"İntellektual mənasızlıqda ezoterika" - Rauf Ra yazır

"İntellektual mənasızlıq - Dadaizm"


I dünya müharibəsindən sonra 1916-ci ildə İsveçrədə sənət adamları sənətin heç nəyə vasil olmadığını, əsrlərdən bəri yol gələn, fəqət hansı səbəbə olduğu bilinməyən bu məna boxçasının müharibələrin - amansızlıqların - faciələrin qarşısında sadəcə susmuş məfhum olduğunu, nəyisə dəyişdirmək ixtiyarında olmadığını anlayıb sənət üçün ya tam zamanı olan ya da gecikən, klassikadan modernizmə addımlayan, modern sənətin başlanğıcını qoyan dadaizm (1916-1922) cərəyanını yaratdılar. Bu cərəyan dünyada adət-ənənə, qayda-qanun adı altında gizlənən hər şeyə etiraz idi.

Dadaizm - "dada" fransızca "mənasız ahəngdarlıq" deməkdir. Qısaca: heçlik. Cərəyanın banisi rumın şairi Tristan Tçara sənət dostları ilə görüşlərin birində "Larous” lüğətini aralayıb əlini təsadüfi bir sözün üzərinə qoyur: "dada”. Bu hadisə ilə cərəyana ad tapılır. Tçara bu termin haqqında yazırdı:                                                                                 
 "Bu söz zənci Kru qəbiləsinin dilində "müqəddəs inəyin quyruğu” mənasını verir, İtaliyanın bəzi bölgələrində ananı belə adlandırırlar, ola da bilsin ki, uşaqların oynadığı taxta at deməkdir... Hər halda, nəsə mənasız bir şeydir. Məhz buna görə də öz cərəyanınmız üçün bu adı seçdik”.


(T.Tçara "Dadaizm manifesti 1918”)


Dadaizm haqqında belə deyirdilər:


 "Dadaistlər özlərində heç bir şeyi, heç bir şeyi, heç bir şeyi ifadə etmirlər və əlbəttə, onlar heç bir şeyə, heç bir şeyə, heç bir şeyə nail olmayıblar.”


Bu cərəyan haqqında xeyli yazılar var. Demək olar ki, hamısı da mənasızlıqdan, heçlikdən, cərəyanın inkarından söz açır. Bu yazıda dadaizmə fərqli yöndən baxmağa çalışacam.

 

"Qurtuluş"


Dadaizm hər şeydən əvvəl, bütün bu mənasız səslənən xüsusiyyətləri ilə bir qaçış - çıxış yolu, qurtuluş idi. Nədən? Kimdən? Haradan? Bu 3 sualın ümumiləşdirilməsi - "haradan?", cavabı isə - özündəndir. İnsan özündən, bütün mənəviyyatından, intellektindən - bir sözlə hər şeyindən qaçış yolunu tapmağa çalışırdı.

Dünyanın bütün qayda-qanunlarına etiraz olan cərəyan, əvvəla insanın özünün özünə olan ən böyük etiraz idi. Özündən - düşüncələrdən, duyğulardan, arzularından qaçmaq - bəlkə də ezoterika.

 

"Ezoterika"


Ezoterika - Özünü kəşf etməyin, həyatın mahiyyətini dərk etməyin bir yoludur. Müxtəlif ezoterik anlayışlar (düşüncələri, duyğuları, enerjini, arzuları, yuxuları və reallıqları idarə etmək) vardır.

"Duyğuları idarə etmək" - qəribə bəlkə də mümkünsüz səslənir. İnsanın 20-yə yaxın duyğusu vardır, lakin ən vacib və əsasları:
qorxu, qəzəb, kədər və sevincdir. Dadaizm və ezoterikanı bu dörd duyğu ilə əlaqələndirməyə çalışacam.

"Qorxu"


Qorxu bəlkə də duyğuların ən ilkidir. İnsan yarandığı gündən qorxularla doğulub, qorxularla böyüyüb. Təbiət qorxusundan başlayan duyğu məişətə qədər gəlib və bundan sonra da insanın məhvinə qədər davam edəcək. Sənət adamlarının da özlərindən qaçmalarına ilkin səbəb qorxu idi - sənət qorxusu. Artıq sənətin insanlarda mənəviyyat yerinə tamam başqa duyğulara yer açdığını anlamışdılar. İnsan görünən kimi yox, görmək istədiyi kimi izləyir, dinləyir və oxuyurdu. Artıq sənət üçün də qorxularını idarə etmək məcburiyyətində idilər.

 

"Qəzəb"


Qəribə də olsa, qəzəb qorxudan yaranan duyğudur, lakin duyğuların ən qorxulusudur.
Maraqlı və paradoksal səslənir, fəqət belədir.
Dadizmdə ikinci mərhələ bu duyğunun sayəsində baş verdi. Hər şeydən imtina, hər şeyə etiraz bu duyğunun rəhbərliyində idi, yüz illərlə yol gələn sənətdən imtina yalnız hədsiz qəzəbin sayəsində baş verə bilərdi ki, belə də oldu. Yuxarıda söz açdığımız kimi, bu qəzəb də insanın özünə olan qəzəbi, sonra hər şeyə olan duyğusu idi.

 

"Kədər"


Qorxu və qəzəb. Bu iki duyğu varsa kədər də vardır. Bəs kədərin bu intellektual mənasızlıqda, heçlikdə rolu nə idi?
Van Qoq ölüm ayağında olan zaman qardaşı Teo-ya belə deyir:

"La tristesse durera toujours”

Yəni, kədər heç bir zaman bitməyəcək. Eyniylə, rəssamın dediyi kimi kədər daima olub və daima da olacaq. Bir çox yazarlar da insanın özünü dərk etməsində ən vacib duyğu olaraq kədəri - ağrını, acını göstərirlər. Razıyam. Belə də olmalıdır.

 

"Kədər nə qədər dərin olarsa, insan da ilahiyə bir o qədər yaxın olar"
                                          - Dostoyevski

 

Dostoyevskinin dediyi kimi kədər ilahilik, maksimal səssizlik üçün ən əsas duyğudur. Ezoterikanın təməlidir. Dadaistlər bu duyğudan qurtulmağa, sənətdə bu duyğunu barındırmaqdan əl çəkməyə çalışırdılar.

 

"Sevinc"


Bütün bu duyğuların idarə olunması, sənətdə imtinası yalnız bu duyğudan ötəri idi. Zənnimcə, dadaistlər hər şeydən imtina edib sevinc hissi yaşasaydılar, bu duyğudan da imtina edəcəkdilər. Zira bu cərayan tam da bu idi. Dada - heçlik. İnsan heçliyi əldə etməyə çalışırdı. Real həyatda bu mümkündür? Bəlkə hə, bəlkə də yox. O zaman yuxulara baxaq.

 

"Yuxular"


Freydin dediyi kimi gələcəyin yox, keçmişin təzahürü olan yuxular, ezoterikada necə rol oynaya bilər? Keçmişin bulanıq aynası olan yuxular simvolika mənbəyidir. Realda baş verənlər bəzən yuxularda simvolik, forma dəyişmiş halda gözümüzün önünə gəlir.
Yuxularda ezoterika mümkündür? Məncə, yox, zira yuxularda da duyğular, düşüncələr qeyri-ixtiyarı hiss olunur...

 

"İntellektual mənasızlıqda ezoterika"


Gəldiyim nəticə budur ki, bu cərəyanın sayəsində sənət adamları - rəssamlar, yazıçılar, şairlər sadəcə yuxuların forma dəyişməsi, amma bulanıq güzgü kimi baş vermiş keçmiş reallığı götürməsi kimi ezoterik bir yol tapdılar. Bu yol bir neçə vacib cərəyanların yaranmasına, müasir sənətin formalaşmasına səbəb oldu, lakin yenə də sənətdən kənar dəyişən nəsə olmadı. Mənasızlığı, heçliyi yaratmaq mümkün olmadı. İntellekt buna imkan vermədi.

 

Rauf Ra