Nihat Piriyev. Leytenant (Hekayə)

Nihat Piriyev. Leytenant (Hekayə)

...otaqdakı ölü sükutu yalnız masanın üzərindəki saat əqrəbinin taqqıltısı pozurdu. İndiki halda, bu taqqıltılar belə ona qəribə gəlirdi. Elə bil əqrəblər də hər şeydən bezib, zamanı sürükləməkdən yorulublar.

Hərbi düşərgənin məsul leytenantı əllərini qoynunda birləşdirib, gözünü saata dikmişdi. O qədər narahat, o qədər qayğılı idi ki, ard-arda yandırıb, külqabıda yarımçıq buraxdığı siqaretlərin fərqində deyildi. Könülsüz də olsa, daha bir siqaret alışdırıb, dərin bir qullab aldı.

Tüstünün az da olsa acısını dindirməsinə ümid edirdi. Amma hələlik yanılırdı.

Ürəyi sıxıldı, hərbi formanın yaxa düymələrini boşaldıb, kürəyini arxaya söykədi. Gözlərini yumdu və siqareti digər aqibət yoldaşlarının yanına-külqabıya qoyub, dərindən nəfəs aldı. Bu, nəfəsdən daha çox aha bənzəyirdi. İçindəki qərarsızlığın elçisi idi bu ah. Nəfəsinin gücündən külqabıdakı kül və bir-iki siqaret kötüyü masanın üzərinə səpələndi. Çarəsiz şəkildə masanın üzərindəki məktuba təkrar nəzər saldı. Əlinə götürməyə qorxurdu elə bil.

"Müharibədə yaş və cinsiyyət olmur, leytenant. Bu qəti əmrdir və sənin borcun əmrə itaət etməkdir.
Düşərgədə dustaq etdiyiniz uşaqlar bu gün axşama kimi güllələnsin! Yoxsa 10 ildən sonra anamıza söyənlərin əsas səbəbkarlarından biri də məhz sən olacaqsan.

Mayor: K.M. "

Gözünü məktubdan çəkib, kürəyini yenidən arxaya yasladı. Daha bir siqaret yandırmaq istəsə də sonra bu fikrindən vaz keçdi. Ayağa qalxıb, içəridə bir az dolaşdı, sonra pəncərəyə yaxınlaşıb, örtüyü bir az kənara sıyırdı. Düşərgənin ərazisinə göz gəzdirdi, ətrafda hər şey qaydasında idi. Əsgərlər nizamlı şəkildə düzülmüş, önlərində çıxış edən gizirin təlimatını dinləyirdilər. Bu dəm qapı döyüldü və baş çavuş H.B içəri daxil oldu.

- yoldaş leytenant, əmriniz üzrə uşaqlar yemək və su ilə təmin olundu. Sabah axşama...

- içəridə neçə uşaq var, yoldaş çavuş?

- 14, yoldaş leytenant!

- uşaqları oradan çıxarın, gəlirəm indi...

- yoldaş, leytenant...?

Leytenant əli ilə masanın üzərindəki məktuba işarə edib, yenidən üzünü pəncərəyə sarı çevirdi. Çavuş masaya yaxınlaşıb, məktubu götürdü. Sürətli bir şəkildə mətni oxuyub, "aydındır” - deyib, otağı tərk etdi.

***

Leytenant G.M-in 26 yaşı var. Atası da hərbiçi olub. Uşaq yaşlarından atasına qarşı hiss elədiyi heyranlıq bir gün özünü də zabit kimi görmək həvəsini cücərtmişdi. Onun hərəkətlərini təkrarlamaq, zabit formasını geyinmək, atasının hərbiçi olmağın ən həyəcanlı tərəflərini ona danışması və digər bu kimi şeylər uşaqlığının ən gözəl günləri idi. Beləcə günlər aya, aylar da ilə döndükcə içindəki həvəs və qərar, nəhayət, onun da hərbi məktəbə yazılması ilə nəticələndi. Özü ilə elə qürur duyurdu ki. Atası da həmçinin...

Amma leytenant G.M özü üçün bir şeydə yanıldığını ötən ilin yayında verməkdə çətinlik çəkdiyi qərarı zamanı başa düşmüşdü. Onda atasında olan hökm qəti şəkildə yox idi.

Ötən il hərbi düşərgənin məlumatlarının sızdırılmasında günahkar bilinən bir qrup əsgərin güllələnməsi əmri ona tapşırılmışdu. Bu, o qədər şərəfli bir vəzifəyə çevrilmişdi ki, düşərgədə olan bütün zabit-gizir heyyəti, az qala, ona paxıllıq edirdi. Qərarın ona verilməsi də məqsədli idi. Komandir düşərgəyə yeni göndərilən zabiti bu üsulla tanımaq istəyirdi. Bu, bir növ onun sınaq mərhələsi idi. Tərəddüd, gözündəki qorxu, rəhm və çarəsizlik kimi çırpıntıları kimin gözündən yayınsa da, komandirin gözündən yayına bilməzdi. Ertəsi gün səhər müşavirəsindən sonra komandir "səndən zabit olmayacaq” - deyəndə, sadəcə başı ilə təsdiqləməklə kifayətlənmişdi. Çünki bu, onun eşidə biləcəyi ən böyük həqiqətlərdən biri idi. Ki özü də bu həqiqətlə hər gün üz-üzə gəlirdi.

İndi oxşar vəziyyətlə təkrar qarşı-qarşıya idi. Birinci sınaqdan nə qədər uğursuz çıxsa da, heç vaxt özünü günahlandırmamışdı. Əksinə, ətrafında gəzib-dolaşan "zabit şərəfi” anlayışı ona getdikcə yadlaşır, indiki mühitdən baş götürüb qaçmağa, özünü sərbəst hiss edə biləcəyi yerə getməyə günbəgün daha da can atdırırdı. Müharibə, qan qoxusu, şiddət, aramsız silah səsləri, günahsız qətllər arasında özünü ən böyük günahkar kimi hiss edirdi. Bura onun üçün deyildi.

Nəyin bahasına olursa olsun, özünün leytenant rütbəsindən imtina edəcəkdi. Amma indi əsas məsələ axşama kimi həll olunası əmr idi. Və mümkün itaətsizliyi ona çox baha başa gələ bilərdi.

***
- yoldaş leytenant, hazırdır.

Hələ də tərəddüd içində olsa da, başqa çıxış yolunun olmadığını bilirdi. Formasını əynində qaydaya salıb, pəncərənin örtüyünü çəkdi. Masaya yaxınlaşdı, siyirmədən "Luger PO8” tapançasını götürüb, çavuşla birlikdə otağı tərk etdi.

***

Bəzən ölüm o qədər adiləşir ki, kiminsə ölümünə, kiminsə ağrısına acımaq adama qəribə gəlir. İçində özün özünü sorğulayırsan, özün özündən hesab istəyirsən. Amma başqalarının cavab verməli olduğu suallara cavab tapmaq o qədər də asan deyil. Məsələn, müharibə.

Müharibədə ölüm ən adi haldır. Hansısa uzaq dağ kəndindən hərbi qulluğa çağrılmış bir əsgər silahı nə üçün günahsız adamlara tərəf tuşladığını bilmir. O, sadəcə əmri eşidir. O, sadəcə öldürməlidir. Həm silahının tuşlandırıldığı adamları, həm də içində özünə tabe edə bilmədiyi özünü.

***

...uşaqlar nizamla addımlayır, bəzisi qorxusunu, bəzisi isə, az qala, varlığını gizlətməyə çalışırdı. Ki bu da, indiki halda, mümkünsüz idi. Düşərgədə qaldıqları bu bir neçə gün ərzində leytenant G.M-in göstərişi ilə onlara qarşı ən yumşaq davranış şəkli tətbiq olunmuşdu.

Bəziləri hətta düşərgəni özləri üçün sığınacaq hesab eləməyə başlamışdı. Amma, istənilən halda, bu cür "səyahət” onların uşaq ağlını təşvişə salmaya bilməzdi. Arxalarında onları addım-addım izləyən əsgərlərin öz "əcəl”ləri olmasından xəbərsiz olsalar da, bu, onları qorxudurdu.

Düşərgədən, təxminən, 800 metr uzaqlaşmışdılar. Artıq irəlidəki sıx meşəlik görünməkdə idi.

Meşənin önündə dərin xəndəklər qazılmışdı. Xəndəklərin yan tərəfində yamaca bənzər təpəciklər vardı. Təpəciklərin üstünə isə daş və torpaqla doldudurulmuş kisələr düzülmüşdü.

Bu, olası hər hansısa bir hücuma qarşı idi.

Leytenant G.M uşaqlardan arxada fikirli-fikirli yeriyir, arabir ölü nəzərlərlə uşaqlara baxır, onların içlərində hiss elədiyi qorxunu, özündə hiss edirdi.
Uşaqlığını xatırladı. ...atası ilə oyuncaq silahlarla "dava-dava” oyununu. ...atasını "öldürdüyünü”... Özünü bir anlıq onların yerində təsəvvür eləmək istədi. Günahsız bir ölümə məhkum şəkildə. Bacarmadı. Qorxdu.

Baş çavuş H.B-nin "dur” komandası onu ayıltdı.

Addımlarının sürətini artırıb, uşaqların önünə keçdi.

"Flyaqa”sından su içib, boğazını arıtladı. Həyəcanlı olduğu səsindən hiss olunurdu:

- uşaqlar, indi burdan hərbi təyyarələr keçəcək, təhlükəsizliyiniz üçün yerə uzanın və əllərinizlə qulaqlarınızı mümkün qədər möhkəm sıxın...

Leytenant G.M onların gözünə baxa-baxa əmr verə bilməyəcəyini artıq dəqiqləşdirmişdi.

Uşaqlar xəndəklərin ətrafında sıra ilə yamac boyu yerə uzandılar. Yarı qorxu, yarı həyəcan içində bir-birlərinə baxır, öz vəziyyətlərinin doğru olub-olmadığı ilə maraqlanırdılar. Elə bu vaxt onlardan fiziki cəhətdən ən zəifi yerdə uzanıqlı şəkildə geri çevrilib, leytenanta səsləndi:

- əmi, gör mən düz uzanmışam?

Bu sual ətrafdakı hər şeyi bir an içində səssizliyə gömdü. Leytenant G.M tutulmuşdu, yavaş-yavaş bədənində qəribə istilik hiss eləməyə başladı. Elə bil birdən-birə bütün bədən temperaturu yüksəldi. Udqunmaq istədi, məktub gələndən bu yana yaşadıqlarını, içindəki çək-çevirləri udmaq istədi, bacarmadı. Boğazı o qədər qurumuşdu ki, nəfəs almaqda da çətinlik çəkirdi. Uşağın verdiyi sual onu, tamamilə, yerlə-yeksan eləmişdi. Əsgərlər əmrə hazırşəkildə gözləsələr də, onların da duruşunda qəribə hərəkətlilik hiss olundu. Sual onlardan da yan ötməmişdi. Hamı tərəddüd içində bir-birinə baxır, elə bil, özlərindən utanırdılar. Uşaq isəheç nə olmamış kimi cavab gözləyirdi. Çavuş leytenantın qərarsızlığını görüb, özünü itirmədi:

- hə, yaxşıdı, balaca...

Amma keçən bu bir neçə saniyə ərzində leytenant G.M artıq qərarını vermişdi, üzündəki kədər, üzündəki çarəsizlik şəkli qərarın yalnız özünə ziyan verəcəyini göstərirdi. Belə də oldu.

Ağır-ağır baş çavuş H.B-yə sarı döndü. Onun da vəziyyəti yaxşı deyildi. Çavuşun sual dolu baxışları qarşısında leytenant G.M-in gözləri dolmuşdu. Əlləri əsə-əsə "Luger PO8” tapancasını çıxarıb, başına dayadı. Göz qapaqlarının titrəməsi ilə üzü bərabəri yaş damcıları süzülməyə başladı. Bunu görən baş çavuş H.B təşviş və qorxu içində qışqırdı:

- yoldaş, Leytenant!

Leytenant isə gözündəki kədər və qəzəblə birlikdə verdiyi qərarın dadını çıxarmaqda idi:

- yoldaş çavuş, onlara deyərsən ki…onlara deyərsən ki, müharibə uşaqlar üçün həmişə haqsızdır...

Çavuşun yerindən sıçrayıb, müdaxilə etmək istəməsi ilə atəşin açılması bir oldu.


Uşaqlar qorxu içində çığırışır, əsgərlər nə edəcəyini bilmir, çavuş isə keçirdiyi şokdan dolayı əlləri başında, dizi üstə çökərək, quruyub qalmışdı...