"Əllərim saçını qoruyan ordu..." - Nizami Bayramlıdan yeni şeirlər
Poeziya
- 30.03.2021
- 0 Şərh
- 12283 Baxış
Mən də insanam, möhtərəm hakim,
mən də insanam,
sizin məni təsəvvür etdiyiniz qədər yaradılmışam,
bəlkə də, elə qarşınızdakı, kağızda göstərilən cinayəti
etmək üçün doğulmuşam.
İndi sizə möhtərəm deyəcək qədər acizəm,
Acizliyimi sübut edəcək qədər çarəsiz...
bilmirəm ki, nədən başlayım...
atamın üç oğlu,
mənim isə cəmi üç günahım var.
Yəni mən atamın kiçik,
özümün böyük günahıyam,
oğurluğumu üzərimə götürüb,
doğruluğumu sübut edirəm deyə,
bu gün cəza kürsüsündəyəm.
Möhtərəm hakim,
dünya bir körpənin üzündəki təbəssüm boyda kədərdən ibarətdir,
kədər isə nələrdən ibarətdir onu nə qanun,
nə də siz bilirsiz.
Cəza kürsüsündə olanlar, tanrının belə sevindiklərinə kədərlənirlər!
Təəssüf hissi keçirmirəm, ona görə ki,
cinayətimin cəzasını özüm çəkirəm,
cəzam qədər cinayətim olmadığı üçün
təəssüf hissi keçirirəm, möhtərəm hakim!
Əgər sizin yerinizdə olsaydım,
susardım, hakim,
susardım...
***
Küləklər başlasa müharibəyə,
Əllərim saçını qoruyan ordu.
Əgər atəşkəsə qərar verilsə,
Deməli döyüşün mənəm məğlubu.
Qoy sona çatmasın bu müharibə,
Fərqi yox, kim uddu, uduzdu getdi.
Saçına toxunmaq qələbə hissi,
Qaliblik ən böyük məğlubiyyətdi.
Nə göyün üzündə ulduz parlasın,
Nə günəş yaratsın yerdə kölgələr.
Külək, davam elə yorulmamışam,
De ki, qarışmasın başqa ölkələr.
Dayanma, dayanma əs gecə gündüz,
Ağlımda fırlanır zəfər qorxusu.
Niyə kainatdan silah alırsan?
Bizim ikimizin döyüşüdür bu.
Elə təsəvvür et, xəyalında ki
sən qalib olmusan, mən məğlub oldum.
Yetər ki davam et dağıt saçını,
Sevdiyim deməsin bircə yoruldu.