Batumdan Keşikçidağa...
- 19.08.2019
- 0 Şərh
- 6880 Baxış
HƏCƏR
Batum mənim uşaqlıq və yeniyetməliyimin keçdiyi şəhərdir. O vaxtkı Batumla indiki arasında çox fərq var. Aydın məsələdir ki, son 30 ilin tarixi hadisələri, zamanın gedişi hər şeyə təsir edir. Bura qədimlərdən acarların vətəni olmuşdur. Eramızdan əvvəl yunan koloniyalarının yaradıldığı bu əraziləri sonralar Roma imperiyasl zəbt edib. Mühüm strateji əhəmiyyətə malik coğrafi mövqedə yerləşən Acarıstan uğrunda uzun əsrlər boyu Rusiya və Osmanlı imperiyaları arasında gərgin mübarizə getmişdir.
On doqquzuncu əsrdə bu mübarizədə məğlub olan türklər 1878-ci ildən Acarıstanı Rusiyaya güzəştə getməyə məcbur olmuşlar. Sovet hökuməti qurulduqdan sonra isə bu ərazi Gürcüstanın tərkibinə Acarıstan Muxtar Respublikası kimi daxil oldu. Sovet hökuməti dağıldıqdan sonra 1991-ci ildən Acarıstana Aslan Abaşidze rəhbərlik etməyə başlamışdı. Öz kiçik krallığında müstəqil olmağa ciddi-cəhdlə çalışan Abaşidzenin burnunu Mixail Saakaşvili bərk ovdu. 2004-cu ildə bura ordu yeridən M.Saakaşvili Aslan Abaşidzeni hakimiyyətdən salaraq Acarıstanın muxtariyyətini xeyli məhdudlaşdırdı. Onun Qara dəniz sahilinə piyada gedərək dənizin suyunda əl-üzünü yuyub triumf keçirmiş hökmdar görkəmi almasını hələ də xatırlayıram. M.Saakaşvili öz ölkəsinin, xalqının əsl oğludur. O, Acarıstanın Gürcüstan tərkibində tam assimilyasiyaya uğraması üçün hər şeyi etdi. Bizim bir vaxtlar Qarabağda edə bilmədiyimiz hər şeyi.
Özlərini on altıncı əsrdə islamı qəbul etmiş gürcü adlandıran acarlar arasında sovet hökuməti dövründə dini qayda-qanunlara əməl etmək daha güclü idi. Quran oxuyur, namaz qılır, sünnət etdirir, kirvə tuturdular. Demək olar ki, hamısı türkcə danışrdı. Yəni bu şəhərə gələn azərbaycanlılar anlaşma cəhətdən korluq çəkmirdilər. İndi həmin o müsəlman valideynlərin əksəriyyətinin uşaqları xristiyanlığı qəbul edib və əski türk dilində danışmağı yadırğayıblar. Bu ölkədə yaşayan meqrel və laz tayfalarından çoxlu sözün keçdiyi əski acar dili, demək olar ki, tam assimilyasiyaya uğrayıb. 1989-cu ilədək acarların pasportlarında milliyyətləri acar yazılırdı. 89-cu ildən sonra isə onların milliyyəti gürcü yazılmağa başladı .
Acarıstanda ermənilər azərbaycanlılardan daha çoxdur. Bibimgilə gedəndə uzun illərdir rəfiqə olduğu dul erməni qadın Viola mənim gəldiyimi eşidib bibimgilə təşrif buyurdu:
--Azərbaycanlılar daha çox çay içirlər. Zeriko, çay dəmlə, şirniyyat almışam, çayla içərik--deyib dəyirmi və kədər, qüssə tökülən gözlərini üzümə dikdi. Bir az oturub bibimlə söhbət elədi. Gürcü və rus dilləridnə danışırdılar. Gürcü dilni bilmirdim, ancaq rusca danışıqlarından ümumi vəziyyətdən söhbıt etdiklərini anladım. Ümumiyyətlə, burda anlaşmaq üçün gürcü dilini bilmirsinizsə, rus və türk dillərini bilməniz vacibdir. Orta məktəblərdə rus dili keçirilmədiyi üçün gənc nəsil rusca heç bilmir. Bizdə-azərbaycanlılarda çay süfrəsi çox zəngin olur. Çayın yanında ən azından dörd-beş cür mürəbbə, müxtəlif şirniyyatlar olmalıdır. Acarlarda isə yalnız kofe içilir. Qonaq getdin, balaca bir fincanda dörd-beş qurtumluq kofe dəmləyib təntənəli şəkildə gətirirlər stola. Vəssalam. Şirniyyata az təsadüf edərsən kofenin yanında. Balığı çox yeyirlər acarlar. Dənizdən balıq tutmaq azaddır. Bakıda az təsadüf etdiyimiz və baha qiymətə satılan kefal, xamsa, qızılbalıq, stavrida, qaragöz, barabulka və s. balıqlar burada bol-bol tutulur və süfrəyə hər gün balıq qoyulur.
Batuma lap yaxın, şəhərlə qovuşmuş Anqisa, Xelvaçauri, Maxengauri və başqa ərazilərdə bir zamanlar çoxlu mal-qara saxlanılır, əkinlə, bağçılıqla məşğul olurdular. Səhər-səhər darvazanı açıb heyvanı küçəyə ötürür, bol bitki örtüyü olduğu üçün mal-qara ətraf yerlərdə çobansız-filansız otlayır, hərdən sərinləmək üçün dənizə də baş vururdular. Mən inəklərin dənizə girdiyini birinci dəfə orda görmüşdüm. Hər inəkdən orta hesabla 13-15 litr süd sağılırdı. Ancaq südün yağlılıq faizi aşağı olurdu. Torpaqlarda isə çoxlu tərəvəz, meyyvələr: alma, armud, şaftalı, karayemiş, limon, mandarin, portağal, çay əkilirdi. Sitrus bitkiləri acarların əsas gəlir mənbələrindən biri idi. Meyvələri satış üçün müxtəlif ölkələrə göndərir və ya aparır, yaxşı qazanc əldə edirdilər. Ortancıl əmim mövsüm vaxtı öz iş-gücünü buraxıb xüsusi maşınla bağları dərmanlamaqla məşğul olurdu. Orta sahəsi olan bir bağı dərmanlamaq 50 manata başa gəlirdi və sahə böyük olduqda qiymət də qalxırdı. Hər gün dörd-beş bağı dərmanlamaq bu mövsüm bitənəcən ailənin büdcəsinə xeyli vəsait gətirirdi. Ancaq indi adını çəkdiyim yerlərdə tək-tük əkin sahələrinə rast gələrsən. Sitrus meyvə bağlarının əksəriyyəti qurumuş, qocalıb barsızlaşmış, baxımszlıqdan cırlaşmışdır. Əkini heç vaxt suvarmrlar. Çox yağış yağdığından torpaqların kənarında dərin arxlar qazırlar ki, əkin sahəsinin artıq suları oradan axıb getsin. Yəni orda əkinlə məşğul olmaq o qədər də əziyyət tələb etmir. Batumda üzüm kollarına da rast gələrsən. Ancaq bunlar çox turşdur və yalnız çaxır, araq istehsalında istifadə edilir. Qloballaşmanın ən pis cəhəti insanların tənbəlliyə öyrəşməsidir. Hamı hər şeyin hazırını, az zəhmətlə çox əldə etməyi istəyir. İndi həmin yerlərin çoxunda ucaldılan hündür binalar bir-birinin böyründə sıx-sıx dayanıb. Hər kəs torpaq shəsini satıb bu binalardan ev almaq arzusundadır. Satılan evlərin bütün sahəsinə bərabər yeni binada mənzil verirlər. Torpaq sahəsinin pulu da ayrıca ödənilir. Bu cür təklf hamını şirnikləndirir və hər kəs öz sahəsini satmaq fürsəti gözləyir.
Şəhərdə ictimai nəqliyyatla sərnişindaşıma iki cür həyata keçirilir. Az tutumlu raflarda gediş haqqı 50 tetri (bizim pulla 30 qəpik), ödəmənin kartla həyata keçirildiyi böyük avtobusarda isə pensiyaçılar üçün gediş haqqı 15 tetri (bizim pulla 9 qəpik), digərləri üçün 30 tetridir (18 qəpik). Biz düşdüyümüz dayanacaq sonuncu olduğu üçün bazarlığımız ağır olanda raflarda sürücüyə əlavə olaraq 1 lari (60 qəpik) verib düz evin qarşısına sürməsini xahiş edirdik və onlar bu xahişimizi həvəslə yerinə yetirirdilər. Ölkədə bank kreditlərinin faizi çox aşağı—bizdən təqribən üç qat aşağı olsa da, Azərbaycadakı kimi banklardan kütləvi şəkildə borc götürüb boyunlarını o bankların kirişlənmiş ipinə keçirənlər azdır.
Subtropik iqlim və dağlıq relyef, əsasən də Qara dənizin təsiri bu ölkəni başdan-başa yaşıllıqlara qərq edib. Müxtəlif rəngli salxım-salxım, buta-buta çiçəklər açmış lianakimilər hündür ağaclardan sallanaraq nağılvari bir gözəllik yaradır. Evlərin və bağçaların gül-çiçəyə bürünmüş süs-bəzəyini nəzərdən qorumaq üçün hündür barı tikməzlər acarlar. Yalnız bir metr hündürlüyündə müxtlif formalı, bəzəkli metal, və ya plastik şəbəkələr şəxsi həyətləri bir-birindən ayırır. Şəhər başdan-başa palmalara bürünüb. Botanika bağı xüsusilə gözəl və maraqıdır . Çox böyük ərazisi olan bu bağ hündür təpəliklərdə yerləşir. Dünyanın müxtəlif yerlərindən gətirilmiş cürbəcür bitkilər, ağac və çiçəklər ölkələr üzrə ayrıca guşə təşkil edir. Yuxarıdan-yaşıllıqlar içində itib-batmış hündür təpədən baxanda dəniz ayağının altında qalır, Kobuletiyəcən sahil və şəhər ovuc içi kimi görünür.
Gürcülərin ən çox xoşuma gələn cəhətlərindən biri dillərinə münasibətdir. Dünyanın hər yerindən çoxlu turistlər gəlməsinə və çoxmillətli ölkə olmalarına baxmayaraq burda bütün göstəricilər ilk olaraq və böyük hərflərlə gürcü dilində yazılır. İkinci yerdə ingilis dili və türk dili gəlir. Göstəricilər türk dilində yalnız onların öz mağaza və restoranlarının üzərində yazılır. Rusca yazılmış göstəricilər yox dərəcəsindədir. Azərbaycanda da, Bakı şəhəri başda olmaqla dilə bu cür hörmət və qayğılı münasibəti çox istərdik.
Mövsüm vaxtı, yəni yayda burada dünyanın müxtəlif ölkələrindən gəlmiş və sahilboyu ərazilərdə çimərlik paltarında dolaşan çoxlu turistlərə rast gələ bilərsən. Son vaxtlar Rusiya ilə aralarında olan gərginliyə görə yollar bağlandığı üçün Batuma rus turistlər gəlməyib. Kafe, bar və restoranlarda işləyənlərin qanı bərk qara idi. Onlar ən çox qazanclarını ruslardan götürürlər. Avqust ayını "barxatnıy sezon” adlandıran acarlar həsrətlə bu ayı və yolların açılmasını, yüz minlərlə rus turistin Batuma axışmasını gözləyirlər. Şəhərdə hər addımda otellərin və kazinoların bolluğu diqqəti cəlb edir. Yaxın qohumumun söhbətlərindən kazinolarda milyonları uduzan azərbaycanlıların digər millətlərdən daha çox olduğunu öyrəndim. Onların tutulduğu "qumar sindromu” məni çox kədərləndirdi. Öz ölkəsində minlərlə xəstə, kimsəsiz qocaların, şəhid ailələrinin, yetim uşaqların yardım gözlədiyi bir vaxtda çirkli pulları gürcü kazinolarında aldanaraq havaya sovuran soydaşlarımın axmaqlığı hansımızı kədərləndirməz ki?! "Varlılar kasıblara Tanrıdan baçqa bir şey buraxmazlar!”—deyiblər. Bəlkə, elə buna görədir ki, gürcülər bizim hər bizimizi çox varlı hesab edirlər. "İstəsəniz, Qarabağı pulla ala bilərsiniz!”—deyirlər.
Geyimlərində Avropasayağı stilə üstünlük verən acarlar şıq , bəzək-düzəkli geyim geyməzlər. Sadə, zövqlə və səliqəli geyinirlər. Dolanışıqları bizdən yaxşı olmasa da, pis də deyil. Onlarda ən çox xoşuma gələn xüsusiyyət arxayın, sakit təbiətli olmalarıdr. Qismətə qane olandırlar. Bizim camaatın üzündə gördüyün daimi gərginlik və tələskənlik, əsəbilik, hər şeydən narazılıq onların simasında yoxdur. Hərdən düşünürəm, bəlkə, bu xüsusiyyətlər bizdə ölkənin mövcud ictimai-siyasi vəziyyəti ilə bərabər, həm də aid olduğumuz yerin maqnit sahəsi, mikrobioloji aləmi ilə də əlaqədar ola bilər. Bəlkə də, bu qədər yaşıllıq və mülayim hava min illərdir acarların DNK-sında sakit bir xarakter sahəsi formalaşdırıb.
Bir vaxtlar şəhərə çıxanda tez-tez rastlaşdığım başdan-ayağa qara geyimli, başına qara şifon örpək salmış acarlara rast gəlmədim. Bu geyim onlarda yas əlaməti idi. Yaxını, əzizi rəhmətə gedən acarlar ölənəcən belə qara geyimdən çıxmazdılar. İndi qara geyimin olmaması bu demək deyil ki, acarlar o dünyaya təşrif aparmağı dayandırıblar. Sadəcə təfəkkür və olaylara münasibət dəyişib. Batumda bazarlar bizdəki kimi zəngin deyil. Bütün şəhər tərtəmiz, gül-çiçəkli olsa da, bazarlar çox kasıb və natəmizdir. Həm də burada bir neçə cür meyvə və çoxlu ədviyyatlardan, üyüdülmüş qəhvədən, acı bibər və sarımsaq qatılmış müxtəlif souslardan başqa bir şey görməzsən. Bazardan ət almaq ağlınıza da gəlməsin. Mənbəyi bilinməyən və rəng-rufundan çiyrəndiyiniz çoxlu ət asılmış satıcı stollarına yaxın düşmək olmur. Yaxşı əti yalnız türklərin açdığı super-marketlərdən ala bilərsiniz. Halal, təmiz, donuz əti qatılmamış kolbasaları da. Burada əsəs satış yerləri mağazalar və koptorqlardır. Bütün mağazalarda Gürcüstanın cənubunda azərbaycanlıların becərdikləri çoxlu yemiş-qarpız qalaqları tığlanıb. Restoranlarda gürcülərin sevimli yeməyi xaçaburi, gürcü xəngəli və saçevidir. Bütün yeməklərə çoxlu sarımsaq və acı bibər qatırlar. Adamın ağzı elə yanır ki, daha yeməyin nə daddığını bilmirsən. Türk restoranlarında menyuda daha çox bizim sevdiyimiz yeməklərin adını görə bilərsiniz. Acarlar turistlərə kələk gəlib aldadaraq pul qoparmağı sevmirlər. Beləsi olsa da, çox azdır. Onlar daha çox turist cəlb etmək üçün hər şeydə balansı qorumağa üstünlük verirlər. Qara dəniz acarların hər şeyidir. Turistlərin gəlməsi ilə dolanışıq mənbəyi, balıqçılıq və gəmiçilik Qara dənizlə bağlıdır. Onlar dənizi sevir, qoruyur və onun sərvətlərindən bütün xalq üçün istifadə etməyi bacarırlar. Bir yerdə də olsa, dənizin yaxınlığında şəxsi obyekt və azərbaycanlılarn yeni milli bəlasına çevrilmiş dənizi hasarlamağı görməzsən. Kobuletidən Sarpiyəcən uzanan çimərliklərdə günəş vannası qəbul etmək üçün yüksək keyfiyyətli çarpayılar, gündən qorunmaq və oturmaq üçün qamışdan düzəldilmiş günlüklər, skamyalar, böyük çətirlər, idman avadanlıqları—hər şey pulsuzdur və əhali bunlardan kübarcasına istifadə edir.
Batuma qatarla getsəniz, lap əla olar. Qəşəng mənzərələrlə rastlaşacaqsınız. Bəzi yerlərdə çiçəkli yaşıl tuellərin içindən keçən dəmir yolu hər üç-beş kilometrdən bir enli və sulu çayların üstündən salınmış körpüləri adlayır. Buranın ən böyük çayı Çoroxdur. Balıqla zəngin olan çayın sahilində qarmaq atan çoxlu balıqçı görə bilərsiniz.
Batumda qiymətlər, əsasən, bizdəkindən ucuzdur. Ancaq bəzi ərzaqlar bahadır. Svanetidən-dağdan gətirilmiş çox yüksək keyfiyyətli balın bir kiloqramını 15 laridən—bizim pulla 9 manatdan aldım. Belə balı ancaq axtarmaq, tanış adamdan almaq olar. Bakıda bal biznesi ilə məşğul olan qonşularım yaman bəyəndilər və ucuz olmasına çox təəccübləndilər:
--Bu cür bal bizdə çox baha satılır,-- deyə qonşum bildirdi.
Səyahətimin sonuna yaxın bibioğlunun arendaya götürdüyü kafeyə gedib kofe içdik. Bizə yaxın olan stula birtəhər özünü salan bir qadın ikiəlli astaca dizinə vurub yavaş səslə:
-Oyy, ayaqlarım sındı, bir belə gəzməkmi olar?—dedi.
Doğma sözləri eşidəndə içim sevindi və ona tərəf dönəndə geyimindən, sifətinin antropoloji quruluşundan azərbaycanlı olduğu bilinən qadına gülümsədim:
--Bir az dincəlin. Yəqin, çox gəzmisiniz,--dedim.
-- Həm çox gəzmişəm, həm də ağrı var ,--deyib köksünü ötürdü.
--Azərbaycadansız?—soruşdum.
-- Yox, Gürcüstandan--Kaspi rayonundanam. Xidiquri kəndindən.
Kəndin adını düzgün yadda saxlamaq üçün br-iki dəfə təkrar soruşdum. Aramızda səmimi söhbət başladı:
--Xanım, sizin oralarda vəziyyət necədir? Əkin-biçin adamına oxşayırsız. Mal-heyvan da saxlayırsınızmı?—deyə soruşdum.
--Hardaan? Kəndin lap yaxınlığından o böyüklükdə çay keçir. Ancaq baxa-baxa qalmışıq. Çay yatağı çox dərindədir. Əvvəllər ildə bir dəfə bütün kənddən pul yığırdılar və motor qoyub il uzunu əkinləri su ilə suvarırdıq. Suvarma mal-qara saxlamağa da imkan verirdi. İndi hər ay o motor üçün külli miqdarda elektrik pulu istəyirlər, ağrın alım. Camaatın da verməyə imkanı yoxdu. O pul əkindən götürdüyümüz xeyiri üstələyir. Ona görə camaat daha əkin-biçini də, mal-heyvan saxlamağı da tərgidib. Çay yatağının dayaz olduğu Həsənalılar, Qarabağlar, Tatuşağı, Gərəkkənd kimi kəndlərdə yenə vəziyyət yaxşıdı,-deyə qüssəli və yorğun baxışlarını məndən qaçırıb uzağa dikdi.
--Batuma nə yaxşı gəlmisinz? Dincəlməyəmi?
--Həm ziyarət, həm ticarət,--dedi.
Keşikçidağla bağlı fikirlərini bilmək istədim. Qadın bu sualı gözləyirmiş kimi:
--Ay xanım, hamı bilir ki, orda erməni barmağ var. İki-üç adamı qızışdırıb salıblar ortalığa, onlar da başqalarını. İndi daha yat-küt olub. Səs-küy yoxdu axı , deyəsən,--dedi.
-- Gürcülər də elə düşünür ki, erməni barmağ var?
-- Bizimkilər elə düşünür. Yaxın gürcü kəndliləri ilə hərdən görüşürük. Demək olar ki, hamı elə düşünür. Bir də bilirsinzmi, axı Gürcüstanda da məscidlər var. İndi azərilər də qalxıb desin ki, oralar bizimdir?—sonra qadın astaca öz-özünə danışrmış kimi,--zatən elə o torpaqların hamısı azərbaycanlıların olub,--dedi.
Sadə, kəndli bir qadının bu cür düşünməsi məni çox mütəəssir etdi. Axşama az qalırdı. Sabah səhər sürət qatarı ilə Tiflisə (Tbilisi), ordan isə doğma torpağa yola düşməli idim.
--Martloba. Qarqat iğavi, men şe mixvarxar, Acariya!
(Sağ ol. Salamat qal, mən səni çox sevdim, Acarıstan!)
28 iyul 2019-cu il