Yaşar Bünyad. Qapı (HEKAYƏ)

Yaşar Bünyad. Qapı (HEKAYƏ)

                         
Dörd divar arasında
Bir dünyanın dərdi var...
S.Rüstəmxanlı


...Sanki yüz il  açılmayan qapıdan ,nəhayət,  gözlərini  çəkdi . Bu qədər gözləməyin necə dözülməz , üzücü və  mənasız  olduğunu anladı.Elə bil, ömrü boyu beləcə  taqətsiz, ümidsiz, yalqız olduğu qədər də əlacsız uzanıb  biryolluq üzünə qapanmış o qapıya sarı boylanırmış. Və bu  gözləmələrin ona heç nə verməyəcəyini  bilə-bilə  yenə  möcüzə sorağındaydı.

"Görəsən gecədi, gündüz?  Çöldə niyə səs-səmir kəsilib? Dünya dağılıb , nədi?!...Telefon da lal ördəyə dönüb...”

Handan-hana yadına düşdü ki, altı aydı telefonu borca görə kəsiblər...

Səssiz, acı-acı güldü.Buna gülmək də demək olmazdı-nə sifətinin qırışları tərpəndi, nə də haldan düşmüş əzələləri titrədi, təkcə gözlərində zəif işıq parıldadı və anındaca  yox oldu.

Özünü dərin quyunun dibində hiss edirdi. Birdən ona elə gəldi ki, ürəyi daha döyünmür, dayanıb , bezib çırpınmaqdan. Yoxsa  qəbir kimi sakit otaqda zirzəmidəki siçanların xışıltısından özgə bir səs eşidilərdi axı?!..   

O gedəndən ürəyi  tez-tez  şıltaqlıq edirdi. Rəhmətlik arvadı çox dirənmiş, "həkimə get, yoxlatdır özünü, ürəklə zarafat olmaz!” -demişdi. Demişdi..,  amma öz ürəyini qoruya bilməmişdi; oğul dərdindən şişib, şişib, qəfil də partlamışdı arvadın ürəyi... Bu qəfil ölümdən sonra bir kərə , o da it ilində , şeytanın qıçını sındırıb təzə açılmış klinikaya  getmişdi.  Onu otaq-otaq gəzdirib yoxladılar,hər həkimin ağzından bir avaz gəldi , pensiyasından qaragünlük topldığı  bir dəstə pulu  dədə malı kimi əlindən aldılar, , bir kitablıq da dava-dərman yazıb göndərdilər aptekə. Əczaçılar elə haq-hesab elədilər ki, gərək üç ay da yeyib-içməyib pensiyasını iynə-dərman üçün yığaydı... 

Yığa bilmədi. Yumruq boyda ürəyini, rahatlığını pozan ağrılarını unutmağa çalışdı. Qaldı Allahın ümidinə. 

"Demə arvad sağ olanda mənim də  yerimə dərd çəkirmiş, özününkü bəs deyilmiş  zalım qızına...”-Beləcə , gecikmiş etiraflarıyla, ünvansız giley-güzarlarıyla baş-başa qalmışdı dörd divar arasında...

Gücü üzülmüş ürəyinə çatırdı : ” Yük olmuşam sənə, yük. Dayan da , biryolluq!..”

Boğazında nəsə düyünlənmişdi.  "Allah  yolları açsın!”  Deyəsən elə bu söz idi, qısılıb qalmışdı içində,  çıxarmağa təpəri yox idi. 

Bir səmirə möhtac kişinin qulağı qapının o üzündəydi.  Dünənəcən küçə-bacada  hay-küy salan dəcəl uşaqların, hər gün pəncərənin altından  keçən , guya bir-birini yaxşı eşitmək üçün qışqıra-qışqıra danışıb bazar-dükana gedən qonşu arvadların da səsi kəsilib... Əvvəllər onu cin atına mindirən,"pırrr” eləyib hasara qonaraq qanadlarını həyasızcasına daş-divara çırpan, səsi kallaşmış müğənni  kimi bir-iki dəfə boğazını  arıtlayıb,  sonra da  düz on dəqiqə dayanmadan banlayan xoruzun səsi üçün darıxdı. "Bəlkə kəsib yeyiblər?...Ağasəlim haa! Ağlım kəsmir,  Ağasəlim, sevimli xoruzunun boğazına  bıçaq dirəyə. Ölmüşdü elə!..   Ən əziz qonağına  "Quş qripinə qarşı peyvənd eləmişəm”, ya da "Qocalıb ee, kəsib qazana atsaq,  gərək bir sutka gözləyəsən ki, bişə” -deyib , axırda  da qonağı  bir tava pamidor-yumurtayla yola verəndi Ağasəlim- xasiyətinə bələdəm qansızın!..Deyəsən,  iş başqadı axı?...  ”

Lap dünya dağılsa da,  qapı açılmadan ölmək istəmirdi. Ölə bilmirdi!.. 

"Demə bu gedişdən dönüş bəxt-ilahiymiş !..Xalxın da uşağı getdi, sağ-salamat qayıdanı da oldu, şikəsti də, şəhid olanı da oldu.Mənimkinin yazısına bax...Yazıq balam.  Öldüsündən- qaldısından bixəbər...yaşamaq zülümdü, zülüm!Bu nisgili özümlə qəbrə necə aparım?.. Ondan xəbərsiz  getsəm ,yer götürməz məni , gorum yanar...Sən demə  qovrulub yansa da , şəhid balasını əlləriylə torpağa tapşıran atalar  necə  bəxtəvərmiş ! Bu xoşbəxtliyidə mənə çox görürsən, ilahi!”

Üzülmüş qəlbini parçalayan iztirablar  səngimirdi. Lənətə gəlmiş qapıdan kiminsə girəcəyinə inanmasa da, hətta  qəlbinin dərinliyində  gizlənən şübhələri çözələnsə də,  ümüdini   özündən əvvəl dəfn  edə  bilmirdi!

...Nə pəncərəni döyəcləyən payız küləyindən, nə də  evdə olmadığına əmin olub topun dalıyca hasardan həyətinə düşən  uşaqdan xəbəri yox idi. Xəbəri olsaydıda , əvvəlki kimi əsəbiləşməzdi, bir az məzəmmət edib saçını tumarlar, hal-əhval tutar, kimlərdən olduğunu soruşar,yəqin  axırda da deyərdi ki, "Ay  bala, hasardan niyə aşırsan axı ,oğurluğa gəlmirsən ha,  qapı-zad yoxdu bəyəm?” Axı bir  aydı bu xaraba qalmışın qapısı heç gecələr də  kilid  görmür!..

"Allah xeyirə calasın!”- Yenə bayaqkı yuxusunu çək-çevir edirdi ; beş dəqiqə mürgü döyən kimi  yuxusuna kəpənəklər doluşurdu. Eynən Məsmənin yuxusuydu, təkrarlanırdı. Yadındadı, ölməmişdən üç gün əvvəl ,Məsmə, səhərin gözü açılmamış onu yuxudan  oyadıb başladı ki:"Kişi,qəribə yuxu görmüşəm,yadımdaykən danışım, amma qəribçliyə salıb  gülmə yuxuma, sən dədənin goru...Gördüm ki, dağ boyda  dəmir qapıdı, bağlı, zəhmi adamı basır. Zindandı nədi, baş açmaq olmur, hər yan qapqaranlıq... Elə dağ boyda da kişilər, əllərində külüng, o nədi, toppuz kimi olur ee...hə, quvaldla  çırpa-çırp, düşüblər qapının canına, sındırıb açmaq istəyirlər, ha vururlar, ha döyəcləyirlər, qapı açılmır ki, açılmır.Birdən...a Mərdan, valla görəcəkdi, birdən  görürəm ki, minlərlə, sayı-hesabı bilinməz alabəzək kəpənək doldu  yuxuma , daha doğrusu, yuxumdakı zülmətə. Valla, ömrümdə bu qədər kəpənək görməmişdim. Heç televizorda da ... Kəpənəklər hərəsi bir rəngdə işıq saçır, havada elə rəqs edirldilər ki, qapını sındıran kişilər də əllərini saxlayıb onların tamaşasına durdular. Kişi, Allaha and olsun, qəflətən  bir ağ kəpənək, kəpənəklərin ən irisi,   dəstədən aralanıb qanad çala-çala özünü çırpdı qapıya , çırpdı, çırpdı... valla inanmazsan, o yekəlikdə qapı taybatay açıldı. Açılan kimi də zülmət işığa qərq oldu.O iri kişlər də işğın içində yox oldular , elə bil əriyib getdilər...  Gördüm qapıdan o yana ağappaq yol uzanıb gedir, aləm də nur içində... Məətəl qalmalıdı...”

- Nur  yaxşıdı , elə açıq qapı da... Yaxşı xəbər gözlə,- deyib, sakitləşdirmişdi arvadını.

- İnşallah, yuxum çin olar,əli-ayağı üstündə  qayıdar balamız, -demişdi Məsmə. Deyə-deyə  , sanki ayaqları torpaqdan üzülmüşdü , topa-topa  buludların üstündə süzürdü  arvad...

Ancaq səhəri gün  "yerə endi”, Orxanın adı dilində  canını tapşırdı. O gündən həyət-bacada da kəpənək  gözə dəymədi, elə bil yuxusuna  yığıb  aparmışdı...

Oğlunun müharibəyə  könüllü getdiyini arvadından gizlətmişdi axı. Fikirləşirdi ki, uzağı bir-iki ilə dava bitər, uşaq qayıdar ... day  dönəndən sonra öldürəsi deyil ki məni?! İllər ötürdü, nə dava bitirdi, nə uşaq qayıdırdı. "Xaricə pul qazanmağa gedib” deməyi hardan ağlına girmişdi, indi də başa düşmürdü. Uydurduğu bu şirin  yalanlarına  özü də inana-inana gözlərinin  yollarda qalacağını ağlına da gətirməzdi ."Pul qazanan , heç olmasa, ayda-ildə bir kərə gəlib anası canıyanmışı yoluxmaz?"-On il bu cavabsız sual son nəfəsi ağzından çıxanacan bu yalanlarla yaşayan arvadının  gözlərində, dil-dodağında ilişib qalacaqmış... 

***

Taqətdən düşmüş göz qapağı  işığı sozalmış bəbəklərini yariyacan qapadı və  o , qorxdu . Qorxdu ki, qapı açılmamış ürəyi dayana ,gözləri həmişəlik yumula. Altımış səkkiz ildə təsəvvürünə gətirmədiyi dəhşət ,bir anlığa bütün hüceyrələrini heydən saldı,qurutdu. Yaşadıqlarının yanında ölüm nəydiki?! 

"Niyə mənə əzab verirsən, ö-ölüm?”-deyə pıçıldadı  və ilk dəfə içində gəzdirdiyi sözü dilinə gətirdi:"Sən heç məndən ayrı olmusan ki?!”

Elə bil qənşərindəki onu aparmağa gələn  ölümün özüydü,  əziz adamı kimi üz-üzə oturub dərdləşər.

Gözünü çəksə də, ürəyi səksəkədəydi ; ağır eşidən sol qulağını yorğanın küncüylə qapadı,daha yaxşı eşitsin deyə sağ qulağını darısqal dəhlizin o başındakı qapıya sarı tuşladı. 

Onu dünyanın xeyir-şərindən ayıran qapı  vicdansızcasına qapanmışdı...

Onsuz da hər  şeyi boz rəngdə görürdü.Birdən,  tor gəlmiş gözləri  vaxtıyla  dördayaqlı rəngli "Tauras” televizoru qoyulan künc divarın yuxarısında asılmış çərçivəyə  sataşdı.”Bu nəydi belə?.. Axı, nədi bu?” Gözlərini qıydı. Diqqətlə baxmaq, aydın  görmək üçün güclə başını yastıqdan qaldırdı. "Həə...bu ki...?”-deyə bildi.Unudulmuş çərçivəyə indiyəcən fikir vermədiyinə məəttəl qaldı. Əgər taqəti olsaydı, heç olmazsa, üç-dörd addım ata bilsəydi, ona yaxınlaşıb tozunu alar, boş otağın divarlarında  yamaq kimi  görünən çərçivədən , yəqin ki , cavan Mərdan, onun gözəl arvadı Məsmə və oğlu  gülümsəyərdi  üzünə, lap televizordakı diktorlar kimi!

Şəkilin tarixçəsini yadına salıb kövrəldi. Əslində, bu şəkil  heç olmayıb - kollaj , yamaq idi bu şəkil. Hə, yadına gəlir , çoxdan,   əsgərliyə gedəndən sonra , gecələr yuxusundan çıxmayan,  oğlunun xiffətini çəkən arvadı  ,təsadüfən məhəlləyə gələn şəkilböyüdən cuhuda  lap cavan vaxtlarında Bakıda olarkən əriylə çəkdirdiyi yeganə şəkli, bir də oğlunun altıncı sinfdə oxuyarkən məktəbin "Şərəf lövhəsi”   üçün  çəkdirdiyi  fotonu göstərib  yalvarmışdı ki , onları birləşdirsin. Ciddi-cəhdlə tapşırmışdı da:" Sən allah, a qardaş, elə elə ki ,bilinməsin, guya , bir yerdə çəkdirmişik ." Şəkilböyüdən də on beş manat alıb düz bir həftədən sonra ,diqqətlə baxanda yamağı bilinən, elə yamağı ört-basdır eləməkçin  mavi rənglə boyadığı(guya , fon yaratmışdı) portreti arvada təhvil vermişdi.Əvvəllər,əldən-ələ gəzər, öpülüb oxşanardı;  gah anasının  yastığının böyründə, gah televizorun üstündə, gah da kitab rəfinin ən gözəgəlimli yerində olan , indi  toz basmış soyuq şüşənin arxasından ona baxıb  gülümsəyən oğlunun təbəssümü onsuz da üzülmüş qəlbini dəlib-deşdi və  bir dəfə də olsun  oğluyla şəkil çəkdirmədiyinə peşman oldu.

"Görəsən  necə baxırlar? Adam kimi yedizdirirlər heç olmasa? Ağlım kəsmir. Cəllad hara, rəhm hara...Faşistdən də betərdilər!..  Guya qırmızı xaçdı-nədi, nəzarət edir əsirlərə. Yalansa!...Gör neçə il keçib. Saqqalına da dən düşüb indi, Allahsaxlamışın...Əmisinə çəkib, tərs oğlu tərs!Evlən, dedik.İki ayağını bir başmağa  soxdu ki, evlənmirəm!..Arvad-uşağa başı qarışsaydı, belə etməzdi, üzməzdi  bizi. Evlənərdi, indiyəcən iki-üç oğlu  da olardı... Yox, iki oğlu, bir qızı...Anası rəhmətlik qız istəyən idi...”

Qapı göz dağıydı, sirinsəyib durmuşdu.

"Gəlsin...Təki Əzrayıl canımı almamış  dönsün...Gəlsə...gəlsə, daha heç yana buraxan deyiləm... Tək uşağı əsgər də aparmazdılar. Onda da özü getdi. Kişiyəm, getməliyəm, dedi. ..Davaya da eləcə, xəbərsiz getmişdi.Əl boyda kağıza "inşallah, qələbəylə qayıdarıq” yazıb dostuna vermişdi ki, atama çatdır, narahat qalmasın...Mən cəhənnəm, anan narahat getdi... Heç olmazsa məni naümid qoyma.Heç nə istəmirəm, bircə dəfə  qoynuma sarıl , alnımdan öp, ...sonda...çiynini tabutuma daya...rahat gedim ananın yanına...”

Soyuq tər basmış vücudu bir anlıq istiləşdi.Dilinə gətirə biləcəyi bu sözlərin təsirindən boynunu qucaqlayacaq əziz balasının  tütün qoxulu ilıq nəfəsini  duydu.Hətta  zəhləsi getdiyi  tütün iyi də xoş gəldi ona. "Hələ də...çəkirsən?...Bacar, at o zəhirmarı , oğlum!..”

Ağırlaşmış qollarını tərpətmək istədi ki, onun xəyalını qucsun.

”Oğlum  dedim?!”

Heç vaxt onu belə çağırmazdı axı. Həmişə  adıyla. Adıyla, vəssalam! 

İndisə... elə fərəhlə,  elə sevgiylə dedi ki,səsi, hətta  ağır eşidən qulağında cingildədi:  

"Oğ-lum !... Oğluuum!”

Əvvəllər vahiməli, qətiyyətli , cingiltili olan səsi indi  kallaşsa , xırıldasa da pəncərəyə dəyib  əks-sədaya  döndü. Nəğmə kimiydi , havaya qarışıb səpələnirdi otağa... 

Elə bil güclü bir əl onu soyuq, qaranlıq quyudan  dartdı, dartdı, çəkib işıqlı dünyaya  çıxartdı. "Bu nədi, ilahi?!” Otağa gözqamaşdıran qızılı –gümüşü işıq doldu.Bozarmış divar kağızları al-əlvan rəngə boyandı . Payız olmasına baxmayaraq havadan yasəmən ətri gəlirdi. Dodaqları nəmləndi. Son bir ayda ilk dəfə gözləri güldü.

Sinəsi şıltaq körpə kimi atılıb düşürdü...

Küçədə maşın dayandı...

Ağasəlimin xoruzu banladı...

Deyəsən, cırıldayan qapı idi...

Bir də qulaq verdi...

Bir ağ kəpənək içəri girmək üçün özünü pəncərəyə çırpırdı...