Qəşəm Nəcəfzadə. Külək təsəllisi

Qəşəm Nəcəfzadə. Külək təsəllisi

Bu gün şair Məlahət Yusifqızının 50 yaşı tamam olur

Məlahət, bu yazını yazmayacaqdım. Çətindi səndən yazmaq, çətindi yanından ötüb keçmək. Qarğış eləməyin yazdırdı mənə, sənin qarğışın çox şirindi, şeir kimidi desəm, gülmə. Allah mənə uzun ömür versin, səni də o təzə vəzifəndən kəm eləməsin.
Hər dəfə küçədə əlində bir torba olur, içində də kitablar, yanında da Şəfəq Sahibli. Bilirəm,  sən tutub saxlamısan onu yanında. Üzü axşama gedirsən axı...
Sən yaxşı şairsən, Məlahət, özü də təksən, yəni üslubunda, öz yerində. Tək olduğun üçün bir dəfə də olsun haqqında tərif demədilər, çoxları göz yumdular ən yaxşı şeirinə belə.
Amma bu, əsla sənin eyninə deyil, heç nəyə baxmadan gedirsən üzü küləyə, bilirsən  ki, bu külək Təbrizdən əsir, Dərbənddən, Zəngəzurdan, Qarabağ və Borçalıdan əsir. Külək sənə təsəllidir.
Məlahət, 25 il bundan qabaq kənddə müəllim işləyirdim. Bir şeirin "Ulduz” jurnalında gəlib çıxmışdı kəndə, adı da beləydi: "Belimin bağlanmaq vaxtıdı, qardaş”. Sərvazla  arxın qırağında, söyüdün kölgəsində oxuduq bu şeiri (Yəqin deyəcəksən ki, "haram" olsun). Elə bildik Xalq şairi Səməd Vurğunun nəvəsisən. Sonra bildik ki, yanılmışıq...

Sənin bu misrana Azərbaycən dilinin şirinliyi yerləşib, həm həcm, həm də məna etibarı ilə dilimizin şəhdi, şəkəri, folkloru, tarixi, adət-ənənəsi, toy mərasimi, Təbriz ayrılığı yerləşib bu şeirə. Niyə belimin bağlanmaq vaxtı? Bu hansı zamandı, hansı vaxtdı? Gərək gəlin köçən qızın belini bağlayasan, özü də gərək qardaş bağlasın, bu beli bağlamaq texniki məsələ olsa da, özündə bir millət istiqlalı, milli- mənəvi azadlıq ideyalarını ifadə edir. Bəlkə biz Təbrizi, Zəngəzuru, Qarabağı ona görə itirmişik ki, gəlin köçən qızlarımızın belini yaxşı bağlamamışıq. Beli yaxşı bağlanmayan qızların dəhnəsi, binəsi möhkəm olmaz. O gəlin igid doğa bilməz. Qızlarımızın gəlin köçəndə belinin möhkəm bağlanması millətin gücüdür, adət-ənənin yaşamasıdır, ölkənin, fikrin müstəqilliyidir.

Gənclik illərində gözəl saz çalırdın. Sonra sazı köynəyinə qoyub divardan xalçanın üstündən asdın. Dedin, Qarabağ alınmayınca saz çalmayacaqsan. Bu, sənin böyük sədaqətin, əhdindi vətənə. Həmişə Qarabağdan, Təbrizdən, daha doğrusu, vətənin qıraqda qalan yerlərindən söhbət düşəndə kövrəlirsən, Hələ ağlayırsan da...
Sən şeirimizin dili uğrunda həmişə mübarizə aparmısan, Məlahət. Şeirimizə soxulan (İşğalçı kimi) fars-ərəb birləşmələrini, rus sözlərini görəndə elə ordaca  müəllifə öz iradını bildirmisən. Görəsən, bu yazımda fars, ərəb, rus sözləri varmı? Bilmirəm. Əgər varsa səhər təşəkkür əvəzinə,  kök qarğış yedirdəcəksən mənə.

Məlahət, sənin bütün şeirlərin, hətta sevgi şeirlərin  belə, vətənə, içtimai-sosial məzmuna söykənir. Sənin şeirlərində islam əxlaqı, türk sevgisi, milli mənəvi əxlaqi dəyərlər həmişə başda dayanır. Çoxları bunu  qavraya bilmir.

Yaxşı yadımdadı, mintiqlərdə xalq şairi Xəlil Rza sənin şeirlərinlə səhnəni, ürəyimizi, beynimizi tərpədirdi. Məmməd Araz sənin şeirlərini çox sevirdi.

Deyəsən bir az biz, yəni sənin öz ədəbi  nəslin  sevmədik səni. Sevdik ee, amma dilə gətirmədik. Bu, bizim ən böyük bəlamızdı,

Məlahət. Səninlə çoxdan tanışıq. 28 il olar bəlkə.. Düz o gündən bu günə kimi sözümüz düz gəlmir, dalaşırıq. Sənin də qarğışın əlində hər saat hazırdı. Bir dəfə, bu yaxınlarda səninlə yenə dalaşdıq. Sənin yanında qızın, mənim də yanımda oğlum. İkisi də tələbə. Dava da möhkəm oldu, qarğış da ki, öz yerində. Az qala övladlarımız köməyə gəlsin. Sonra bir az keçdi, biz mehriban sohbət elədik, qızın tez  səni kənara çəkib deyib ki, ana, onu dindirmə, küsülü qal. Açığı deyim ki, mənim də oğlum elə demişdi. Onlar uşaqdılar, Məlahət, elə tay-tuşlarımzızın çoxu da uşaqdı, onlar anlamaz ki, bizim dava-dalaşlarımız aydınlığımızdandı, bir-birimizi başa düşməyimizdəndi.

Bir dəfə yenə dalaşdıq. Ədəbi məçlisdən sonra. Bu dəfə daha dillə deyiləsi sözümün kəsəri olmadığını nəzərə alıb, keçdim məktuba. Dayandurun şeir dəftərinin qulağından azca kəsib İçərişəhər (o vaxt Bakı soveti) metrosunun qabağında, elə dizimin üstə sənə acıqlı bir məktub yazdım, sonu da beləydi, ”əziz dostum və düşmənim, əlvida, min yol əlvida.” Dayandura dedim ki, məktubu apar ver Məlahətə, oxumamış qaç. Çünki o sənin vasitənlə məni tapıb, dalaşacaq, bir az keçəndən sonra səsimizin tempi yenəcək, barışacağıq. İstəmirəm məktubun təsir müddəti az olsun. Dayandur məktubu verib qaçdı yanıma. İndi  harda gizlənək ki, Məlahət bizi tapmasın. Çünki o bizim bütün yolumuzu, bu saat harda olmağımızı bilir. Qaçıb "Monalit"in altındakı  stalovada (bağışla, Məlahət, yeməkxanada) Dayandura pivə almaq şərti ilə gizləndik. Bir azdan sonra pəncərədən gördüm ki, Məlahət keçdi, əlində də məktub. Bilirdim ki, məni axtarır. Nə isə, o günü məni tapmadı. İki gün keçdi. Kefim kök idi. Elə bilirdim ki, o peşmandı, məni görən kimi üzr istəyəcək. "Bu gecə səhərə kimi yatmamışam" deyəcək. Məlahət məni görən kimi nə desə nə yaxşıdı? "Allah səni öldürsün, məktubunda 32 dənə hərif səhvi var idi." Bildim ki, Məlahət məni üzr istəməyə görə yox, hərif səhvlərimi üzümə vurmağa görə axtarırmış.

Hə, Məlahət, bu da 50 yaşın. Sənin də, mənim də 50 yaşımız. Məlahət, sən küləyi çox sevirsən. Bu külək hardansa əsir. Bəlkə Təbrizdən, bəlkə elə şeirlərinin içindən əsir bu külək. Bu külək təbiətin yaşamağı deməkdi və bizə dəyirsə, demək, biz də  yaşayırıq hələ. Məlahət, əziz dostum, gözəl şair, dünyada küləkdən gözəl  heç nə yoxdur. Külək təzə-tərdi, içimizdəki ruhla birləşəndə biz yaşayırıq.
İndi bir qarğışım var sənə, gorüm  yüz il yaşayasan. Və həmişə də gedəsən üzü küləyə. Aşağıdakı şeiri kitabından götürdüm. Maraqlı şeirdi.

Ruhuna deyəcəklərimiz var

Gələcək 50 yaşına
Öz yaşının sayını itirənlərin hamısı.
Ötənimiz, itənimiz olsa da.
Ölənimiz olmayıb hələ.

Gələcək 50 yaşına
Yasına gələnlərin hamısı.
ruhuna de ki, məclisə gecikməsin
mənim kimi.
Geciksə də
kimsənin gücü çatmaz
yerində oturmağa.
Gücü çatmaz
Şeirlərini qırmağa.
Qeybətini qırmağa

Suallara hazır gəl!
Çox cavablar "alınacaq” səndən!
Uduzmağa yaranmış partiyadaşların
Bu seçkidə də "uddu” lar
Mən də ölmək istədim o gün
Millətimə vandal dedilər
düşmən bizimkilər

Yaxşı ki, vaxtında öldün.
Yoxsa öldürəcəkdilər səni
Qala bilməyəcəkdin başının hayına

Hə...
Gələcək 50 yaşına
yaddan çıxıb qalanlar
Yerinə "ləbbey” deyib
mükafatını alanlar
(Dayanıb durmaz yeri geniş olanlar)
Şah pərdəyə qalxacaq
dünənki boyat yalanlar
Çeşid-çeşid dərdin
təzəçalar pöhrəsilə
gələcək dostların
Yığıb qurtara bilsələr yazılarını,
İkinci kitabın da gələcək 50 yaşına.
Bəxtəvər
kitabı həftəyə çıxanların başına!
İstəyi gözündə getdin,
Ruhuna dəyəcəklərimiz
Ruhuna dəyəcəklərimiz var hələ də!...

Aşağıdakı  şeiri də sənə 39 yaşın tamam olanda yazmışdım.30 sentyabr 2000-ci ildə. Gələçək 60 illiyinə həsr eləmişdim. Mən hər şeyi qabaqcadan görən adamam. Qoy bu yazı 50 illiyinə , bu şeir isə hələlik bəri başdan  60 illiyinə hədiyyə olsun.

Məlahət Yusifqızının 60 illiyinə

Sevimli "düşmən” imə

Bir azca iclasa gecikəcəyəm,
Sonunda yox, lap ortasında,
Açacağam Natəvan klubunun
Qapısını taybatay.
Heç kəs tanımayacaq,
Ancaq Fərqanə,
Qışqıracaq hay-haray:
- Məlahət, Qəşəmdi gəlib,
O illərin
O günlərin
Yorğun-arğın Qəşəmi

- Məlahət, içəri keçimmi?
İcazə verirsənmi?
-Keç.
Ay gözəl Məlahət, ay gözəl şair,
Mən tək qardaşı
Qapıda qoyarlarmı heç.

Məlahət 60 yaşdan
30 yaşına düşüncə
Həyat Şəmi 20 yaşına çatınca,
Rəsmiyyə Sabir dodaqlarındakı adımla
birgə
ayağa durunca,
Lətifə Nuranın üzündəki kədər
çat verincə,
Diz çökəcəyəm qarşınızda!
Ah! Zalım qızlar,
Mən sizi necə sevirdim!
Mən tək qardaşı,
Heç belə gec tanıyarlar?!

Bağışlayın, Xalq şairləri,
Bağışlayın, cənab prezident, siz də
İclası pozduğum üçün!

Hə, Məlahət, eşidirsən, külək əsir. Çıx eyvana gör, o külək hayandan əsir?

29 sentyabr 2009