Robert Şekli. İdeal qadın -  TƏRCÜMƏ

Robert Şekli. İdeal qadın - TƏRCÜMƏ

Robert Şekli

Amerikan fantast-yazıçısı Robert Şekli 16 iyul 1928-ci ildə Nyu Yorkda anadan olmuşdur. Yüzlərlə fantastik hekayə və onlarla elmi-fantastik roman və povestlərin müəllifidir. Ondan tez-tez soruşurdular:”Nə üçün məhz fantastika?” Cavabı isə həmişə belə olurdu:”Yaradıcı insana sonsuz azadlığı ancaq o, bəxş edir.”Yazıçıhəmçinin satirik-yumoristik hekayələrin ustadıdır.”Mənə oxşayan robot”, "Mən bunu edəndə siz nə isə hiss edirsiniz?”, "Robert Şeklinin möcüzəli dünyası”, "Kosmosun qırıntıları”, "İnsan ayağının dəymədiyi yer”, "İnsan tələsi”, "Yerdə səyahət” və s. hekayə toplularının müəllifidir."Ölümsüzlük” təşkilatı”, "Ağıl mübadiləsi”, "Ertəsi günkü səyahət”, "Status mədəniyyəti”, "Möcüzələr koordinatı”romanları daha çox məşhurdur.Yazıçı 9 dekabr 2005-ci ildə,77 yaşında Nyu-Yorkda vəfat edib.



İdeal qadın

(hekayə)

Tərcümə: Aygün Süleymanqızı


CənabMorçek ağzında turşməzə bir hisslə yuxudan oyandı. Triad Morqanın dünən verdiyi qonaqlıqdan onun yadında qalan axırıncı şey Corc Ouen Klarkın qəhqəhəli gülüşü idi. Ah,nə gözəl gecə idi, o gecə! Yer kürəsinin bütün sakinləri yeni minilliyin başlanmasını bayram edirdilər.
3000-ci il başladı! Bütün dünya və firavanlıq, xoşbəxt həyat...
– Xoşbəxtsiniz? – Ouen Klark içkinin təsirindən azacıq səntirləyərək hiyləgər təbəssümlə soruşdu. – Yəni, demək istəyirəm ki, sevimli arvadınızla xoşbəxtsinizmi?
Ədəbsizliyə bir bax! Hamı bilirdi ki, Ouen Klark primitivizmin tərəfdarıdır, yəni mürəkkəb məsələlərə çox sadə yanaşırdı. Ancaq bu ona haqq vermirdi ki, başqalarının işinə qarışsın. Birinci növbədə ona görə ki, Ouen Klark indi hamının Primitiv adlandırdığı adi qadınla evli idi.
–Mən öz arvadımı sevirəm, – Morçek şəstlə cavab verdi. – O, sizin arvadınız adlandırdığınız, o nevrastenik qadından çox-çox mehriban və qayğıkeşdir.
Ancaq əlbəttə, primitivistlərə təsir etmək çox çətindir, onların "gön”ü qalın olur. Primitivistlər arvadlarının qüsurlarını onların yaxşı cəhətlərindən daha çox sevirlər. Onlar sadəcə arvadlarının şıltaqlıqlarına məftundurlar.Ouen Klarkın təbəssümü çox anlaşılmaz idi. O, dedi:
– Bilirsiniz, qoca Morçek, mənə elə gəlir ki, sizin arvadınızın dispanserə ehtiyacı var. Axır vaxtlar siz onun reflekslərinə heç fikir vermisiniz?
Sarsaq! Bütün bu söhbətləri yadına sala-sala cənab Morçek pərdənin arxasından düşən parlaq səhər günəşinin təsirindən gözlərini qıyaraq yatağından durdu.Miranın reflekslərinin allah bəlasını versin! Ouen Klarkın dediklərinin hamısı nöqtəsinə qədər düz idi.Axır vaxtlar Mira elə bil ki, özündə deyildi.
– Mira! – Morçek çağırdı. – Mənim qəhvəm hanı?
Birinci mərtəbədən bir anlıq heç kim cavab vermədi. Sonra məlahətli qadın səsi eşidildi:
–Bu dəqiqə!
Morçek hələ də gözlərini yuxulu-yuxulu qırparaq şalvarını yuxarı çəkdi. Yaxşı ki, növbəti üç gün ərzində bayram elan olunmuşdur.Bu müddət ərzində, o, dünənki qonaqlıqdan sonra özünə gələ bilərdi.Morçek pilləkəndən düşüb, qəhvə tökərək, salfetləri düzərək, onun üçün kreslonu çəkərək vurnuxan Miranı gördü. O, əyləşdi, qadın isə onun keçəlindən öpdü. Morçek onun bu hərəkətini çox sevirdi.
– Bu gün mənim arvadım necədir?– o,soruşdu.
– Çox gözəl, əzizim! – o,bir saniyə ara verərək cavab verdi, – Bu gün mən sənin üçün piroq bişirmişəm.
Morçek piroqdan bir dişləm dişlədi, çox dadlı idi, üstündən də qəhvə içməyə başladı.
– Özünü necə hiss edirsən? – o,yenə maraqlandı.Mira qızarmış çörəyə yağ sürtərək ərinə verdi.
– Əla! Sən ki, bilirsən, dünənki qonaqlıq çox gözəl keçdi. Mən çox bəyəndim.
– Mən bir az keflənmişdim, – Morçek üzündə təbəssümə oxşar ifadə canlandıraraq etiraf etdi.
– Sən bir balaca kefli olanda mənim xoşuma gəlirsən, – Mira dedi. – Sənin səsin mələyin səsinə oxşayır, əlbəttə ki, çox ağıllı mələyin. Sənə fasiləsiz qulaq asmağa hazır oluram.
O, yenə bir fal çörəyə yağ sürtdü və ərinə verdi. Cənab Morçek qırmızı günəş kimi şəfəq saçırdı, sonra isə birdən üz-gözünü turşutdu.Əlindəki piroqu boşqaba qoyaraq barmaqları ilə yanaqlarını qaşıdı.
–Bilirsən, Ouen Klarkla mənim balaca bir toqquşmam oldu. O, primitiv qadınlar haqqında boşboğazlıq edirdi.
Mira heç bir cavab vermədən əri üçün beşinci yağlı çörək falını hazırladı. Stolun üstündə artıq bir yığın buterbroddan təpə əmələ gəlmişdi. Qadın altıncını hazırlamaq istəyirdi ki, Morçek yüngülcə onun əllərinə toxundu.Arvadı isə öz növbəsində qabağa əyilərək onun burnunun ucundan öpdü.
–Primitiv qadınlar! – Mira nifrətlə dedi. – Bu nevrosteniklərə gör nə ad qoyublar! Sənə ki, mənimlə daha yaxşıdır, əzizim? Nə olsun ki, mən müasirləşdirilmışəm? Heç bir primitiv qadın səni mənim qədər sevə bilməz! Mən isə sənə vurğunam!
Onun dediklərinin hamısında həqiqət var idi. Bütün yazılmış insan tarixində heç bir kişi adi primitiv qadınla xoşbəxt ola bilməmişdir.
Xudbin və ərköyün xasiyyətli kişilər istəyirlər ki, həmişə kimsə onlara qayğı və diqqət göstərsin.Ouen Klarkın arvadının, ərini qabları silməyə məcbur etməsi hamını hiddətləndirib, ancaq özü isə buna dözür.
Primitiv qadınlara pal-paltar və bəzək-düzək əşyaları almaq üçün həmişə pul lazım olur.
Onlar üçün səhər yeməklərini yatağa gətirmək, bric(İngiltərə və Amerikada geniş yayılmış qumar oyunu) oynamaq üçün evdən getmək, saatlarla telefondan asılı qalaraq ağızlarına gələni çərənləmək daha vacibdir. Onlar gəlirliişləri kişilərdən almağa cəhd göstərdilər. Nəticədə onlar öz bərabərliklərini sübut etdilər.Ouen Klark kimi bəzi axmaqlar da qadınların kişilərə heç nədə güzəştə getməməkləri ilə artıq çoxdanbarışıblar. Arvadının ona qarşı olan sevgisinin belə aydın təzahüründən sonra Morçek hiss etdi ki, dünənki gecədən sonrakı xoşagəlməz hisslər tədriclə yox olub gedir.Bayaqdan Mira heç nə yeməmişdir.O bilirdi ki, bütün diqqətini ərini yedizdirməyə cəlb etmək üçün, Mira onsuz qəlyənaltı etməyə vərdiş edibdir.Bu cür xırdalıqlar da evdə xüsusi bir ab-hava yaradırdı.
– Ouen Klark dedi ki, sənin reaksiyalarında ləngimə var.
– Doğrudan? –Mira bir qədər ləngiyərək cavab verdi. – Bu primitivistlər elə zənn edirlər ki, hər şey onlara aydındır.
Bu doğru cavab idi, ancaq göründüyü kimi bir azca gecikmişdi. Cənab Morçek arvadına yenə bir neçə sual verdi. Reaksiya müddətini mətbəx saatının saniyə əqrəbi ilə yoxladı.Artıq heç bir şübhə qalmamışdı – onun reaksiyası gecikirdi.
– Bağlamanı gətirdilər? – Morçek ondan tez-tez soruşdu. – Kimsə zəng vurmayıb ki? Mən işə gecikirəm?
Üç saniyə keçəndən sonra qadın ağzını açdı və yenidən yumdu.– Düzəldiləsi mümkün olmayan bir şey baş verdi.
–Mən səni sevirəm,– bu onun deyə biləcəyi yeganə söz idi. Cənab Morçek ürəyinin necə həyəcanla döyündüyünü hiss etdi. Axı onu sevirdi! Özü də dəlicəsinə və ehtirasla sevirdi! Ancaq lənətə gəlmiş Ouen Klark haqlı idi. Miranı müalicə etmək lazım idi. Görünür qadın da onun fikirlərini oxumuşdu.O, yenidən canlandı:
–Mən ancaq bircə şey istəyirəm,əzizim, təki sən xoşbəxt olasan.Deyəsən, mən xəstələnmişəm...
Sən mənim müalicəmlə maraqlanacaqsan? Müayinədən sonra məni evə aparacaqsan? Onları qoyma məni dəyişdirsinlər – heç bir dəyişiklik istəmirəm!
O, üzünü əlləri ilə qapadı. Ərinin qanını qaraltmamaq üçün səsini çıxartmadan xısın-xısın ağlamağa başladı.
– Əzizim, bu həmişəki kimi adi bir yoxlanış olacaq, – Morçek göz yaşlarını güclə saxlayaraq dedi.Ancaq o da Miranın özü kimi bilirdi ki, o, həqiqətən də xəstədir. "Necə də haqsızlıqdır!” – o, fikirləşdi. Primitiv qadınlar öz kobud beyin kütlələri ilə bu cür xəstəliyə demək olar ki,heç vaxt düçar olmurlar. Ancaq zərif Müasir Qadının sağlamlığı öz incə həssaslığı ilə son dərəcə dözümsüzdür. Necə də dəhşətli haqsızlıqdır! Elə buna görə də Müasir Qadın özündə qadın təbiətinin ən qiymətli keyfiyyətlərini cəmləşdirir. Onun bir tək dözümü çatmır.Mira yenidən canlandı.Güclə ayaq üstə qalxdı. O, çox gözəl idi. Xəstəliyin təsirindən yanaqları qızarmışdı.Səhər günəşi isə onun gur saçlarında işıq saçırdı.
–Əzizim, – o, zəif səslə dedi, – İzn verərsənmi mən qısa müddətlik evdə qalım, bəlkə öz-özümə düzəldim?
Ancaq gözlərinə qaranlıq çökdü.
–Əzizim...
O, stolun kənarından tutaraq, bütün gücünü toplamağa çalışdı.
–Başqa arvadın olanda səni necə sevdiyimi unutma!
O, oturdu. Üzündəki ifadə mənasızlaşaraq dondu.
–Gedim maşını gətirim, – Morçek öz-özünə danışaraq mətbəxdən çıxmağa tələsdi. O, hiss etdi ki, yavaş-yavaş özü də keyiləşir. Buna baxmayaraq yorğun addımlarla qaraja tərəf yönəldi. Mira onu tərk etdi! Bütün yeni nailiyyətlərinə baxmayaraq müasir elm də ona kömək etmək iqtidarında deyildi! O, qaraja yaxınlaşdı və dedi:
–Geriyə ver!
Maşın o dəqiqə arxaya hərəkət edərək, sahibinin yanında dayandı.
–Boss,(ABŞ-da sahibkar) nəsə baş verib? – maşın soruşdu. – Nəyəsə görə kefiniz pozulub? Dünənkindən sonra özünüzə heç çürə gələ bilmirsiniz?
–Yox, Miraya görə beləyəm. O, sındı.
Maşın bir anlıq susdu, sonra astadan dedi:
–Mən çox təəssüf edirəm, cənab Morçek. Çox istərdim ki, sizə kömək edəm.
–Sağ ol, – belə ağır dəqiqələrdə yanında dostunun olmasına sevinərək, Morçek dilləndi. –Qorxuram ki, mənə artıq heç kim kömək edə bilməsin.
Maşın dalı-dalı hərəkət edərək evin qapısının düz yanında saxladı. Morçek Miraya arxa oturacaqda oturması üçün kömək etdi. Maşın tez bir zamanda yola düşdü. Zavoda çatana qədər yol boyu, Mira ədəblə sükutu pozmadı.

KULT.AZ