Cavanşir Yusifli. Ağ lələklər...

Cavanşir Yusifli. Ağ lələklər...

Dünya şeirinin inkişafında əhəmiyyətli addım sayılan Şarl Bodlerin bəzi mətnlərində lallıq, belə demək olarsa, bir növ ifadə vasitəsinə çevrilib. Bəzi ciddi məqamlara görə onun şeirlərini hansısa dilə çevirmək çətindir, yaxud qeyri-mümkündür, çünki məhz bu nümunədə tərcümə şeiri təhrif edir, əksər hallarda lallıq səs və ya olmazın küy şəklində "çıxır". Şarl Bodler fransız poeziyasında "sınma məqamını" əks etdirdiyindən tərcümədən çox, şərh tələb edir. Baxın:

 

Mən gözələm, ey öləri məxluqlar! Bir daşın yuxusu kimi,

Və sinəmin üstündə nə vardısa çalın-çarpaz qançırdır.

(Bu ona görə edilib ki,) şairin qəlbinə eşq dolsun

Varlıq kimi əbədi və lal.

 

Sonra:

 

Mavi taxtda oturmuşam, tanınmayan sfinks kimi;

Qarın qəlbini qu balasının ağlığıynan birləşdirirəm

Cığırların səmtini dəyişən hərəkətə nifrət edirəm,

Və heç zaman ağlamıram, heç zaman gülmürəm də.

 

Yəni, gözəllik təkcə kiminsə qaşında, gözündə, sifətində... yox, daha çox görünməyən, əbədi və lal nəsnələrdədir. Belə bir effekt vaxtaşırı olaraq mətnin qəlbində "oyanıb, yuxuya getmək" kimi (yaxud, əksinə) görsənir. Məhz bunun sayəsində mətnin içindəki hərəkət (... mən cığırların səmtini dəyişən hərəkətə nifrət edirəm) qalxıb-enmə tərzini bildirir və forma da buna uyğun şəkildə biçimlənir. Formanın bu tərzdə biçimlənməsi məna yaratma prosesini tənzimləyir, bədii mətn həmin dildə yazılan bütün şeirlərin əvvəlindən sonuna kimi səyahət edir, eyni qəliblərdən istifadə səthdən mətnin dərinliyinə çəkliən yolu aydın göstərir.

 

Baxın:

 

Bu vüsalə yuxu əhvali demək mümkün idi,

Əgər olsaydı yuxu dideyi-giryanimizə.

 

Yaxud

 

Qurbani, qəmlənmə, kərəm-kanı var,

Ədalət hakimin haqq divanı var,

Bu çərxi-fələyin nərdivanı var,

Düşən ağlayarmış, qalxan gülərmiş...

 

Yəni, elə hislər, onların ifadəsində elə məqamlar var, yalnız yazıda adekvat verilə bilər, eləsi də var, yalnız danışmaqla "axırına çıxılır", məncə, orta əsrlərdə mətinin formaya oturmasında (həm də ideyanın-!) bunların hər ikisindən istifadə edilib, daha çox - ürəyində danışaraq yazmaq, lələklə... Yazı vasitəsi - lələk bu mənada sehrli çubuqdan çox-çox əvvəl düşünülüb, amma hər sehr zamanla adiləşir, qopuz, saz...bu adiliyi aradan qaldırmaq üçün yaranıb, sonra onlar da, daha sonra qələmlər... hər şey adiləşib, yalnız mətn olduğu kimi qalıb, bütün sehrləri susdurmağıynan, bu mənada yazının "sonu" elə bu məntiqlə lallığa doğru gedir...

 

 

 

"Ədəbiyyat qəzeti”