Raymond Kaver. Kilsə (Tərcümə)

Raymond Kaver. Kilsə (Tərcümə)

1938-1988-ci illər arasında yaşamış ABŞ yazıçısı və şairidir. 
Arvadımın keçmiş dostu, gözdən əlil insan gecəni keçirmək üçün yola çıxmışdı. Onun həyat yoldaşı dünyasını dəyişmişdi. İndi o, arvadının Konnektikutda olan qohumlarına baş çəkməyə gedirdi. Qaynanasıgildən arvadıma zəng elədi. Hazırlıq tədbirləri görülmüşdü. O, qatarla gələcəkdi, oradan bura beş saatlıq yol idi və həyat yoldaşım vağzalda onu qarşılayacaqdı. Arvadım onu on il idi ki, görmürdü. Əvvəllər o, Sietldə bu kor insan üçün çalışmışdı. O vaxtdan bu günə kimi görüşməsələr də bir-biriləri ilə əlaqə saxlayırdılar. Bir-birilərinə səs göndərir, meyl yazırdılar. Arvadımın dostunun gəlişinə, açığı sevinmirdim. Çünki necə bir insan olduğunu bilmirdim. Və onun kor olmağı məni narahat edirdi. Kor insanlarla bağlı təəssüratım yalnız filmlərdən gördüklərim idi. Filmərdə gördüyüm kor insanlar asta-asta hərəkət edər və heç vaxt gülməzdilər. Bəzən onların yanında onlara yolu göstərən itlər olurdu. Beləliklə bizə qonaq gələcək kor insan heç də mənim səbirsizliklə gözləyəcəyim qonaq deyildi.

Həmin yay Sietlda olarkən arvadım işsiz idi. Pulu qurtarmışdı. Yayın sonuncu günlərində o, zabitlərin hazırlığı məktəbinin yetirməsi ilə ailə həyatı qurmuşdu. O da pulsuz idi. Amma arvadım onu sevirdi və o da arvadımı. Bir gün qəzeti vərəqləyərkən belə bir başlığa rast gəlmişdi: KÖMƏKÇİ AXTARILIR – Kor insana kitabları və telefon nömrələrini oxumaq üçün. Zəng etdi və ora getdi, beləcə işinə başladı. Bütün yayı bu kor insanla işlədi. Ona kitablar, elmi araşdırmalar, məruzələr və bu kimi şeyləri oxuyurdu. Sosial xidmətlər departametindəki balaca ofisini yerbəyer etməkdə ona köməklik göstərirdi. Tez bir zamanda bu kor insanla arvadım arasında dostluq münasibətləri yarandı. Ofisdəki son günündə kor insan arvadımdan onun üzünə toxunmağı xahiş etdi.O da razılaşdı. Arvadım mənə danışırdı ki, o, barmaqlarını onun üzünün hər bir hissəsinə, burnuna, hətta boğazına belə toxundurmuşdu. Heç vaxt bunu yadından çıxarmırdı. Hətta bu barədə bir şeir yazmaq da istəmişdi. O, həmişə şeir yazmağa cəhd edib. Hər il başına önəmli hadisə gəldikdən sonra bir yaxud iki şeir yazırdı.

İlk dəfə görüşdüyümüz gün o, mənə bu şeiri göstərmişdi. Bu şeirdə o, kor insanın barmaqlarını və bu barmaqların onun üzündə necə hərəkət etməsini qeyd etmişdi. Kor insan barmaqlarını onun üzündə, burnunda, dodaqlarında gəzdirərkən keçirdiyi hissləri, ağlına gələn fikirləri qeyd etmişdi. Yadıma gəlir, bu şeiri elə də bəyənməmişdim. Amma əlbəttə, bu barədə ona heç nə deməmişdim. Bəlkə də şeiriyyatdan elə də böyük anlayış olmadığına görə idi. Boynuma alıram, bu şeir oxumaq üçün əlimə götürdüyüm ilk şey deyildi.

Beləliklə ilk dəfə Sietlda olarkən tanış olduğu, haqqında danışdığım həmin zabit arvadımın uşaqlıq illərinin sevgisi olmuşdur. Həə. Dediyim kimi yayın son günlərində o, bu kor insanın onun üzünə, dodaqlarına, boynuna toxunmasına icazə vermişdi və sağollaşaraq ondan ayrılmış və bu zabitlə ailə həyatı qurmuşdu. Amma bununla belə yenə də bir-biriylə əlaqə saxlayırdılar. Uzun aradan sonra ilk məktubu bir yaxud da iki il sonra yazmışdı. Bir gün axşam Alabama ştatındakı Hava Qüvvələrindən arvadım ona zəng etmişdi.  Onunla danışmaq istəyirdi. Danışdılar. Kor insan ona səsyazma göndərməsini və bu səsyazmada həyatı barədə ona məlumat verməsini xahiş etmişdi. Arvadım da onun xahişini yerinə yetirmişdi. Səsyazmada o, ərini çox sevdiyini, lakin yaşadıqları yeri elə də bəyənmədiyini, eləcə də yoldaşının hərbi sənaye işi ilə məşğul olmasından xoşlanmadığın qeyd etmişdi. O, səsyazmada kor insana şeir yazdığını və bu şeirdə baş rolda onun olduğunu bildirmişdi. Eləcə də Hava Qüvvələrində çalışan bir kişinin qadını olmaq barədə də bir şeir yazdığını ona bildirmişdi. Şeiri hələ tamamlamamışdı. Kor insan da cavab olaraq ona səsyazma göndərmişdi. Beləcə aralarında məktublaşma gedirdi. Bu məktublaşma illərlə davam etmişdi. Arvadımın eks həyat yoldaşının vəzifəsini tez-tez dəyişirdilər. O, kor insana Mudi Hava Qüvvələrindən, MakGuir, MakKonnelldən və nəhayət Sakramento yaxınlığındakı Travisdən yazırdı. Bir gecə Travisdə gəzərkən özünü tənha hiss etmiş, insanlardan uzaqlaşdığını, daima hərəkətdə olan həyatdan uzaq düşdüyünü hiss etmişdi. Elə gərgin hisslər keçirmişdi ki, artıq buna dözə bilməyəcəyini düşünmüşdü. Evə gələrək dərman qutusundakı bütün dərmanları, kapsulaları ağzına atmış, üstündən də ingilis arağından içmişdi. Sonra isti vannaya girərək özünü öldürmək istəmişdi.

Amma ölmək əvəzinə sadəcə xəstələnmişdi. Atdığı bütün dərmanları, arağı qaytarmışdı. Onun zabit işləyən həyat yoldaşı – yeri gəlmişkən burada onun adını qeyd etməmişəm, sadəcə uşaqlıq sevgisi deyə bildirmişəm, məncə, buna görə məndən inciməz – evə gələrək onu bu vəziyyətdə tapmış və təcili yardıma zəng vurmuşdu. Bir müddət sonra arvadım yenidən səsyazma yazaraq kor insana göndərmişdi. Aradan uzun zaman keçsə də onlar bir-biriləriylə tez-tez əlaqə saxlayırdılar. Hər il yeni bir şeir yazırdı. Məncə, şeir yazmaq onun ən böyük sevinc mənbəyi idi. Kor insana göndərdiyi səsyazmaların birində həyat yoldaşından ayrı yaşamağa qərar verdiyini söyləmişdi. Sonrakı səsyazmada ayrıldıqları barədə məlumat vermişdi. Bundan sonra o, mənimlə tanış olmağa başlamışdı və əlbəttə ki, bu barədə də kor insana xəbər vermişdi. O, bu insana deyəsən  hər şeyi danışırdı, ya da bu, mənə belə görünürdü. Bir dəfə arvadım məndən kor insandan aldığı səsyazmaya qulaq asmaq istəyib - istəmədiyimi soruşmuşdu. Hardasa bir il əvvəl idi. Razılaşdım. Bu səsyazmaya qulaq asacaqdım. Özümüzə içki aldım və qonaq otağında əyləşərək bu səsyazmanı dinləməyə hazırlaşdıq. Və o, səsyazmanı qoşdu. Əvvəlcə xışıltı eşidilirdi, sonra kimsə yüksək səslə danışmağa başladı. Arvadım səsi biraz azaltdı. Bir neçə dəqiqəlik söhbətdən sonra mən tanımadığım, bu yad insanın dilindən öz adımı eşitdim! Və sonra bu sözləri eşitdim: "Onun haqqında mənə danışdıqlarından belə bir nəticəyə gəlirəm ki...” Və birdən qapı döyüldü. Cümlənin ardını eşidə bilməmişdim, heç buna gərək də qalmamışdı. Çünki eşitmək istədiyim sözlərin hamısını eşitmişdim.

İndi səsyazmada səsini eşitdiyim həmin bu kor insan bizim evdə yatmağa gəlirdi.

"Bəlkə bir onu ayaqyoluna da aparım” arvadıma dedim. Mətbəxdə dayanaraq kartof kotleti bişirirdi. Əlində tutduğu bıçağı yerə qoyaraq üzünü mənə tərəf çevirdi.

"Əgər məni sevirsənsə, ona kömək et. Yox əgər sevmirsənsə, başa düşərəm. Amma onu bil ki, sənin dostlarından kimsə bu evə gəlsəydi, mən onu xoş qarşılayrdım.” Mərhəba ilə əllərini sildi.
"Mənim kor dostum yoxdu” dedim.

"Sənin ümumiyyətlə dostun yoxdu. Bu bir, ikincisi də ki, ay insan başa düş, bu kişinin arvadı ölüb! Anlamırsan? O, həyat yoldaşını itirib!”

Cavab vermədim. O, mənə bu kişinin arvadı barədə bir az danışmışdı. Onun adı Beylah idi! Beylah! Adından qara dərili insan olduğunu bilmək olurdu.

"Onun arvadı təsadüfən qaradərili deyildi ki?” soruşdum.

"Dəlisən? Başını itirmisən deyəsən!” Əlinə kartof götürdü. Kartof yerə düşərək sobanın altına düşdü. "Nə olub sənə? İçmisən nədir?”

"Sadəcə maraqlıdır da.”

Ondan sonra arvadım mənim üçün maraqlı olan məsələləri danışdı. Özümə içki süzdüm və mətbəxdə əyləşərək ona qulaq asdım. Hekayə getdikcə marağımı çəkirdi.

Beylah adlı bu qadın arvadımdan sonra bu kor insana xidmət etmişdi. Çox tezliklə Beylahla kor insan kilsədə özlərinə toy edirlər. Toyda çox az insan iştirak etmişdi – bir də ki, belə bir toy məclisində kim iştirak etmək istər ki? – orada bəylə gəlindən başqa keşiş və onun yoldaşı var idi. Amma bununla belə kilsə toylarındakı adətlər qorunub saxlanılmışdı. Kor insanın sözlərinə görə, Beylah da məhz belə bir toyu arzulamışdı. Bundan sonra Beylahda mədəaltı vəz xərçəngi yaranmağa başlayır. Arvadımın dediyinə görə, onlar səkkiz il bir yerdə yaşayıblar. Beylahın səhhəti sürətlə pisləşməyə doğru gedirdi. O, Sietldakı qospitala yerləşdirilir, kor insan onun çarpayısının yanında əyləşərək əllərindən bərk-bərk tutur. Və o, dünyasını dəyişir. Onlar evlənmiş, birlikdə yaşamış, işləmiş, birlikdə yatmışdılar - əlbəttə sekslə də məşğul olmuşdular – və sonda kor insan onu torpağa tapşırmışdı. Amma bu qadının necə bir görkəmə sahib olduğundan xəbərsiz olmuşdu. Mən bunu başa düşmürdüm. Bunu eşitdikdə kor insana yazığım gəldi. Sonra bu yazıq qadının necə kədərli bir həyat yaşadığı barədə düşündüm. Təsəvvür elə ki, qadın sevdiyi insanın gözlərində necə bir dəyərə malik olduğunu görə bilmir. Təsəvvür elə ki, qadın günü günə qatır, amma heç vaxt sevdiyi şəxsdən ən kiçik komplimentləri belə eşidə bilmir. Onun üz ifadəsini heç vaxt oxuya bilməyən bir qadını düşün. Necə də böyük bir bədbəxtlik! Üzünə makiyaj etməyinin, yaxud da makiyassız olmağının onun yoldaşı üçün heç bir önəmi yoxdur. Əgər o istəsəydi, qadın gözlərinə yaşıl rəng sürtər, burnuna sancaq taxar, təzə ayaqqabılarını geyinərdi. Amma hansı gününə?! Və sonra o, kor insanın əllərindəcə dünyasını dəyişmişdi. Təsəvvür edirəm, bu qadının son fikri yəqin belə olub: bu insan heç vaxt mənim xarici görkəmimdən xəbərdar olmayıb və bu təəssürratla o, torpağa tapşırılmışdı. Robertə bir az sığorta sənədi və bir qədər də pul qalmışdı.

Bir qədər sonra arvadım onu qarşılamaq üçün vağzala getdi. Heç bir iş görmürdüm, sadəcə oturub gözləyirdim. Maşının həyətə daxil olduğunu eşidəndə içki içərək televizora baxırdım. Əlimdə içki ilə divandan qalxdım və pəncərəyə tərəf yaxınlaşaraq çölə baxdım.

Arvadımın maşını dayanacaqda saxlayarkən gülən gördüm.  O, maşından düşərək, qapını örtdü. Hələ də üzündə təbəssüm var idi. Maraqlı idi. Kor insanın əyləşdiyi tərəf keçdi. Kor insanın üzündə saqqal var idi! Mən deyərdim, həddindən artıq çox saqqal idi! Kor insan maşının arxa hissəsinə uzanaraq çamadanını götürdü. Arvadım onun əlindən tutdu, qapını örtdü. Evə tərəf gələ-gələ yol boyu danışırdılar. Pilləkənlərlə qalxaraq evin giriş hissəsinə daxil oldular. Televizoru söndürdüm, əlimdəki qədəhi axıra qədər başıma çəkdim, stəkanı yudum, əllərimi quruladım. Sonra da qapıya yaxınlaşdım.

"Mən səni Robertlə tanış eləmək istəyirəm.” yoldaşım dedi. "Robert, bu, mənim həyat yoldaşımdır, onun haqqında hər şeyi sənə danışmışam.” Sevincdən üzü gülürdü. O, kor insanın paltosunu çıxarmağa kömək etdi.

Kor adam çamadanını yerə atdı və əlini mənə tərəf uzatdı.

Onun əlindən tutdum. Əlimi bərk sıxmışdı və nəhayət əlini boşaltdı.

"Mənə elə gəlir ki, biz artıq tanışıq” o dedi.

"Elədir” cavab verdim. Başqa nə demək lazım olduğunu bilmirdim. Sonra belə dedim "Xoş gəlmisiniz. Sizin haqqınızda çox eşitmişəm.” Yavaş-yavaş qapının giriş hissəsindən qonaq otağına doğru irəlilədik. Arvadım onun qolundan tutmuşdu. Kor adam çamadanı o biri əlində daşıyırdı. Arvadım bu kimi sözlər söyləyirdi: "Sol tərəfdən, Robert. Aha, düz gedirik. Hə, diqqətli ol, burda stul var. Aha budur. Otur. Bu, divandır. Biz bu divanı iki həftə əvvəl almışıq.

Mən də danışmaq xatirinə köhnə divan barədə nələrsə danışdım. Köhnə divandan çox xoşum gəlirdi. Amma bunu ona demədim. Sonra isə Hudsondan bura kimi olan yolun mənzərəsi barədə danışmaq istədim. Nyorka gedərkən qatarın sağ tərəfində, Nyorkdan gələrkən isə sol tərəfdə əyləşməlisən.

"Qatarla rahat gəldiniz?” soruşdum.Yeri gəlmişkən, qatarın hansı hissəsində əyləşmişdiniz?

"Suala bax da, hansı tərəfində!” arvadım əsəbləşdi. "Bunun nə fərqi var ki?”

"Sadəcə soruşuram da.

"Sağ tərəfdə” kor insan cavab verdi. Təxminən qırx ildir ki, qatara minmirdim. Balaca vaxtımda minmişəm. Valideynlərimlə. Çox uzun zaman öncə idi. Keçirdiyim hissləri unutmuşam. İndi saçım-saqqalım ağarıb. Cavan qalmışam, əzizim?” kor adam arvadımdan soruşdu.

"Hə, cavan qalmısan, Robert. Səni görmək çox xoşdur.”

Arvadım gözlərini kor adamdan çəkərək nəhayət mənə tərəf baxdı. Baxışından narazı olduğunu hiss edirdim. Çiyinlərimi çəkdim.

Bu günə qədər həyatımda kor insan olmayıb, heç kor insanla tanışlığım da olmayıb. Bu kor adamın qırxdan çox yaşı var idi, ağır çəkili, başı keçəl, beli bükük idi, sanki çox ağır bir yük daşıyırdı. O, boz ayaqqabı, açıq-boz rəngdə köynək geyinmiş, boğazına qalstuk taxmış, üstdən də idman paltosu geyinmişdi. Mükəmməl! Üzündə də çoxlu saqqal var idi. Kor olsa da əlində əsası, gözündə eynək yox idi. Həmişə elə düşünmüşəm ki, qara eynəklər xüsusi olaraq kor insanlar üçün nəzərdə tutulub. Doğrusu içimdən onun gözündə eynək olmasını istəmişdim. İlk baxışdan onun gözlərinin sağlam insanın gözlərinə bənzədiyini düşünəcəksən. Amma biraz yaxından baxsan, burada nəyinsə yerində olmadığını anlayacaqsan. Göz qişasının ağı həddindən artıq çox idi. Necə də iyrənc! Üzünə baxdıqca burnu ətrafında tərk edilmiş insanları, eləcə də orada özünə yer tutmaq üçün cəhd edən insanları görə bilirdim. Lakin bu, sadəcə bir cəhd idi, çünki bu bir göz bunu istəyib, istəmədiyini anlamadan çevrilirdi.

"Gəlin sizə içki süzüm” dedim. "Hansından istərdiniz? Bizdə hər içkidən biraz var. Boş vaxtlarımızı belə dəyərləndiririk.”

"Dostum, mən özüm Şotlandam” yüksək səs tonuyla sürətlə dedi.

"Aha, bildim. Dostum, siz deməsəz də, mən bunu bilirdim.”

O, barmaqlarını çamadananında gəzdirdi. Çamadan divanın yanında idi. Oradan özünə yastıq üzü, döşək ağı çıxartdı. Buna görə onu qınamadım.

"Bunu sizin otağınıza sərəcəyəm” arvadım dedi. 

"Yox, əziyyət çəkmə. "Yatmağa gedəndə özüm edəcəyəm.”

"Bəlkə biraz  Şotland içkisi ilə su içəsiniz?” təklif etdim.

"Çox az” dedi.

"Elə də bilirdim.”

"Bir az da zəhmət olmasa. İrlandiyalı aktyor Barri Fitzergaldı tanıyırsınız? Məni o ona oxşadırlar. Su içəndə o da içir. Mən viski içəndə o da içir.” Arvadım onun sözlərinə güldü. Kor insan əlini saqqalının üstünə qoydu. Yavaş-yavaş saqqalını qaldırdı və sonra onu aşağı saldı.

İçkiləri süzdüm. Üç böyük stəkana Şotland içkisi və hərəsinin də içinə biraz su. Yerimizi rahatlıqdan sonra Robertin səyahətləri barədə danışdıq. Əvvəlcə onun Qərb sahilindən Konnectikuta olan uzun səfərindən danışdıq. Sonra da Konnektikutdan bura qatarla gəlmişdi. Yenidən içkidən içərək səfərdən danışdıq.

Yadıma gəlir, hardansa oxumuşdum ki, kor insanlar siqaret çəkmirlər. Çünki onlar ağızlarından çıxardıqları tüstünü görə bilmirlər. Bu günə kimi kor insanlar barədə çox məlumata sahib olduğumu düşünürdüm. Amma bizim evimizə qonaq gələn bu kor insan siqaret çəkirdi. Sonra daha birini yandırdı. O, külqabını doldurur, arvadım boşaldırdı.

Nahar masasına əyləşərkən yenidən içdik. Arvadım Robertin boşqabını dördkünc formada hazırlanmış ətlə, kartof əzməsi və yaşıl paxlalarla doldurdu. Mənsə ona iki dilim çörəyi yağlayıb verdim. "Bu da sizin üçün yağ çörək” dedim. Qarşımdakı fincandan bir qurtum içdim. "İndisə gəlin dua edək” dedim. Bunu deyincə kor adam başını aşağı salladı. Arvadım mənə baxdı. "Gəlin dua edək ki,  telefona zəng gəlməsin və yediyimiz yemək də soyumasın.”

Səssizliyə qərq olduq. Yemək üçün qabağımıza qoyulmuş bütün yeməkləri yedik. Sanki sabah olmayacaqdı deyə hər şeyi yedik. Danışmadıq. Başımız yeməyə qatışmışdı. Stolun üstünü süpürüb qurtardıq. Yeməyə ciddi girişmişdik. Kor adam qabağındakı yeməkləri düzgün yerləşdirmişdi, boşqabdakı yeməklərin harada olduğunu bilirdi. Ət yeyərkən çəngəllə bıçaqdan istifadə qaydasına baxdıqda mat-məəttəl qalmışdım. Əti iki hissəyə ayırır, çəngələ batıraraq ağzına doğru aparırdı, sonra ardınca kartofdan, paxlalardan yeyirdi, daha sonra yağlı çörəyi kəsərək bir loxma ağzına qoyurdu. Bütün bu yeməkləri yedikdən sonra üstündən süd içirdi. Sanki hərdən barmaqlarından istifadə etmək onu narahat etmirdi.

Qabağımızda olan yeməklərdən hamısını, üstəlik çiyələk piroqunun yarısını yeyib qurtarmışdıq. Bir neçə dəqiqə tutulub qalmışdıq. Nəhayət stoldan qalxdıq və çirkli qabları stolun üzərində qoyub getdik. Heç arxaya da baxmadıq. Qonaq otağına gedərək yenidən öz yerlərimizdə əyləşdik. Robertlə arvadım divanda əyləşdilər. Mənsə böyük stulda. Arvadımla kor insan ötən on il ərzində baş vermiş önəmli hadisələr barəsində danışarkən mən yenidən ona içki süzdüm. Mən danışmaqdan daha çox qulaq asırdım. Hərdən onların söhbətlərinə qoşulurdum. İstəmirdim ki, kor insan mənim otağı tərk etdiyimi düşünsün, istəmirdim arvadım özümü tənha hiss etdiyimi düşünsün. Onlar ötən on il ərzində başlarına gələn hadisələrdən danışırdılar, bəli öz başlarına gələn! Öz adımı arvadımın şirin dodaqlarının arasından çıxacağına boşuna ümid edirdim. Elə bilirdim belə deyəcək: "Və sonra əziz ərim həyatıma daxil oldu.” Amma o, heç buna bənzər cümlələr də işlətmədi. Ən çox Robert barədə danışırdılar. Robert hər şeydən bir az etmişdi, görünür onun əlindən hər iş gəlirdi. Lap bu yaxınlarda o və onun arvadı Amvey Distirbutorluq şirkətini qurmuşdular. Hər ikisi də qazanclarını burdan əldə edirdilər. Kor adam həm də radioa operator idi. Guamda, Filippində, Alaskada, hətta Tahitidə operator yoldaşları ilə başına gəlmiş əhvalatları yüksək səs tonuyla danışırdı. O, arvadıma deyirdi ki, əgər oraya nə vaxtsa baş çəkmək istəsə, orada ona çoxlu adam dostluq edə bilər. Danışdıqca  kor adam hərdən üzünü mənə tərəf çevirir,  əlini saqqalının altına qoyur, nəsə deyirdi. Hal-hazırkı işimlə neçə ildir məşğulam? (Üç il). İşimi sevirəmmi? (Yox) Bu işi davam etdirəcəyəmmi? ( Başqa seçimim varmı ki?)  Nəhayət onun yerindən duracağını düşündüyüm zaman yerimdən qalxaraq televizoru yandırdım.

Arvadım qəzəblə mənə baxdı. O, tualetə tərəf gedirdi. Sonra o, üzünü kor adama tərəf çevirərək ondan soruşdu: "Robert, sizdə televizor var?”

Kor adam da "Əzizim, bizdə iki televizor var, biri rəngli, digəri isə ağ-qara televizordu. Mən həmişə rəngli televizoru açıram. Gülməlidir, elə deyilmi?

Nə demək lazım olduğunu bilmirdim. Ümumiyyətlə söyləməyə sözüm yox idi. Eləcə də nə deyəcəyimi də bilmirdim. Beləliklə xəbərlər proqramını açaraq aparıcının söylədiklərinə qulaq asmağa çalışdım.

"Bu, rəngli televizordur” kor adam dedi. "Bunu necə bildiyimi soruşmayın, sadəcə bilirəm.”

"Bunu bir müddət qabaq almışıq” dedim.

Kor adam yenidən içkini başına çəkdi. Saqqalını yuxarı qaldıraraq burnuna çəkir, sonra aşağı salırdı. Divanın küncünə tərəf əyildi. Külqabını stolun üzərinə qoydu, sonra siqaretini yandırdı. Yenidən divana tərəf əyildi və ayaqlarını bir-birinin üzərinə keçirdi.

Arvadım əliylə ağzını tutdu, sonra yenidən əsnədi. Gərnəşdi. Belə dedi: "Mən yuxarı qalxım, xələtimi geyinim. Əynimi dəyişməliyəm. Robert, özünü evindəki kimi hiss et.”

"Hər şey yaxşıdır, narahat olma.”

"İstəyirəm, özünü bu evdə rahat hiss edəsən.”

"Mən rahatam” kor adam dedi.

Və arvadım otağı tərk edərək yuxarı qalxdı. Televizorda hava proqnozuna, sonra isə idman xəbərlərinə baxdım. Arvadımın yuxarı qalxmasından çox keçmişdi, onun geri qayıdıb-qayıtmayacağını bilmirdim. Düşündüm, bəlkə də yuxuya gedib. Onun bura gəlməsini istəyirdim. Çünki bu kor adamla təkbaşına qalmaq istəmirdim. Ondan içki istəyib-istəmədiyini soruşdum, o da istədiyini dedi. Sonra ondan nəşə çəkmək istəyib-istəmədiyini soruşdum. Bir neçəsini bükdüyümü dedim. Əslində isə bükməmişdim, amma istəsəydi, iki saniyəlik bükə bilərdim.

"Niyə də olmasın?!” o dedi.

"Əla!”

İçkiləri götürərək divanda, onun yanında əyləşdim. Sonra iki böyük şey bükdüm. Birini yandırıb ona ötürdüm. Barmaqlarının arasına qoydum. O, ağzına apararaq tüstü buraxdı.
"Bacardığın qədər möhkəm tut” dedim. Görünür birinci dəfə idi istifadə edirdi.

Arvadım pilləkənlərlə aşağı düşürdü. Əynində çəhrayı xələt, ayaqlarında çəhrayı çəkələklər var idi.

"Bu nə iyidir?” soruşdu.

"Düşündük ki, biraz anaşa çəkək” dedim.

Arvadım qəzəbli-qəzəbli mənə baxdı. Sonra o, üzünü kor adama çevirərək dedi: "Robert, sənin narkotikdən istifadə etdiyini bilmirdim.”

"Əzizim, birinci dəfədir. Hər şeyin bir başlanğıcı olmalıdır da. Amma hələ ki, heç nə hiss etmirəm.”

"Çox gözəl şeydir. Adamı yüngülləşdirir.  İstəsən sənə də verim. Qorxma ziyanlı deyil.

"Hə, hə, ziyanlı deyil” kor adam dedi və güldü.

Arvadım kor adamla mənim aramda əyləşdi. Mən ona da şey düzəltdim, o əlinə götürərək, yenidən özümə qaytardı. "Bunu necə çəkirlər?” soruşdu. Sonra dedi. "Əslində çəkməməliyəm. Gözlərimi güclə açıq saxlayıram. Deyəsən çox yemişəm. Gərək bu qədər çox yeməzdim.”

"Çiyələk piroqundandır” kor adam dedi. Və bərkdən güldü. Sonra başını yellədi.

"Çiyələk piroqundan hələ qalıb” dedim.

"İstəyirsən, Robert?” arvadım soruşdu.

"Birazdan verərsən” dedi.

Hamımız televizora baxırdıq. Arvadım yenə əsnədi. Dedi: "Yatmaq istəsən, yerin hazırdı ha. Bilirəm, dincəlməyə ehtiyacın var. Yatmaq istəsən, mənə denən.”

 O, kor adamın qolundan dartdı. "Robert?”

Robert sanki yuxudan ayıldı və dedi. "Doğurdan da çox gözəl vaxt keçirdim. Çox gözəl şeydir, elə deyil, dostum?

"Buyurun, təzəsini büküb barmaqlarının arasına qoydum. O, tüstü buraxır, tüstünü ağzında saxlayır, sonra yenidən tüstünü havaya verirdi. Sanki doqquz yaşından bəri narkotik istifadə edir.
"Çox sağol, dostum” dedi. Amma məncə, bu qədər bəsdir. Artıq məni tutmağa başlayır.” Yanan nəşəni arvadıma uzatdı. O da onu götürərək mənə tərəf uzatdı.

"Gənclər, ola bilər ki, sizin aranızda oturarkən məni yuxu tutsun. Amma narahat olsanız, deyin, yaxşı. İkinizə də aiddir. Əgər sizi narahat etsəm, deyin. Yoxsa, siz yatmağa gedənə kimi gözlərim bağlı halda burada oturacağam. Robert, yatmaq istəyirsənsə, yerin hazırdı. Sənin otağın bizim otağın yanındadı. Biz sənə otağını göstərəcəyik.  Əgər yuxuya getsəm, məni oyadarsız” dedi və sonra gözlərini bağlayaraq yuxuya getdi.

Xəbərlər proqramı sona çatmşdı. Yerimdən duraraq kanalı dəyişdim. Yenidən divanda əyləşdim. Arvadımın burda olmasını istəmirdim. Başını divanın arxa tərəfinə qoymuşdu, ağzı açıq qalmışdı. Birdən elə döndü li, ayaqları xələtin arasından sivişib çıxdı. Ombası açıq qalmışdı. Uzanaraq xələtini düzəltmək istədim və o zaman gözüm kor adama sataşdı. Lənət şeytana! Xələti yenidən açıq saxladım.

"Siz bayaq piroq istədiyinizi söylədiniz” dedim.

"Həə”

"Yorğun deyilsiz ki? İstəyirsiz sizi yatağınıza aparım? Yatmaq istəyirsiz?

"Yox hələ. Sizinlə qalacam. Əgər problem deyilsə, siz yatana kimi oyaq qalacam. Bayaqdan danışmaq üçün imkanımız yox idi. Yəqin bildiniz nəyi nəzərdə tuturam. Sizinlə danışmaq imkanım olmadı, xanımınızla danışdıq elə.” Saqqalını qaldırdı, yenidən aşağı saldı. Siqaretlərin içindən birini çıxartdı və yandırdı.

"Problem yoxdur” dedim. Sonra da "tanış olduğumuza şadam” dedim.

Düşündüm ki, həqiqətən də onunla tanış olmağıma şadam. Hər axşam  yuxuya getməzdən qabaq bacardığım qədər yuxusuz qalmağa çalışırdım, bunun üçün də narkotikdən istifadə edirdim. Arvadımla nadir hallarda eyni vaxtda yatırdıq. Yatanda çox qəribə yuxular görürdüm. Gecəyarı bu cür yuxuların birindən oyananda ürəyim dəhşətli dərəcədə döyünürdü.
Televizorda kilsə və Orta əsrlər barədə nəsə bir veriliş gedirdi. Televizorumuz təzələrdən deyildi. Maraqlı bir şey izləmək istəyirdim. Kanalı dəyişdim. Amma burada da düzəməlli bir şey göstərmirdilər. Ona görə də əvvəlki kanala çevirdim və yanımdakı kor adamdan üzr istədim

"- Üzr istəmə, dostum” o dedi. "Hər şey qaydasındadır. Nəyə istəyirsən bax. Mən həmişə nələrsə öyrənirəm. Öyrənməkdə son deyə bir şey yoxdur.  Bu gecə də nəsə öyrənsəm, bunun mənə ziyanı yoxdur. Qulaq asıram.”

Bir müddət ikimiz də susduq.  Başını əyərək mənə tərəf dayanmışdı, sağ qulağı televizor istiqamətində idi. Çox narahat bir vəziyyət alınmışdı. Hərdən onun göz qapaqları bağlanır və sonra yenidən açılırdı. Hərdən barmaqlarını saqqalının arasına qoyur, saqqalını dartırdı. Sanki televizorda eşitdiyi söhbətlər barədə nəsə düşünürdü.

Ekranda kapüşon geyinmiş, üz-gözündən əzab çəkdiyini bilinən, üzərində skelet şəkli olan kostyum geyinmiş, şeytana bənzər kişiləri göstərirdilər. Şeytana bənzər bu insanlar şeytan maskaları, buynuzları taxmışdılar, arxalarında da uzun quyruqları var idi. Bu tamaşa mərasimin bir hissəsi idi. Tamaşanı aparan İngilis bu cür tamaşaların ildə bir dəfə İspaniyada keçirildiyini bildirirdi. Mən ekranda gördüklərimi kor adama izah etməyə çalışırdım.

"Sümüklər” o dedi. "Bu barədə məlumatım var” deyərək başını yellədi.

Televizorda kilsəni də göstərirdilər. Sonra bir-birinə uzun, asta baxışlarla baxan insanları göstərdilər. Nəhayət ekranda  uçmuş divarları və onun buludlaradək uzanan qülləsi olan, Parisdə çox məşhur bir yeri göstərirdilər. Kamera  səma xəttinə qədər ucalan kilsənin bütün hissəsini göstərmək üçün hər yeri çəkirdi.

Bəzən aparıcının səsi kəsilir, sadəcə ekranda kilsəni göstərirdilər. Yaxud da kamera kənd ətrafı yerləri, öküzlərin arxasında gəzişən insanları göstərirdi. Bacardığım qədər səbrlə baxırdım.  Sonra içimdən nəsə söyləmək keçdi. "İndi ekranda kilsənin çölünü göstərirlər.  Gargoyles kilsəsi. Balaca divlərə bənzəyən balaca abidələr. Yəqin bura da İtalyada yerləşir. Hə, hə, italiyadadır.  Bu kilsənin divarları üzərində rəsmlər var.”

"Bunlar divar nəqqaşlığıdır, dost?” soruşdu və içkidən bir qurtum içdi.

Mən də əlimi uzadaraq stəkanı götürdüm. İçi boşalmışdı. Bacardığım qədər yaddaşımı eşələməyə çalışdım. "Sən bunların divar nəqqaşlığı olub-olmadığını soruşurdun?. Yaxşı sualdır. Amma cavabını bilmirəm.

Sonra ekranda Lisbondakı kilsənin həyətini göstərirdilər. Portuqaliyadakı kilsəylə Fransa və İtaliyadakı kilsələrin arasında elə də böyük bir fərq yox idi.  Amma balaca ya da böyük olmasından asılı olmayaraq yenə də fərq özünü göstərməkdə idi. Ən çox da kilsələrin iç tərəfi bir-birindən fərqlənirdi. Sonra ağlıma nəsə gəldi və belə dedim: "Ağlıma bir fikir gəlib. Kilsə barədə nəsə bir fikrin varmı? Məsələn kilsənin necə olduğunu bilirsənmi? Başa düşürsən də sualımı?  Kilsə barədə kimsə nəsə danışsa, sən onların nə dediyini başa düşəcəksənmi? Bu kilsəylə Baptist xristian kilsəsi arasındakı fərqi bilirsənmi?”

O, ağzından tüstü buraxdı. "Onu bilirəm ki, bir kilsəni tikmək üçün yüzlərlə işçi qüvvəsi və ən azı əlli-yüz il lazım olur” o dedi. Bunu elə indi aparıcının dilindən eşitdim. Eyni nəsildən olan adamların bir kilsə üzərində işlədiklərini də bilirəm. Bunu da aparıcıdan eşitdim. Kilsəni tikməyə başlayan adam heç vaxt onun tamamlanmasını görə bilmir. Burdan belə nəticəyə gəlmək olar ki, onlar heç də bizdən fərqlənmirlər, düzdü?” Güldü. Göz qapaqları yenidən qapandı. Başını aşağı salladı. Deyəsən xoruldayırdı. Bəlkə də özünü Portuqaliyada təsəvvür edirdi. Televizorda indi də başqa bir kilsəni göstərirdilər. Bu kilsə Almaniyada idi. Aparıcının səsi eşidildi. "Kilsələr” kor adam dedi. Qəddini düzəldərək dik oturdu və başını irəli-geri hərəkət etdirdi. "Düzünü bilmək istəyirsənsə, onu deyim ki, kilsə barədə ancaq bunu bilirəm.” Sadəcə adını bilirəm. Aparıcıdan eşitdiklrimi. Bəlkə onu mənə təsvir edəsən? İstərdim ki, onun necə bir yer olduğunu mənə təsvir edəsən. Bəli, mən kilsə haqqında məlumatsızam.”

Televizorda göstərilən kilsəyə gözümü zillədim. Axı onu necə təsvir edə bilərəm? Amma həm də həyatım sanki bundan asılı idi.  Sanki həyatımda çox önəmli bir məsələni həll etmək məcburiyyətində idim.

Televizorda  şəhərətrafı yerlər göstərilənə qədər kilsələrə daha diqqətlə baxmağa başladım. Amma yenə də bir işə yaramırdı. Üzümü çevirərək kor adama tərəf baxdım və dedim "Əvvəlcə onu deyim ki, kilsələr hündür olur.” Söz tapmaq üçün gözümü otaqda gəzdirdim. "Onlar çox hündür olur. Səmayadək ucalırlar. Elə böyük olurlar ki, onları qoruyan bir şeyə ehtiyac olur. Onları qüllələr vasitəsilə qoruyurlar. Bəzi cəhətlərinə görə bu qüllələr körpülərə oxşayırlar. Deyəsən sən körpünün də nə olduğunu bilmirsən. Bəzən kilsələrin qarşısında şeytana bənzər abidələr olur. Bəzən də kral və kraliçaların heykəlləri. Bunun niyə belə olduğunu soruşma, özüm də bilmirəm” dedim.

O, başını yellədirdi. Bədəninin yuxarı hissəsi sanki irəli-doğru hərəkət edirdi.

"Başa sala bilmirəm elə?” soruşdum.

O, başını yelləməyini dayandırdı və divanın küncünə tərəf əyildi.  Qulaq asa-asa barmaqlarını saqqalında gəzdirirdi. Deyəsən o dediklərimdən bir şey anlamırdı, üzündəki ifadədən bunu görmək olurdu. Amma o, danışmağımı istəyirdi. Başını yelləyirdi, sanki  bununla məni cəsarətləndirməyə çalışırdı. Danışmağa söz axtarırdım. "Kilsələr həqiqətən də böyük olur” dedim. "Daşdan olurlar. Bəzən də mərmərdən. Qədim zamanlarda insanlar kilsələr tikərkən Tanrıya yaxın olmaq istəyirdilər. Həmin zamanlarda Tanrı hər bir insanın həyatında önəmli idi.  Bunu onların tikdiyi kilsələrdən görmək olur. Bağışla məni, bacardığım qədər izah etməyə çalışıram, amma yenə də sənin bir şey başa düşmədiyini görürəm.”

"Yox, yox, hər şey qaydasındadır” kor adam dedi. Qulaq as. Yəqin ki, sual verməyimə etiraz etmərsən. Olar sual verim? Sadəcə hə ya da yox denən. Mənə sadəcə maraqlıdır, yəqin burada eyib bir şey yoxdur. Evinizin qonağıyam. Bilmək istəyirəm ki, sən dindarsanmı? Yəqin sualımdan incimərsən?

Başımı yellədim. Amma o görmədi. Kor adama gözünü qırpmaq da, başını yelləmək də mənasız bir şeydir. "Düşünürəm ki, inancsızam. Heç nəyə inanmıram. Bəzən bu, çətin olur. Başa düşürsən dediyimi?”

"Əlbəttə başa düşürəm” dedi.

"Çox gözəl” dedim.

Aparıcı hələ də danışırdı. Arvadım yuxusunda ah çəkdi.  Dərindən nəfəs alıb yenidən yatmağına davam etdi.

"Gərək məni bağışlayasan. Sənə kilsənin necə bir yer olduğunu izah edə bilməyəcəm.  Bu, ümumiyyətlə mənlik deyi. Bundan artığını bacarmıram.”

Kor adam mənə qulaq asarkən sakit dayanmış, başını aşağı sallamışdı.

"Doğrusunu deyim, kilsə mənim üçün əhəmiyyətli deyil. Mənim üçün heç nədir. Onlar sadcə gecə gec saatlarında televizorda baxmaq üçündür. Elə bu qədər.”

Həmin an kor adam boğazını arıtladı. Yerdən nəsə qaldırdı. Çantasından əl dəsmalını götürdü. Sonra belə dedi: "Götür bunu, dostum. Götür. Narahat olma. Qulaq as. Mənə kömək edə bilərsənmi? Ağlıma bir fikir gəlib. Mənə  qalın bir kağız, bir də qələm gətirsənə. Lazım olacaq. Biz birlikdə bir şey çəkəcəyik. Qələm, bir də qalın vərəq gətir. Dediyimi elə, dost.”

Mən yuxarı qalxdım.  Ayaqlarımda taqət qalmamışdı. Biraz qaçdıqdan sonra sanki özlərinə gəlmişdilər. Arvadımın otağına girdim, ətrafa göz gəzdirdim.  Onun stolunun üzərindəki balaca səbətdə bir neçə qələm tapdım.  Sonra da kor adamın istədiyi qalın kağızı harada tapa biləcəyimi fikirləşdim.

Aşağıya, mətbəxə düşdüm, burada çantanın dibində soğan dərisində olan bazarlıq çantası tapdım. Çantanı boşaldaraq silkələdim. Onu qonaq otağına apardım və ayaqlarının yanına qoydum. Bəzi şeylərin yerini dəyişdim, çantanın qırışlarını düzəltdim. Stolun üzərinə yaydım.

Kor adam divandan qalxaraq xalçanın üstdə, mənim yanımda əyləşdi.

Barmaqlarını kağızın üzərində gəzdirdi. Kağızın yuxarı, aşağı hissələrini yoxladı. Hətta künclərini də. 

- Hə, çox gözəl. Gəl başlayaq.

Qələm olan əlimi əlinə götürdü.  "Çək, dostum, çək. Çək. Görəcəksən. Sən çəkdikcə mən də səni izləyəcəm. Alınacaq. Dediyimi elə sadəcə” kor adam dedi.

Beləliklə mən başladım. Əvvəlcə evə bənzər bir qutu şəkli çəkdim. Yəqin ki, yaşadığım ev idi çəkdiyim. Sonra onun damını çəkdim. Damın üzərində isə qüllələri çəkdim. Gülməli vəziyyət idi.

"Təpə” o dedi. Əla, sən bunu bacarırsan. Heç vaxt düşünməzdin ki, bir gün belə bir şey yaşayacaqsan, elədi, dost? Hə, həyat qəribə həyatdır. Bunu hamımız bilirik. İndisə davam et.

Çəkdiyim evə üzərində taclar olan pəncərələr qoydum. Uçan divarlar çəkdim. Böyük qapılar çəkdim. Dayanmaq bilmirdim. Televizorda bütün verlişlər başa çatmışdı. Qələmi yerə qoydum, barmaqlarımı bağlayıb-açdım. Kor adam kağızın üzərinə əyilmişdi. Barmaqlarının ucunu çəkdiyim rəsmin üzərində gəzdirir, başını yellədirdi.
- Əla e əla! – dedi.
- Yenidən qələmi əlimə aldım və o da əlimi əlinə götürdü. İşimə davam etdim. Sənətcə rəssam deyiləm. Amma eyni şəkildə çəkməyə davam etdim.

Arvadım gözlərini açaraq heyrətlə bizə baxdı. O, divanda əyləşmişdi, əynindəki xələt açıq qalmışdı. Dedi: "Siz nə edirsiniz? Deyin görüm. Bilmək istəyirəm.”

Cavab vermədim.

Kor adam dedi: "Biz kilsənin rəsmini çəkirik. Onunla mən bunun üzərində işləyirik. Biraz bərk bas "kor adam mənə dedi. Bax belə, əla! Sən bunu bacarırsan, dostum. Özün inanmırsan, amma sənə deyim ki, bacarırsan. Sən indi qazla yemək bişirirsən. Başa düşürsən dediyimi? Biz bir dəqiqənin içində bunu bacardıq. Əllərin ağrımır ki? Bura biraz da insan əlavə et. İnsanlarsız kilsə nəyə lazımdı?

Arvadım dedi: "Robert, nə baş verir? Siz nə edirsiniz? Nə olub?”

"Hər şey qaydasındadır, narahat olma. İndisə gözlərini bağla” kor adam mənə dedi.

Bağladım. Dediyi kimi gözlərimi bağladım.

"Bağladın? Yalandan demə.”

"Bağlamışam.”

"Bağlı saxla. İndisə dayanma. Çək.”

Beləcə biz davam etdik. Kağız üzərində şəkli çəkərkən o da əlini mənimlə birgə hərəkət etdirirdi. Bugünə kimi həyatımda belə bir şey baş verməmişdi.

Sonra o dedi: "Məncə, alındı. Məncə, sən bunu bacardın. Bax gör. Nə fikirləşirsən?”

Amma gözlərim bağlı idi.  Elə bilirdim ki, gözlərimi uzun müddət bağlı saxlamışam. Düşünürdüm ki, bu, mənim etməli olduğum iş idi.

- Aha? Baxırsanmı?” soruşdu.

Gözlərim hələ də bağlı idi. Öz evimizdə idim. Bunu bilirdim. Amma özümü içəridə hiss etmirdim.

- Çox qəribədir - dedim.

Tərcümə: Namiq Bağırlı