Fərid Muradzadə. Şəhid anası (ŞEİR)

Fərid Muradzadə. Şəhid anası (ŞEİR)

20 yaşlı şəhid qonşum Nicat Nəbiyevin anasının timsalında bütün şəhid analarına ithaf 

Qəlbində yaralar qaysaq bağlamaz, 
Bilirəm, nə desəm təsəlli olmaz, 
Şəhid anaları başını əyməz
Sən başını dik tut, şəhid anası
Göz yaşını qurut, şəhid anası!  

Torpaq suvarılır şəhid qanıyla, 
Azadlıq bar verir şəhid qanıyla,
Zəfərlər yazılır şəhid qanıyla, 
Sən başını dik tut, şəhid anası 
Göz yaşını qurut, şəhid anası! 

Meydana atılan o ərən igid,  
Can alan mərmiyə can verən igid, 
Sənin övladındır qan verən igid,
Sən başını dik tut, şəhid anası 
Göz yaşını qurut, şəhid anası! 

Fəxri xiyabanda qəbri qazıldı, 
Onun ki, Cənnətdə yeri hazırdı, 
Hər kəsin qəlbinə adı yazıldı, 
Sən başını dik tut, şəhid anası
Göz yaşını qurut, şəhid anası! 

Qəhraman bəxş etdin Vətənə, elə, 
O öldü sözünü gətirmə dilə, 
Yoxluğu sinəndə dağ olsa belə, 
Sən başını dik tut, şəhid anası
Göz yaşını qurut, şəhid anası! 

Birimiz can verib mini diriltdik, 
Əcəl haqdan gəlir, bunu bilirik, 
Hər kəsin qisməti deyil şəhidlik,
Sən başını dik tut, şəhid anası
Göz yaşını qurut, şəhid anası! 

Bu qan yerdə qalmaz, yer qanı tutmaz, 
Zülm də, zalım da dünyanı tutmaz, 
Vətən unudulmaz, Vətən unutmaz, 
Sən başını dik tut, şəhid anası
Göz yaşını qurut, şəhid anası!