Kamran Nəzirli. Ana, məni öldürmə! (HEKAYƏ)

Kamran Nəzirli. Ana, məni öldürmə! (HEKAYƏ)

Cek Londona

Flora nazik uzun musiqiçi barmağıyla tətiyi çəkəndə əvvəlcə güllə açılmadı. Görünür, vətəndaş müharibəsindən üzü bəri tapançadan güllə atmamışdılar; bayaq o, çardaqda atasından çoxdan qalan təsərrüfat alətləri dolabının yuxarı gözündən silahı götürəndə heç nəyə fikir vermədi, tələsik yataq otağına cumdu, çarpayıya oturan kimi tətiyi sinəsinə tuşlayıb çəkdi. Güllə açılmadı! Cavan qadın bir də tətiyi çəkdi, güllə yenə açılmadı... bir də... bir də... və birdən... Floradan dəhşətli səs çıxdı və o, arxası üstə çarpayıya yıxıldı, yavaş-yavaş huşunu itirdi. Amma çox keçmədi ki, göz qapaqları tərpənməyə başladı; o, sanki yuxu görməyə başladı: elə bil kimsə, nəsə onu qıdıqlayırdı, sonra ona nəsə deyirdi, qulaqlarına pıçıldayırdı... Birdən ona elə gəldi ki, bu, bətnindəki çağasıdı, sinəsi üstündə toppuş mələk kimi uçur. Aman Allah! Sənsən? Axı sən necə danışa bilərsən? O sözləri necə dilinə gətirirsən? Nə dedin mənə? Ölüm eşqiylə yaşayan vaxtın deyil? Ay səni, şeytan! Burax gedim deyirəm sənə! Məni rahat burax... yoruldum həqarətli və riyakar həyatdan...

Yox, Flora Ona qoşulub getmədi, Flora özündən getdi. Ayılanda başının üstündə dolu bədənli qadın gördü. Qadın vurnuxurdu, əlləşirdi, nəsə, deyəsən, onun üstünə əyilib sol tərəfdən sinəsindən aldığı yaranı ağ mələfəylə bağlayırdı...

San-Fransiskonun adətən qaynar olan həyatına hüznlü qış gəlmişdi. Yanvarın ilk həftəsində qar-çovğun yorğun şəhər camaatının başdan aşan qayğılarını bir qədər də çoxaltmışdı. Onsuz da böhran içində boğulan müəssisələr, idarələr, fabriklər, mağaza və emalatxanalar iflic vəziyyətində idi. Hələ üstəlik nəqliyyatın hərəkəti də məhdudlaşmışdı. Builki yanvar Kaliforniyanın digər şəhər və rayonlarından iş axtarmaq üçün San-Fransiskoya axışan adamların bəxtlərini soyuq külək kimi üzlərinə çırpırdı. Azad işçi qüvvələri harda gəldi gecələməli olurdular, mehmanxanalar yalnız varlı təbəqənin üzünə açıq idi. Şaxtalı gecəni küncdə-bucaqda birtəhər başa vuran işaxtaranlar səhərin gözü açılan kimi yenə düşürdülər tin-tin, məhəllə-məhəllə dolaşmağa. İş axtarırdılar. Cavablar bir-birinə bənzəyirdi: "İş yoxdu!", "Böhrandı!", "Pul yoxdu!"... Bəziləri isə heç olmasa ev qulluqçusu yeri tapmağa çalışırdı. Sonuncu ümidlər... sonuncu cəhdlər... belə qarlı-şaxtalı günlərdə hansı qapını döyməyin nə fərqi var?

Vircinya Prentis üçün də fərqi yox idi, təki ev sahibi və ya sahibəsi onu qəbul eləsin, sorğu-suala tutsun, ona iş təklif eləsin. Vircinya elə bu ümidlə qapının zəngini basmaq istədi. Gördü ki, nədənsə, qapı açıqdı; qadın kandarda durub içəri boylandı, sol tərəfdəki otaqların birinin də qapısı açıq qalmışdı, içəridən işıq gəlirdi, çağırdı:

– Hello, evdə kim var?

Cavab gəlmədi. Vircinya bir də təkrar elədi, yenə hay vermədilər. Ümidsiz-ümidsiz geri dönmək istəyəndə içəridən güllə səsi gəldi və açıq qalmış qapı arxasından qadın iniltisi eşitdi.

Vircinyanın qırxa yaxın yaşı vardı, həyatda çox şeylər görüb-götürmüşdü. Belə şeylər onu qorxuda bilməzdi, amma indi bir qədər özünü itirdi, istədi geri dönüb aradan çıxsın. Yenə inilti gəldi, bu dəfə zarıyırdılar. Vircinya səs gələn otağa cumdu.

– Xanım, sizə nə olub? Ah, yaralanmısız? Aman Allah, hamiləsiniz? Ah, qana bax bir! Silah... Niyə belə elədiniz?

– Ölmək istəyirəm... – qadın xırıldadı.

– Səfeh qız! Yanvarda da ölərlər? Yanvarda doğarlar... Bu saat... Vay, vay... .Sizi qan aparır...

Vircinya tələsik paltar dolabının gözlərini eşələdi, ağ mələfə çıxartdı, cavan qadının sinəsindən axan qanı dayandırmaq üçün lazım olan ilk tibbi yardımı göstərdi. Yaralını ehmalca çarpayıya uzadıb həkim dalınca qaçdı...

Flora tanımadığı bu yad qadını elə minnətdar baxışlarla yola saldı ki... Elə bil bir az bundan qabaqkı güzgüdə özünə həqarətlə baxan qadın deyildi. Hə, hə, özünə əl qaldırmamışdan əvvəl Flora güzgüdə şişmiş qarnına baxa-baxa rəngi qaçmış ehtiras doğuran qalın dodaqlarını tərpədirdi, yanaqlarından bir-iki damçı yaş süzüldü və o, ağappağ qansız əlinin dalıyla gözlərini sildi, sonra necə oldusa, birdən-birə doluxsunmuş baxışları həqarətlə əvəz olundu, əksinə daha nifrətlə baxmağa başladı. Yenə dodağının ucunda nəsə mızıldadı. Deyəsən bu dəfə onu içindən qıdıqlayan bətnindəki çağasına acıqlandı. Bəlkə də indiyə kimi dünyada belə şey olmamışdı: cavan qadın bətnində şellənən çağasına nifrət edirdi, ona həqarətli sözlər yağdırırdı. Axı bu necə ola bilər? Axı o, doqquz ay idi ki, bətnindəki çağasını sevə-sevə, əzizləyə-əzizləyə ərsəyə gətirir, onu, canıbir, qanıbir balasını, dünyaya gətirmək eşqiylə yaşayırdı. Bəs niyə birdən-birə qərarını dəyişdi?

Floranın rəngi ağarmışdı, bütün bədəni əsirdi; görünür, mənzildəki soyuq və rütubətli hava da öz təsirini göstərmişdi. Birdən qadın gecə köynəyinin üstündən geydiyi sarı zolaqlı yun xalatının düymələrini açdı, titrəyən əllərini qarnının üstünə qoyub güzgüyə kinayə ilə dedi:

– Səni doğulmağa qoymayacam!

Hələ dünyaya gəlməmiş günahsız bir çağaya misli görünməmiş qadın qarğışıydı bu!

– Səni doğulmağa qoymayacam!

Flora ikinci dəfə təkrar edəndə, artıq səsi titrəmədi, arxayın-arxayın güzgüdən aralandı, vanna otağına girdi. O, əvvəlcə istədi Vilyamın ülgücü ilə damarlarını doğrasın, sonra fikrindən vaz keçib çardağa çıxdı, atasındanqalma köhnə tapançanı götürdü, uzun musiqiçi barmaqlarıyla silahın tozunu sildi və aşağı enib yataq otağında çarpayıya oturdu...

Sonra nə oldu? Sonra... deyəsən atəş açılmadı... Hə, hə... yadına düşdü... atəş... Ah, mənim balam! Mənim mələk balam!!! Bəs o qadın kim idi belə?.. Bəs o dolu qadın... qaçıb gedən o naməlum qadın... Aman Allah, gör nələr baş verir! Mən bu əzaba dözə bilməyəcəm...

Flora yenə huşunu itirdi.

Flora Velman iki gündən sonra xəstəxana palatasında ayıldı. Otaqda heç kim yox idi. Qadın özündə bir yüngüllük hiss elədi, sol əlini tərpətmək istəyəndə ufuldadı, yara yerini elə möhkəm sarımışdılar ki, deyirdin bəs, sol əl qadının çiyni və döşünün aşağı hissəsinə pərçimlənib. Bircə barmaqlarını tərpədə bildi. Ağrı çəkiləndən sonra sağ əlini qaldırdı, qarnına sarı apardı. Aman Allah, bu nədir belə? Yoxsa uşağı götürüblər? Başını dikəltmək istədi, bacarmadı, gözləri qaraldı və var gücüylə inildəməyə başladı. Tibb bacısı cəld içəri girib onu sakitləşdirməyə çalışdı:

– Sakit olun, Miss, hər şey yaxşıdı... Yüngülcə yaralanmışdınız...

– Bəs o... o... hanı?

Tibb bacısı Floranın qarnına tuşlanan baxışlarından dərhal qadının nə demək istədiyini anladı, gülərüzlə:

– O da yaxşıdı, Miss... Yaxşı ki, xəsarət almayıb... Qəşəng sarışın oğlandı... – cavab verdi.

Flora ağladı. Bir azdan uşağı gətirib qoydular ananın böyrünə... Elə bil dünyanı qaytarıb qoydular yerinə. Flora sevgi dolu baxışlarıyla gah oğlunu, gah da içəridəki tibb bacısını süzürdü. Palatada bir qadın da vardı. Ona tanış və doğma gəldi. Qadın kədərli, doluxsunmuş gözlərini ürəksiz-ürəksiz gənc anaya zilləmişdi.

Flora gözlərindən yaş süzülə-süzülə yavaşca dilləndi:

– Bilmirəm kimsiniz, amma oğluma görə sizə bütün ömrüm boyu minnətdar olacam, Madam...

– Elə deməyin, Miss Velman! Məni işə götürsəniz, Cona yaxşı baxacağıma söz verirəm...

– Cona? – Flora gülümsədi.

– Hə, hə, Cona! Həkimlər deyirlər ki, siz mürəxxəs olanda ananızı yox, məhz Conu çağırmısız...

– Hə, düzdü, – tibb bacısı güldü, – elə hey deyirdiz: ah... mənim balam, Con... mənim oğlum... Con...

Flora da güldü.

– Hə... . elədir... Qoy Con olsun... Mən onu "Cek" çağıracam... oğlum dünyanı heyrətə gətirəcək...

Səhərisi gün qəzetdən müxbir gəldi.

– Özünüzü nə üçün öldürmək istəyirdiniz? – müxbirin elə ilk sualı bu oldu.

Flora susdu. Araya uzun və üzücü sükut çökdü. Müxbir başqa sual verdi.

– Miss Velman, deyirlər, sizi intihara professor Vilyam Çeyni vadar edib... Deyin görüm, onunla yaşadığınız müddətdə sizə fiziki zor tətbiq edirdimi?

Flora yenə susdu... Müxbir isə sualları yağış kimi yağdırırdı.

– O, sizi atıb gedib... Deyəsən heç şəhərdə də yoxdu. Polis onu axtarır... Axı siz birgə yaşayırdınız? Necə oldu ki, birdən-birə...

– Nə üçün professor uşaq istəmirdi?

Flora sualları eşitmirdi. Gözlərindən yaş axsa da, gülürdü.

– Axı sizin uşaq doğmağınızı niyə istəmirdi? Məgər dünyaya uşaq gətirmək qəbahətdi?

...

– Necə oldu ki, siz düşüncəsiz hərəkət etdiniz? Uşağınızın taleyi barədə fikirləşmirdiniz? Axı... o uşaq böyüməlidi...

....

– Miss, siz onu sevirdiniz?

– Mən onu sevirdim...

– Bəs o?

...

– Siz ona nifrət edirsiniz?

– Edirdim...

– İndi nifrət etmirsiz?

– Mən indi nifrət edə bilmirəm...

– Niyə?

– Çünki ana olmuşam...

– Miss, bir sual da verim: ərə gedəcəksiniz?

– Niyə getməyəcək, gedəcək... – Naməlum dolu qadın uşağı qucağına alıb artıq Dayə kimi danışmağa başladı. – Cavan, gözəl qadındı... Hələ həyat qabaqdadı... O qədər vicdanlı adamlara rast gələcək ki... Ürəyinə hansı birisi yatsa, ona gedəcək. Uşağa mən baxaram...

– Cəmiyyət buna əxlaqsızlıq kimi baxmaz ki? – müxbir gülə-gülə soruşdu.

– Cəmiyyət? Əxlaqsızlıq? -naməlum qadın üz-gözünü turşudub sanki kinayə ilə sualı təkrar etdi. – Tüpürüm o cəmiyyətə ki, orda qadının ikinci dəfə ərə getməsini əxlaqsızlıq sayırlar! Tüpürüm o cəmiyyətə ki, orda qadın hüququ tapdalanır, ona qul kimi baxılır, onun sevgisinə, seçiminə, istəklərinə, arzularına ağız büzülür... Azad cəmiyyət yoxdusa, azad qadın da olmayacaq... Əxlaqsızlıq dediniz? Əxlaqsızlıq sevgiyə xəyanət deməkdi! Əxlaqsızlıq riyakarlıq, başıpozuqluq, yalan deməkdi! Əxlaqsızlıq zülm etmək, qadını dilənçi kökünə salmaq, onu intihara vadar etməkdi! Əxlaqsızlıq özgələrin hesabına varlanıb harınlamaq deməkdi... Cəmiyyət ləyaqətli olmur... əxlaqlı olmur... Çünki o, cəmiyyətdi... Bəli, bəli... Cəmiyyət sözünə xilaf çıxan adamları sevir, onları yuxarı başda əyləşdirir... Əxlaqsızlıq budur. Harda görmüsüz ki, ər uşaq doğmaq istəyən arvadını aborta məcbur etsin? Harda görmüsüz ki, buna görə adama cəza versinlər? Bax, cəmiyyət buna əxlaqsızlıq kimi baxmalıdır, ser! Yenə deyimmi?

– Madam, uşağın anası sizsiniz? – müxbir ciddiləşdi.

– Mən onun nənəsiyəm... Vircinya Prentis!

Flora gözlərini uzaqlara dikib gülümsəyirdi. O, körpəsini itirmədiyinə, hələ üstəlik ona ağıllı Dayə tapdığına sevinirdi. Adama elə gəlirdi ki, o, dünyanın ən bəxtəvər anası kimi gülümsəyir, düşünür, sonra yenə gülümsəyir. Flora müxbirlə Vircinya Prentisin alovlu müsahibəsinin ardını eşitmədi. O, sadəcə xoşbəxtcəsinə düşünürdü. Qəlbini anlaşılmaz hislər bürümüşdü. O, Ruh barədə düşünürdü. Bəlkə də bilmirdi ki, həyat ona daha hansı dərslər öyrədəcək. Ağlına belə gətirmirdi ki, ilin axırında müharibə əlili və veteranı Con London kimi ağıllı bir kişiyə rast gələcək, ona ərə gedəcək, Conun iki qızına yaxşı ana olacaq, Con da onun oğluna yaxşı atalıq edəcək... Hardan biləydi ki, Cek öz atalığının familyasını götürəcək... Axı Cek hələ körpədir. Ana körpəsini öldürə bilməz! Yox, yox, onu öldürə bilməz! O, mənim ruhumdu, ruhum! Gözü, işığı, canı, qəlbi olan Ruh! Ana olan bəndə onu öldürərmi heç?

Ana hələ bilmirdi ki, o, öz Ruhunu düz qırx il böyüdəcək... Düz qırx il... 22 noyabr 1916-cı ilə kimi...

2016.