Elçin Hami Axundov: “”Disney”də 200, Azərbaycanda cəmi 3 animator var”

Elçin Hami Axundov: “”Disney”də 200, Azərbaycanda cəmi 3 animator var”

“Milli Animasiyanın İnkişafına dair Konsepsiyaya Mədəniyyət və Turizm Nazirliyində, hətta Nazirlər Kabinetində baxılıb, bəyənilib, ancaq realaşdırmağa gələndə deyirlər «pul yoxdur»
Аzərbaycanda ilk animasiya filminin tarixi 1939-cu ilə söykənir. Kinoşünas Aydın Kazımzadənin  araşdırmasına əsasən texniki üsulla ilk animasiya filmi 1933-cü ildə çəkilib. İlk bədii animasiya – «Əhmədin bəlası» isə 1936-cı ildə, iki alman animatorlar tərəfindən çəkilib.
Azərbaycan animasiyasının ilkin inkişaf dövrü Qəzənfər Xalıqov, Maqomed Maqomayev, Cabir Zeynalov, Ənvər Mirzoyev kimi rəssamların adı ilə bağlıdır. Lakin bu insanların repressiyaya məruz qalması ilə animasiya sahəsində durğunluq yarandı. Yalnız 1966-cı ildə Bakıda ilk animasiya kurslarının açılması, 20 gəncin burda təhsili və «Cırtdan» adlı ilk klassik animasiya filminin çəkilişi ilə Azərbaycan animasiya sənəti ikinci həyatını yaşamağa başladı. Növbəti animasiya filmlərinin istehsalı C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında, 1991-ci ildən «Azanfilm» müstəqil animasiya studiyasında davam etdi. 
«Azanfilm» mustəqil animasiya studiyasının direktoru, bədii rəhbəri, animasiya rejissoru və rəssamı Elçin Hami Axundov, ANN.Az-a müsahibəsini milli animasiya sənətindəki ümumi mənzərə ilə başladı.
- Rəssam-animator sənəti ümumiyyətlə, nə təhsil şöbələrində, nə də institutlarda olub. Hətta Moskvada, keçmiş “VQİK”-də belə, animasiya fakültəsi yox idi. Animator rəssamlar, hər beş ildən bir mütəmadi olaraq açılan ali animasiya kurslarında, studiyalarda seçim əsasında hazırlanırdı.  30 nəfərdən ibarət sonuncu buraxılış 1989-cu ildə oldu. Çox bacarıqlı animator-rəssamlar vardı aralarında. Ancaq 90-cı illərin durğunluq dövrundə iş olmadığı üçün hamısı Avropaya, Amerikaya səpələndi. Polşada, Almaniyada, Türkiyədə, İsraildə, Sankt-Peterburqda, hətta Disney studiyasında belə çalışan animator-rəssamlarımız var. Yəni, animator sənəti hər yerdə lazımdır. O qədər məzundan cəmisi 2-3 nəfər animator hazırda Azərbaycanda fəaliyyət göstərir.

- Niyə indiki animasiya filmlərimiz Disney studiyasının istesalı olan filmlər qədər maraqla baxılmır? Problem nədədir? Texnikada, estetikada, yoxsa seçilmiş mövzularda?

 
- Texnoloji baxımdan xariclə heç bir fərqimiz yoxdur. Yaradıcılıqda və estetikada hansısa fərqlər ola bilər. Ancaq animasiyada, məsələn hərəkətin yaradılması elə Disney məktəbindən götürülüb. Keçmiş sovet respublikaları, eləcə də Azərbaycan hazırda həmin klassik Disney məktəbinin yolu ilə gedir. Animasiyanın maraqlı alınması daha çox maliyyədən asılıdır. Disneyin bir  tammetrajlı filmi üçün 5 milyon, 6 milyon, 7 miloyn, 8 milyon xərclənir. Azərbaycanda isə dövlət büdcəsindən hər il iki animasiya filminin istehsalına, hər biri 75 min manat olmaqla ümumilikdə 150 min manat vəsait ayrılır.  Disney studiyasında 200 nəfərə yaxın animator, müxtəlif növ animasiya texnologiyasında işləyən rəssam çalşır. Məsələn, animator-rəssam, fazaçı-rəssam, cizgiçi-rəssam, rəngkar-rəssam, fon rəssamı… Hər biri öz işini qısa zamanda görüb təhvil verir. Sərf olunan puldan da gəlir götürürlər. Azərbaycanda isə bunların hamısını icra edən cəmi 3 nəfər animator var. Dövlət büdcəsinə ildə cəmi iki animasiya filmi istehsal edilir. Sərf olunan vəsaitdən də heç bir gəlir əldə olunmur, çünki kino bazarı yoxdur, kirayə mexanizmi işləmir. Kino sahəsini aktivləşdirən iqtisadi alətlərdən biri də film sənayesinə maliyyə dəstəyi verən şəxslərə qanunvericiliklə tənzimlənəcək müəyyən güzəştlərdir. Məsələn, vergilərdən azad etmək və yaxud minimuma endirmək kimi. Xarici ölkələrdə məhz bunun sayəsində xeyli filmlər çəkilir.
Təbii ki, biz də istərdik çox film çəkək. Ancaq maliyyədən başqa mütəxəssislər də olmalıdır. İki-üç nəfərlə mən ancaq iki film çəkə bilərəm. Ona görə də mütləq animasiya kursları açılmalı, cavan kadrlar yetişdirilməlidir. Gələcəkdə onlar da özəl studiyalar aça biləcəklər. Rəqabət yaranacaq, milli animasiya sənətimizdə proqress, inkişaf ola bilər.

- Bildiyimə görə, bir neçə il əvvəl «Azərbaycanda Animasiya Filmləri Yaradıcılığının İnkiaşfına dair Milli Konsepsiya» hazırlamışdınız. Lakin, aradan bu qədər zaman keçsə də, hələ praktik olaraq heç bir iş görülməyib.

- Azərbaycanda Milli Animasiyanın İnkişafına dair layihəni, konsepsiyanı mən 7 il əvvəl təqdim etmişəm. Mədəniyyət və Turizm Nazirliyində, hətta Nazirlər Kabinetində baxılıb, bəyənilib, ancaq realaşdırmağa gələndə deyirlər «pul yoxdur».  Nədənsə anlamaq istəmirlər ki, indiki müstəqil Azərbaycanda biz gərək öz milli vətəndaşlarımızı yetişdirək. Və bu vətəndaşları uşaqlıqdan yetişdirmək lazımdır. Animasiya filmləri isə ail və orta məktəblə müqayisədə daha güclü tərbiyəvi əhəmiyyətə malikdir.

- Konsepsiyanın həyata keçirilməsi üçün nə qədər maliyyə vəsaiti tələb olunur?

- Təxmən 150-160 min manat lazımdır. Bura daxildir otaqların kirayəsi, animasiya dəzgahları, laboratoriyalar, kömpüterlər… Bundan başqa həm yerli müəllimlərin, həm də başqa ölkələrdən ustad dərsi keçmək üçün dəvət olunacaq mütəxəssislərin maaşları və s.

- Hazırda tələbələriniz varmı?

- Əlbəttə var. Ancaq mən təkəm, həm animasiya çəkib, həm də tədris etməyə vaxtım olmur. Digər tərəfdən mən ancaq hərəkətin fizikasından, mexanikasından, biomexanikasından dərs keçə bilərəm. Tələbələrə həftənin 5 günü aktyor sənətindən, pantomimadan, musiqidən dərslər keçilməlidir. Bunlara da zaman və maliyyə lazımdır.  

- Heç kimə sirr deyil ki, animasiya filmləri təkcə uşaqlara ünvanlanmayıb. Böyükləri maraqlandıracaq hər mövzuda animasiya filmləri bütün ölkələrdə çəkildiyi halda Azərbaycanda niyə belə tendensiya yoxdur?

- Əlbəttə animasiya filmləri çoxşaxəlidir. Dediyiniz kimi bütün dünyada böyüklər üçün animasiya filmləri çəkilir. Ancaq gəlin baxaq, görək bizim Azərbaycan kinosunda son illərdə uşaqlar üçün bədii filmlər çəkilirmi? Əvvəllər çəkilirdi, indi isə yox. «Azanfilm» studiyası isə bu boşluğu animasiya filmləri ilə doldurmağa çalışır. Gələcəkdə uşaq filmləri çəkilsə, böyüklər üçün də animasiya filmləri çəkəcəyik. Hazırda əlimdə yazıçı Elçinin 70-ci illərdə yazdığı  «Pikasso, Latur, qatar» adlı çox maraqlı bir əsəri var. Məhz böyüklərə ünvanlanmış fəlsəfi bir mövzudur. Animasiya janrında rejissor ssenarisini də yazmışam. Maliyyə olarsa, onu çəkmək istərdim.

- Maraqlıdır, uşaqların zövqunü necə müəyyənləşdirirsiniz? Sizcə onları bu gün daha çox hansı mövzu maraqlandırır?

- Bilirsiniz, mən özüm ali təhsilli bir rəssamam. Qərbi Ukraynada kitab rəssamlığını bitirmişəm. 66-cı ildən animasiyadayam. Ümumiyyətlə, bütün rəssamlıq fəaliyyətim uşaqlarla bağlıdır. Əvvəllər animasiya filmi çəkəndə birinci uşaqlara göstərirdik, məhz onların rəyilə düzəlişlər edirdik və yaxud da eləmirdik. Rəssam əgər peşəkardırsa, rəng ahəngini, rəng seçimini, uyğunluğu müəyyənləşdirə biləcək. Ona görə düşünürəm ki, müasir uşaqların zövqünü oxşamaqdan çox, onlara yeni estetik zövq aşılamaq lazımdır.

- Son olaraq bilmək istərdik, animasiya, multiplikasiya və cizgi filmləri anlayışları arasındakı fərq nədən ibarətdir?

- Sovet dönəmində, multiplikasiya deyirdik. «Multiplikasion» -  «çoxaltmaq» mənasını daşıyır. Sonradan telekanallarda, mətbuatda «cizgi filmi» termini işlədilməyə başlandı. Ancaq bu, düzgün ifadə deyil. «Cizgi» sözü Türkiyədə qrafik işlərə deyilir. Ən doğru deyim «animasiya»dır. «Animation», yəni, hansısa şəkli, rəsmi, əşyanı canlandırmaq mənasını daşıyır. Studiyamız təsadüfən «Azanfilm» adlanmır – Azərbaycan Animasiya Filmləri Studiyasıdır.


Sevda Babayeva
ANN.Az