Fariz Bayramov. Ədəbiyyatın

Fariz Bayramov. Ədəbiyyatın "IZ"i ilə...

Fariz Bayramov

Kitab oxuyan insanların əksəriyyəti, bu sualla qarşılaşıblar, əminəm: "İlk dəfə hansı kitabı oxumusunuz?”... Mən də bu sualla qarşılaşmışam, amma verəcək cavab tapa bilməmişəm. Yəqin kimlərəsə bu sözüm təvazökarlıqdan uzaq görunəcək, lakin bu cavabı tapa bilməməyimə əsl səbəb, ilk kitabı nə vaxt oxuduğumu xatırlamamağımdı. Çünki hələ lap uşaqlıqdan oxuma vərdişinə yiyələnmişəm.  Bunun da səbəbkarı, yaşadığım mühitdə böyüklərin əksəriyyətinin  boş zamanında əllərində  mütləq kitab olması idi, bunu böyüdükcə anlamışam.  Atam, böyük qardaşım, özümdən böyük bacım,  bibilərim, ən çox isə nənəm... 

Daim bu insanları boş zamanlarında kitabla görmək, mənim də uşaq zehniyyətimə kitabı möhkəm yerləşdirib, böyüdükcə də kitab ruhumun ehtiyacına çevrilib. İlk kitabım bəlkə də hansısa nağıl kitabı olub, amma səmimi deyirəm ki, həqiqətən yadimda deyil.Bədii ədəbiyyat oxumağa kimsənin sənəti, işi,  məhəllədəki  "yaxçı oğlanlar"ın tənəsi, "müsəlman olan kəs yalnız dini kitab oxumalıdır" deyən "dardin"lərin sayıqlamaları filan mane olmamalıdır, əgər o "kimsə" həqiqətən oxumaq istəyirsə ... "Vaxtım yoxdur"  bəhanəsi haqda isə, heç danışmayım, bunu dəfələrlə yazıblar, sübut da ediblər ki, əgər insan oxumaq, ruhunu qidalandırmaq istəyərsə, bunun üçün vaxt tapa bilər ... 

Kitab, bədii ədəbiyyat oxumaq üçün mütləq tələbə olmaq, universitet bitirmək, ofis işində işləmək, yuxudan günorta durmaq, "başqa işi-gücü olmamaq" gərək deyil. Bizim gəncləri kitab oxumağa səsləyəndə, mən ən çox bir fikrə, hətta deyərdim ki, zireh kimi beyinləri örtmuş bir fikrə rast gəlirəm. Guya ki, kitab oxumaq üçün yuxarıda saydıgım özəlliklərə sahib olmalısan, əgər sən fəhlə işləyirsənsə, ağır işdə çalışırsansa, "əl-ayağın təmiz" işdə çalışmırsansa, sənin üçün kitab oxumaq lazım və mümkün deyil. 

2003–cü ildən bəri, doğulduğum rayonu tərk edərək Bakı şəhərində yaşamağa və işləməyə başlamışam. Bu müddət ərzində heç vaxt "əlim-ayağım təmiz" işdə işləməmişəm. Amma kitabdan və bədii ədəbiyyatdan da ayrı düşməmişəm.       
Kitab oxuyan kəslər bilirlər, insan oxuduqca, mütaliə etdikcə, sanki qəlbi dolub daşır, oxuduqlarını müzakirə etmək, fikirlərini bölüşmək üçün bir mühit axtarır. Kitabdan ayrı düşməsəm də, rayondan gələndən bəri həmin mühitimi itirmişdim... Daha oxuduğumu müzakirə edəcək kimsə yox idi ətrafımda. Mən Bakıda, atam, qardaslarım rayonda, bacım ailəsi ilə ayrı yaşayır, nənə də hələ çoxdan haqqın dərgahına qovuşub... Qısacası, "bu mühitin arzusu ilə alışıb-yanırdım" desəm, mübaliğə etmiş olmaram.        
Axir bir gün, Facebook sosial şəbəkəsində Kitabsevərlər qrupuna rast gəldim. Daxil oldum, fikirlərimi bildirdim, müzakirələrə qoşuldum, rəylər və qısa resenziya səpkili yazılar yazdım, hətta bir gün qrupun rəhbərləri tərəfindən qrup yönətiçiliyinə, bildiyimiz dillə desək, adminliyə təyin edildim. Qrup rəhbərləri, qrup fəalları ilə birlikdə gəncləri kitaba, mütaliəyə səslədik, virtual aləmlə kifayətlənməyib realda görüşlər təşkil etdik, müzakirə aclığı keçirən gənclərimizi bir–birləri ilə görüşdürdük... İlk dəfə 5 nəfərlə başlayan görüşlərimiz elə bir hala gəldi ki, görüşün təşkil edildiyi kitab-kafedə oturmağa yer belə tapılmadı.       
Bəzi uğurlar əldə etmişdik, amma bununla kifayətlənmək istəmirdik, çünki hələ də oxucu kütləsi bizi qane etmirdi və təbliğatın başqa yollarını axtarırdıq. Bir gün mənim irəli sürdüyüm "telekanallara kitabla bağlı verilişlərin daxil edilməsi üçün müraciət etmək" fikrini, qrup rəhbərləri Rəşad Babalı, Səbuhi Şahmursoy və digər fəallar daha da genişləndirdilər və biz kitab təbliğatı haqda verilişləri, videoçarxları özümüz hazırlayıb internet vasitəsi ilə yayınlamaq qərarına gəldik. Amma bu yol əvvəldə sandığımız qədər asan olmadı, bir çox çətinliklər meydana çıxdı ki, bu maneələrdən ən əsası da maddiyyat idi. Beləliklə, alternativ yollar axtarıldı və Səbuhi Şahmursoyun təklifi və birbaşa özünün əzmi sayəsində bu iş üçün böyük bir addım atıldı. Bu addım həm bizim ədəbiyyat maraqlarımızla üst-üstə düşür, həm də çətinlik çəkdiyimiz maddiyyat məsləsində bir qədər əlimizdən tutacaq kimi görünürdü. Bu addım isə, bundan ibarət idi: Elə öz qrupumuzdakı gənc yazarlara müraciət olundu,  indiyədək heç bir kitabda dərc edilməmiş hekayələrini bizə göndərmələrini xahiş etdik, məramımızı anlatdıq. Gözlədiyimizdən də artıq nəticə bu oldu ki, bütün gənclər öz hekayələrini tam təmənnasız, heç bir qazanc ummadan, əksinə bütün gəliri maddi bazamıza bağışlamaq məqsədi ilə səsimizə səs verdilər.       
Səbuhi Şahmursoyun gərgin əməyinin bəhrəsi olaraq, Rəşad Babalının da redaktorluğu ilə, 14 gənc yazarın hekayələrindən ibarət olan " İZ " kitabı bu yaxınlarda çapdan çıxdı. Qrupumuzdakı fəalların da dediyi kimi, qrupumuzun "ilk körpəsi" dünyaya gəldi.  İyul ayının 6-da kitabın təqdimatını keçirdik və mənim indiyə qədər olduğum bütün kitab təqdimatlarında görmədiyim qədər, təxminən 100 nəfər oxucu gəldi təqdimatımıza. Bir neçə saatın içində 150 kitabın satışına nail olduq. Kitabı oxuyan oxucular bu gənclərin istedadına heyran qaldılar.

Bu, bizim ən böyük uğurlarımızdan biri idi artıq. Çünki gənclər artıq bizim səsimizə daha güclü səs vermişdilər. Təqdimat günü o kütləni, o gəncliyi öz yanımızda görmək, mənə sözün həqiqi mənasında dünyanı bağışladı. Çünki artıq həmfikirlərimizin, gələcəyimizin kitabla daha gözəl olacağına inanan gəncliyin çoxaldığının, artdığının canlı şahidi idim. İndi mən daha da çox inanıram ki, bizim gənclik oxuyur, oxumağa həvəsi var, cəmiyyətimizin kitab oxumaqla daha gözəl olacağına inanır və bunun üçün çalışır. " İZ " kitabı bizim ilk kitab çapımızdır.

Amma biz bununla kifayətlənmək istəmirik, yeni layihələr üzərində çalışırıq. Bizim qarşıdakı layihələrimiz qrupdakı gənclərin köməyi ilə, xarici ədəbiyyatının indiyədək tərcümə edilməmiş əsərlərini, hekayələri tərcümə və gənc şairlərimizin şeirlərindən ibarət toplu tərtib edib çap etdirmək olsa da, əsas məqsədimiz, kitab təbliğatına həsr edilmiş verilişlər, videoçarxlar çəkərək gənclərimizi daha çox ətrafımızda toplamaq, onları mütaliəyə səsləmək, kitabı sevdirmək, bütün bunların sayəsində isə, hazırda uşaq olan və bizdən sonra gələcək gəncliyə oxuyan bir mühit yaratmaqdır. Gözümü açandan, aglım kəsəndən bəri gördüyüm "mütaliə" mühiti ənənəsini gələcək nəsillərə ötürmək arzumuzdur. Həmişə kitablı cəmiyyətdə yaşamaq ümidi ilə..