Əhməd bəy Ağaoğlu xatirələrinin böyük həqiqətləri...

Əhməd bəy Ağaoğlu xatirələrinin böyük həqiqətləri...

İradə Musayeva

"Məncə insan vaxtında ölməyi də bacarmalıdır. 
Bacarmasa, mənim kimi təkbaşına, sərsəm və avara qalar!
(Ə.Ağaoğlu)

Professor Vilayət Quliyevin tərtibatı, türkcədən uyğunlaşdırması, izah və şərhləri əsasında çap olunan "Əhməd Ağaoğlu. Xatirələr” (Bakı,TEAS press Nəşriyyat evi, 2019, 216 səh.)  kitabı böyük mütəfəkkir, Qarabağın, Azərbaycanın, Şərqin və bütün türk dünyasının düha simvolu kimi tanınan Əhməd bəy Ağaoğlunun ömür yoluna maraqlı bir səyahət xəritəsinə bənzəyir.  Fiziki olaraq qısa (cəmi 70 il) həyat yaşamış Ə.Ağaoğlu düşüncə və intellektual fikir adamı kimi əbədi yaşam qazanmış, insan övladının edə biləcəyi bütün böyük işlərin öhdəsindən əzmi və fədakarlığı ilə gəlmişdir.

V.Quliyevin kitaba yazdığı "Əhməd Ağaoğlu: hadisələrlə zəngin ömürdən iki xatirə” adlı giriş sözündə kitabın 150 yaşlı qəhrəmanının portret cizgiləri cızılır, xatirələr sahibinin milli, siyasi, mənəvi-intellektual kimliyi müəyyənləşir. Bu təqdimatda qarşımızda əzəmətli bir türk, milli və bəşəri dəyərlərlə silahlanmış azman fikir və əqidə, erudisiya sahibi canlanır. Və bu əfsanəvi qəhrəmana çevrilmiş fədai oxuduğumuz kitabın sətirləri arasında belə  daima hərəkətdə, mübarizə və mücadilədədir... Yollar, ölkələr, həbslər, yad mühitdə doğmalar, vətən, millət üçün təkbaşına mücadilələr... Məğlubiyyətlər, sarsıntılar və qalibiyyət, böyük işlər üçün təməl, özül fədakarlığı... 

Yorulmadan, usanmadan, alqış  və təriflənmək haqqında düşünmədən sərhədsiz bir aləmin, məkanın, qaranlıq dünyada, cəhalət girdabında çabalayan insan ordusunun – türk və islam dünyasının təəssübkeşi kimi sözün həqiqi mənasında vuruşmaq! 

V.Quliyev yazır: "Şuşadan Tiflisə, oradan da Peterburq üzərindən Parisə, məşhur Sarbonna universitetinə aparan maddi və mənəvi çətinliklərlə dolu təhsil həyatının sonunda doğma yurda "Firəng Əhməd” milliyyətçi, türkçü və maarifçi kimi dönüb. Bir qədər mübaliğəli səslənsə də, böyük Fransa inqilabının prinsiplərini cəhalət girdabında boğulan vətənində bəlkə də təkbaşına həyata keçirməyə çalışıb. Müəllim, jurnalist, ictimai xadim, siyasi partiya qurucusu, xalqın sözçüsü, onun haqq və hüquqlarının müdafiəçisi, Azərbaycanda türkçülüyün ilk ideoloqlarından, milli hərəkatın öncüllərindən biri kimi gördüyü işlərin miqyası və əhəmiyyəti heyrət doğurur. Fəaliyyətinin geniş spektri, əvvəldən axıra düşünülmüş və məqsədyönlü istiqaməti, prinsipiallığı Əhməd Ağaoğlunun adını tam əsasla XX əsrdəki ilk milli dövlətimizin – Azərbaycan Cümhuriyyətinin ideya ataları sırasında çəkməyə imkan verir”. 

V.Quliyevin təqdimatındakı statistika heyrət doğurur. Məlum olur ki, 7 il ərzində (1898-1905)  təkcə "Kaspi” qəzetində  1000-ə yaxın məqalə və felyeton yazıb, rusca çap olunan qəzeti  "müsəlman Kaspisi”nə çevirib, "Həyat” qəzetinin ilk redaktorlarından biri olub, "İrşad”, "Tərəqqi” kimi mətbu orqanların qurucusu kimi fəaliyyət göstərib. Erməni – azərbaycanlı qarşıdurması zamanı "Difai” adlı hərbi-siyasi təşkilatın yaradıcılarından biri olub. Çarizmin qoruduğu erməni "neftxudaları” Bakıda neft ərazilərinə sahiblənmək istərkən "müsəlman zənginləri”nin hüququnu qorumaq məqsədi ilə Peterburqa gedən nümayəndə heyətinin tərkibində olub.
 


"Qafqaz canişini İ.İ.Varantsov-Daşkov bütün regionu bürümüş "erməni-müsəlman qarşıdurması”ndan çıxış yolu tapmaq üçün tərəflərin iştirakı ilə Tiflisə "barışdırııııcı qutultay” çağıranda Azərbaycan heyətinin sözdeyəni, "ağır artileriyası” Əhməd bəy idi. Milli mətbuatın banisi Həsən bəy Zərdabi haqq dünyasına qovuşanda qeyri-rəsmi "dəfn komissiyası”nın işinə əvvəldən sona qədər Əhməd bəy rəhbərlik edirdi”.

1908-ci ildən Osmanlı Türkiyəsinə yollanan Əhməd bəy o qədər böyük və qarışıq, siyasi, sosial-mədəni mühiti xaos içərisində olan Türkiyədə də lider şəxsiyyətlərdən birinə çevrilir, "Türk ocaqları”, "Türk yurdu”nun təsisçisi olur, universitetdə dərs deyir, Osmanlı Məclisi-məbusanına – Parlamentə üzv seçilir, 1918-ci ildə Azərbaycan müstəqillik əldə edəndə Bakıya dönür və öz bilik və bacarıqlarını doğma vətəninə xidmət yolunda sərf edir. V.Quliyevin də göstərdiyi kimi, istisna bir hal idi ki, eyni zamanda iki müstəqil dövlətin (Azərbaycan və Türkiyə) Parlament üzvü olasan... 

Lakin məkrli erməni və başqa düşmən qüvvələr bu dahi şəxsiyyəti daima nəzarətdə saxlamış, həlledici məqamlarda ona və onun xidmət etdiyi qurumlara sarsıdıcı zərbələr endirmişdir. Məsələn, Parisə, Versal sülh konfransına yollandığı zaman onu "İttihad və tərəqqi”nin fəal üzvü, erməni soyqırımının ideoloqlarından biri kimi günahlandıraraq bu səfərdən saxlamış, həbs edərək Maltaya sürgünə göndərmişlər.

Mustafa Kamal Atatürkün yaxın və etibarlı silahdaşı olan Əhməd Ağaoğlu daha sonra Türkiyə Böyük Millət Məclisinə üzv seçilir, Ankara  Hüquq məktəbinin qurulmasında yaxından iştirak edir, ilk Konstitusiya hüququ professoru vəzifəsini tututr. 

Bu məqamda Ə.Ağaoğlu şəxsiyyətinin, mənəviyyatının bütövlüyü, birmənalılığı haqqındada düşünməli oluruq. Adətən siyasətlə məşğul olan adamlara haqq qazandırırlar ki, "çeviklik”, "dəyişkənlik”,  qarışıq vəziyyətlərdən baş çıxarmaq "fərasətliliyi” qəbul edilən, məqbul hal sayılır. Yəni, siyasi fiqur olmaq 99 faiz hallarda öz şəxsi "mən”indən çıxmaq hüququ verir kimi...  Lakin tarix, real faktlar Ə.Ağaoğlu istisnasını da örnək kimi yaşatdı. "Sərbəst firqə 1930-cu illərin türk siyasi elitası üçün bir imtahan, sınaq idi. Bəziləri bunu istəməsələr də, Atatürkün iradəsi ilə bir anda liberallıq və demokratiya libasına bürünənlər həmin istək dəyişincə ifadəçisi olmaq istədikləri prinsiplərdən çox asanlıqla əl çəkdilər. Eksperiment uğursuzluqla başa çatınca onlar da bir anda fikirlərini dəyişdilər, yenidən hakim partiya sıralarına döndülər, mənsəb pillələri ilə yüksəlməyi, dövlətin nemətlərindən yararlanmağı cəmiyyətə hansısa müsbət dəyişikliklər gətirməkdən daha  üstün tutdular. Tək bir nəfərdən – Əhməd Ağaoğlundan başqa! O, vicdanı və prinsipləri ilə alverə getmədi. Yuxarıdan gələn komanda ilə dəyişmədi. Bu səbəbdən də Sərbəst Firqənin ilk tarixçisi olmaq böyük həmvətənimizin təbii və qnununi haqqı idi”. (V.Quliyev)

Kitabın "giriş söz” hissəsində Ə.Ağaoğlu obrazının xislətinə, amal və insanlıq kredosuna qədər enmələr var. Seçilmiş detallar, cizgi fraqmentləri oxucunu bu yenilməz insanın şəxsiyyəti qarşısında dərin düşüncələrə daldırır. Ən gərgin, "son” kimi görünən vəziyyətlərdə, çıxılmaz, keçilməz yollarda içindəki işıq və ürəyindəki sevgi, düşüncəsindəki əzmkarlıqla divarlar yaran, dağlar aşan insan heykəli görürük. Məsələn, Türkiyədə Atatürkün planı ilə təşkil olunmuş "Sərbəst Firqə”  taktikası məğlubiyyətə uğrayır, amma Ə.Ağaoğlu yıxıldığı yerdən daha böyük güc alaraq ayağa qalxır...  Həyat yoldaşının Qarabağ xalılarını satıb "Axın” adlı qəzet təsis edir, öz tribunasını yaradır, daha sonra türk yazıçı və filosofu Peyami Səfa ilə birlikdə "Kültür həftəsi” məcmuəsinin əsasını qoyur.
 


Onun xidmətlərini, görünür, saymaqla qurtarmaq olmur, amma bu cür şəxsiyyətlərin həyat tarixçəsi hər bir azərbaycanlı, xüsusən hər bir türk gənci üçün məktəb, etalon, zirvəyə ucalmaq meyarıdır. Onun ölümü də zəlzələ, fəlakət kimi əks-səda doğurmuşdur. V.Quliyev yazır: "1939-cu ilin mayında Əhməd Ağaoğlunun ölümü Türkiyədə həqiqi milli matəm kimi qarşılanmışdı. Həmin günlərdə elə bir mətbu orqan, elə bir tanınmış yazıçı və ictimai xadim yox idi ki, itkinin ağrılarından, Əhməd bəyin Türkiyə və türk dünyası qarşısındakı xidmətlərinin böyüklüyündən söz açmasın. Azərbaycan mühacirətinin Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cəfəroğlu, Mirzəbala Məmmədzadə kimi nümayəndələri də  bu ümumi ehtiram və sayğı nümayişindən kənarda qalmamışdır”.

Ə.Ağaoğlunun xatirələr trilogiyası ("Mütarikə və sürgün xatirələri”-1922-ci ildə yazılmış, 1933-cü ildə çap olunmuşdur; "Sərbəst firqə xatirələri” – 1934-1935-ci illərdə yazılmış və 15 il sonra işıq üzü görmüşdür; "Altmış yeddi il sonra”  - 1936-cı ildə yazmağa başlamış, tamamlaya bilməmişdir.) ensiklopedik bir dühanın insanlığa örnək kitabəsi kimi təsəvvür edilir. Bu tarixçəni oxuduqca insanın daxilində yenilməzlik ruhu, ədalət və haqq işi uğrunda sonadək varmaq əzmkarlığı yaranır. "Məğlub ola-ola ucalmaq” absurdluğunun həqiqətinə inanırsan... Günümüzün sükunət və liberallıq mühitində çabalar göstərməkdən usanan insanları bu ömürlüyün qapısını açandan sonra hər şeyi yenidən və daha qəti prinsipiallıqla başlamaq gücü tapar özündə.  Və ən əsası, 150 il diri və əzəmətli qalan insanın yolu gözümüzdə əbədiyyətə qədər uzanır...

"Altmış yeddi il sonra” adlı üçüncü və sonuncu xatirələr toplusu onun Şuşada keçən uşaqlıq, Tiflisdə keçən gənclik, Peterburq və Parisdəki tələbəlik həyatı haqqındadır. Ömrü kimi xatirələri də yarımçıq qalmış mütəfəkkirin nastoljisinə qoşulub kitabı oxuyuruq, hər tərəf ağrı və mübarizə meydanıdır sanki...  Xatirələr yarımçıq olsa da, Ə.Ağaoğlu yolu tamamlanmış kimi görünür. Əməllər, böyük işlər xidmətkarlığı və fədailiyi, türk və islam dünyasının lider qəhrəmanı omaq niyyəti hasilə yetmişdir. Qarabağ itkimizin, Şuşa kədərimizin Əhməd bəy Ağaoğlu boyda faktı var. İnanırıq ki, F.Köçərili, Ü.Hacıbəyli, Ə.Ağaoğlu, Ə.Haqverdiyev və onlarla düha, Azərbaycanın fəxri olan insanlar Şuşanı, Qarabağı öz şəxslərində əsl Azərbaycan torpağı, koloriti kimi əbədi yaşadacaq...

Kitabın "İzahlar və şərhlər” bölməsində V.Quliyev göstərir ki, onun xatirələrindən öz sağlığında Y.Akçura 1928-ci ildə işıq üzü görən "Yeni türk dövlətinin öncülləri” kitabında istifadə etmişdir. Başqa bir həyat hekayəsini isə ensiklopedist kimi tanınan İbrahim Əlaəddin Gövsaya vermişdir.

Bir təəssüfedici hal da ondan ibarətdir ki, Ə.Ağaoğlu külliyyatı sitemli və tam şəkildə ortada yoxdur.  Bu məsələdə Ə.Ağaoğlu özü də müəyyən qədər günahkardır, çünki V.Quliyevin də göstərdiyi kimi, o yazdıqlarını arxivləşdirməmiş, qovğalarda keçən ömrünün hansısa sakit zamanı olmadığından bu iş yarımçıq qalmışdır. "Nəticədə Paris, Tiflis, Bakı, Tehran, Peterburq, İstanbul, Ankara mətbuatında çıxan yüzlərlə məqaləsinə bu gün toplu halda heç bir yerdə təsadüf olunmur. Heç kəs onların dəqiq sayını bilmir. Tez-tez yerini dəyişməsi, 1918-ci ilin İstanbul yanğınında şəhərin Şahzadəbaşı məhəlləsindəki evinin yanıb külə dönməsi də, çox güman yaradıcılıq irsinin taleyində öz mənhus rolunu oynamışdır”.

Ə.Ağaoğlu 1933-cü ildən etibarən siyasi və pedoqoji fəaliyyətinə son vermişdir. Və 1936-cı  ildən etibarən  xatirələrini sistemli şəkildə yazmaq qərarına gəlmişdir.  "Əhməd Ağaoğlunun həyatının və mübarizələrinin ən maraqlı yerində qırılan bu xatirələr ilk dəfə müəllifin sağlığında – tanınmış türk yazıçısı Peyami Səfa ilə birlikdə nəşr etdikləri "Kültür həftəsi” məcmuəsinin 1936-cı il 3-7-ci saylarında "Altmış yeddi il sonra” sərlövhəsi ilə dərc olunmuşdu. Məcmuədəki mətn tam şəkildə Səməd Ağaoğlunun 1940-cı ildə Ankarada yayınlanan və müəllifin bütün əsərlərini ehtiva etməyi nəzərdə tutan və "Ağaoğlu külliyyatı”nın ikinci cildi sayılan "Babamdan hatıralar” kiabında (s.63-122) verilmişdir.

Azərbaycan türkcəsinə uyğunlaşdırdığımız mətn də həmin mənbədən götürülmüşdür”.

* * *

"Məncə insan vaxtında ölməyi də bacarmalıdır. Bacarmasa, mənim kimi təkbaşına, sərsəm və avara qalar! Hələ ömür-gün yoldaşını da itirsə, tamamən sarsaqlayar və artıq ona çevrəsini sarmış zil qaranlıq uçurumun kənarında başgicəllənməsindən başqa bir şey qalmaz”. 

Ölümündən 3 il öncə yazmışdı bu sözləri,  67 yaşında. "Altmış yedd!!!  Nə uzun, nə tükənməz yol!” -  deyə özünü qınamışdı...  Həm də bu 67 ili bir göz qırpımı qədər ani hesab etmişdi. Taleyini "biri varmış, biri yoxmuş” kimi nağıl boşluğunda,  illüziyasında nəql edirmiş kimi kədərlənmişdi həm də...

Ə.Ağaoğlu xatirələrinə ailəsindən başlayır və "patriarxal bir ailə” hekayəsini anladır. Atasının haqqında danışanda "Əlhəmdülillah Məhəmməd ümmətindənəm. Ali-əba aşiqiyəm” – yada salır, onun barəsində "türk olduğu ağlına gəlməzdi”- yazır. Bu patriarxal ailədə həyat şən və qayğısız idi. Insanlar bu evə toplaşıb imamın qeybindən, peyğəmbərin meracından, sünni-şiə məsləkindən günlərlə nağılabənzər söhbətlər edirdi.  Oxuduqca, elm, irfan, məslək sahibi olduqca  az qala bütün dünyanın dərdini ürəyinə köçürən Ə.Ağaoğlu o günləri, Şuşadakı həyat parçasını xatırladıqca "Ah nə olardı, mən də onlar kimi ola bilərdim” –deyirdi. 

Ə.Ağaoğlu fenomeninin yetişməsində onun anasının rolu böyük olub. Ailə böyüklərindən (ərindən və qaynından) icazəsiz oğluna rus dili müəllimi tutur. "Müəllim mənə hesab, tarix və coğrafiya dərsləri də verdi və hər ayın sonunda anam nimtənəsinin ətəyinə tikilmiş rus imperiallarından birini qopardıb zəhmət haqqı kimi Kərbalayi Bahar vasitəsilə ona göndərirdi. Nə atamın, nə də başqalarının bu məsələdən xəbəri vardı”. 

Əmisi və atası  onu müctəhid görmək istəsə də, əlacları kəsilir və Şuşada ermənilərin xahişi ilə rusların açdığı 10 sinifli liseyə qoyası olurlar.  Oxuduğu 45 nəfərlik sinifdə isə yalnız bir nəfər türk var idi. Sonralar Tiflis liseyində təhsil alanda da görür ki, oxuduğu liseydə bircə müsəlman da yoxdur.  Onun iti yaddaşı, zehni və açıqgözlülüyü fenomenal gələcəkdən xəbər verirdi. Tiflis xatirələrində Qafqaz müsəlmanlarının ruhani idarəsi girəcəyindəki  "iki qapı” cəhalətini ("Əli təriqətinə mənsub Qafqaz müsəlmanlarının ruhani idarəsi” və "Ömər təriqətinə mənsub  Qafqaz müsəlmanlarının ruhani idarəsi”)  yada salır. Eyni zamanda Tiflisdə müsəlmanlar yaşayan məhəllənin "Şeytanbazar” adlanması sirrini şüuraltından çıxarıb düşüncələrə dalır.
Liseyin yekun imtahanları zamanı Yanovski üzünü imtahan heyətinə tutub deyir: "İndi ki sıra bu tatarındır, ona istədiyiniz sualları verə bilərsiniz”. Onun müəllimləri heyrətləndirən cavablarından sonra isə Yanovski belə bir təklif edir: "Mən bu tatar gəncinə 300 manat mükafat verilməsini təklif edirəm”.

Bəli, oxuduğu məktəblərdə yeganə türk, müsəlman kimi tanınan "tatar gənci” vaxt gələcək bütün türk dünyasının və İslam aləminin ən dahi insanlarından biri kimi tanınacaq, millətinin, dilinin, dövlətinin adını təyin edənlər sırasında ucalacaq!

Ə.Ağaoğlu xatirələrini ən səmimi hislərlə, sadə dillə yazıb. Çiçək xanıma qarşı olan sevgisini, erməni qızı Siranuş "əngəlini” belə təfərrüatı ilə nəql edir. Peterburqa yollanarkən anası ona and içdirir ki, heç vaxt xaçpərəst qızı almayacaq...  Peterburq həyatını isə romanlardakı hekayətlər kimi xatırlayır. Kirayə qaldığı evin dul  sahibəsi, onun qızları...

Bu məqamda da Ə.Ağaoğlu yeganə "türk tələbə” kimi təəccüblə qarşılanır.

"Evin xanımı asta səslə soruşdu:

-O halda hansı millətdənsiniz?

-Mən türkəm, -dedim.

Ana da, qızlar da sanki elektrik cərəyanı vurmuş kimi diksinib heyrətlə üzümə baxdılar.

-Nə? Türk?

-Bəli, türkəm. Burada heyrət ediləcək bir şeymi var?

Üçü də qızardı. Sonra yaşlı xanım dilləndi:

- Xeyr, qətiyyən. Mən çox türk görmüşəm. Onları çox sevirəm. Çox dürüst, doğru insanlardır. Amma indiyə qədər türklər arasından bir tələbə çıxmadığı üçün...”

Ə.Ağaoğlu xatirələrində belə onu daima düşündürən  əbədi suallarını unutmur, yeri gəldikcə səsləndirir, yeri gəldikcə sükutla  ürəyində təkrarlayır. Məsələn,  çar Aleksandrın parça-parça olub havaya uçduğu səkini ona göstərən tanışı danışdıqca o Şuşada oxuyarkən bu xəbəri eşitdiyi zamanı göz önünə gətirir. Şəriət müəllimi Axund Hüseynqulunun dərsdə növhə yazması və uşaqları bu münasibətlə üzü qibləyə çevirməsi, sonra növhəni Qafqaz canişininə verib müqabilində pul alması və s. fraqmentləri xatırlayır. II Aleksandr, Axund Hüseynqulu, terrorçu Zasuliç...

"Öz-özümdən soruşdum: əcəba, bəşəriyyətin taleyi daima bu üç mənzərəni yan-yana görməkmi olacaq?

Sualıma özüm də cavab verdim:

Bəli, Axund Hüseynqulular var ikən Aleksandrlar da olacaq, Aleksandrların olduğu yerdə isə mütləq Zasuliçlər tapılacaq”.

Ə.Ağaoğlunun Ə.Topçubaşovla, Ə.Hüseynzadə ilə tanışlığı da Peterburqdan başlanır. Daha sonra Rusiya və ruslara qarşı yaranan anlaşılmaz qəzəb hissi onu Parisə doğru çəkir. Çox böyük çətinliklə Parisə yola düşür. "Bir səs içimdə "Paris” Paris!” – deyə hayqırırdı”...

Teleqramla atasından pul istəyəndə atası ona 150 rubl göndərir və "Ürəyin hara istəyir get” – xəbərini yollayır. Paris həyatının çətinliklərində bu "yardım” və imtina onun ürəyindən daş kimi asılıb qalır. 

"Bu "hara istəyirsən get” məsələsi o qədər də ürəkaçan söhbət deyildi. Burada, heç şübhəsiz, bir hiddət, bir narazılıq öz əksini tapmışdı. Əslinə baxanda atamın da, ailə üzvlərimizin də mənim oxumaq üçün Peterburqa, oradan da Fransaya getməyimdən məmnun qalmadıqlarını bilirdim. Amma istənilən halda ata deyildimi? Bu narazılıq və hiddət nə qədər davam edəcəkdir?  Həm də bu qədər uzaqlarda, Fransa deyilən qürbət məmləkətdə olan övladına qarşı?”

Ə.Ağaoğlu kirayə pulunu verə bilmir, ərzağı dükandan nisyə götürürdü.  "Pul gözləyirəm, amma nədənsə vaxtında ala bilmədim, çətin vəziyyətə düşmüşəm” –deyib dükançı qadını razı salmışdı.

Paris Ə.Ağaoğlu xatirəsində böyük arenaya çıxmaq şansı idi, həm də acı xatirələr diyarı.  40 il keçəndən sonra xanımı ilə gəzərkən Lüksenburq bağındakı skamyalarda adını axtaran mütəfəkkir insan uşaq kimi kədərlənir. Adını hansısa skamyaya həkk etmişdi... 40 ilin rüzgarı isə nəinki skamyaların yerini və rəngini, hətta özünü də dəyişmişdi... 

Ə.Ağaoğlunun xatirələrində "rüzgar necə amansızdır!”- nidasını tez-tez oxuyuruq.  İstər Rusiya imperiyasına qarşı olan qəzəbli anlarında, istər erməni-azərbaycanlı savaşı günlərində, istərsə də böyük siyasi liderlərdən xəyanət gördüyü məqamlarda... 40 il əvvəl gənc oğlan ikən adını yazdığı skamyanı tapa bilmədiyi anlarda da eyni ah ilə rüzgarı lənətləyirdi...

Ev sahibəsi kirayə pulunu verə bilmədiyi üçün əlacsızlıqdan Əhməd bəydən evi boşaltmasını xahiş edir. Əhməd bəy ondan damın altındakı qaranlıq, boş yerdə  sığınacaq verməsini rica edir. Bir neçə ay toz-torpaq və həşəratlarla dolu yerdə əzab çəkə-çəkə yaşayır.

"1929-cu ildə Fransanı ziyarət etdim. Bütün bu yerləri zavallı yoldaşıma göstərərək keçirdiyim həyəcanı izah edərkən gözlərim yaşardı.

Yoldaşım güldü və dedi:

-Çəkdiyin əzablara 50 il sonramı təəssüflənirsən?

- Xeyr, xeyr. Ona görə deyil, Əksinə, həyatın ta ilk gündən mənə verdiyi işgəncələrə minnətdaram. Çünki bütün ömrüm boyu davam edən min cür imtahanlara keçirdiyim bu işgəncələr sayəsində dözə bildim. Məni xüsusilə mütəəssir edən ailəmin məni unutmuş olması idi. Necə oldu ki, aylarla xatırlamadılar.

- Bizim məmləkətdə sənə gələnə qədər, təhsil üçün ancaq Kərbəlaya və Nəcəfə övlad göndərirdilər. Onlara da ildə bir dəfə ziyarətçilər vasitəsilə pul göndərərdilər. Çünki tələbə imamın hövzəsinin yanındakı bir mədrəsəyə yerləşir, yaşamı da imamın otağından təmin edilirdi. Kimsə onları nə düşünər, nə də axtarardı. Sizinkilər Parisin qiyamət bir yer olduğunu haradan bilsinlər? Zənn ediblər ki, bura da Nəcəf kimi bir yerdir. Yoxsa, heç rahat olardılarmı?”

Ölümündən iki ay əvvəl oğluna "Artlq bu işi (xatirə yazmağı - İ.M) buraxacağam, xatirələrim içərisində nəfəsi kəsilə-kəsilə qalmaq məni mütəəssr edir” – demişdi.

Ə.Ağaoğlunun xatirələri bəlkə də süjet xəttinin kuliminasiya nöqtəsində qırılır.  Kitabın "Sərbəst Firqə xatirələri” hissəsini oxumağa başlayanda hələ də fikrimiz Paris küçələrində əlində bir neçə yüz frank tutmuş qərib qarabağlı gəncin yanında qalır… 1930-cu ilə hələ xeyli vardı, bu aralıqda həyatının burulğanlı zamanını necə keçirdi? Atatürkə qədərki yolunda nələr baş verdi? Siyasi, ictimai xadim kürsüsündə əzm və vüqarla dayandığı günə qədər nə qədər, neçə dəfə yıxıldı, neçə dəfə qalxdı?  Parisin baqqal dükanından  gənc ikən nisyə mal götürəndə "etibarlı türk”  "titulunu” qazanmışdı. Həmin etibarı bir ömür boyu dünyanın bütün tərəflərində qoruyub saxladı, Türkiyə paşası ilə çiyin-çiyinə dayanmaq etimadına qədər… Amma bu aralıqdakı Ə.Ağaoğlu ömrünün itirilmiş parçasından nigaran qaldıq. Yəni, kitabda bu hissə, bu illərlə bağlı xatirələrin yeri boş görünür…

"Sərbəst Firqə xatirələri” göstərir ki, xoşbəxt və başqalarından fərqli həyat yaşamaq istəyən insanları tale daha ağır sınaqlara çəkirmiş. Bu insanlar öz iddialı istəklərinə görə az qala bəşəriyyətə borclu kimi yaşamaq məcburiyyətində imiş, Ə.Ağaoğlu artıq insanlar, cəmiyyətlər, toplumlar üçün deyil, dövlətlər, hakimiyyət və Parlamentlər üçün layihələr, proqramlıar, qanunnamələr memarı, müəllifi kimi tanınırdı.

Amma aldanışlar, sarsıntılar və təqibdə davam edirdi. O səmimi istəklə Sərbəst Firqə qurmaq fədakarlığında olarkən bir addımlığında fərqli yanaşma ilə fərqli hadisələr baş verirmiş. "Sonradan eşitdiyimə görə Sərbəst Firqə üçün çox böyük pul ayrılmış, lakin onlar firqənin idarə heyətini təşkil edən Fəthi, Nuri və Təhsin bəylər  tərəfindən firqə işçilərinə, üzvlərə heç vaxt və heç bir hesabat verilmədən xərclənilmişdir”

"Firqənin quruluş şəklinə dair ilk etirazlarım” adlı xatiratda Atatürk, İsmət paşa, Fəthi bəy, Ə.Ağaoğlu və başqalarının iştirakı ilə aparılan siyasi söhbətlər. mübahisələr maraqlıdır. Mustafa Kamal Əhməd bəy haqqında ərklə "xəyalpərvər idealist”, "araqarışdıran siyasətçi” kimi ifadələr işlətsə də, ona xeyli səlahiyyət və azad tribuna təklif edir. "Əhməd bəyi yaxşı tanıyıram, onun bütün əndişəsi hər tərəfini əmniyyətə alınmış görməkdir. İndiyə qədər orada-burada,  Məclis dəhlizlərində, qəzet sütunlarında özünü didib-tökür, işlərin yaxşı getmədiyindən şikayətlənirdi, indi ona açıq danışmaq, qüsurları göstərmək, xətaları düzəltmək imkanı verilir. Niyə tərəddüd edir?”

Onu da qeyd edək ki, firqənin daxili nizamnaməsini yazmağı da Ə.Ağaoğluna həvalə edirlər və o iki günün içərisində nizamnaməni hazırlayıb idarə heyətinə təhvil verir.

Əhməd bəyin Sərbəst Firqə xatirələrində onun böyük və anlaşılmaz siyasətlə üz-üzə qalması faktı ortaya çıxır. Paşaya sonsuz sədaqəti müqabilində nələrlə üzləşir? Sərbəst Firqə və onun qurucuları eksperiment obyektinə çevrilir.Bir çoxları kimi Ə.Ağaoğlunun da heysiyyəti ilə oynanılır…

Onu da qeyd edək ki. Ə.Ağaoğlunun "Axın” adlı qəzeti də Qazinin tapşırığı ilə bağlanmışdır.

"Yarın” qəzetinin qaranlıq və pozucu rolu haqqında da xatirələrini yazır. Sərbəst Firqə oyunları Ə.Ağaoğlu üçün xeyli həyat dərsi verir. Qazi, Fəthi bəy, "Yarın” qəzetinin sahibi Arif Orucla bağlı qarışıq, qeyri-dəqiq təəssüratlar, görünür, onu ömrünüün sonuna qədər düşündürüb.  Ümumiyyətlə, Ə.Ağaoğlu və Atatürk münasibətlərində "qocaman siyasət” (Atatürk) gedişləri, bəzən də oyunları ilə saf, dürüst və səmimi fədailik (Ə.Ağaoğlu) canfəşanlığının toqquşduğunu görürük. Ə.Ağaoğlu xəyalpərvər, romantik və idealist deyildi. Baxmayaraq ki, ətrafdakıların çoxu onu elə qiymətləndirirdi. Ə.Ağaoğlu kristal şəxsiyyət, etalon ləyaqət sahibi və dürüstlük, birsimalılıq mücəssiməsi idi. Sözünü daima nəzakət və etik qaydalara əməl edərək, lakin kəskin və net olaraq deməyi bacarırdı. İstər Sərbəst Firqə məsələsində, istərsə də bələdiyyə seçkiləri ilə bağlı etirazlarında bunu aydınca görürük. Ə.Ağaoğlu sonralar Sərbəst Firqə hadisələrini "Sərbəst Firqə macəraları” adlandırmışdı. (İzmir hadisələri ilə bağlı xatirələrini yazanda). Türkiyə siyasilərinin Ə.Ağaoğlu və bütün səmimi fədailərlə əlaqəli işlərinin mayasında həmin macəra xarakterli siyasi oyunlar vardı.  Bu isə sonralar da Ə.Ağaoğlunun içində "Axı niyə?!” sualını susdurmadu. Ə.Ağaoğlu sadəlöv və hər şeyə inanan adam deyildi, əksinə analitik təfəkkürü və dəqiq müşahidələri ilə oyunbazların portretini daha dəqiqliklə müəyyənləşdirə bilıirdi.

İzmir hadisələrindən danışarkən yazır: " Bir gün Məclis binasımnda Rəis paşanın (Böyük Millət Məclisinin sədri –V.Q.) yanında ikən İsmət paşa Kazım paşaya xitabən:
Heç bir yer məni İzmir qədər düşündürmür. Ora ilə nə edəcəyimi bilmirəm,-dedi və ah çəkdi.

Və həqiqətən də, məmləkətin hər yerini bir qaragöz teatrı halına gətirən İsmət paşanın "pul və dəyənək” siyasətinin İzmirə təsir göstərmədiyi anlaşıldı”. 

Türkiyə hökuməti həm də xalqın əsəbiləri ilə oynayır, onun emosiyaları, sevgi və nifrəti ilə məzhəkə qururdu. Bütün bu xırdalıqları Ə.Ağaoğlu səhnənin arxasında görürdü. Onun xatirələri həm də bu baxımdan qiymətlidir. Bizdən çox uzaqlarda və nisbətən uzaq tarixdə baş verənlərin həqiqi məğzi ilə tanış oluruq. Q.Q.Markesin "Patriarxın payızı” romanındakı xalq və hakimiyyət münasibətindəki riyakar və qurama siyasətin real faktlarını Türkiyə həyatında, M.K.Atatürk siyasəti fonunda Ə.Ağaoğlu dəqiqliklə qələmə alır. Qazi (Atatürk) Fəthi bəyi İzmirə göndərir, amma əvvəlcədən onu İzmirdən göndərilən bir teleqramla qorxudur. İzmir Fəthi bəyə qarşı qəzəblidir və hətta öldürə bilərlər. Ə.Ağaoğlu bu xəbəri gəmidə eşidir. Fəthi bəy və Ə.Ağaoğlu qorxu içərisindədir. Bütün sahil insan selinə qərq olub.  Kütlənin qarşısını almaq mümkün deyil. Lakin gəmi sahilə yaxınlaşanda yüzlərlə qayıq sahildən qopub gəmiyə doğru hücuma keçir. "Xeyirdimi, şərdimi?”- həyəcanı həm Fəthi bəyi, həm də Ə.Ağaoğlunu şok vəziyyətinə salır. Lakin qayıqlardan bu cür nidalar qopub suya səpələnirdi: "Ura”, "Yaşasın Qazi! Yaşasın Fəthi bəy!”

"Nəhayət, min bir çətinliklə ikimiz bir maşına oturduq. İndi də avtomobili yerindən tərpənməyə qoymurdular. İzdiham dörd bir tərəfi tutmuşdu. Maşının şüşələri qırıldı. Üst qapağı çökdü. Mən əsəbiləşirəm, amma Fəthi bəy nəsə etməyimə imkan vermir.

Yüz min nəfərlik izdihamın nə qədər qorxunc qüvvə olduğunu ilk dəfə İzmirdə gördüm.Onun məhəbbəti də, qəzəbi də bəladır”.

İzmirdə olduqları ikinci gündə isə daha tragik bir durumla rastlaşırlar. Mehmanxana maşınlar və xalq kütləsi ilə mühasirəyə alınıb. Bu dəfə nifrət ifadə edəcəklərmiş… 

"İzmir küçələrində şekspirvari faciə” başlıqlı xatiratda oxuyuruq: "Aydınlaşdı ki, İzmir cümhuriyyət xalq Firqəsi rəhbərliyi də bu gün bir əks nümayiş hazırlayıb. Mahmud Esar bəy və başqaları danışacaq. Xalqa Sərbəst Firqənin iç üçünü açacaqlarmış… Və həmişə olduğu kimi firqə başçıları ilə polis məmurları adamları nümayişə zorla gətirirmişlər. Lakin bunun üçün hər zaman istifadə etdikləri qayıq və avtomobilləri bu gün tapa bilməmişlər. Çünki nə sürücülər, nə də qayıqçılar onların əlində vasitə olmaq istəmişdilər. Əslinə baxsan, heç xalq da getmirmiş…”

Xatirələrdəki mənzərə həqiqətən adamı heyrətləndirir. Siyasi komediyalar artıq fəci bir durum almışdı. 

"İzdihamın içərisindən arğaz bir qoca qəfildən öldürülən uşağın qucağında gətirdiyi cəsədini Fəthi bəyin ayaqları altına ataraq:

-Buyurun, bu da sizə daha bir qurban! Başqalarını da verərik, yalnız sən bizi qurtar,- dedi və ağlayaraq özü də Fəthi bəyin ayaqlarına sarıldı.

Mənzərə müdhiş tükürpədici idi. Qana boyanmış körpə məktəbli uşaq Fəthi bəyin ayaqları altında dünyaya vida deyir, atası isə Fəthi bəyin əllərinə sarılaraq ürəkparçalayan bir dillə digər övladlarını da qurban verməyə hazır olduğunu bildirir!

-Yalnız bizi qurtar. Qurtar bizi bu zalım mütəmələrin əlindən!- deyə yalvarırdı”.

Ə.Ağaoğlu İzmir faciəsini ömrünün sonuna qədər unutmur və sarsılmış vəziyyətdə soruşur: "Bilmirəm, Fəthi bəy bu müdhiş hadisəni xatırlayırmı? London səfarətxanasının möhtəşəm salonlarındakı yumşaq kresloda əyləşib Şekspirin dramlarını oxuyarkən bu İzmir faciəsinin xatirəsi onu ara-sıra narahat edirmi? Eyvah! Bu yüksək, ilahi iztirabları duyacaq qəlblərə malik olsaydıq, bizdə də o iztirabları təsvir edə bilən Şekspirlər yetişərdi... Biz süd qardaşlarını bələkdə boğduran insanların yetirmələriyik. O məsumların fəryadları da əvəzində bizdəki vicdan səsini boğmuş, bizi əbədi bir lənətə məhkum etmişdir”.

Bütün olanların, siyasi ssenarilərin Qazidən kənarda olduğunu zənn edən Ə.Ağaoğlu bütün bunlara rəğmən onu (Atatürkü) çox sevirdi və bunu qızına da etiraf etmiş, həyatda iki adamın ölümünə bərk sarsıldığını demişdi - həyat yoldaşının və M.K.Atatürkün…

"Qazi çox qəribə və anlaşılması çox çətin olan bir insan idi” –anlaşılmazlığını da Ə.Ağaoğlu yazmışdı.

Fransız müxbirinin sözünü də unutmurdu. Bir məmləkətdə iki firqə yaşayacaqmı?-sualına Ə.Ağaoğlu inamla cavab verdiyi halda, müxbir əks cavab verərək çıxıb getmişdi: "Mən küçədə polisin vətəndaşlarınızı döydüyünü və  əksəriyyətin buna  sakitcə tamaşa etdiiyini gördüm. Belə məmləkətdə iki firqə yan-yanaşı yaşaya bilməz!”

İllər sonra Ə.Ağaoğlu içində ona, fransız müxbirə haqq qazandırır və deyirdi: "Belə mühitlərdə hər şey oyuna, hiyləyə, qarşılıqlı ittihamlara, iftiralara əsaslanır, nəhayət, bir tərəfin əl-qolu bağlanır, o biri tərəfə isə istədiyi kimi hərəkət etmək imkanı verilir”.

Beləliklə, Qazinin siyasi tədbirliliyi, adamları çaşdıran (hətta ən yaxın adamlarını) gedişləri Ə.Ağaoğlunu çaş-baş salmaqda davam edir. "Komediyanın iç üzü, nəhayət, ortaya çıxır” başlıqlı xatiratda Mustafa Kamal paşaya Əbdülmütəllib əfəndi ilə Rasih əfəndinin təsirindən, Mustafa Kamal paşanın onların izni olmadan qərar verə bilməməsindən, sirli "qırxlar məclisi”ndən də danışılır. Sərbəst Firqə məsələsində həm də Fəthi bəy aldadıldığını anlayır, yerə-göyə sığmırdı. "Qazinin ikinci firqə yaratmaqda məqsədinin, sadəcə, məmləkətdəki vəziyyəti anlamaq, xalqın nəbzini tutmaq, bu məqsədlə də Fəthi bəyi qurban vermək planları qurduğunu düşünür”.  Ə.Ağaoğlu yazır ki, Fəthi bəy Londona səfir təyin olunana qədər bu qənaətdə olmuşdur, sonrasını isə bilmir. Yəni, səfir olandan sonra Mustafa Kamal paşaya etimadı qayıtdımı?!

Ağaoğlu Atatürkün siyasət və qurğularını tam anlamışdı: "O elə bir hürriyyət yelləncəyi yaratmaq istəyirdi ki, bütün ipləri əlində tuta bilsin”

Ə.Ağaoğlunun "Sərbəst Firqə xatirələri” özü bir sənədli romandır… 1930-cu il avqustun 9-də təməli qoyulmuş firqə həmin ilin noyabr ayının 17-də süquta uğradı. 3 aydan bir az çox yaşadı, amma "böyük bir demokratiya” oyunu  və "böyük demokratlar” xislətini açıb ortaya qoydu. Daha doğrusu, Ə.Ağaoğlu kimi səbrli və müqayisəli analitik təhlil sahibinin təqdimatında bunu aydınca görürük.

Daha pisi isə sarsıntılar idi… "Gəlin bundan sonra dostluqdan, açıqlıqdan, doğruluqdan bəhs edin! Gəlin işlərimizin inanılmış əllərdə olduğunu küçələrdə bəyan edin! Gəlin dövlət başında oturanlara etimad göstərin və onların sözlərinə inanaraq bir işə girişin!”

Qərb və Şərq aləmindən xəbərdar adam kimi geniş dünyagörüşə malik olan Ə.Ağaoğlu Şərqi riyakarlıqda qınayırdı (Ah! Şərqin bu riyakarlığı… Sözlərin arxasında gizlənərək vahiməni mövcud, xəyalı gerçək kimi göstərməkdən çəkinməmək!”).

O hətta sərbəst cümhuriyyətin olmadığını, bütün məmləkəti bürüyən hürriyyət yalanlarını da ifşa edirdi. Sərbəst Firqə oyununu dünyanın heç yerində görünməmiş avantüra kimi izah edir və heç vaxt ümidsizliyə qapanmayan iradəsinə, çox zərbələr görmüş qəlbinə ən ağır və sarsıdıcı atəş, ən çəkilməz bir ağrı olduğunu yazırdı. Firqə ətrafındakı əxlaq düşkünləri onun yenilməz iradəsini sarsıtmışdı.

Daxildə faşizmi ideal idarə üsulu kimi qəbul edən adamlar üzdə demokratiyadan danışırdı və bütün bunlar Ə.Ağaoğlunun lap yaxınlığında baş verirdi. Ona görə də deyirdi: Bu nə heyrətli komediya idi?!

"Əvvəlcə döşünə döyüb "təkbaşına müxalif fəaliyyətimə davam edəcəm” deyənlər firqənin dağılmasından bir gün sonra Qazidən müxtəlif maddi və mənəvi təsəllilər almaq şərəfinə nail oldular. Bunlardan bəziləri bankların idarə heyəti üzvlüyünə təyin edilir, "qızlarının toyu”, "uşaqlarının xəstəliyi”nə görə böyük yardımlar alır, qalanları isə bir-iki nəfəri istisna olmaqla itaətkarlıq göstərib canlarını qurtarır və yenə də məbus seçilirdilər…

…Məclis bir qumarxanaya çevrilmiş, millət vəkilləri isə sanki əl qaldırıb endirən maşın halını almışdır”.

Və nəhayət,  "Sərbəst Firqə xatirələri”nin sonunda Ə.Ağaoğlu öz böyük həqiqətini tapır. Bu komediya niyə oynandı və ya oynanıldı?!- sualına cavab olaraq yazır: "Bütün olub-keçənlər "Sərbəst Firqə” komediyası nə üçün oynanıldı?” sualına  cavab verir. İndi tamamilə aydın olur ki, bu komediya sırf firqə təşkili, müxalif fikir kimi cürətli hərəkətləri birdəfəlik kökündən qazıb atmaq üçün imiş. Bəli, bundan sonra uzun illər heç kim özündə müxalifət firqəsi yaratmaq cəsarəti tapa bilməz”.

Təcrübə göstərmişdir ki, tam müxalif bir firqənin bu məmləkətdə davam etmək və yaşamaq imkanı yoxdur. Tək firqə isə istibdada aparır həmişə…

Görkəmli ziyalımız, yorulmaz tədqiqatçı, xalqımız, millətimiz üçün daima maarif işığı axtarışında olan V.Quliyevin Ə.Ağaoğlu xatirələrini əziyyət çəkib bizə bu şəkildə təqdim etməsi dərin minnətdarlıq istəyir. Tərcümələrində, kitab tərtibatlarında, araşdırma və təqdimatlarında özünü arxa planda saxlayan, böyük həqiqətlər peşində olan V.Quliyev zəhmətindən örnək götürmək lazımdır. 

Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ü.Hacibəyli, Ə.Topçubaçov və onlarla ziyalı mütəfəkkirin xalqa, vətənə, dövlətə təmənnasız xidmətindən örnək nümunəsi belə olur… V.Quliyev ziyalılığında olduğu kimi… Yaxşı ənənə həm də milli dəyərdir…

20.07.2019.