İsmayıl Rizvanoğlu

İsmayıl Rizvanoğlu "ZƏHƏR" (hekayə)

"ZƏHƏR"

(hekayə)

İntiqam əlində yarımçıq pivə şüşəsi ilə, çexolu yırtılmış köhnə divanında mürgüləyirdi. Bütün otaq içki və siqaret qoxuyurdu. Tüstüdən pərdələri saralmış, iyirmi kvadrat metrlik kiçik mənzil sanki, ağ işığa bürünmüşdü. Qutusundakı sonuncu siqaret isə külqabıda əriməkdə idi. O, qəfil şaqqıldayan ildırımın səsinə yerindən dik atıldı. Əlindəki pivə şüşəsi qasığına tökülüb üstünü islatdı. Deyinə-deyinə yerini rahatlamağa başlayırdı ki, qapının zəngi aramsız vuruldu. Bu dəfə yox ki, deyinərək, qorxaraq yerindən qalxdı. Bütün bədənini bir anlıq soyuq tər bürüdü İntiqamın. Başından qalxan küt ağrı və ürək bulanma onu yenidən divana sərələdi. Zəng isə aramsız çalınırdı. Gözü bir anlıq külqabının yanında olan, atası rəhmətlikdən yadigar qalan saata sataşdı. Gözucu nəzər yetirdikdə, əqrəblərin gecə saat 03:30 - u göstərdiyini gördü. Özünü ələ alıb zibilə qalmış zəngin səsini kəsməyə cəhd göstərdi. İçindəki qorxu isə qapıya yaxınlaşmağa doğru elədiyi çabanın ağrısına qarışmışdı. Birtəhər divandan qalxıb qapıya yaxınlaşdı. Gözlükdən baxdı, amma qapının qarşısında heç kimi görmədi. Zəng isə artıq yerini sükuta vermişdi. Onu şirin yuxusundan edən mərdimazarın arxasınca yağlı söyüşlər yağdıraraq geri dönüb divana doğru addımladı. Başının ağrısı, ürəkbulanma isə yavaş-yavaş səngiyirdi. Artıq bayırdada şaqqıldayan ildırımlar yerini leysana vermişdi. Divana yaxınlaşsa da fikrini dəyişib pəncərəyə tərəf addımladı. Saralmış və siqaret qoxusu verən pərdəni aralayıb pəncərəni açdı. İçəri soyuq noyabr küləyi daxil oldu. Bolluca ciyərlərinə çəkib gözlərini yumdu bir anlıq. Yağış üzünə çırpırdı öz damlalarını. Özünü bu dəqiqələrdə o qədər rahat hiss edirdi ki, ayaq üstə mürgüləməyə başladı. Xəyallarında Havay adalarında istirahətdə idi. Üzünə çırpılan yağış damlaları ona dalğaların narın sıçrayışlarını daddırırdı. Çox xəfif hisslər yaşayırdı. Dərin-dərin nəfəs alırdı. Xəyallarının eyfariyasında ikən, yenidən qapının zəngi çalındı. Amma zəngə qətiyyən önəm vermir, auranı pozmamaq üçün özünü eşitməzliyə vururdu. Növbəti dəfə zəng aramsız dəlisovluğu ilə bütün əsəblərinə işlədi. Qaçaraq gözlükdən baxmadan qapını açdı. Bu dəfə də heç kim yox idi, amma qapının kandarında bir qutu var idi. Müəmmalı qutunu götürüb götürməməyi düşündü. Birdən gülümsədi. Yadına Hollywood filmi olan "Hədiyyə" düşdü. Başını yellədərək qutunu yerdən qaldırıb qapını bağladı. Köhnə, içliyi bərkimiş divanına əyləşib, qutunu açıb-açmamaq barədə fikirləşdi. Öz-özünə, danışa-danışa siqaret yandırmaq istədi, amma sonuncu siqaretinin külqabının içində söndüyünü görüb köks ötürdü. Yarımçıq pivəsindən bir qurtum alıb, qutuya tamaşa edərək danışmağa başladı:

- Hə... Görəsən sənin içində nə var belə, hörmətli qutu? Mənə xoşbəxtlik gətirəcəksən ya bədbəxtlik? Bax, birdən səni açdım, "boomm" və öldüm. Bəlkə də heç ölmədim. Amma ölsəm bilki qatilim sən olacaqsan. Yaxşı, birdən səni açdım və içində ömrüm boyu həsrət qaldığım çoxlu pulu görsəm, onda necə? Hə?... Mənə kömək elədəəəə... Axı sənin içində nə var? Səni kim mənə göndərib? Ümumiyyətlə sənin nə itin azıb mənim qapımın ağzında?

İntiqam sanki bir dəli kimi öz-özünə, qutu ilə danışaraq arada fasilələr edirdi. Yaranan sükut boyunca hey istəyirdi qutunu açsın, amma cəsarət etmirdi.

- Niyə susursan, möhtərəm qutu? Danışda... Fikir ver ha, sən də otağım kimi həmişə susursan, ürəyimi sındıran qadınlar kimi... Yalandan özünü həmdəmim, dostum kimi göstərənlər tək susursan... Anam kimi susursan... Atam kimi susursan... Sonuncu dəfə hamilə olduğunu, nədi nədi uşağı məndən gizlin tələf etsin deyə sevgilim kimi susursan... Gizlində iş çevirmiş uşaqlar, cinayət törədib polis zabitinin qarşısında cəzası yüngül olsun deyə, adam öldürmüş eee adam öldürmüş qatilin məhkəmədə hakimin yanında müddəti qısa olsun deyə susduğu kimi susursan... Haqsızlığı görə-görə vəzifəsini itirməmək üçün ədalətsizliyə susanlar kimi susursan... Bax, bax hələ də susursan... Deyəsən elə təkcə danışan mənəm. Düz deyirlər ee danışdıqca batarsan... Bax, onun kimi bir şeydi... Ha ha.... Sus, sus, sus... Susun hamınız, susun görək axırı nə olacaq?!. Hm... İndi neynəyim, açım səni? Söz verirsən ki öldürməyəcəksən? Söz verirsən? Bir cavab verdəəəəəə... İtəm hürürəm burda???. Dəhşətsən vallah, insanlardan betərsənki!!! Amma, qulaq as ee, birdən bax haa, səni açaram çaşıb yaxşı surprizlə qarşılaşdırarsan məni, sonra da bu yaxşının da zibilindən qurtara bilmərəm. Bilirsən nəyi deyirəm, möhtərəm qutu? Bilmirsənsə deyim. Bax, səni açdım və içindən çox yox, adam ola biləcəyim qədər pul çıxsa, əminsən ki, mən qudurmayacam? Birdən "ağa" olmayacam? Hə? .... Görürsən susursan yenə də... Demək əmin deyilsən. Odur ki, yaxşısı budur, elə mən səni açıb eləmədən qaytarıb qoyum öz yerinə. Xətanı məndən uzaq elə qurban olum.

İntiqam pivəsindən sonuncu qurtumu alıb, boş şüşəni divanın küncünə ataraq qutu əlində yerindən qalxıb qapıya doğru addımladı. Qapının açılıb-örtüldüyü an çıxan cırıltı səsi onun bayaq ki, baş ağrısına bir işarə verdi sanki. Əlini başına apararaq saçlarına sığal çəkib otaqda özünə siqaret axtarmağa başladı. Bayaqdan açıq qalan pəncərədən içəriyə yağan yağış döşəməni, kitablarını islatmışdı. Bunu görən kimi, əlini əlinə şappıldadıb cəld pəncərəni bağladı. Kitablarını qurulamağa başladı. Birdən hiss etdi ki, qasığı nəmlənib. Əlini aşağıya doğru aparıb sonra isə barmaqlarını qoxulamağa başladı. Pivənin qoxusunu hiss etdikdə rahatlanıb işinə davam etdi. Fikri isə hələ də qutunun yanında idi. Birdən ani sükutdan sonra, hövlank ayağa qalxıb qapıya doğru qaçdı. Qapını cəld açdığında qutunu yerində görüb sevincək halda köks ötürdü. Bu dəfə fərqinə varmadan onu həmən açdı. Qutunun içərisində bir şüşə var idi. Üzərində isə böyük kiril hərfləri ilə "ZƏHƏR" yazılmışdı. Heç nə anlamadı. Qapını örtüb içəri keçmək istəyəndə burnuna dollar əsginazlarının xüsusi ətri vurdu. Binanın dəhlizinə göz gəzdirmək istədi ki, qoxunun mənbəyini tapsın. Bir anlıq, dəhlizin o biri başında özü yaşlarında birinin oturub dollar əsginazlarını necə saydığını gördü. Gözlərini ovxalayıb yenidən nəzər yetirdi. Yuxuda olmadığını anlayıb yenidən bir köks ötürdü. Bu dəfə isə sevinci hiss yox idi bu köks ötürmədə. Bayaqdan qutunun içində nə olduğu ilə bağlı suallar onu düşündürürdüsə də artıq, beynində tamam başqa suallar yaranmışdır.

- "Görəsən o pullar mənim idimi?", " Yaxşı mənim idisə də, bu adamda nə gəzir?", "Niyə məhz zəhər?"