdir.

Tək buranı nəzərdə tutmur, marketi deyir. Bu market Mübarizin qısa hekayəsidir. İki dəqiqəyə oxuyub bitirə bilərsiniz.

Hekayə demişkən... Mübarizin market hekayəsi burdan başlamır. Rusiyada market açmağa başlayıbmış. Sizə deyirəm, bundan bir 10-20 il qabaq.

- Sovet dağıldı, özəl iqtisadiyyat başladı. Öz işimizi qurduq. Rusiyada market açdıq.

- Bəs noldu o marketin taleyi?

- Yarımçıq hekayə kimi qaldı.

Gülürük.

Mübarizin əlavəsi:

- O marketi arendaya verdim, çıxdım gəldim Bakıya. Sonra da market işi ilə davam elədik.

Əlindəki maya batmasın deyə burda bir market almağı düşünüb. Sən demə, bizim "qısa hekayə” adlandırdığımız bu market əvvəllər bərbərxana olubmuş. Hətta... Qoy Mübarizin özü danışsın:

- Mən gələndə "parixmaxer” idi bura. Hətta "Bu şəhərdə”nin bir neçə seriyası çəkilibmiş bu bərbərxanada. Qadın salonu və kişi salonu idi.

- Nə oldu sonra?

- Hekayə sona çatdı.

Bir hekayənin sonu... Bərbərxana özünü doğrulda bilmir və qapanır, sahibi də arendaya verir. Bu yerdə səhnəyə bizim son dövrün ən maraqlı nasirlərindən olan Mübariz Örən çıxır.

- 15-16 ildir bu marketi işlədirik.

Başını qaşıyır:

- 12-13 il də ola bilər.

- Dəqiq olsun!

- Tam xatırlaya bilmədim indi. – gülür...

- Mübariz, bəs neçə işçin var? Onu yəqin ki bilirsən...

- Hə... Dörd işçi var. – yenə qarışdırır. – Bir də xadimə. Beş işçi.

- Maaşları nə qədərdi? Gündəlik verirsən, yoxsa aylıq?

- Maaşları aylıqdı. Nə qədər almaları...

- Sirr olaraq qalır?

- Hə, sirr olaraq qalır.

Mübarizi bu ağır yükdən xilas etdim və ikimiz də çayımızı yudumlayıb gülümsədik.

- Hər gün gəlirsən bura?

- Hə, gəlirəm, gedirəm.

Mübarizi "Örən” kimi tanımaqları hekayəsi də var. Yəni yazıçı kimi. Deməli, kitabı çıxıb. ATV kitab seriyasından. Qonum-qonşu, məhəllə camaatı bunu televizorda görüb axışıb marketə.

"Ay Mübariz müəllim, təbriklər. Bir siqaret ver görüm, qardaş”.

"Axarıncı olsun, ordan bir kilo pesok verin. Görəndə çox sevindik”.

"Həmişə kitabınız çıxsın. Necə yazmısınız o kitabı? Pendirin hansı yaxşdır?
 


Amma Mübariz təəssüflə qeyd edir:

- O təəssürat tez də itdi.

Burda bir "Borc dəftəri” hekayəsi var. Bu borc dəftərində neçə ilin adları var. Hər adın öz taleyi...

- Çoxu qaçıb gedib, ölənlər var, itənlər var, köçənlər, başqa ölkəyə gedənlər. Ola bilsin, gələcəkdə "Borc dəftəri” adında povest yazım. Adlara baxıb taleləri yada salmaq və yazmaq.

- Serqey Dovlatovun "Çemodan” əsəri kimi...

- Hə, orda da elədi axı. Əşyaları çıxarır və xatırlayır.

- Hələ də durur borc dəftəri?

- Durur. İşləkdi.

- Kimlərə borc verirsən?

- Burda işləyəndə adamları tanıyırsan da. Ehtiyacı olana verirsən.

- Qaytarmayan var hələ də?

- Var, var. Niyə yoxdur?

Bir çay fasiləsi... Növbəti abzasda Mübariz yaradıcı kimi çətinliklərindən danışacaq. Kanalı dəyişməyin!

- Yaradıcı kimi əks təsiri var marketin. Çox xırdaçı işdir. Vaxtımı alır, gücümü alır. Yazıçı olmaq həvəsimi alır. Təxəyyülümü azdırır, yaddaşımdakı hekayə yadımdan çıxır sonra. Başqa bir dolanışıq da yoxdur. Nəyləsə məşğul olmaq lazımdı axı. Yarımçıq hekayələr var. 6-7 hekayə. Hekayələr getmir. Müəyyən bir yerə çıxır, sonrakı həlli tapılmır. Məndə olur bu. Məsələn, "Balıq gülüşü” hekayəsi getmirdi, balığın gülüşünü yadıma salanda getdi. Mən hekayə yazanda arxeoloq kimi işləyirəm. İş düz gedəndə nəticə yaxşı alınır. Ya da quyu qazmaq kimi... Qazıram, qazıram, su görünmürsə, narahat oluram. Nəticəni görmək istəyirəm. Hekayə quyumdan su çıxmır hələ ki...

- Deyirəm ki, yaradıcılıqla məşğul olmağın üçün buranı kiməsə həvalə edə bilərsən?

- Olar. Qardaşlarıma tapşırmaq olar. Buranı arendaya verəcəm onsuz. Ömür boyu market işlədən deyiləm ki? Yüngül işdə işləyib yaradıcılıqla məşğul olmaq arzusundayam. Görək...

- Mübariz, burda heç hekayə yazdığın olub?

- "Ağ buludlar”ın sonluğunu burda yazmışam. Məni əvəzləyən burdan çıxmışdı. Bu qara stolda ağ buludların axırını yazmışdım. Qeydlərin əksəriyyətini burda edirəm. Qara dəftərim var. – göstərir. - Mifologiyaya ilə, nağıllarla bağlı qeydlər. Azərbaycan nağıllarını oxuyuram burda. Hərdən, vaxtım olanda bir nağıl oxuyuram.

- Səni mifoligiya həmişə cəlb edir?

- Həmişə cəlb eləyib. Hər hansısa bir hadisəni ədəbiyyata çevirmək, ədəbiyyat malı eləmək olar. Amma onun da gərək okeana çıxışı olsun. O zaman hekayə daha mənalı və maraqlı alınır. Mənim fikrimcə, hansısa bir hadisəni nağıla, dastana tərəf aparanda o daha təsirli olur. O hekayənin içində bir eyham, kod axsa yaxşıdır.

- Oxucuların gəlir bura heç?

- Oxuyanlar... Hə... Hərdən gəlirlər. Deyirlər, siz Örənsiz. Sizi gördüm filan yerdə. Mən də kitabımı verirəm.

- Harda görürlər ki? Facebookda?

- Bəzən elə olur, bəzən də haqqımda yazılan yazıya görə...

- Yazıçı dostlardan gələn var?

- Eləsi var burda yaxında işləyirlər. Səxavət Sahil, Mübariz Cəfərli, Mirmehdi Ağaoğlu ilə tez-tez görüşürük.

Dərhal bir zarafat eləyirəm:

- Deyilənə görə, araq zad oğurlayan yazıçılar var burda.

Uğunur...

- Mən elə şey eşitməmişəm. – gülüşünü boğa-boğa deyir...

- Hə, gəlirlər. Mübariz Cəfərliylə Mirmehdi ilə söhbətləşirik.

- İki Mübariz necə yola gedirsiniz?

- Çox yaxşı, - gülür... - Nərd oynayırıq Mübarizlə. Yaxşı nasirlər yaxşı nərd oynayırlar axı.

Sitatın sonu...

- Yaxşı nasir demişkən... Ramiz Rövşən də bu yaxında səni tərifləyib...

- Hə... Toyda bir yerdə olduq. Çox yaxşı da qarşıladı məni. Dedi, oxumuşam, yüksək qiymətləndirirəm. Kitab istədi. Mən də dedim, çalışıb mütləq çatdıraram.

- Mübariz, səni yazıçı kimi tanıyırıq. Bəs müdir kimi necəsən?

- Bu işin öz prinsip və xüsusiyyətləri var. Dəqiqlik tələb edən peşədir. Peşə demək olarsa... Dostluq dostluq yerində, qohumluq qohumluq yerində, zarafat zarafat yerində. İşçi işini dəqiq bilməlidir. Camaatla yaxşı davranış olmalıdır. Ünsiyyət vacibdir. Gərək heç kimi aldatmasınlar, köhnə mal sırımasınlar.

- Bu cür söhbətlər eləyirsən işçilərlə?

- Onlar mənim xarakterimi bilirlər. Bizi ayaqda saxlayan budur.

- Heç qovduğun işçi olub?

- Görmüşəm əli əyriliyi var. Yaxud iş rejimini dəfələrlə pozub. Bir dəfə, iki dəfə olar. Amma hər dəfə günorta gəlir. Belə olmaz. Özü çıxanlar da var. Məsuliyyətsizlər. İşdən çıxartdığım da var, işi, məni bəyənməyənlər də var.

- Yəni sənə sərt deyə bilərik...

- Hə... İşdə sərt müdirəm. Hər şey öz qaydasında olmalıdır. "Başına dönərəm”lə olmur, gərək deyim ki, bunu düz eləmirsən. Bu işin xüsusiyyəti budur.

- Heç qovub sonra peşman olduğun olub?

- Sən işin poetik tərəfini deyirsən. İşdən qovma bir anda olmur ki! Yığılır üst-üstə. Mən heç kimi qovmaq istəmirəm əslində. Ona işini başa salırsan. O da anlayır. Anlamayanda da yolları ayırırsan. Sonra görürsən ki, yüngülləşmisən. Belə bir problemdən, gündəlik baş ağrısından xilas olmusan.

Bu yerdə zarafatımdan qalmıram:

- Gənc yazıçılardan kimi işlətmək olar?

- (gülür). Dözə bilməzlər. Azad adamlardır. Yaradıcı adama çoxlu boş vaxt vermək lazımdı. Adicə küçədə gəzməsi üçün...

- Sən elə bir şərait yaradardın?

- Şəraiti yaratmaq mümkün olmayacaq. Camaat gəlib səni gözləyir axı...

Gülə-gülə çayımızı içirik...

- Bizim yazarlara şərait yaratmaq olar burda ki, kitab təbliğatı ilə məşğul olsun.

- Belə bir şey etmək fikrin var? Marketin içində kitab satmaq?

- Sən dedin, ağlıma gəldi. Amma təbii ki, bu heç bir xeyir verməyəcək. Bir stend yaratmaq olar. Bir ay maraqlı gələcək. Sonra unudulub gedəcək.

- Burda kitab paylama aksiyası olmuşdu. Necə qarşılandı?

- Çox gözəl qarşılandı. Çox maraqla. Müştərilərin çoxusu deyir ki, Yutuba qoyulub, hərdən baxırıq. Burda stend yaratmaq olar. Gərək hansı formada, hansı məzmunda olacaq, onu fikirləşmək lazımdır.

- Məsələn, filan qədər mal alana bir kitab hədiyyə...

- Hə, bax yaxşı ideyadır. Mən əslində bir bütöv rəfə kitablar qoymaq istəyirəm. Marketin içində kitab mağazası.

- Çox gözəl olar.

- Məncə də... Həm camaat mal ala bilsin, həm də kitab. Bir tərəfdə vermeşil makaron, bir tərəfdə kitab.

- Mağazada kitab təqdimatı, imza günü...

- Çox maraqlı olar. Qəşəng də qarşılanar.

Bu yerdə mənə bir təklif:

- Təzə kitabın çıxacaq deyəsən. Bir təqdimatını da bura salarsan.

Mən işçilərlə söhbət etmək üçün ayağa dururam. Mübariz deyir ki, burda xalam da işləyir. Adminstrator imiş. Elə xalanı kassada tapırıq.

- Necəsiz?

- Yaxşıyam.

- Necədir işlər?

- Əla. Mən həmişə kitabxanada işləmişəm. İdarə etmişəm. Elə çətin deyil.

- Nə vaxt gəlirsiz işə?

- Günorta?

Mübariz gülümsünür:

- Xalamdı da, ona olar.

O biri işçilər də söhbətimizə qulaq kəsilir.

- Mübarizi yazıçı kimi necə tanıyırsınız?

- Nə danışırsınız? Tanıyırsınız nədir? Onun bütün yazdıqlarını oxumuşam. Haqqında yazılanları da.

- Necə yazır?

- Dərin yazır...

Xadimə və kassaya baxan kişi də Mübariz haqda yaxşı fikirdədilər. Deyirlər, sıxma-boğmaya salmır bizi.

Çölə çıxıram. Mübariz məni yola salır.

- Hekayənin sonuna çatdın? – soruşur.

- Hə... Hekayə bitdi.

Mənbə: Adalet.Az