Tural Turan. Bütün müharibələr sevir sizi... (ŞEİRLƏR)

Tural Turan. Bütün müharibələr sevir sizi... (ŞEİRLƏR)

Bazar günü 

(Şair Emil Rasimoğluna )

Buludlar can verir 
göylərin qucağında,
Qanı çilənir adamların üzünə.
Ayrılığı zorlayırlar bir yay günü, 
Göy üzü çırpır əllərini dizinə...

...Yollar ayrılığın doğum evidi,
qovuşmağınsa atası var, anası yox...
İndi Tiflis dilənçiləri də 
tanrını adamların ovuclarında axtarır. 
Önünə atılan hər qəpik cingiltisi
Onun yarımçıq qalmış 
toy-düyün havasıdı.
Hamının havası var o cingiltidə 
bircə rahibə dilənçinin havası yox...

Bir fahişə pul qoyur
Dilənçinin ovcuna və pıçıldayır:
- Qorxma, biz ölsək də
insanlıq ölmədi...

...Məscidlə üzbəüz binada 
fahişəxana qapılarını
indi kilsə zəngləri döyür. 
Açan yoxdu qapıları, 
çünki bazar günüdü...

14 bürkü (iyul) 2019-cu il. 
Tiflis-Rustavi yolu



Oxuyun, uşaqlar 

(Şair Ulucay Akifə) 

Oxuyun uşaqlar, 
alın yazınızı tanrıya oxuyun, 
qoy utansın göy üzündəkilər. 
Oxuyun uşaqlar, 
oxuyun son şeirinizi 
qoy oyansın köhnə məzarlıq, 
bir də qəbrə qoyulmuş səkilər...
Oyansınlar, oynasınlar...

Oxuyun uşaqlar, 
öz əlifbanızdan oxuyun, 
qoy kimsə çözməsin şifrənizi. 
Oxuyun uşaqlar, 
bulanıq sularınızdan 
bəlkə çıxdı ördəklər. 
Oxuyun uşaqlar,
Atanız qoyub gedən yerdə
bütün müharibələr sevir sizi.
Müharibəni adıyla oxuyun,
Qələbəni soy adıyla...

Oxuyun uşaqlar, 
Bu dünyanı hərf-hərf oxuyun. 
Payızı çətir-çətir,
Qışı da şərf-şərf...
Alnınıza yazılmışları 
üzdən oxuyub keçin...

Oxuyun, 
cavab atəşinizlə susdurun quşları. 
Oxuyun, kiridin 
Ağlayan böyükləri, 
və lal oxumuşları...

12 bürkü (iyul) 2019-cu il
Saat/ 23:16
Tiflis, Şeytanbazar



Tiflis gündəliyi

(Şair Fuad Cəfərliyə)

Günəş kilsələrin uçuq pəncərələrindən 
gülümsəyir uşaqların yaşlanmış təbəssümlərinə...
İnsanlar yeni tanrıya hamilədir buralarda. 
Yeni Məryəm axtarırlar 
ağacların, buludların arasında...

Uçuq binalarda can verir
tarixin davamedici zaman forması. 
Ağaclar sitayiş edir bozarmış kirəmitlərə,
ardınca kilsə zəngi çalır 
işə tələsən insanların yadına
unudulmuş birisini salmaq üçün...

Möhtəşəmliyin çöküşünü izləməkdən 
həzz alıram 
yəhərlənmiş körpülərin üzərində...
Heykəllərsə döyüşə girir adamlarla...
Beli bükülmüş hasarlar 
heykəllərin önünə atılmış kəlağayıya bənzəyir. 
Piyadalar öz yerinə qayıdır 
Yiyəsi ölmüş atların belində...

Dövlət qurmaqla yadda qalmayan şah 
tarixə darvaza oğrusu kim düşürsə,
heykəllər ibrət alır - 
açıq döyüşə girmir tanımadığı adamlarla. 

...Cibimdəki saatımı çıxarıb
zamanın qulağını bururam,
sükutu edam etmək üçün...

Rahibə geyimindəki dilənçiyə pul xırdaladıram, 
səhər yeməyinə çörək alım deyə;
İştahı qaçmış uşaqdan 
oxuya bilməyəcəyim bir qəzet alıram 
otel otağında ikinəfərlik süfrə düzəltməyə...
Iştahımın qaçmaması üçün 
çay körpüsundəki nəzir qutusuna 
2 lari atıram;
sonra oğurlamaq istəyirəm nəzir qutusunu, 
üzərindəki əlil uşaq fotolarını
həyat yoldaşım görməsin deyə...

13 bürkü (iyul) 2019
Tiflis, Metexi məhəlləsi