Mehman Qaraxanoğlu. Pandemiya günlərində ədəbi sezintilər... (ESSE)

Mehman Qaraxanoğlu. Pandemiya günlərində ədəbi sezintilər... (ESSE)

Hərdənbir əllərimi uşaq suyu şappıldadığı kimi, kitablara çırpıram. Və üz-gözümə nəyinsə toxunduğunu hiss edirəm...

***
Bəzi ədəbiyyatşünaslar sanki meyityaran funksiyasını yerinə yetirirlər. Onlar öz maraqları hüdudunda "publika”da boşalan ekstaz təkərlərinin necə doldurulmasını əvvəlcədən planlayaraq, çoxsaylı kütlənin müşaiyəti ilə nəfəsi çoxdan çıxmış və bədəni büsbütün soyumuş ölü mətnlərə yenidən can vermək istəyirlər. Bilirəm, səni daha çox özündən çıxaran meyityaranın ətrafına toplaşanların "bəh-bəh”idir. Amma unut getsin, yarılan meyitlərin ətrafında həmişə çoxlu sayda "öyrənci” – kütlə olur... 

     ***
Qatı səhər dumanı mənə nə vaxtsa geri dönəcəyim anı xatırladır; xoş halıma ki, indiki kimi, onda da məni heç kəs görməyəcək...

***

Dağ çayı tələsir... tələsir... 
Görəsən, uzaqlarda – dəniz və okeanlarda onu hansı aqibət gözləyir, xəbəri varmı?
Xəbəri varmı ki, ümmanlara qovuşandan sonra qışqırtısı, hay-küyü, dəli-doluluğu, bir sözlə, əvvəlki səsi, forması, mahiyyəti "itəcək?” 
Dahi sənət adamları da belədir; gənclik illərində səsləri  aləmi götürsə də, Homerə, Nizamiyə, Leonardo da Vinçiyə, Folknerə, Bethovenə... qovuşandan sonra onların gurluğundan, kürlüyündən əsər-əlamət qalmır...

***

Səsin mahiyyət olduğuna inanmaq üçün körpü üzərindən dağ çayını seyr etməyiniz yetər...

***
Sulara yıxılan ağac mətnə yersiz düşən nöqtə, vergül, nida kimidir. Mətn gedir, onlar isə maddım-maddım baxır, nə edəcəyini bilmirlər. 

***

Min il əvvəl də belə olub, milyon il əvvəl də, dünən də... Biz ona görə burdayıq ki, zamanlar arasındakı uzaqlıq və ayrıntıları götürək. Bunun üçün defis olmağımız gərəkir. (Əvvəl tire yazmaq istədim. Gördüm tire vizual baxımdan defisdən "çox” uzundu. Həm də tirenin durğu işarəsi olmaq kimi bir məhkumluq imtiyazı vardır. Defis isə xeyli azaddır...) 
Bəli, biz defisik. Şərti olaraq dörd missiyamız vardır: Birincisi, eyni ahəngdarlıqla sətirdən-sətrə - zamandan zamana keçməyi bacarmalıyıq. İkincisi, məhz  mürəkkəb sözlər – mürəkkəb situasiya və qəlizliklər arasında  olub, mürəkkəbliyin harmoniya və musiqisini yaratmalıyıq. Üçüncüsü, lap adi vəziyyətlərdə də könüllü olaraq bölünən hecaların – ayrılıqların arasına atılmağa hazır olmalıyıq. Nəhayət, əbədi olaraq sözlər – insanlar arasında olmağın "məhkumluğ”unu qəbul edib, yaşamağın nə qədər gözəl olduğunu hiss etməli və hiss etdirməliyik...

***

Ayağının altından suların şırhaşırla necə axdığını bütün ruhunla sezmək çox qüssəlidir. Sular gedir, sən isə hələ də niyə burada olduğunu xatırlaya bilmirsən...

***

"Allah gələcək” dünya şöhrətli İran rejissoru Məcid Məcidinin ən qısa filmlərindən biridir. Xəstə analarının sağalmasından ötrü Allahdan yardım istəyən Mohsen və Məsumənin keçirdiyi ağır sarsıntılardan bəhs edir. Mohsen çıxış yolunu Allaha məktub yazıb ondan kömək istəməkdə tapır. Bacısı Məsumə də ona qoşulur. İki fərqli xətlə yazılan bir məktub və zərfin içərisinə qoyulan ətirli xırda güllər...

Allahın varlığı ilə bağlı hamımızın uşaqlıq çağlarında nənə və babalarımıza verdiyimiz suallar olub. Maraqlıdır, biz o sualları ata və analarımıza deyil, məhz baba və nənələrimizə ünvanlamışıq. Niyə?! Cavab tapmaqda acizəm. Filmdə uşaqlar da nənələrini sual yağışına tuturlar... 

Bu yerdə nobelli ərəb yazıçısı Nəcib Məhfuzun "Uşaqların cənnəti” hekayəsi yada düşür. Qızcığaz atasına Allah, varoluş və yoxoluşla bağlı suallar verir. Amma cavablar onu "qane etmir”, hər bir cavab yeni sual doğurur və oxucuya elə gəlir ki, hekayə sonsuzluğacan uzana bilər... Yeri gəlmişkən, Məcid Məcidinin də "Cənnətin uşaqları” adlı dünyaca məşhur bir filmi vardır. Hər iki dahinin yazı və kino dili çox oxşardır; son dərəcə korrekt bir dildir.

Film bitir... Mən də Mohsən və Məsumə kimi Allahın gələcəyinə inandım. Nə qədər acı olsa, ona da inandım ki, Allah heç bir zaman mənim çağırışıma gəlməyəcək... Amma nəvələrim Emil və Ayanın çağırışına gələcək... 

***

Məcid Məsidinin "Ata” filmi... Avtomobil qəzasında ölən ərindən sonra qadın dörd uşaqla (üç qız və bir oğlanla), uşağı olmadığına görə arvadı tərəfindən atılan (boşanan) bir jandarma məmuruna ərə gedir. "Ömrüm boyu uşaq istəmişəm. Qadınım buna görə məndən boşandı. Fikirləşdim ki, Allah məni sevmir. Amma indi Allah mənə dörd uşaq və gözəl bir qadın verdi”. Bu düşüncələr jandarma işçisinin hansı üərək sahibi olmasını obrazlaşdırır. Amma qadının böyük oğlu Mehrulla anasının yeni izdivacını heç cür qəbul edə bilmir. Psixi travma almış Mehrulla olayı anası tərəfindən atasına və özünə xəyanət hesab edir və  sözün gerçək və məcazi anlamında atalığına müharibə elan edir. Rejissor sanki qabaqcadan elan edir: Bu müharibədə qalib olmayacaq! Hadisələrin gərgin və dinamik gedişatı da bunu sübut edir. 

Məcid Məcidinin bütün filmlərində Allah vardır. Xatırladırıq ki, kino aləmində böyük rezonans doğurmuş və bir çox festivalların qalibi oluş "Məhəmməd: Allahın elçisi” (2015) filmi də bu böyük rejissorun sənət nailiyyətidir...

Amma bizi başqa bir sual ilgiləndirir: Allaha hansı yöndən, hansı bucaqdan  yanaşasan ki, o məhz "sənin” olsun?! Bəlkə, yandarmanın dediyi sözlər Allaha xoş gəlmir: "Amma indi Allah mənə dörd uşaq və gözəl bir qadın verdi”. Razıyıq, verdi. Axı, ən azından, o uşaqların atası bir başqası idi. Onun hansı zülmlərdən keçib o uşaqları böyütməsindən sənin bir qram da xəbərin yoxdu. O üç qız uşağı ilə işimiz yoxdu, amma Mehrulla ilə müharibəni "udmalısan”. Amma müharibə məkanı şərti-metoforik səhra olduğundan burada qüvvələr nisbəti demək olar ki, bərabərdir. 

Məlum olduğu kimi, səhra klassik-irfani ədəbiyyatımızda ən məşhur metoforik-fəlsəfi fiqurlardan biridir. Əgər səhra varsa, sonsuzluq, sınaq, ağrı, əzab, qovuşma, ayrılıq, olum, ölüm köç, karvan, dəvə və s. vardır. Burada hər bir işarə - açar söz nəyisə simvollaşdırır. Sözügedən filmdə ağrı, sınaq, əzab və sonda qovuşmanı... Ata övladına qovuşur. "Atalıq” və "oğulluq” adlanan mücərrəd cütlük konkretliklə əvəz olunur: "Ata” və "oğul”la...