“İkinci pərdə”: Günahkarlar, yoxsa qurbanlar?
Köşə, KİNO
- 20.04.2019
- 0 Şərh
- 47447 Baxış
Aygün Aslanlı
Tarixin fərqli dönəmlərində fərqli alimlər, filosoflar, sosioloqlar cəmiyyət məfhumuna fərqli təriflər veriblər. Ancaq bu təriflərin hamısını birləşdirən bir ortaq cəhət var: onların hər birində cəmiyyət — bir-biri ilə müəyyən dəyərlər və normalar vasitəsilə sıx bağlı olan insanlar arasında münasibətlər zənciri, bütöv bir sistemdir. Elə bir zəncir ki, həlqələrdən biri paslananda, ya da qırılanda bütün zəncir, elementlərdən biri pozulanda bütün sistem zərər görür.
Rejissor Emil Quliyev, "İkinci pərdə” filmində (ssenari müəllifləri Emil Quliyev, Pərviz Həsənov Orxan Mərdan, baş prodüser Orxan Mərdan) Azərbaycandakı münasibətlər sisteminin — cəmiyyət adlı zəncirin bir həlqəsini götürüb və 72 dəqiqə ərzində kinonun gur işıqlarını onun üzərinə salıb. Ki, şair demiş, görək, kimlərin əli kimlərin cibindən çıxır, kimlər əyilə-əyilə kimlərin evindən çıxır.
"İkinci pərdə” filmində hadisələr Bakı məhlələrindən birində baş verir. Sakinlərinin yerişindən-duruşundan tutmuş danışıq tərzinə, jestlərinə, düşüncələrinə qədər eyni olduğu bu məhlələrdə hamı yazılmamış mentalitet qanunları ilə yaşayır, kişilər "can brat”dılar, birinin başı dərdə düşən kimi digərləri sorğu-sualsız köməyinə gəlir, qadınlar, demək olar ki, kişilərin mülkiyyəti kimidilər, ümumiləşdirilmiş adları da "namus”du. Bax, belə məhlələrdən birində Tima (Hikmət Rəhimov) adlı yaxşı oğlanın arvadı ona Arif (Qorqud Cəfər) adlı başqa bir yaxşı oğlanla xəyanət eləyir, İbiş (Elşən Əsgərov) adlı üçüncü yaxşı oğlan da bunu Timaya xəbər verir.
Beləcə, qəflətən məlum olur ki, sən demə, hər kəsin əli bir-birinin cibindədi, hətta ən yaxın saydıqlarımız belə bundan sığortalanmayıb.
"İkinci pərdə” filmində hamı günahkardı, hamı içi xoflu xaindi. Hətta uşaqlıq dostu ilə arvadının xəyanətinə tuş gələn Tima da. Filmin sonlarına doğru Timanın da həyatında başqa qadın olduğunu öyrənirik. Və bu axının içində ilk baxışda məsum təsiri bağışlayan yeganə personaj – İbiş belə şübhə doğurmağa başlayır. O, xəyanət xəbərini Timaya niyə deyir: ona həmişə yaxşılıq eləmiş insan qarşısında borcunu ödəməkdən ötrümü, yoxsa onunla yalnız təhqirlə danışan Arifdən, onu qardaşı Ariflə qorxudaraq, yoxsulluğunu başına qaxaraq alçaldan arvadından qisas almaqdan ötrümü?
Ancaq bir halda ki hamı günahkardı, bəlkə əslində heç günahkar yoxdu? Bəlkə biz günahkarlardan yox, qurbanlardan danışmalıyıq? Şərtlərin, mühitin qurbanlarından. Dibinə qədər çürümüş münasibətlər sistemi-cəmiyyətin qurbanlarından. Arif, sevmədiyi insanla yaşamaq istəməyən bacısını zorla evinə qaytarır- camaat nə deyər, səni quyruqlu (uşaqlı) bundan sonra kim alar deyə… Ana qızını susmağa, taleyinə boyun əyməyə çağırır – qonşular eşidər deyə… Arvadını xəyənət üstündə yaxalamış Timanın ilk sualı bu olur – heç bilirsən, məhlədə nə danışırlar?
Amma və lakin burası artıq mənim filmim, mənim "İkinci pərdə”də görmək istədiklərimdi. Zira ekranda izlədiyimiz "İkinci pərdə” problemi yalnız göstərir, təhlil eləmir, səbəb və nəticələrini araşdırmır. Buna görə də, mövzu məişət çərçivəsində qalır, qloballaşmır. Buna görə də, müəlliflərin ötürməyə çalışdıqları sosial mesajlar belə — yoxsulluq, pensiyaların azlığı — təsir eləmək bir yana, heç diqqət çəkmir.
"İkinci pərdə”ni atmosfer filmi adlandırmaq daha doğru olar. Burda hər şey – aktyor oyunu, musiqi tərtibatı (yeri gəlmişkən, buna görə müəlliflərə ayrıca təşəkkür düşür. Musiqi o qədər yerində və orqanik istifadə olunub ki, kontekstdən çıxmır, diqqəti yayındırmır), operator işi tamaşaçını yükləməyə xidmət eləyir. Hadisələr, əsasən, iki məkanda – kafedə və Timanın evində baş verir. Ümumi planlar çox azdı, Natura çəkilişləri, demək olar ki, yoxdu. Olanlarda isə (küçədə çəkilən bir-iki epizod) Dmitri Suvorovun kamerası daima qəhrəmanın çox yaxınındadı, amma hadisələrə müdaxilə eləmir, yalnız göstərir. Bu priyom məkanı kiçildir, darlıq duyğusu yaradır və filmin atmosferini ağırlaşdırır.
"İkinci pərdə” kişi filmidi. Müəlliflər kişi personajlara, onların duyğuları və davranışlarını göstərməyə üstünlük veriblər. Qadınlar da bu kişi dünyasının elementləri, onların xarakterlərini açmağa yardım eləyən detallardı. İlk baxışda… Çünki aktrisa Günay Əhmədin əndazəli, təmkinli ifası sayəsində Samirə obrazı bəsit, mental ev qadını, ya da adi xəyanətkar olmaqdan çıxır və öz arzuları, hissləri olan qəhrəmana çevrilir.
Ümumiyyətlə, bu filmdə sərgilənən son dərəcə peşəkar, realist ifalar – Hikmət Rəhimov, Qorqud Cəfər, Ziya Ağa, Elşən Əsgərov, Elşən Hacıbabayev, Cəmilə Tağızadə və digərləri – sübut eləyir ki, bizim çox gözəl, zəngin potensiala malik aktyorlarımız, aktrisalarımız var, sadəcə onlara meydan vermək lazımdı.
Premyeradan çıxanda gözümə ilk sataşan hamının irfan əhli kimi tanıdığı bir ağsaqqal olmuşdu. Başına yığılmış gənclərə "Onları öldürməməklə pozğunluğa haqq qazandırdılar. Belə eləməməliydi rejissor” deyirdi. "İkinci pərdə” filmi öz ünvanına çatdımı?” deyə düşünürəm. Xeyr, çünki onun konkret ünvanı yoxdu. Çünki müəlliflər məqsədlərini izah eləmirlər.
Deyə bilərsiniz ki, incəsənətin funksiyası öyrətmək deyil, tərbiyə vermək heç deyil, problemi gün işığına çıxartmaqdı. Doğrudu, amma bu qədər bəsit deyil, belə hərfi mənada qəbul eləmək olmaz sənətin funksiyasını. Adı üstündə — bu, incə sənətdi. Yəni təkcə nə göstərdiyin yox, niyə göstərdiyin də əhəmiyyətlidi.
Mərhum polyak rejissoru Andjey Vayda gündəliklərində özünün və həmkarlarının missiyası haqqında yazarkən polyak rejissorlarını "ölkəmizin sidiyini analiz eləyənlər” adlandırır. Bu baxımdan rejissor Emil Quliyev də cəmiyyətimizin sidiyini burnumuzun dibinə soxur, kəsif üfunət qoxusunu hiss etdirir və… bununla kifayətlənir. Odur ki, əksəriyyətimiz "püff” eləyib onu kənara itələyirik, bunun xəstəlik əlaməti olduğunu anlamaq istəmirik.
Bununla belə "İkinci pərdə” baxılması vacib filmdi, ən azı, ona görə ki, cəmiyyətimizin ağrısını, deqradasiyanın sürətlə dərinləşdiyini bəzəksiz-düzəksiz göstərir, Aliyə Dadaşovanın dediyi kimi, həyəcan təbili çalır.
P.S. Bu resenziya «İkinci pərdə» filminin premyerasından sonra yazılıb.
Azlogos.eu