Simran Qədim. Labirint (Hekayə)

Simran Qədim. Labirint (Hekayə)

Yazacaqlarım başıma lap çoxdan gəlib. O qədər uzun zaman keçib ki, tam yadımda da qalmayıb - yarıyuxu, yarıgerçəklik kimi xatırlayıram. Adam yaddaşının dərinliklərinə enib, ən dibdəki xatirələrini çəkib çıxarmağa necə çətinlik çəkirsə, o haldayam. Söhbət lap əvvəldən, lap-lap əvvəldən, başlanğıc anından gedir...

Özümə gələndə alaqaranlıq hücrədəydim. Gözlərimi açan kimi yan-yörəmə boylandım ki, bəlkə, nə baş verdiyini deyən kimsə tapıldı. Amma heç kəs yox idi, ətrafı zülmət səssizlik bürümüşdü. Suallarla baş-başa qalıb öz-özümdən soruşdum:

"Burda nə gəzirəm? Kim atıb, gedib məni bura? Ümumiyyətlə, kiməm ki mən?!” 

Qəfildən canımı qorxu bürüdü, təlaş içində qalxıb cəld hücrənin dəmir qapısına atıldım. Hələ tam özümə gəlməmişdim; yuxulu kimiydim, başımda duman vardı.

Gözlərimi qıyıb var gücümlə qapını açmağa çalışdım. Axırı qapı tükürpərdən cırıltıyla aralandı, hücrədən çıxdım. Bura hücrəyə nisbətən işıqlı idi, üç-beş saniyə gözlərimin işığa alışmasına lazım oldu. Hara getdiyimi bilmədən dəhlizlə addımlamağa başladım. Ağlımda çoxlu suallar vardı, ən əsası, sonumun necə olacağı idi.

"Təki burdan çıxım, təki qurtulum burdan. Bəs sonra? Lap burdan qurtulsam belə, hara düşəcəkdim ki mən?”

Söz yox, bu cür suallar üçün hələ tez idi. Çox tez!..

Dəhlizin sonunda qabağıma bomboz, soyuq divar çıxdı. İki yol vardı: ya sağa dönməliydim, ya da sola. Başımı çevirib arxaya baxdım, dalımca gələn yox idi. Heç kəs məni tələsdirmirdi, ancaq nəyə görəsə  tələsirdim. Təsadüfi seçim edib səndələyə-səndələyə sağa döndüm. Yenə uzun dəhliz, yenə dalan, yenə iki yol... Bu dəfə sola döndüm. Sonra növbəti dalan, sonra isə daha biri... 

Gah sağa, gah da sola dönə-dönə xeyli yol getdim. Hərlənib-fırlanmaqdan birtəhər olmuşdum; başım gicəllənir, ürəyim bulanırdı. Və... və gəlib bayaqkı hücrəyə çıxdım.

Şüurum yavaş-yavaş aydınlanmaqda idi, gözlərimdəki duman da artıq çəkilmişdi. Səbrimi basıb bir anlıq dayandım, sonra yenə dəhlizlə gedib həmin iki yola çıxdım. Bu dəfə isə tələsik qərar vermədim; fikirləşə-fikirləşə, həm də getdiyim yolu yadda saxlamağa çalışaraq sağa-sola, sola-sağa... döndüm. Bayaqkına nisbətən yolum uzun oldu.  Amma... yenə hücrəmə qayıtdım.
Labirintdə idim!

Gözlərimi yumub təkrar-təkrar dərindən nəfəs aldım, özümü toplamağa çalışdım.

"Sakitləş, sakitləş, sakitləş...”

Labirintdə idim, özü də çıxılmaz labirintdə!..

Nəhayət, özümü ələ alıb, yenidən labirintin soyuq dəhlizlərində dolanmağa başladım. Ayrı çarə də yox idi. Bir tərəfdən dolanbacları yadda saxlamağa, bir tərəfdən də sağa, yoxsa sola dönəcəyimə qərar verməyə çalışırdım. Beynimdəsə elə mənim kimi dolanıb-dolanıb, eyni yerə gəlib çıxan suallar vardı.

"Axı, kim atıb məni bura? Burda neyləməliyəm ki? Başqa kimsə varmı? Ən əsası, aqibətim necə olacaq?”

Uzun zaman labirintdə dolandım. Amma bu dəfə geriyə – hücrəmə dönmədim. Başqa hücrəyə gəlib çıxmışdım. Onun da ağır, dəmir qapısı vardı. Birtəhər açıb içəri girdim. Bu hücrə mənimkinə nisbətən geniş idi. Ortaya üst-üstə yığılmış qutular qoyulmuşdu, qutulardasa cürbəcür konservlər, su butulkaları vardı. Sanki kimsə məni bura atıb, ölməməyim üçün şərait yaratmışdı. Bunlarla qidalanıb xeyli vaxt sağ qala bilərdim. Birdən labirintdə daha başqa hücrələrin ola biləcəyi fikri ağlıma gəldi. Sadəcə onları tapmaq lazım idi.

Hücrədən çıxıb yenə labirintdə dolaşmağa başladım. Fikrimdə yanılmamışdım, çox keçmədi, doğrudan da, başqa-başqa hücrələr tapdım. Bəzilərində bütün gözləri ərzaqla dolu rəflər vardı: cürbəcür içkilər, quru meyvələr, çərəzlər; çay, düyü, un, pendir...  Hətta iri soyuducusu olan hücrəyə rast gəldim. İçində də hər şey: meyvə-tərəvəzdən tutmuş, südə, yumurtaya, ətə, balığa kimi.

Sonralar yaşamaq üçün gərəkli şeylərlə təchiz edilmiş neçə-neçə hücrələr tapdım. Sanki bunlar böyük evin ayrı-ayrı otaqlarıydı: hamam, mətbəx, kinozal, camaşırxana... Hətta içi saysız kitablarla dolu bir neçə yanaşı hücrə də vardı. Hər hücrəyə fərqli janrda kitablar qoyulmuşdu. Vaxtımın çoxunu elə kitab oxumaqla keçirirəm. Hələ arada həvəs edib nəsə yazıram da...
...Artıq bu hadisədən uzun illər ötüb. Labirintin, demək olar, bütün dolanbaclarını əzbərləmişəm. Amma yenə də tez-tez daha gizli, daha mürəkkəb keçidlərini tapıram, daim yeni-yeni hücrələr qabağıma çıxır. Buranın xəritəsini də hazırlamışam.

Son vaxtlar yeni şey öyrəndim. Deyəsən, bu labirintimdən əlavə, başqa labirintlər də var. Onların sayı birdirmi, beşdirmi, bilmirəm. Amma nədənsə saylarının onlarla, yüzlərlə yox, minlərlə olduğu fikri başımda fırlanır. Bəs görəsən, oralarda da kimsə yaşayırmı? Bəlkə də, hansındasa mənim kimi bir adam yaşayır, o da başqa kiminsə olub-olmadığını tapmağa çalışır. Hər halda araşdırmamış bunu bilmək olmaz.

Yaxın zamanlarda o biri labirintlərə səyahət planlaşdırıram. Kim bilir, bəlkə də, onların sayı düşündüyümdən daha çoxdur. Minlərlə, milyonlarla yox, hətta milyardlarla, trilyonlarla...