Seymur Su - Gecəköynəyində daha gözəl

Seymur Su - Gecəköynəyində daha gözəl

Güzgünün qarşısındakı kətildə
yaraşıqlı bir qadın əyləşib bəyaz gecəköynəyində.
Dodaqları boyalı
Bax elə indicə,
onu diliylə qurudacaq, yayacaq
günahsız sözlərin saxlanıldığı həbsxana divarlarına.
Gözəldi, amma yarımçıq:
Düşünür ki,
Allah ya gərək yandıraydı onu ana bətnində,
ya da bu parıldayan yanaqları söndürəydi..
Amma "Gözəllər gözəlisən" deyir şorgöz bədən ovçuları:
Gözəlliyinə görə yox,
bəlkə də portmanatındakı zəngin kredit kartlarına görə idi.
Xatirələrin yalançı yuxusuzluğu bitmək bilmir,
geyimli, üst-başını dəyişmədən uzanıb, yuxuluğa vurub özünü.
Və onunla qonşu yataqda
üzərindən tuş çəkilmə ehtiyacı yatır
illərin qara sızanaqları yapışmış ürəyində..
Qəlbi otel otaqlarına çevrilib..
O isə gözləyir gecəköynəyində.
görüş üçün gözləyənlərə "randevunuz varmıydı?"
sualını verəcək adam axtarır bəlkə də..

Qonur gözlərinə elə qürurlu sükut çöküb ki,
dəlisov payız yağışlarıyla belə lilləşməz..
Baxışlar sanki əbədi təravətli ağacın gövdələrindən yapışıb.
Yarpaqları heç vaxt xəzəlləşməz..
Kablokları kimi atılıb yenidən evin mərkəz küncünə..
Ağlamaq istədiyini bilir güzgüdəki qadın
- "Seltik Draqon" sancağıyla yığılmış saçları yavaş-yavaş
dağıdıb iki göz boşluğundan..
Bir tək gözlər əhilləşməz..
Amma bütünlüklə olmur göz yaşı.
Onlar da buludtək bir buluda toxunmadan ağlamaz axı..
Baxır, baxır, zillənir, başını aşağı salır, nələrsə axtarırmış kimi..
Anladı, güzgüyə baxmayacaq.
Sən demə gözlərində yaradıbmış,
arxadakı pəncərədən boylanıb gizlənən uzağı..
Daraqla qəhvəyi tellərindən çox,
beyninin dərinliyini darayır,
aydınlaşdırır düyün düşmüş fikir topasını..
Əslində bir peşmanlıq duyur:
Gecə gizlindən geyindi onun qara libasını..
Amma onun qədər gözəl deyildi..
Gecəköynəkləri qədər gözəl, təbii və ehtiraslı deyil gecə..
Bir köynəklik məsafə...