Jorj Simenon. Bomarşe bulvarında drama (novella)
- 02.09.2020
- 0 Şərh
- 13800 Baxış
Saat səkkizdə qumar oyunları şöbəsinin işçisi Marten
öz kabinetindən çıxanda, koridorda qaynaşan müxbirləri və fotoqrafları görüb təəccüblənmədi.
Çox soyuq idi və kimsə yaxalığını qaldırıb sandviç yeyirdi.
- Meqre hələ qurtarmayıb? – deyə soruşdu.
Koridorun axırındakıpilləkanla aşağı düşməkdənsə şüşə qapını itələdi. Bütün polis idarələrində
olduğu kimi, burda da elektrik enerjisindən qənaətlə istifadə edirdilər. Qəbul
şöbəsi rolunu oynayan otağın ortasında qırmızı örtüklü yumru divan qoyulmuşdu.
Divanda əyninə plaş geyinib başına şlyapa qoymuş biri oturmuşdu. Iki inspektor
ondan bir neçə addım aralıda dayanıb papiros çəkirdilər, qoca məhkəmə icraçısı
isə şüşə qəfəsində oturub nəsə yeyirdi.
Marten qəlyanını doldurdu. On beş dəqiqə sonra o, evdə,
ailəsi ilə birlikdə stol ətrafında oturacaq. Bura isə maraqlandığı üçün, bir dəqiqəlik
girmişdi. Ətrafda hamı iki gün idi ki, bu iş haqqında danışırdı.
- Nə oldu? – deyə Marten inspektordan soruşdu.
O, Meqrenin kabineti olan tərəfi göstərdi.
- Kiminlədir?
- Onun bacısı ilə.
Onların xosunlaşmasına qulaq asan kişi başının aramla
qaldırıb onlara tutqun nəzər saldı. O, çəlimsiz, xəstətəhər, qırx yaşlarında,
gözünün altı torbalanmış, qara bığlı biri idi.
- O səhərdən ordadır, – deyə inspektor Martenə
pıçıldadı.
Bu vaxt Meqrenin kabinetinin qapısı açıldı. Komissar
göründü və o qapını bağlamadığı üçün hamı içəridəki dumanı və yaşıl kresloda
oturmuş sarışın qızı gördü.
- Lüka! – deyə Meqre çağırdı, sonra yaxşı görməyən
adamlar kimi gözlərini qıyıb inspektoru axtardı. – Get sendviç al. Pivəxanaya
da gir, qoy bir neçə bakal pivə gətirsinlər.
Marten bu imkandan yararlanıb Meqrenin əlini sıxdı.
- Davam edir.
Və Meqre, bir az qızarmış üzünü qaldırıb parıldayan
gözlərini ona zillədi. And içmək olar ki, o, hər şeyin yaxşı qurtarması üçün
çox şeydən keçər.
- Qulaq as, – asta səslə dedi,- əgər bu gecə bu işi
qurtarmasam, onda imtina edəcəyəm… Başa düşmürsən, yox? Mən daha belə yaşaya
bilmirəm.
Meqre kabinetinə girdi və qapı yenə bağlandı. Marten nəhayət
getdi. Böyük saatın əqrəbləri təzə rəqəmə çatmağa can atırdı və hələ də
jurnalistlərin səsi eşidilirdi.
Bununla bərabər iş əvvəlcə çox sadə görünürdü. Bazar
günü Bomarşe bulvarındakı, birinci mərtəbəsində qəlyan dükanı olan evin beşinci
mərtəbəsində, iyirmi altı yaşlı Luiza Vuaven gözlənilmədən vəfat etmişdi; hər
şey onun zəhərləndiyini göstərirdi.
Rahat, hər cür şəraiti olan və tamamilə həyatı şən
keçirməyə imkan verən mənzildə Luiza Vuavendən başqa onun əri, qiymətli əşyalar
üzrə satış agenti Ferdinan Vuaven və Luizanın on səkkiz yaşlı bacısı Nikol
yaşayırdılar.
Məhz bu Nikolu Meqre saatlardır ki, kabinetində
saxlayıb sorğu-suala tutmuşdu. Nikol istiyə və buğanağa baxmayaraq, yaylığının
qırağını tez-tez dişləsə də, sakitliyini və soyuqqanlılığını saxlaya bilmişdi.
Kabinetin ortasında böyük yaşıl abajurlu lampa
yanırdı, işığı isə düz aşağı düşürdü. Meqrenin üzü yarıkölgəli görünürdü. Qız
isə, alçaq kresloda oturduğuna görə tamamilə işıqlanırdı. Pəncərənin pərdələri
salınmamışdı və qaranlıq şüşələrdən sahil küçəsinin fənərlərini görmək olurdu.
- İndi bizə içməyə bir şey gətirəcəklər. – deyə Meqre
dilləndi.
Elə isti idi ki, o, məmnuniyyətlə pencəyini
çıxardardı, qız isə bu istini deyəsən heç hiss eləmirdi. Onun əynində boz şuba
və başında eyni rəngli papaq var idi və bu sarışın qız bu geyimdə əsil cənubluya
oxşayırdı.
Görəsən hansısa sual yadından çıxmayıb ki, indi
versin? O, yaranmış vəziyyətlə barışıb qızı buraxa bilmirdi. Kişi isə hələ də qəbul
şöbəsində idi.
Meqre işi vərəqləyirdi – elə bil ki, hər şeyi dəqiqliklə
oxuyandan sonra işin əslini tapacaq.
Həmin kvartalın polis şöbəsi tərəfindən hazırlanmış
birinci protokol, çox sadə, bir az da utandırıcı idi.
" Tərəfimizdən
beşinci mərtəbədəki mənzilin axırıncı otağından Luiza Vuavenin yerə sərilib
qalmış meyidi aşkar edilib. Bizdən yarım saat əvvəl ailənin çağırdığı həkim
İslind, Luiza Vuavenin zəhərlənmədən öldüyünü iddia edir. O, qəsdən və ya təsadüfən
yüksək dozada diqitalis qəbul edib…”
Və sonra:
"… Tərəfimizdən
onun əri sorğu-sual edilib. Otuz yeddi yaşlı Ferdinan Vuaven heç nədən xəbəri
olmadığını iddia edir… Bir də iddia edir ki, onun arvadı bir neçə aydır ki, əsəb
gərginliyindən əziyyət çəkirdi…
Tərəfimizdən sorğu-sual edilən Luiza Vuavenin bacısı,
Orleanda doğulmuş on səkkiz yaşlı Nikol Lamür də yeznəsinin dediyindən başqa
heç nə demir…
Tərəfimizdən sorğu-sual edilən qulluqçu iddia edir ki,
çoxdan özünü pis hiss edən Luiza Vuaven onu zəhərləyəcəklərindən qorxurdu.”
Hə, hər şey bu bazar, bütün müqəddəslərin günündə elə
beləcə də oldu. Soyuq yağış yağırdı və ətrafdan xrizantema iyi gəlirdi. Axşam
prokuraturadan onu Bomarşe bulvarına göndərdilər. O gedənəcən islandı,
ayaqqabıları palçığa batdı. Qəlyan dükanı bağlı idi.
Amma hər şey həmişəki kimi idi, hər günkü adi dram.
Tragik həqiqət gözləyən müxbirlər, hələ ki, onu görmürdülər və ya Meqre isti,
buğanaq kabinetində onu təzəcə tapmışdı.
O səbirsizliklə sərinlədici pivəni gözləyirdi və
kabinetin küncünə gözlərini zilləyib dayanan qıza baxmamağa çalışırdı.
- Gəlin, – deyə qışqırdı.
"Şahzadə qız”
pivəxanasında işləyən cavan oğlan bir neçə bakal pivə və sendviçlər gətirmişdi.
O, gözünün ucuyla Meqrenin müştərisinə də baxdı.
- Bura qoyum?
- Hə… Qəbul şöbəsindəki kişi üçün də aparın.
Oğlan ona yemək təklif edəndə Vuaven tamam ruhdan
düşmüş adamlar kimi başını yellədi.
Meqre öz sendviçini böyük tikələrlə dişləyirdi, qız isə
özününkünü kiçik tikələrlə yeyirdi.
- Onlar neçə il idi evlənmişdilər?
- Səkkiz il…
Qiymətli daşların satışı üzrə agent Orleanda olanda,
valkideynləri ayaqqabı satışı ilə məşğul olan Luiza Lamür ilə tanış olmuşdu.
- Siz onda lap balaca idiniz?
- Mənim on yaşım var idi…
- Qorxuram, – o, zarafat etmək istədi, – siz onda öz
yeznənizə vurulmuşdunuz…
- Bilmirəm.
Meqre qıza baxandan sonra gülmək həvəsi itdi.
- Deməli, artıq bir ildir ki, valideynləriniz vəfat
edib və bacınızla əri sizi himyəyə götürüb?
- Mən onlara köçmüşəm, məhz belə…
- Bəs haça Vuavenin sevgilisi oldunuz?
- On yeddisi mayda…
O bunu dəqiqliklə, demək olar ki, vüqarla dedi.
- Siz onu sevirsiniz?
- Hə…
Qızın onun haqqında danışarkən düşdüyü vəziyyəti görəndə
fikirləşmək olardı ki, Vuaven yaraşıqlı və romantikdir. Amma əksinə, – bu da
hadisənin ən utandırıcı yeridir, – agent ən axırıncı, sifəti güclə xatılanacaq
adamlardan idi. Onun sifəti şairanəlikdən kəskin surətdə məhrum idi. O
saatlarla qiymətli daşlar birjasının yaxınlığındakı lafayeta kafesində veyillənirdi
və bir ay bundan qabaq özü üçün yaxşı maşın almışdı. Bundan başqa onun səhhəti
də möhkəm deyildi.
- Bəs bacınız?
- Bacım çox qısqanc idi.
- O onu sevirdi?
- Bilmirəm.
- O sizi bir yerdə görəndə nə dedi?
- Heç nə… O mənə demək istədiyini yazdı… O vaxtdan biz
bir-birimizlə kəlmə kəsmirdik.
- Bu haçan olub?
- İyirmi ikisindən… Biz üçüncü dəfə idi ki, bir yerdə
idik…
- Bomarşe bulvarında?
- Hə… Mənim otağımda… Ferdinan elə bilirdi ki, Luiza
evdə yoxdur, o isə qulluqça ilə mətbəxdə imiş…
- Siz ayrı yaşamaq haqqında fikirləşmirdiniz?
- Mən istəyirdim… Bacımsa qalmağımı tələb edirdi…
- Nə üçün?
- Bizi rahat güdmək üçün. O qorxurdu ki, mən ayrı
yaşasam, əri istədiyi vaxt yanıma gələ bilər…
- Bəs mənzildə?
- O bizi heç vaxt tək qoymurdu… Həmişə də yüngül ev
ayaqqabısında gəzirdi, səs salmamaq üçün…
- Siz bir-birinizlə danşmadan aylarla necə bir yerdə
yaşaya bildiniz?
- Biz yazışırdıq… Məsəlçün, bacım yazırdı: "Sabah səhərə
çirkli paltarlarını hazırla…” və ya: "Bu gün hamama girmə, krant xarabdır…”
- Bəs Vuaven?
- O çox əzab çəkirdi. Lap əvvəldən qonaq otağındakı
divanda yatmağa başladı. Daha arvadına yaxın durmurdu. O mənə and içirdi ki,
daha aralarında hər şey qurtarıb.
Meqre barmaqlarını saydı:
- İyun… İyul… avqust… sentyabr… oktyabr… Beş ay!.. Beş
ay elə belə yaşamısınız?
Qız başını tərpətməklə bunu elə təsdiqlədi ki, elə
bil, bu ən adi bir şeymiş…
- Ferdinan Vuaven sizə heç vaxt deməmişdi ki,
arvadından xilas olacaq?
- Heç vaxt!.. And içə bilərəm…
- Onunla birlikdə harasa getməyi də təklif eləməmişdi?
- Siz onu tanımırsınız, – deyə qız başını yellədi. – O
tərbiyəli adamdır, başa düşürsünüz? Işində də səliqəlidir… Müqavilə bağlayandan
sonra nə olursa olsun, işi dəqiqliklə yerinə yetirir… Onun necə işlədiyini
hamıdan soruşa bilərsiniz…
- Bununla belə bacınız axırının necə olacağını hiss eləmişdi…
O, pansionda tanış olduğu rəfiqəsinə yazdığı üç məktubunda zəhərlənmədən söhbət
açmışdı…
- Bilirəm! Bacım ağlını itirmişdi… Ona görə ki, bizi
güdürdü… Hər gecə hiss edirdim ki, o mənim otağıma gəlir, hətta mənə toxunan əlinin
təmasını da hiss edirdim.
- Bir sual daha. İyunun ikisindən sonra Vuavenlə bir
daha təklikdə görüşmüsünüz?
- Üç, ya da dörd dəfə, evdə yox… Amma bacım xəbər
tuturdu… Hər dəfə o bizi mehmanxananın qapısında gözləyirdi… O hər yerdə məni
qarabaqara izləyirdi… Bir dəfə o küçəyə ev ayaqqabısında çıxdı, çünki başqasını
geyinməyə vaxt tapmamışdı.
Meqre Vuavenin özü kimi miskin olan mənzilində oldu… O
özlüyündə bu üç personajın həyatını təsəvvür elədi. Monejdə atın
fırlana-fırlana çıxış yolu axtardığı kimi, o da cavabsız qalan sualların ətrafında
fırlanmalı idi.
- Vanna otağındakı apteçkada soda olduğunu bilirdiniz?
Hər şey bu sualda idi. Luiza Vuavenin ölümündən sonra
bütün mənzili axtarmışdılar. Tezliklə içində dərman olan stəkan tapdılar.
Analiz göstərdi ki, bu az suda həll edilmiş diqitalisdir.
Stəkanın yanında isə soda qutusu tapıldı. Soda
qutusunda isə yüzlərlə adamı öldürə biləcək qədər diqitalis var idi.
- Bazar günü günortadan sonra nə edirdiniz?
- Hər bazar günü nə edirdiksə, onu. Bu ən ağır gün
idi. Ferdinan qonaq otağında idi, mən öz otağımda kitab oxuyurdum. Bacım da öz
otağında olmalı idi…
- Səhər nə yemişdiniz?
- Bunu yaxşı xatırlayıram… Dovşan. Onu Ferdinanın müştərilərindən
biri göndərmişdi.
O yenə də "Ferdinan” sözünü elə istiliklə dedi ki, elə
bil, o ən gözəl, ən qeyri-adi adam idi.
- Bacınızın ölümü sizi çox təəccübləndirdi?
- Yox!..
O düşündüklərini gizlətmirdi. Hətta üzünü göstərmək üçün
başını da qaldırdı.
- Bacım onu əzab çəkməyə məcbur edirdi…
- Sevirdi…
- Bəyəm bu onun günahıdır?.. Bilirəm ki, Ferdinan onu
heç vaxt sevməyib… o onunla səkkiz il yaşayıb, amma heç vaxt xoşbəxt olmayıb.
Bacım həmişə özünü pis hiss edirdi, qəmgin olurdu… elə birinci il bacım əməliyyat
olundu və ondan sonra qadınlıqdan sadəcə əl çəkdi…
Meqre yenə qapını açdı və divanda batmış adama bir neçə
dəqiqə baxdı.
- O yemək istəmədi?
– deyə Meqre inspektorların birindən soruşdu.
- Yox… Deyir ki, ac deyiləm…
- Yaxşı!
Və Meqre toxtamağa çalışıb Nikolun sakitcə oturduğu
kabinetinə qayıtdı.
- Hə… Söhbət xəstəlikdə düşmüşkən, evdə kimin qarnı
ağrıyırdı?
- Ferdinanın,- deyə qız düşünmədən dedi. – az-az
olurdu, əsasən də ürəkkeçməsi olanda…
- Onun ürəkkeçməsi də olurdu?
- Məncə iki il qabaq ürəyi onu narahat edirdi, indi ürəyi
demək olar ki, sağalıb…
- Bilmirsiniz, axırıncı həftə ərzində yeznənizin qarnı
ağrımayıb?
- Hə, ağrıyıb, – deyə qız, həmişəki kimi əminliklə təsdiq
elədi.
- Ayın neçəsi?
- O gün hamımız xəstələnmişdik..
- Yadınızda deyil, nə yemişdiniz?
- Yox, yadımda deyil…
- Həkim çağırmışdınız?
- Yox! Ferdinan istəmədi… Gecə hamımızın başı yaman
ağrıyırdı, Ferdinan dedi ki, yəqin evə qaz sızıb…
- Belə bir dəfə olub?
- Hə… Hər halda belə bərk ağrımağı…
- Demək istəyirsiniz ki, başqa şeylər də olurdu?
- Mən sizi başa düşürəm, komissar… Amma siz məni
soyuqqanlığımı itirməyə məcbur edə bilməyəcəksiniz. Heç nəyə baxmayaraq, mən
axıracan dayanacağam, ona görə ki, Ferdinanın günahkar olmadığını bilirəm.
Bacımı öldürməli biri var idisə, o Ferdinan yox, mən idim. Görürsünüz, bunu deməyə
qorxmuram.
- Amma siz bunu eləməmisiniz?
- Yox… Beləsi heç ağlıma da gəlməzdi… Bilmirəm necə,
amma mən onu başqa cür öldürərdim… Axır vaxtlar biz hamımız xəstələnmişdik… Mən
sizi orda görmək istəyərdim… Təsəvvür edirsiniz, biz necə yaşayırdıq?.. Həmişə
birimiz ya naharda, ya da şam yeməyində olmurduq… Beş ayda bizdə neçə qulluqçu
dəyişdiyini bilirsiniz? Səkkiz. Onlar deyirdilər ki, bizdə işləmək istəmirlər…
O biixtiyar ağlamağa başladı. Bu gün onda belə hallar
çox olmuşdu. Amma o tezliklə soyuqqanlılığını bərpa edib Meqrenin gözlərinin içinə baxmağa başladı, elə bil ki,
onun suallarını dəf etməyə hazırlaşırdı.
- Hərdən elə olurdu ki, küçəni axıracan gedə
bilmirdim, bilirdim ki, bacım dalımca gəlir.
- Deməli, sizin fikrinizcə bacınız intihar edib?
O cavab verməyə tələsmədi. Sualın onu narahat etdiyini
göstərmək istəyirdi.
- Başqa cür desək, siz deyirsiniz ki, iş o yerə
çatmışdı ki, bacınız müəyyən miqdarda diqitalis tapıb və sizi zəhərləmək yerinə
özünü öldürüb?
- Bilmirəm…
Hiss olunurdu ki, o, bacısının belə şey eləməyinə daha
inanmır.
- Bəs necə?
- Burda nəsə sirr var…Hər halda, Ferdinan öldürməyib!
- Bəs siz?
Onun məğlub olacağını gözləyən Meqre səhv edirdi. O
başını qaldırıb elə baxdı ki, daha söz deməyə ehtiyac qalmadı.
- Məncə yeznənizi çağırsaq yaxşı olar. Ya da… Gözləyin…
Mən onu qəbul edənəcən, zəhmət olmasa, qəbul şöbəsində gözləyin…
- Siz ona nə demək istəyirsiniz?
O yerindən durdu; indi o hirslənmişdi və dişləriylə əlindəki
yaylığını didirdi.
- Gəlin! – deyə Meqre qapını açdı. – Mademuazel isə
orda gözləyəcək…
Və Meqre Vuaven içəri girməmiş Nikolu bayıra çıxartdı.
Sonra Vavenə indicə qızın durduğu kreslonu göstərdi.
- Pivə?
Vuaven başını yellədi.
- Yemək istəmirsiniz? Bağışlayın ki, sizi gözlətdim…
Baldızınız mənə o qədər şey danışdı ki… Siz indi nə etmək fikrindəsiniz?
O başını çətinliklə qaldırıb komissara əvvəl heyrətlə,
sonra da inamsızlıqla baxdı. Elə bil, onu bir daha burdan buraxmayacaqdılar.
- Bir sual, Vuaen… Arvadınızın ucbatından Nikol sizinlə
istədiyi vaxt danşa bilmirdi. Mən belə fikirləşirəm ki, o sizə yazırdı.
O, bu sualın nə üçün verildiyini başa düşməyə
çalışaraq başını yellədi…
- Yox…
- Nə üçün? Bir-birini sizin kimi sevəndə…
- Bu təhlükəli idi. Arvadım çox qısqanc idi. O bütün
günü mənzildə axtarış aparırdı, mənim paltarlarımı qurdalayırdı, hətta
ayaqqabılarımın içinə də baxırdı…
Meqre duruxdu. O, Nikolun bu miskin adamı, hətta kədəri
də miskin olan adamı yox, bir başqasını, kimi olur olsun, amma başqasını
sevdiyini görmək üçün çox şeyindən keçərdi.
- Siz hardasa gizli yer tapa bilərdiniz…
- Deyirəm ki, Luiza oranı da tapardı.
Komissar bu barədə daha düşünmürdü.
- Burası pisdir… Nə isə… mən sizdən başqa şey soruşmaq
istəyirdim… ürəyiniz haçan ağrıyıb?
Ferdinan kədərlə gülümsədi.
- Mən bu sualı gözləyirdim…
- Onda cavab verin.
- Hə, həkim mənə diqitalis içməyi məsləhət görmüşdü…
Artıq iki ildir ki, mən onu qəbul eləmirəm.
- Hər halda siz onun nə olduğunu bilirdiniz, sizə deməmişdilər
ki, yüksək dozada…
- Qulaq asın, komissar, mən arvadımı öldürməmişəm.
- Nikolun da öldürmədiyinə əmin olmuşam…
- Siz ondan şübhələnirdiniz?
- Yox, sakit olun! Siz deyirsiniz ki, arvadınızı
öldürməmisiniz. Nikol da öldürməyib. Indi sizə sual verəcəyəm, ona cavab verməyə
bilərsiniz. Mənə qulaq asın, Vuaven… Arvadınız rahat görüşməyinizə mane olmaq
üçün bacısının öz evində qalmağına da dözürdü, axı o, çox qısqanc idi. Siz ki,
onu yaxşı tanıyırdınız. Indisə deyin görüm, o sizin ondan sonra rahat-rahat
görüşəcəyinizi bilə-bilə, yəni, oyun sahəsini tamamilə sizin ixtiyarınıza
buraxaraq özünü öldürə bilərdi?.. Yaxşı-yaxşı fikirləşin…
- Mən bilmirəm…
- Nə olar? Cavab verin, ya verməyin, öz işinizdir.
Amma yalan danışmayın, Vuaven…
Vuavenin dodaqları titrədi… Meqre heç nə demədən pəncərəni
açdı, qayıdıb tələsmədən qəlyanını doldurdu və qalan pivəni içdi.
- Əgər istəyirsinizsə, mən indi sizə kömək edə bilərəm,
– deyə Meqre şirin səslə dilləndi. – məncə, baldızınızı bura çağırmaq ürəyinizcə
olmaz.
Vuaven həm alçaldığına görə, həm də ağrıdan ağladı.
Meqre isə ona baxmamağa çalışaraq otaqda gəzişə-gəzişə danışırdı, danışırdı…
- Hardasa səhv etsəm, deyərsiniz… Amma məncə mən səhv
etmirəm… Siz hərdənbir Antverpenə gedirsiniz. Mən bu barədə çox fikirləşmişəm.
Həm Antverpenə, həm də Amsterdama, əsas brilyant birjaları orda yerləşir… Siz
orada, Fransada tapacağınızdan daha tez və heç bir şeylə risk etmədən müəyyən
miqdarda diqitalis tapa bilərdiniz. Elə bunun özü Parisdə aparılan nəticəsiz
axtarışları cavablandırmış olur…
- İçmək istəyirəm!
Vuaven elə əzilmiş, elə alçaldılmış görünürdü ki,
Meqre özünü narahat hiss elədi. O, divar şkafından konyak şüşəsini çıxartıb
agentin stəkanını doldurdu.
- Siz çox da şən xasiyyətə malik adam deyilsiniz. Bax,
siz bir qızla evlənirsiniz və elə birinci il o, əməliyyat olunmalı olur. Əməliyyatsa
onu bir neçə il qocalmağa məcbur edir… Siz işləyirsiniz, sevincsiz, həvəssiz
işləirsiniz, necə ki, hər şeyi həvəssiz eləyirsiniz və haçansa hiss eləyirsiniz
ki, ürəyiniz zəifləyib. Hər şey belədir?
- Ciddi bir şey deyildi…
- Vacib deyil… Və birdən baldızınız özünü sizin
qucağınıza atır və siz gözlənilmədən cavanlaşırsınız, həyat gözəlləşir… Siz
sevirsiniz!.. Dəli kimi sevirsiniz!.. Amma siz verdiyiniz sözü yuxarı
tutursunuz, arvadınızı tərk edib təzə həyat qurmağa cəsarət eləmirsiniz… Siz zəif
adamsınız, hətta deyərdim ki, alçaq adamsınız… Arvadınız sizi bacısı ilə
tutanda, siz heç bir reaksiya vermədiniz…
- Nə deyə bilərdim ki?
- Vacib deyil… Həyat, Bomarşe bulvarı hər gün, hər
saat sizinçün işgəncəyə çevrilir. Siz arvadınızı atmağı bacarmırsınızsa,
sevgilinizi atmağı heç bacarmazsınız… Səhv edirəmsə…
- Düz deyirsiniz!
- Siz fəlakətlər törədən zəif adamsınız! Başa düşürəm.
Hə, siz elə adamlardansınız ki, təkliyin qorxusundan dalınızca o dünyaya xeyli
adam apararsınız… Belə, həyat çəkilməz oldu və siz üçlükdə ölməyi qərara
aldınız. Zəhərin miqdarı bunu deməyə əsas verir. Belədir?
- Necə tapdınız?
- Buracan hər şey sadədir… Amma arvadınızın tək ölməyi
məni bir az çaşdırırdı… amma siz özünüz mənə hər şeyi başa saldınız… Mən elə
indicə bunu tapdım… Hər şeydən əvvəl boynunuza alın ki, hər iki halda siz məşq
etdiniz, yeməyə çox az miqdarda diqitalis səpdiniz. Həmin yeməkdən sonra
hamınız xəstələndiniz…
- Mən bilmək istəyirdim…
- Düzdür… Qorxurdunuz… Ölməyi qərarlaşdıra
bilmirdiniz… Və siz zəhərin az miqdarda necə təsir etdiyini öyrənmək istəyirdiniz…
Başqa şeylərə qaldıqda isə, mənim bir sualıma verdiyiniz cavab hər şeyi
aydınlaşdırdı… Arvadınız hər şeyə nəzarət edirdi, sizi güdürdü, hətta
ayaqqabılarınızı da yoxlayırdı… Belə olan halda diqitalisi harda gizlətmək
olardı? Və hansı dərmandan ancaq siz istifadə edirdiniz?
Vuaven sakitcə ona baxırdı.
- İndi hər şey düzəlir. Diqitalis "soda” qutusunda
idi… Və ola bilərdi ki, siz bir həftə, bəlkə də bir ay daha uzadacaqdınız…
- Məncə heç vaxt eləyə bilməzdim!..
- Vacib deyil. Hər halda, bu bədbəxt hadisə olmasaydı,
siz daha çox fikirləşəcəkdiniz… Sizin müştərilərinizdən biri sizə dovşan göndərdi…
Xəstə arvadınızın bu yeməkdən sonra halı pisləşir, o, dərman saxlanılan şkafı açır
və ordan soda qutusunu götürür.
Vuaven əlləri ilə üzünü tutdu.
- Hər şey qurtardı! – pəncərənin o biri tayını da açan
Meqre dedi. – Bura ayaqyoludur… Deyin görüm mən baldızınızı çağırmamışdan qabaq
ora girmək istəmirsiniz?
Agent kölgə kimi o biri otağa girdi. Meqre qapını
açdı.
- Zəhmət olmasa içəri gəlin, mademuazel Nikol… Yeznəniz
bu dəqiqə gələcək…
Və gözlənilmədən soruşdu:
- Ölmək istəyirsiniz?
- Yox!
- Lap yaxşı! Ehtiyyatlı olun…
- Nədən?
- Heç… İmkan verməyin ki, sizi aldatsınlar…
- O sizə nə dedi?
- Heç nə demədi.
- Siz yenə də onu günahkar sayırsınız?
- Onunla özünüz bilərsiniz.
- O hardadır?
Meqre təbəssümün gizlətmək üçün çevrilməli oldu.
- O… özünə gəlir!
Meqre sönmüş qəlyanın yandırdı. Vuaven isə qaranlıqdan
işığa çıxan adam kimi səndələyərək kabinetə girdi.
- Ferdinan! – deyə Nikol qışqırdı.
Meqre isə mızıldadı:
- Yox! Burda yox!.. Xahiş edirəm…
Tərcümə: Həmid P.