"Qanun"dan yeni kitab: Azad Qaradərəli. RENESSANS HƏSRƏTİ

Esselər, müsahibələr və internet statusları

Hər bir yazıçının bədii yazıdan fərqli söz demək istəyi olur. Bu, təbiidir. Yazıçı potensial tənqidçi, ədəbiyyatşünas, yaxud ədəbiyyat tarixçisidir. Hətta bəzi yazıçıların fəlsəfəyə yönəlik məqalələr yazması faktı da var.

Yazıçı Azad Qaradərəli zaman-zaman özünün esse, yaxud araşdırmaya olan tələbatını da ödəmək istəmiş, bu baxımdan çoxlu belə yazılar qələmə almışdır. Bu yazıların bir çoxu klassiklərin, eləcə də həmkarlarının əsərləri barədədir. Gənc qələm sahiblərinin yaradıcılığı da yazıçının diqqətində olmuş, onların yazdıqlarını təhlil və tənqid süzgəcindən keçirmişdir. Eyni zamanda, bəzi müəlliflərin kitablarına yazdığı ön sözlər, yaxud baş redaktoru olduğu "Yazı” dərgisində qələmə aldığı esse və təhlil yazılarını da bura aid etmək olar. Nəhayət, müəllifin verdiyi müsahibələr və yeni janrda qələmə aldığı (yeni olduğu qədər də çevik olan) internet statusları. Bütün bu kimi yazılardan əlinizdəki kitabın tərtibində istifadə olunmuşdur. Təbii ki, burada gedən yazılar A.Qaradərəlinin bu səpkili yazılarının hamısı deyil. Bəziləri nəzərdən qaçmış, bəzilərini isə qəzet və jurnal səhifələrində qaldığından elektron variantda olmadığı üçün kitaba düşməmişdir.
Onu da qeyd edək ki, bu kitab müəllifin yaradıcılığında bir ilk deyil. O, vaxtilə elmi-publisistik motivli kitablar da yazıb çap etdirmişdir. "Aşiqlər”, "Zəngəzur qazisi Bəhlul Behcət”, "Yaxın-uzaq dostlara məktublar” və s. kitablarını misal göstərmək olar.

Və sonda: kitabda müəllifin saytlarda Ayxan Murad imzasıyla getmiş yazıları da yer alıb.

Edebiyyat.biz