Vidadi Qafarov. Vaqif İbrahimoğluna açıq məktub

Vidadi Qafarov. Vaqif İbrahimoğluna açıq məktub

           
Salam Vaqif müəllim!

Sizdən necəsiniz… soruşmaq istərdim. Amma nə mənası, cavabını bildiyim sualı niyə verim ki… Bilirəm ki, heç yaxşı deyilsiniz, xüsusən də son günlər, fırlanırsınız hamımızın son evi olan o soyuq qəbirdə, özünüzə yer tapmırsınız. Necə tapasınız axı… dişiniz-dırnağınızla qurduğunuz teatrın binası əlindən alınıb, müvəqqəti sığınacaqda yaşayır. Sizə Müəllim deyən, sizi Ustad sayan, illərinizi həsr etdiyiniz tələbələrinizin əksəriyyəti dönük çıxıb. Teatrda qruplaşma, dəstəbazlıq, intriqa baş alıb gedir. Yetirmələriniz sosial şəbəkələrdə biri-birinə iftiralar atır, bir-birlərini, o müqəddəs ocağı çirkaba bulayırlar. Üfunət iyi bürüyüb aləmi. Hamısı da Sizin adınızı əlində bayraq tutub, sədaqətdən, ləyaqətdən, vəfadan, şərəfdən dəm vururlar.

Vaqif müəllim, Sizə ruhunuz şad olsun… demək istərdim. Amma nə mənası, bilirəm ki, ruhunuz şad deyil… Mən dəfninizdən sonra qəbrinizi sonuncu dəfə ildönümünüzdə ziyarət etmişəm. Sonra gəlməmişəm ziyarətinizə, gələ bilməmişəm. Bilməmişəm ki, qəbrinizin üstündə belə rastlaşmaq istəməyən hansı qrupa qoşulub gəlim ziyarətinizə. Amma yaratdığınız teatrın "işçiləri” hər il mayın 12-də utanmadan dəstə-dəstə, qrup-qrup gəlirlər qəbrinizi ziyarət etməyə… sonra da şəkillərini sosial şəbəkələrdə paylaşırlar… Və elə bilirlər ki, bununla öz mənəvi borclarını yerinə yetirmiş olurlar, vicdanlarına su çiləmiş olurlar. Amma və lakin düşünmürlər ki, Sizin anım gününüzdə belə, heç olmasa bir günlüyə, qəbrinizin üstündə birləşə bilməyən insanların ziyarəti Sizə lazım deyil… Siz onları belə gördükcə ruhunuz heç də şad olmur…

Vaqif müəllim, çox danışıb, onsuz da ağrıyan başınızı ağrıtmayım… vəziyyət bax belədi, teatrınız dəstə-dəstə, qrup-qrup yoxa çıxır. Ona görə də bu gün teatrınızın adı var, özü yoxdur. Fikir verdinizsə, mən də onun adını heç çəkmədim. Niyə də çəkim, teatrın çirkaba bulaşmış adını…

Vaqif müəllim, niyə girmirsiniz Sizə, ideyalarınıza dönük çıxan o naxələflərin yuxusuna, niyə onlara demirsiniz ki, bəsdirin teatrı döndərdiniz "Altıncı palata”ya, bəsdirin yalnız öz eqolarınıza qulluq elədiniz, bəsdirin düşmənləri sevindirib, dostları kədərləndirdiniz, bəsdirin mənim gorumu söydürdünüz, haram olsun sizə qoyub getdiyim teatr, öyrətdiyim sənət, verdiyim çörək! Bundan belə gəlməyin mənim qəbrimə dəstə-dəstə, qrup-qrup, ruhumu incitməyin..! … Amma bilirəm ki, bunu da etməyəcəksiniz, Müəllim, böyüklüyünüz buna imkan verməyəcək. Çünki Siz heç vaxt etdiyinizi sərki verən, üzə vuran insan olmamısınız.

Bəs, onda necə olsun Vaqif müəllim? Bəlkə əlacı budur ki, girəsiniz aidiyyatlı orqanın rəhbərinin yuxusuna və xahiş edəsiniz ki, ya bu teatra bir əncam çəksinlər, ya da …, vəssalam, şüttəmam! Sizin də ruhunuz rahat olsun, teatr cameəsinin də… yoxsa, cisminiz olmasa da, daşınız çox ağırdı, Vaqif müəllim!
 
//teatro.az