Xalq yazıçısı Ayaz Mütəllibovun sirrini necə açdı?

Xalq yazıçısı Ayaz Mütəllibovun sirrini necə açdı?



Edebiyyat.biz Moderator.az-a istinadla mərhum xalq yazıçısı Sabir Əhmədlinin xatirələrini təqdim edir. Qeyd edək ki, həmin xatirələr yazıçının məhdud tirajla çıxan "Yazılmayan yazı” adlı bioqrafik romanın tam versiyasından götürülüb. 

Ayaz Mütəllibovun salamı

Mütəllibov bir hadisə ilə bağlı yadımda qalıb. Lətif Kərimov rəhmətə getmişdi. Onu filarmoniyadan götürəcəkdilər. Mən də getdim. Son olaraq respublikanın rəhbərləri də gəldilər. Fəxri duruşda qabaqda sol tərəfdən Mütəllibov dayanmışdı. Salonda məndən öndə iki qadın əyləşmişdi. Mütəlibovun mərasimə gəldiyini görcək canlandılar. Öz aralarında pıçıldaşdılar: ”Görək, görəcək?” Gözlərini səhnəyə dikdilər. Mən də onları və səhnəni izləyirdim. Mütəllibov o qədər insanın sezə bilməyəcəyi tərzdə, himlə o iki zənənə salam göndərdi. Hər iki qadın şadlıqdan az qala yerlərindən hoppansınlar.

Mirzə İbrahimovun konfeti

Bir dəfə yığıncaqların birində yenə də balaca qanqaralıq düşdü. Yazıçıların çəkişmələri özünü burda da göstərirdi. Mirzə İbrahimov da əlini tez-tez cibinə salıb ordan bir kağıza bükülən bükülünü çıxarırdı. Onun içindən nəyisə götürüb ağzına atırdı. Bir azdan söz Bayram Bayramova veriləndə bu məsələyə toxundu: "Nəyə lazımdı bu çəkişmələr, qanqaraçılıqlar?! Görürsüz, ürək də dözmür. Mən bayaqdan baxıram, Mirzə müəllim də bir neçə dəfə ürək dərmanı atdı”. Mirzə müəllim həmən cavab verdi: ”Bayram, mənim ağzıma atdığım ürək dərmanı, yox konfetdi. Özü də təyyarədə verilən "polyot” konfeti. Ortalığa güclü bir gülüşmə düşdü.

Süleyman Rəhimovun tənbehi

S. Rəhimov Cəbrayıl rayonundan Respublika Ali Sovetinə deputat seçilməliydi. Bundan ötrü seçicilərlə böyük bir klubda görüş keçirdi. Onun deputatlığa namizəd olan vaxtı vəkillərindən biri də mən olmuşam. Amma mən sonrakı seçkilərdə onun vəkili olmuşam. Birinci seçki zamanı isə Süleyman müəllim zaldakılara üz tutaraq dedi: "Mən ticarətçi deyiləm, sizə qənd, çay, ərzaq boyun olum. Kişilərə bir məsləhətim var:”Bir əlləriylə arvadlarının ipini yığsınlar, bir əlləri iş görməyə bəs edər”.

Bilinmədi o, bu sözləri zaldakılara dedi, ya yüksək vəzifəli rəhbər şəxslərə. Amma bir məsələni hamı o zaman bilirdi. Həmin vaxt Mehdi Hüseynlə ölkənin birinci şəxsi Vəli Axundov ailəvi dost idilər. Arvadları da bir-birinə məhrəm rəfiqə idilər. Necə olmuşdusa Süleyman Rəhimovla Mehdi Hüseyn arasında olan ixtilaf Vəli Axundovun da qulağına çatmışdı.

Çingiz Aytmatovun "kələy”i

Qırğızıstanın xalq şairi Toktoqolun anadan olmasının 100 illiyi səbəbilə Osman Sarıvəlli ilə birlikdə oranın paytaxtına getmişdik. Bakıda Qılman İlkin mənə bir kitabını verdi, dedi, bunu Çingiz Aytmatova çatdırarsan. Mən dediyi kimi də etdim. Tədbirdə Çingizə söz veriləndə Osmanla ikimiz elə bildik ki, zal alqışlardan gurlayacaq. Amma elə olmadı. Qırğızlar Aytmatovu çox soyuq qarşıladılar. Sonradan bildim ki, qırğızlar Çingizi rus əxlaqını yaydığına görə elə də sevmirlər. Eşitdiyimə görə bu anti-sevginin başqa səbəbi də var imiş.  Çingiz istəyib ki, Pasternakın Paradelkinodakı bağ evinə yiyələnsin. Bəziləri isə deyir ki, SSRİ Yazıçılar İttifaqı Çingizi davaya salmaq üçün qəsdən Pasternakın bağını ona verib. Hər halda Çingizi qaldıran cuhud mətbuatı, sonradan onun əksinə də yazdı.