
İmir Məmmədli. Vaxtsız qonaq - ŞEİR
ƏDƏBİYYAT, Poeziya
- 02.11.2014
- 0 Şərh
- 2842 Baxış
Tanınmış dramaturq və ssenarist İmir Məmmədlinin yeni şeirini oxuculara təqdim edirik:
Vaxtsız qonaq
Vaxtsız qonaq
Soruşursan, niyə tez gəldim sizə,
Yuxudan elədim yatan süsəni.
Saatı qurmuşdum səhər səkkizə,
Həsrətin altıda oyatdı məni.
Bayırda şaxtadı, qar çıxıb dizə,
Çovğun didib-cırır dumanı, çəni.
Saatı qurmuşdum səhər səkkizə,
Həsrətin altıda oyatdı məni.
Günah məndə deyil, inan bu sözə,
Gəldim ki, söyləyim qəlbim deyəni.
Saatı qurmuşdum səhər səkkizə,
Həsrətin altıda oyatdı məni.
Vaxtsız oyanmaq da əcəldi bizə,
Zamanını duyur insanın təni...
Saatı qurmuşdum səhər səkkizə,
Həsrətin altıda oyatdı məni.