Mahir Bayram. Həyat fəlsəfəsi

Mahir Bayram. Həyat fəlsəfəsi

Dünya o qədər səxavətli və ürəyi genişdir ki, onun hər bir sahəsinin, hər əlamətinin fəlsəfəsindən yazmaq olar. Amma, bu  “fəlsəfələşdirmə”  həvəsi hansı yönə fırladılsa da, yenə insan üzərinə gəlib çıxacaq. Ümumiyyətlə, bizim başa düşdüyümüz və başa düşmək istədiyimiz hər şeyin bir ucu, bizim özümüzə çox möhkəm bağlıdır. Hətta,  “Allah”  anlayışının özü belə,  “insan”  anlayışından kənarda deyil. Bitkinin yuxariya doğru boy atması ilə, insanın göylərə “əl qatmaq” eşqi arasında paralellər vardır. Insanın hər şeyi bilmək istəyi, -- öz ağlının üstünlüyü ucbatından düşdüyü komplekslərin tamamlanması üçündür. Amma, dünya və həyat paradokslar məskənidir. Buna görə də,  “mənim həyat fəlsəfəm”  ifadəsini  ən çox fəlsəfəyə heç dəxli olmayan, onun mahiyyətindən yerli-dibli başı çıxmayan adamlar daha çox işlədirlər. Bu ondan irəli gəlir ki,  “fəlsəfə” kəlməsi həmişə avtoritetli, heç vaxt dəbdən düşməyən, nəsə yüksək ağıl göstəricilərinə aid olan, “intiligentvari” anlam kimi səsləndiyindən, adamlar öz adlarının yanında bu sözü təsəvvür etməkdən xoşlanırlar. Kiminsə tutduğu yol, məqsədləri və inancı  fəlsəfə yox, sadəcə onun özünə aid olan həyat tərzi və planlarının məcmusudur. Kütləviliyə, hətta özünü göstərməyə aid olan həyati jestlər, hərəkətlər və məqsədlər fəlsəfə demək deyil. ( Onların kriteriyaları ilə yanaşılsa, onda tarakanların da həyat “fəlsəfəsindən” danışmağın yeri var.)

Hamı fərddir. Bu fərdlərdən hansısa biri cəmiyyətin qabağında, kimisi ortasında, kimi isə arxasında getməlidir.( Çün ki, içində itib-batdığımız, haqqinda bir şey bilmədiyimiz çoxölçülü dünyanın variantlarının birində gizlənmiş – bizim üçölçülü dünyamızda və ayrılmış zamanımızda hər şeyin, hər kəsin konkret yeri olmalıdır.) Filosof müstəsna adamdır ki, bu həyat gedişatında geri qalmaqla bərabər, qabağı da görə bilir, məvhumları tək yox, onlara aid ola biləcək əhatələrilə birgə, təfəkküründə canlı şəkildə daşıyıb aparmaq qabiliyyətindədir. Hətta,  cəmiyyətin önündə gedən belə, öz gedişinin, istiqamətinin fəlsəfiliyə nə qədər aid olduğunu heç vaxt dəqiq görə bilməyəcək. Filosofları isə təbiət məhz bunları görüb, onlara (öndəkilərə) və hamıya göstərmək üçün yaradır. Həyat fəlsəfəsindən nəzəri və praktiki çıxarılan qəribə nəticələrdən biri də budur ki, öndə gedən liderin yerində heç vaxt əsl filosof peyda olmur. (“filosof” sözünün əvvəlində “əsl” sözünü ona görə qeyd edirəm ki, çörək pulu, ad üçün fəlsəfə ilə məşğul olan fəlsəfəçi başqadır, filosof  başqa.) İdeal vəziyyət isə bu olardı ki, həmin liderin yanında, (yerində yox), eşidilən, əsl filosof  otursun.  “Dahilər sivilizasiyanın gedişini sürətləndirirlər, qarabasmadan əzab çəkən fanatiklər isə tarix yaradırlar... Məhdud ağlı, amma kəskin xarakteri və güclü ehtirası ılə fərqlənən fanatiklər,  kütlələri ayağa qaldırıb yeni dinlər və imperiyalar  yaratmağa qadirdirlər... Amma, Qaliley və Nyutonun səsi kütlələrdə heç bir əks-səda oyatmır.” – (Qustav Lebon, 1841-1931)   Bir sözlə, kütlələrin qabağına düşmək, liderləşmək üçün həmin kütlənin öz səviyyəsindən və istəklərindən yoğrularaq, qaynar həvəslə alışıb yanmaq lazımdır. Bu həvəs onu, onsuz da ortaya (və qabağa) çıxaracaq. Burada filosofluq etməyin yeri yoxdur.

İndiki mürəkkəb dünyada isə, çox xalqların liderlərinin kənar, böyük güclərin təsirilə təyin edilməsi, adi bir həqiqətdir. Kütlə, bunu təfərruatı ilə duymaq və görmək qabiliyyətində deyildır. Təbiətin özündə də,( təəssüf ki,)  təbii olaraq bu (aldadanlar və aldadılmaqdan həzz alaraq yaşayanlar) qaydanın əsasları mövcuddur. Əlamətinə bir nümunə;  Qu quşu öz yumurtasını özündən çox-çox balaca olan birəbitdən quşunun yuvasına qoyur. Kürt  yatan  birəbitdən  öz yumurtalarından xeyli iri, bir ədəd yumurtanın, altındakı yumurtalar arasında birdən-birə peyda olmasının heç fərqinə də varmır. Vaxt yetişir, qu quşunun yumurtasından bala daha tez çıxır. Gözü hələ açılmayan qu balası, o biri yumurtaları kürəyi ilə sürütləyərək  yuvanın kənarlarından yuxarı qaldırıb, aşağı atır. Öz axırıncı yumurtasının da bu minvalla yerə atılmasına, ana birəbitdən maddım-maddım, heç nə olmurmuş kimi baxır. Sonra, bu qalib qu balasını ögey ana və ata birəbitdən, doğmalardan da böyük həvəslə yemləməyə başlayır. O vaxta qədər ki, qu balası  yuvadan  xeyli böyük olur. Qu balası uçmağı bacaran kimi,  “sağ ol” da demədən uçub gedir. (Alimlər çox baş sındırsalar da, qu balasının yumurtadan çıxan kimi, gözü bağlı, birəbitdən yumurtalarını hansı instinktin, hansı ağılın gücü ilə, dal-dalı hərəkətlə qaldıra bilib, yuvadan atmağının, birəbitdənin də “mallığının”  sirrini hələ öyrənə bilməyiblər. Eləcə də, ana qu quşu, yumurta qoyma vaxtı,  birəbitdənin “hərifliyini” nədən və necə hiss edib, görür? – məlum deyil. )

Ən inkişaf etmiş cəmiyyətlərdə belə, fərd nə qədər sinəsinə döyüb özünü azad saysa da, onun bu azadlığı başqa fərdlərsiz mənasız və mümkünsüzdür. Demək, fərdin istəkləri müqabilində, onun öz mövcudluğu hələ çox kiçik və komplekslidir. Çün ki, başqaları yoxdursa, o da yoxdur.  Var olma – başqalarilə birgə olma – olmadan, mümkündürmü?  “Mən azad və müstəqiləm” demək, “başqaları, yanımdakılar  məni təmin edir, mənim tələblərimə yarayırlar” demək deyilmi ?  “Mən – yanımdakılarla birgə Mənəm”…  Bəlkə, bu da planetlərarası ən vacib münasıbətlərin təkrarıdır, kiçik modelidir. Günəş, yanındakı planetlərə həm ağalıq, həm də, himayədarlıq etdiyi kimi, toplum da fərdin var olmasının himayədarı və yiyəsidir. Qarşılıqlı olaraq, toplumun da yiyəsi yenə fərddir. Dünyada ən mükəmməl füqur – dairə olduğundan, burada da fərd və toplum bağlılığı – öz təməlinə (mərkəzinə) dönmədə, əlaqənin dairəviliyindədir.( Kütlədən özünü təcrid etmə cəhdi – intihardır.  İntiharın 90%-nin günahkarı, kütlə özü olsa da! Həm yaşadan və həm də problemlərə, intihara sürükləyən kütlə varlığında da dairəvilik öz yerindədir. Kainatın özündə və bütün yollarında olduğu kimi. )  Hər şeyin var olmasında, bu tarazlayıcı  münasibət özünü göstərməyə bilərmi?  Hətta, zaman və materiyanın da bir-birilərsiz mövcud olmasınin mümkün olub-olmaması anlamı, insanın başa düşmək istədiyi istənilən məntiq variantlarından kənardadır. (Öz təkcəliyindəki gücsüzlüyü hiss etmək, necə də pisdir! Həm də, paradoksallıq bundadır ki, fərdin təkcəliyindən yaranmış acizliyin gücü, kütlənin ümumi acizliyinin gücündən böyükdür.)

Hər bölgənin özünə müvafiq flora və faunası təbii olaraq yarandığı kimi, həmin yerə məxsus qəbilə və xalqların da, bölgənin təbiət keyfiyyətlərilə bağlı mənəvi göstəriciləri formalaşıb.  Ola bilsin, bu həm də Yer kürəsinin özünün, (məhz özünün) bizə hələ məlum olmayan, müəyyən yetkinlik periodu ilə bağlıdır. Çün ki, bir-birilə min illər boyu əlaqəsi olmayan tayfalar, qövmlər eyni zaman kəsiyində bir-birilərindən ağıl və dərrakə baxımından elə də ciddi fərqlənənməmişlər. (Burada, dinin, sənayenin, çəkişmələrin təsirini bilərəkdən bir kənara qoyuruq. Çün ki, bu missiyanın həllediciliyi,- qabaqda gedən fanatiklərin, liderlərin, tək-tək seçilənlərin üzərindədir. “ Kleopatranın burnu bir azca gödək olsaydı, dünya bu gün başqa  cür olardı.” – Blez Paskal (1623-1662). Yaxud, Çingizxanın yerində Mingizxan olsaydı, dünyanın bu günkü siyasi xəritəsi və adamları tamam başqa olacaqdı. A.Hitlerə təşkil olunan sui-qəsdlərin bircəciyi baş tutsaydı, indi bizim yerimizə başqa adamlar  bu mövzu barədə düşünürdülər.)  Bəlkə buna görədir ki, dünyaya fəlsəfi baxış  “paradı”  müxtəlif məkanlar üzrə təxminən eyni vaxtda, - e.ə. VII əsrdən zühur etmişdir. (Daha qədim, yox olan sivilizasiyalarda necə olub, təəssüf ki, məlumat yoxdur.) Amma, fəlsəfə, hər halda, “insanın özü qədər qədimdir.” (K.Yaspers, 1883-1969) (Yeri gəlmişkən, Avropa Birliyinin yaranması, elə həm də, K.Yaspers  kimi filosofların yolgöstərənliyilə olmuşdur. Xoşbəxt o xalqlardır ki, orada filosofun sözünü saya salan olur, -- Antik Yunanıstan, bu günkü Avropa kimi.)   Xülasə, bir yerə məxsus flora – faunanın yaşayış  yönümü  hansı səmtədirsə, o yerin əhalisinin də yaşayış yönümü o səmt sferasına aiddir. “Millət – öz məqsədinə doğru sürünən nəhəng, kor soğulcandır… On min adamın kollektiv (birləşdirilmiş) ağlı, bir timsahın ağlına bərabər olur.” – Karl Yunq (1875-1961).

Dünya bizə kənardan baxdığı kimi, fəlsəfə də bizə kənardan baxır. Başqa sözlə, nə qədər dərinə gedib, möhkəm-möhkəm beşəlli yapışmağa çalışsaq da, fəlsəfə bizim əlimizdə deyil, biz fəlsəfənin əlindəyik. ( Elm bizim əlimizdə olsa da.) Məhz buna görədir ki, dahi filosofların hətta hər biri yeni fəlsəfi təlim yaratmış olsa da, (dünyanın fəlsəfəsinə kamentarilər verməyə çalışsa da,)  öz  ideyalarını ən doğru, ən şanslı, ən mükəmməl sonuncu təlim saysa da, yenə dünyanın, insanın, onun həyat fəlsəfəsinin mahiyyəti tam açılmır ki, açılmır. Tarix bir azca irəliləyən kimi, ideyalar büdrəyir, Dünya və Fəlsəfə onların halına yuxarıdan aşağı xəfif-xəfif, bic-bic gülümsəyir.

İnsandan əvvəl fəlsəfə olubmu? – sualı gülməli görünsə də, dünya özünün mahiyyəti qədər mürəkkəb və mənalı bir varlığı – insanı, özü də insanın özündən xəbərsiz yaradırsa, demək, fəlsəfə onun – dünyanın mayasında əzəldən varmış. Hər mövcüdatın qarşılığının olması, dünyanın belə bir mütləq məcburi qaydasının olmağındandır ki, dünya öz mahiyyətini ehtiva edə bilən qarşılığını – insanı yaradıb. Bu məntiqdən yapışsaq, onda deməliyik ki, dünya var olandan, insan da həmişə olmuşdür. Praktik olaraq bunu sübut etmək mümkün deyil. (Fəlsəfi problemlərin hansı birini sonadək sübut etmək mümkün olub ki? )  İnsan və Dünya birgəliyini, qarşılığını izah etmək istəyən isə, -- Dünyanın İnsana xəsisliklə bəxş etdiyi Fəlsəfədir.Amma, şəxsən mən inanıram ki, kainatın harasındasa (növbələşmələrlə olsa da,) həmişə canlı həyat,” insan” olub. Doğrudur, müasir elmi nailiyyətlər hesabına, kainatda 400-dək Yer planetinə bənzər planetlər məlümdür.  İnsanın və elmin əli oralara çatmaq üçün çox “gödək” olsa da,  fəlsəfə məntiqi astadan pıçıldayır ki; “Haradasa, oralarda, başqa yerdə  mütləq həyat var.”  (Fəlsəfə ilə elmin bir fərqi də, burada ortaya çıxır.)  Son astronomik araşdırmalardan da məlum olub ki, kainatın mərkəzindən kənarlara doğru genişlənməsində müxtəlif istiqamətlər və oblastlar üçün, sən demə, müxtəlif zaman fərqlilikləri var. Bu nəticə, bir daha belə fikirləşməyə əsas olur ki, bir tərəfdə sonun yaxınlaşması, başqa tərəfdə başlanğıcın yaxınlaşmasına səbəb ola bilər, yaxud, olur. ( O böyük ölçülü məkanların əlamətləri, elə bizim “mikro” dünyamızda da kiçik nüsxələrini sərgiləyir, təkrarlanır.  “Hər şeyin iki üzü var: biri solanda o biri çiçəkləyir” – F. Nitsşe.)  Bir sözlə, bu qədər mürəkkəb olan kainat bir qütblü, bir yaşayış məskənli ola bilməz.

Hər halda, yaşam dünyaları müxtəlif qalaktikalarda, müxtəlif zamanlarda mövcud olsalar da, dünyanın pozulmaz, ciddi qaydasına görə, -- hər şey yarandığı kimi, bir gün sona çatacağı da insana məlumdur! Bu məlumatları daşıyan insan, istər-istəməz  dünyaya səslənməyə,”sorğu-sual etməyə” can atacaq ki;  -- Ehey, Dünya! Bəs, onda biz  nə üçün gəlmiş(d)ik?! Dünyanın  mahiyyətini öz varlığında ehtiva edən bu ali varlıq – insan, son ucda məhv olacaqsa, bu dünyanın öz  varlığının mənası nədir? Biz haradan gəlmişik, hara gedirik, sirlərini bizə  bildirməməklə birgə?  Bəlkə, sənin nəzərində qarışqadan da, tozdan da balaca olduğumuzdan, bizi saya salmırsan, məlumatlandırmaq istəmirsən? ( Necə ki,biz qarışqaların yuvasını,topasını tapdalayanda, əhəmiyyət vermirik.) İki milyon yarım il biz səninlə bir yerdə yaşasaq da, niyə sənin dilini, sirrini öyrənə bilməmişik? (Qarışqalar da bizim dilimizi başa düşmür. Bir o qədər müddət bir yerdə yaşasaq da.)

Bəlkə, biz sənin mənəvi-ruhi obrazınıq? Bəs onda, sənin fəlsəfənə nə qədər can atırıqsa, sənin ümumiliyinə niyə qovuşa, çata bilmirik? Bəlkə, sən çox ümumisən, bizsə çox xüsusi? Ona görə də, bir-birimizi sonadək başa düşə bilməyəcəyik?  Niyə həyat haqda bədbin fikirlər, nikbinlərdən daha çoxdur?  Həyat, əvvəl-axır əzabdan ibarətdirsə, bunun əvəzi nədir? Buradakı dairəvilik prinsipi bəs hara gedib? Hər şey gözəl qurulduğu halda, niyə bütün gözəlliklər problemlidir? Niyə, gözəl kəkliyə cəmi 8 ay, qarğaya 300 il ömür vermisən?  Biz də, yaxşıların qədrini zamanında bilməməkdə, yaxşılara  acıq vermək, heyif çıxmaq hərisliyində, yəqin, sənə oxşamışıq?  Bəlkə, oxşarlığımıza, birgəliyimizə aid olan insan-kainat modeli, – enerji-sahə çevrilmələri modelinin bir əlamətidir? Təqribən 3 milyard il əvvəl Yerdə canlı həyat yaranmağa başlayıbsa, sadədən mürəkkəbə doğru onun inkişafı son ucda insan kimi çox mürəkkəb bir varlığın üzərində dayanıbsa, bu mürəkkəbləşmə bundan o yana da davam edəcəkmi?..

Biz hamımız Yer kurəsilə birgə, kainatda əgər bir toz dənəsi deyiliksə, bu qədər tükənməz insan arzuları, ideyaları nədən, necə və niyə qaynaqlanır? Bizim sevgi hisslərimizin dünya üçün bir faydası varmı?  Kainat üçün insan da kiçikdir, atom da, nüvə də. Amma, o bapbalaca atomun, nüvənin gücü necə də fantastik və fövqəladədir. Bəs, özümüzü hərdən aciz saymağımızla birgə bizim gücümüz?  ( Heç biz də “az aşın duzu deyilik”...)  Biz hətta, öyrənmək istəyirik ki, görəsən, kainatın o birisi üzündə nə var?  Böyük Partlayışdan (“Binq Bənq) əvvəl bu “boş” kainatda nə olub? Böyük Partlayış niyə olub? Bizim kökümüzün əzəli hardaymış, onda?..  Zaman bircə an da olsa dayana bilərmi?  Dayansa, materiya və biz necə olarıq, mövcud olarıqmı? Bir şüurlu varlıq olaraq, başqa qalaktikalarda yaşayan canlı varlıqlarla da əlaqə saxlamaq niyə bizim haqqımız deyil? Bəlkə,biz intuitiv olaraq onların da varlığını hiss etdiyimizdəndir ki, (uzaq keçmişlərdə “göbəyimizin bir yerdə kəsilməyindəndir ki”,)  mistikaya, dinə, xəyallara, reallığa sığmayan arzulara meyl edirik, əlimizi, bizi yaşadan yer səthinə yox, göyə açıriq?

Bəlkə, biz oralardan, haralardansa paylanmış zərrələrik? Axı, biz həm də çox mükəmməlik, qalaktikalararası mükəmməlliyin özü kimi! Biz kainat övladıyıqsa, kainat bizə niyə bu qədər soyuq və uzaqdır?  Biz, elmlərin və ağlımızın gücüylə sənin fəlsəfənin ardınca davanbasaraq düşəcəyik. Bu imkanları bizə verdiyinə görə  “Çox Sağ Ol” desək də, bizimlə ən sonadək “gizlənparç” oynayacağını bilirik. Biz də sənin övladın olduğumuzdan, həmin keyfiyyətlərlə sənə oxşayırıq. “Ot kökü üstə bitər”. Sənin əksliklərinin vəhdətinə, qayda-qanunlarının kölgələrinə zaman-zaman, az da olsa, duyuq düşmüşük!

Məsələn, hıss etmişik ki, “Kim daha qüvvətlə sevirsə, o hiss etmir ki, artıq çoxdan bəri sevilmir.” (Laroşfuko Fransua, 1613-1680) Biz də səni daha çox sevəndə, qədrini daha çox bilməyə başlayanda, səndən beşəlli yapışmaq məqamında, bir “bəhanəylə” bizdən bezərək, arxamızdan dəyirsən o dünyaya!.. Sevgi hissi niyə tamamlanmır? Niyə, ən böyük hissiyat onun yarımçıq varlığında təzahür edir? Niyə, cinsiyyət hüceyrələrinin hər biri, xromosomların tən yarısından imtina edir? Sevgi hissi natamamlığının da sirrini axtarmağı, oradanmı başlayaq? .. ( Sənə vermək istədiyimiz suallar, sən kainatın özü qədər sonsuzdur!) Kainatda hər şey dəqiq, nizamlı olduğu halda, bizim Günəş sistemində Yupiter Yerdən dəfələrlə böyük ola-ola, niyə Ümumdünya Cazibə Qanununun prinsiplərini müəyyən qədər “pozub”, Günəşə Yerdən daha uzaqda, özündən dəfələrlə kiçik olan Uran və Neptundan isə, yaxında “dayanır”?

Ulduzların əksəriyyətinin, məsələn, Kepler-33  ulduzunun (günəşinin) planetləri, bizim məntiqə uyğun (kiçikdən böyüyə) yerləşib fırlandığı halda, bizim gül kimi ÜC Qanunumuz, “gözümüzün qabağındaca” pozulur. Niyə, Venera “avtoşluq” edib öz oxu ətrafında tərsinə fırlanır?  Bəs, bu ÜCQ hara baxır?  Fəhm edirik ki, bütün bu hərəkətlərin (yaxşı mənada) Yerə və bizə təsiri var. Amma, bunları tam bilməyə biz niyə can atırıq?.. Biz hələ soruşmuruq ki, qalaktikalararası, planetlərarası, varlıqlararası münasibətləri dəqiq və mükəmməl proqramlaşdıran Kainat Komputeri səma ənginliklərinin harasındadır?  Yəqin, deməyəcəksən. Deməyəcəksən, həm də ona görə ki, Adəm peyğəmbər babamız, birinci dəfədən etibarı itirib ! Bəlkə, biz özümüz onun (komputerin) yerini və sirrini öyrənməyə yaxınlaşsaq, iddialarımız lap böyüyər, həyatımız tam dəyişər?  Sən də bu sirlərin o dərəcəyədək açılmasını, yəqin, istəmədiyindən, səmada qapbadaş kimi fırlatdığın,  milyardlarla “boş-bekar” asteroidlərdən, kometlərdən birini cəhənnəm payı üçün bizə göndərəcəksən?!..  Axı, necə olub ki, lap qədimlərdə Hindistan ərazisində, yüksək inkişaf etmiş Maxenqjedaro şəhəri nüvə partlayışından (Xerosima və Nakasaki kimi) dağılıb?     ( Bəşəriyyətə müəmmalı göz dağı kimi qalan həmin şəhərin qalıqları bu gün də durur! Bu hadisə, Hindistan və qədim Yunan eposlarında da özünə yer tapıb.)

Niyə, idealogiya da narkotika kimi uyuşdurucudur?  Niyə, idealogiya yalana nə qədər söykənirsə, öz ömrünü bir o qədər uzada, təsir dairəsini bir o qədər genişləndirə bilir?  Niyə, Roma imperiyasının adam öldürmək üçün qəddarcasına həmişə istifadə etdiyi dar ağacı (xaç), xristianlar üçün müqəddəslik rəmzi sayılır?  Nədəndir, tarixdə çox şeylər, hadisələr olduğu kimi bir-birilərini təkrarlayır?  Niyə, hər 50 ildən bir Avropa, adamların ətini didməyə hazırlaşır?  (Şərq isə, özü öz başına problem çələngidir.) Nədən, məsələn, Rusiya üçün avqust ayı, qara aydır?  (Hər halda, sən də boynuna al ki, bizə bəxş etdiyin tarixin 90 %-dən çoxu müharıbələr və qan tarixidir!)  Normalardan kənara çıxmadan, niyə bəşəriyyəti yönləndirmək, irəli (və ya geri) aparmaq mümkün olmur?  Niyə, Nobel mükafatçılarının yarıdan çoxu şezofreniklərdən ibarətdir?

Ax, gidi Dünya! Deyəcəksən, özümüzdən çox müşdəbehik, sənin  “künc-bucağını”  əlləşdirib, öz arşınımızla ölçə-ölçə. (Başqa şey əlimizdən gəlirmi ki?) Doğrudur, biz, Arximed həndəsəsindən Finsler həndəsəsinədək uzun bir yol keçmişik.Amma, nə fayda?  Əvəzində, N.Gəncəvinin ideal şahına, Hegelin mənəvi tərəqqi ideyasına ümid,-- uzaq qalaktikaları görmək ümidi kimi, özünü doğrultmur ki, doğrultmur!

Həyat qurtara, sona yetə bilərmi, əgər fəlsəfə özü sona yetmirsə? Ey kainat, sənin Fəlsəfən yox ola bilərmi, əgər səndə hər şey varsa? Dünya, Həyat və Hər şey! Elə bu “Hər şey” – dünyadan, həyatdan və onun fəlsəfəsindən baş çıxarmaqda bizə həm köməkçidir, həm də əngəl! Dünyanın bütövlükdə özü haqda, həyat fəlsəfəsinin alt, üst mənaları haqda, ömür boyu fikirləşə-fikirləşə gəlsək də, qarşımızda sənin bu suallardan sonsuz bir hasar dayandığını gördüyümüzdən, həyatımızın son günlərində biz ozümüz də yarıbükülü, qəddi əyilmiş, sual şəklində dayanırıq! Sual qarşısında sual – Dünya,Həyat və Hər şey qarşısında İnsan!.. Yaratdığın adamlar da  sənə oxşayir – başdan ayağa suallı, müəmmalı, çoxbilmiş,  problemlər burulğanında  problem yaradan “qəmiş”.  Bu imkanları yaratdığına görədir ki, umu-küsüylə sənin qaydaların üzərində “gəzişmələr” etmək, səni və özümüzü axtarmaqda inadkarlıqla üzə durmaq fikrindən əl çəkmirik! Yəqin buna görədir ki, sənin böyük fəlsəfənin bir küncündə gizlənmiş bizim həyat fəlsəfəmizin bizə agah olmasında bu qədər inadkarlıqla çox şeyi kodlaşdırıb, açılmasına imkan vermirsən! Bəlkə fikirləşirsən ki, tam öyrənsək, bir yerdə durmarıq, əllaməliyimiz göyə çixar, “qınımızdan çıxıb, qınımızı bəyənmərik”? Hər halda, ey sonsuz kainat, sən özün bilirsən. Yaratdığına görə, biz də öz məqsədlərimizə doğru can ata-ata, sənin məqsədlərin üçün yaşayırıq!

Öz məzhəbimizcə, buna  “həyat”, “inkişaf”  deyirik. Bəlkə, sən komputerində bizə aid proqramı elə qurmusan ki, inkişafımız bizim məhvimizi daha da yaxınlaşdırır?! (Fəlsəfənin bəzi cizgiləri, bunu belə düşünməyə, əsas vermirmi? ) Hələlik, bunları dəqiq öyrənə bilmirik ki, bilmirik!..  Amma, gözün aydın olsun! Sənin böyük, mükəmməl proqramınla yaradılmış insan  özü artıq canlı varlıq – virus yarada bilir! Doğrudur,  bizi qurraşdırdığın DNK bundan 1000 dəfələrlə mürəkkəbdir. Amma, yaratdığımız o virus da həmin DNK- ları dağıdıb, bizi məhv etməyə sənsiz də qadirdi! ( Yeri gəlmişkən, ayırd edə bilmirik ki, sənin Yerə payladığın viruslar, necə olur ki, buradakı canlıları  “məsləhət bildikləri” miqdarda qirib, sonra xəlvətə çəkilir, missiyanın növbəti “lazımlı zamanını” gözləyirlər?!)

Neyləməli? Hətta, bütün mənalarda , bizim həyat fəlsəfəmiz yaxşıdırmı, nə dərəcədə yaxşıdır və  ya pisdir, ayırd edə bilməmişik! Bu suallar qarşısındakı acizliyimizdən, bəşərin əksəri dinə yuvarlanıb. Amma, bizə bəxş etdiyin şübhə və heyrət qabiliyyəti bizi hər şeyə,.., sənin ənginliklərinə daha diqqətlə baxmağa, elmləri və sənin fəlsəfəndən qaynaqlanan fəlsəfəmizi yaratmağa yönəldib. Dinlər – adamların məhsulu olaraq, həmişə bizi sənin hüzurunda, göylərə gözsüz boylanmağa sövq edib. Heyrət, şübhə və onlardan yaranan fəlsəfə, elm isə bu günkü bəşəriyyətin həyat tərzini yönləndirən əsaslardandır. Bu əsaslarla, biz sənə yaxınlaşırıq, yoxsa uzaqlaşırıq? Bunu da bilmirik! (Belə görünür ki, bilənədək, əl çəkməyəcəyik. Əgər, o zamanadək başımıza sən və ya özümüz bir oyun açmasaq!)

Bizim həyat fəlsəfəmizin, hələlik, ən böyük mənası bu sualların ardınca yürüməkdir. Bu yürüməyin – sürünmək, yoxsa, ucmaq olduğunun fərqlərini, hələ tam dəqiqləşdirə bilməsək də! Bizi insanlaşdıran suallar, kainata və hər şeyə doğru yönəldikcə öz cavabını tam tapacaqmı? Cavabların əvəzində, biz nəsə ödəyəsi olmayacağıq ki?! Dünya özü yaxşı bilir. Bilirmi? Bildiklərindən bizə də verəcəkmi?  Nə bilirik? Amma, həmişə inanmışıq ki, bizə qarşı ürəyi genişdir.