Gedişin dünyanın sonu deyil ki...- ŞEİRLƏR

Gedişin dünyanın sonu deyil ki...-
ŞEİRLƏR


Kult.Az saytı gənc şairə Xanım Aydının şeirlərini təqdim edir:


"DEYİL Kİ....”

Sənin yoxluğundan daha qorxmuram,
Gedişin dünyanın sonu deyil ki...
Gözümü yaşlarla mən doldurmuram
Göz yaşım səninçün sel-su deyil ki...

Məni bu həyatda heç nə sındırmaz,
Əlimi ocağa tutsam, yandırmaz.
Qəlbim də daşlaşıb, çatlar qırılmaz,
O indi səninçün büllur deyil ki....

Nə qədər mümkünsə almışam zərbə,
İçimi boğmayır daha bir şübhə.
İnan ki qorxutmur gözümü heç nə,
Artıq duyğularım duyğu deyil ki!

Sənin yoxluğundan daha qorxmuram,
Gedişin dünyanın sonu deyil ki...

KİPRİYİMDƏ AĞIRLIQ VAR

Kipriyimdə ağırlıq var,
Gözlərim qəmlə örtülür!
Damla-damla ayrılıq var,
Yağışla birgə süzülür.

Çöküb ürəyimə kədər,
Qocalıram aram-aram.
Nəfəsim var elə hədər,
Ciyərimdi param-param!

Düşübdür əlimdən əsam,
Tapmıram ki ondan tutam.
Dizlərimdə yoxdur təpər
Yenidən ayağa qalxam!

Ehey, sevgim, çağırıram,
Gəl ki sən tut əllərimdən.
İçin-için hıçqırıram
Yaşı sən sil gözlərimdən
Kədəri al ürəyimdən!

MƏN Kİ AĞLAMIRAM...

Mən ki ağlamıram, yağışdı yağan,
Mən ki dolmamışam, buluddu dolan
İçimə atıram, sözlərim yalan
Dolan da, yağan da qəlbimdi, mənəm!

Kövrələn, inciyən sınıq könüləm,
Dərddən dağa dönüb qəm dolu sinəm
Çəkdikcə çəkirəm min acı sitəm,
Kiçicik sevinc yox, ürəkdən güləm.

Elə daşlaşmışam donub hislərim,
Uzaqdır, çox yaddır doğma kəslərim.
Ard-arda düzülüb bütün nəhslərim
Ey tale, yoruldum, bu qədər bəsim!
İstəmirəm yeni zülmə tələsim.