Andrey Platonov. Torpaqda çiçək (hekayə)
- 24.07.2020
- 0 Şərh
- 10951 Baxış
Yaşamaq
Afonya üçün darıxdırıcıdır. Ata müharibədə, ana səhərdək axşamacan kolxozun süd
fermasında işləməyində, babası Titsə sobanın üstündə yatmağında. Gündüz də
yatır, gecə də yatır, səhərlər oyanıb südlü sıyığı yeyən kimi təzədən mürgüləyir.
- Baba,
daha yatma da, nə olar, sən axı yatıb doymusan - bu sabah Afonya babasına dedi.
-
Yaxşı, Afonyam mənim, daha yatmaram-baba cavab verdi. - Mən uzanıb eləcə sənə
baxacam.
- Onda
bəs niyə gözlərini yumursan, mənimlə kəlmə kəsmirsən?- deyə Afonya soruşdu.
- Daha
gözümü yummayacam, - baba söz verdi. - Başlayacam işığa baxmağa.
- Niyə
sən elə hey yatırsan, amma mənim yuxum gəlmir?
- Yaşım
çoxdur, quzum... Doxsanıma üç il qalıb, gözlərim öz-özünə qapanır.
- Niyə
qaranlıqda yatırsan, - dedi Afonya. - Həyətdə gün çıxıb, ot bitib, sənsə
yatırsan, heç nəyi görmürsən.
- Mən hər
şeyi görmüşəm, Afonyaçığım.
- Bəs
niyə gözlərinin içi ağdır, onlarda yaş parlayır?
-
Solublar, Afonya, işıqdan kor olublar, zəifləyiblər, mən axı, bu dünyanın
işığına çox baxmışam.
Afonya
babasına necə var, elə baxırdı. Qocanın saqqalının tükləri arasında çörək
qırıntıları vardı, bir də orda bir hünü yaşayırdı. Afonya skamyanın üstünə
çıxıb babanın saqqalındakı qırıntıları götürdü, hününü də qovdu-qoy başqa yerdə
yuva salsın. Babanın əlləri masanın üzərinə sərilmişdi; iriydi, dərisi elə biləsən
ağac qabığıydı və ömrü boyu torpaqla əlləşən bu əllərin dərisi altından yoğun,
qara damarlar görünürdü.
Afonya
babasının gözlərinə baxdı. Açıq olsalar da heç nəyi görmürmüş kimi, laqeyd-laqeyd baxırdılar və hər gözün giləsində
də bir iri yaş damcısı parlayırdı.
-Yatma,
baba! - Afonya yalvardı.
Ancaq
baba artıq yuxulamışdı. Ana onu yuxulu-yuxulu götürüb sobanın üstünə qoymuş,
üstünü adyalla basdırıb işə getmişdi. Afonya yenə komada tək qalıb darıxmağa
başlamışdı. O, taxta masanın ətrafında dövrə vura-vura babasının saqqalından
düşmüş çörək qırıntılarına daraşan milçəklərə baxırdı; sonra Afonya sobaya
yaxınlaşdı, babasının nəfəs almasına dinşək kəsildi, pəncərədən kimsəsiz küçəyə
göz gəzdirdi, sonra nə edəcəyini bilmədən
eləcə stolun başına fırlanmağa başladı.
- Anam
yoxdur, atam yoxdur, babam da ki, yatır, - Afonya öz-özünə deyindi.
Sonra
saat əqrəblərinin hərəkətini izlədi. Onlar ağır-ağır, adamın ürəyini çəkə-çəkə
irəliləyir, guya babasına layla çalırmış kimi çıqqıldayır, həm də sanki yorulub
əldən düşmüş kimi hərəkətdən qalmaq istəyirdilər.
- Ayıl
da, baba, - Afonya xahiş elədi. - Sən yatmısan?
- Hə?
Yox əşşi, yatmamışam, -Tit baba sobanın üstündən səsini çıxardı.
- Sən
fikirləşirsən?
- Hə?
Burdayam, Afonya, mən burdayam.
- Sən
orda fikirləşirsən?
- Hə?
Yox, mən fikirləşib qurtarmışam. Afonyacığım, cavanlıqda fikirləşmişəm.
- Tit
baba, sən çox bilirsən?
-
Ço-o-x, Afonya, lap çox.
- Onda
de də, nədir bu?
- Nəyi
deyirsən, Afonya?
- Bütün
bunlar nədi?
-
Unutmuşam artıq, Afonya.
- Oyan,
baba, danış hər şey barəsində mənə!
- Nə? -
Tit mızıldadı.
- Tit
baba! Ay Tit baba! - çağırdı Afonya. - Yadına salsana!
Amma
baba rus sobasının üstündə yenidən dərin yuxuya getmişdi.
Bu səfər
Afonya özü sobaya dırmaşıb babasını oyatmağa başladı. Babasa oyanmaq bilmir,
sakitcə dodaqaltı anlaşılmaz sözlər pıçıldayırdı. Axırda Afonya da yorulub
başını babasının ilıq torpaq ətri verən tanış, məhrəm sinəsinə qoyub yanındaca
yatdı.
Yuxudan
ayılanda Afonya gördü ki, babası gözlərini açıb harayasa baxır.
- Dur
ayağa, baba, - dedi Afonya. Baba yenə gözlərini yumdu və yuxuya getdi.
Afonya
fikirləşdi ki, o yatanda babası oyanır; ona görə də ən yaxşısı heç vaxt
yatmayıb babasının nə zaman oyanacağını güdməkdir.
Və
başladı pusmağa. Saat çıqqıldayır, çarxcıqları qıjıldayıb sanki oxuyur, ona
layla çalırdılar.
Belədə
Afonya sobadan düşüb saatın çarxını əliylə dayandırdı. Komaya sakitlik çökdü. Eşidilən təkcə çayın o üzündə
ot biçən kəndlinin dəryazının xışıltısı, bir də komanın tavanı altında uçan
mığmığanın zəif vızıltısıydı.
Tit
baba gözlərini açıb soruşdu:
-
Neynirsən, Afonya? Nə səs-küydür elə? Bu sənsən?
- Sən
yatma, ay baba! - Afonya dilləndi. - Danış mənə bütün bunlar haqqında. Sən elə
hey yatır, yatırsan. Axırda da öləcəksən - anam deyir ki, az qalıb ömrünə;
sonra kim danışacaq mənə bütün bunlar haqqında?
- Dayan
bir, mənə bir qurtum kvas ver içməyə, - dedi baba və sobadan düşdü.
-
Yadına düşdü? - Afonya soruşdu.
-
Düşdü. Gəl çıxaq həyətə, indi də işığa baş çəkək.
Qoca
Tit kvasını içdi, Afonyanın əlindən tutdu və onlar komadan gün işığına
çıxdılar. Ordasa günəş göyün ortasında dayanıb yetişmiş taxıl zəmisini, yol
qırağında bitən çiçəkləri nuruna qərq eləyirdi.
Baba
Afonyanı taxıl zəmisinin arasıyla uzanan yolla kövşənliyə, inəklər üçün şirin
yonca, otlar, çiçəklər bitən yerə apardı. Baba təmiz, narın qumun içindən ürkək-ürkək
boy atmış bir mavi çiçəyin yanında ayaq saxlayıb onu Afonyaya göstərdi, sonra əyilib
əlini gülün ləçəklərinə toxundurdu.
- Bunu
mən də bilirəm! - Afonya sözləri uzada-uzada dedi. - Sən mənə söylə ki, ən əsas
olan nədir, sən mənə hər şey barədə danış! Nəyimə lazımdır mənim gül? Bu axı, hər şey deyil!
Tit
babanın nəvəsinə acığı tutdu:
- Sənə
nə lazımdırsa elə onda var!.. Bax, qumu görürsənmi, lal-dinməz, yerindəcə
qalıb, daş ovuntusundan başqa bir şey deyil, daşsa nə yaşayır, nə nəfəs alır,
ölü kül kimi bir şeydir. İndi başa düşdün?
- Yox,
Tit baba. - dedi Afonya. - Burda başqa düşüləsi heç nə yoxdur.
- Deməli,
anlamadın, anlamırsansa onda daha mən səni necə başa salım? Bu gülə bax bir,
görürsənmi, zəif, yazıq canıyla özündə güc tapıb ölü torpağın bağrından
pırtlayıb işığa çıxıb. Deməli o dənəvər, ölü torpaqdan çevrilib olur canlı bir
bədən, üstəlik də başlayır ətrafına ən gözəl ətir saçmağa. Bu da səninçin
dünyanın ən əsas işi, indi bildinmi hər şey hardan, nədən başlayır? Gördüyün bu
çiçək dünyanın ən müqəddəs zəhmətkeşidir,
o, ölümün içindən özünə həyat düzüb-qoşur.
- Bu
çayır-çəmən, bu covdar da eyni işi görürlər? - Afonya soruşdu.
- Əlbəttə,
- dedi babası.
- Biz də,
eləmi?
- Biz də,
mənim balam. Biz əkinçilərik, Afonyacığım, taxıl yetişdiririk. Bax, bu sarı çiçəkdən
dərman alırlar, onu apteklər də götürür. Dərsənə onları, aparıb verərsən
aptekçilərə. Axı, atan davadadır; birdən onu yaraladılar, yaxud azarladı. Bax,
onda həmin dərmanla sağaldarlar.
Afonya
otlar, çiçəklər arasında dayanıb fikrə getmişdi. Fikirləşirdi ki, onun özü də
çiçək kimi bir şeydir və istəyirdi yoxdan, heçdən həyat yaratsın; dənəvər,
lal-dinməz qum yatağından baş qaldıran mavi, qırmızı, sarı, xoşbəxt çiçəklər,
onların göyə baxan zərif ləçəkləri, onların bu işıqlı dünyaya təmiz ətir
yaymaqları barədə düşünürdü.
- Hə
baba, indi daha mən də hər şeyi öyrəndim! - dedi Afonya. - Get evə, baba, sənin
deyəsən yenə yatmağın gəlir, gözlərin ağappaqdı... Sən yat, babacan, ölsən
qorxma, mən güllərdən öyrənəcəm ki, onlar ölü qumun içindən təzədən necə
dünyaya gəlirlər. Onda sən də öz çürüntün içindən qalxıb yaşayarsan. Qorxma,
baba!
Tit
baba heç nə demədi. Öz ciyərparəsinə görünməz təbəssümlə gülümsündü, sonra
yenidən komaya, sobasına döndü.
Balaca
Afonya isə tarlada tək qaldı. Sonra sarı çiçəklərdən qucağı tutan qədər yığıb
apardı aptekə ki, davadakı atası yaralanarsa ona kömək olsun. Aptekdə Afonyaya
gətirdiyi dərman otlarına görə bir dəmir daraq verdilər. Onu evə gətirib
babasına hədiyyə elədi: qoy bundan sonra babası saqqalını bu daraqla darasın.
- Sağ
ol, Afonya, - dedi babası. - Bəs güllər sənə demədilər ki, onlar ölü torpaqda
niyə ölmürlər?
- Yox,
demədilər, - Afonya cavab verdi. - Sən özün bu qədər yaşamısan, yenə bilmirsən.
Amma deyirdin hər şeyi bilirsən. Yox, bilmirsən.
- Haqlısan,
- baba razılaşdı.
- Onlar
lal-dinməz yaşayırlar, gərək yoxlayaq onları, - dedi Afonya. - Görəsən güllər
niyə susduqlarını özləri bilirmi?
Baba xəfifcə
qımışdı, nəvəsinin başını sığallayıb ona torpaqda bitən çiçəyə baxan təki
baxdı. Sonra nəvəsinin ona bağışladığı dəmir darağı qoltuğunda gizlədib yuxuya
getdi.
1945
Tərcümə:
İntiqam Mehdizadə