Qızı Ermənistana qaçan bəstəkarla işbirliyinə nazirlikdən reaksiya

Qızı Ermənistana qaçan bəstəkarla işbirliyinə nazirlikdən reaksiya

Himnimizn aranjemanının qızı Ermənistana qaçan bəstəkara tapşırılması ilə bağlı rəsmi açıqlama

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın dövlət himninin aranjeman olunmasının bəstəkar Rauf Əliyevə tapşırılmasına aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, himnin Rauf Əliyeva tapşırılmasında başqa məqsədlər, şübhəli məqamlar axtarmaq peşə etikasına ziddir: "Əvvəla, dövlət himninin aranjeman olunması təkcə Rauf Əliyevə tapşırılmayıb. Bu prosesdə bir neçə bəstəkar iştirak edəcək və qərar verilməyib ki, son variant kimi Rauf Əliyevin işi qəbul olunacaq, ya yox. Bu iş bir neçə mərhələdən ibarətdir”.
 
Z.Əliyeva himnin yenidən aranjeman olunmasının hansı zərurətdən yarandığına da aydınlıq gətirib: "Heç bir iş mükəmməl deyil. Himnin daha gözəl və möhtəşəm səslənməsi üçün aranjeman olunması məqbul bilinib. Demək istəyirəm ki, bu, yalnız bizim himnimizin daha əzəmətli səslənməsinə xidmət edən işdir və Üzeyir Hacıbəyovun əsərinə heç bir xələl gəlməyəcək”.
 
Nazirlik rəsmisi bəstəkar R.Əliyevin işə cəlb olunmasını onun peşəkarlığı ilə əlaqələndirib: "Rauf Əliyev çox böyük mütəxəssisdir. Mədəniyyət və Turizm Nazirliyinin layihələrinə əvvəllər də cəlb olunub. Peşəkar mütəxəssisin ailəsində olan hansısa faktın məqsədli qabardılması onun peşəkarlığına kölgə sala bilməz”.
 
Qeyd edək ki, Rauf Əliyevin həyat yoldaşının milliyyətcə erməni olması, qızı Röya Mirzəyevanın isə Ermənistandan sığınacaq istəməsi dövlət himninin aranjeman olunmasının ona tapşırılması ətrafında ajiotaj yaradıb. Azərbaycan vətəndaşı Röya Rauf qızı Mirzəyeva (ilk həyat yoldaşının soyadını daşıyır) yanvarın 29-da həyat yoldaşı, 37 yaşlı Cavid Orucov və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Rauf Əliyev mətbuata açıqlamasında qızından imtina etdiyini bildirib.

Kult.Az