Migel de Unamuno. Sadəqəlbli don Rafael, ovçu və oyunçu (Hekayə)
- 24.09.2020
- 0 Şərh
- 12079 Baxış
Düşüncələrinin onu keçmişə apardığı və qəlbini ötən
sevginin xatirələri doldurduğu zamanlarda o, zamanın sanki uçmasını, hava qədər
yüngül, bihudə keçən saatların axıb getməsini
daha kəskin hiss edirdi.
O gözlər! Onlar daha onun yoluna işıq saçmırdılar,
hardasa dumanlı uzaqlarda onun üçün büsbütün sönərək eləcə qalmışdılar, unudulmuş sözlərin əks-sədası isə
dağların o üzündəki dənizin küyü qədər boğuq səslənirdi. Gizli çeşmələrin
pıçıltısı kimi.
Həyat bomboşdu, özü isə tənha idi, tamamilə tənha.
O, öz ömrü ilə baş-başa... Bu ömrü nə iləsə doldurmaq üçün ova gedər və lomber
oynayardı. Amma hər şeyə rəğmən kədərli deyildi. Qəlbi bomboşdu və bu fədakar sadədil kədər nədir, bilmək istəmirdi. Onun oyun
partnyorlarından hansısa biri qoyulan pulların hamısını götürmək üçün xəritəni
axtardığı zaman don Rafael adəti üzrə təkrar edərdi ki, bəzi şeyləri axtarmaq
yersizdir; onlar özləri gəlib səni tapır. O, providensialist (qismətə inanan –
tərc. qeydi) idi, yəni, təsadüfün hər
şeyə qadir olması fikrinə inanırdı. Bəlkə də, nəyəsə inanmaq naminə və ya
düşüncələrini nə iləsə məşğul etmək üçün inanırdı taleyə.
- Bəs niyə evlənmirsiniz? - bir dəfə təsərrüfatçı
qadın dodaqlarını büzərək soruşmuşdu.
- Niyə evlənməliyəm ki?
- Bəlkə elə olsa, belə dalğın halda dolaşmazsınız.
- Elə şeylər var ki, sinyora Roxeliya, onları
axtarmaqla olmur: özləri gəlib səni tapır.
- Əlbəttə, onlar haqda düşünməkdən vaz keçdiyiniz zaman.
- Bəli, oyunda olduğu kimi! Amma bilirsinizmi, məni
bu barədə düşünməyə sövq edən səbəb var...
- O nə səbəbdir elə?
- Hüzur içində ölmək istəyirəm, ab intestato*.
- Səbəbə bax! - həyəcanlanmış təsərrüfatçı qadın
qışqırdı.
- Mənim üçün o, ən dəyərli səbəbdir, - deyə o,
cavab verdi və o an dumanlı bir şəkildə dərk etdi ki, əslində vacib olan səbəblər deyil, onlara verilən dəyərdir.
Evinin önündə bir bağlama gördü. O, daha yaxşı
baxmaq üçün əyildi. Lakin içəridə - bağlamanın içində nə isə tərpəndi. Xatirə kimi. Bəli, bağlama tərpənirdi.
O, bağlamanı qaldırdı: istidir. Çevirdi: yenicə doğulmuş körpə. O, eləcə baxdı,
baxdı və öz qəlbində nəinki o çeşmələrin
yalnız pıçıltısını, hətta onlardan yayılan təravəti də hiss etdi. "Tale mənə əntiqə
ov göndərib,” - deyə düşündü.
Don Rafael kəmərində silahı, əlində bağlama ilə
qayıtdı. O, bağlamadakı oyanmasın deyə pilləkanları barmaqları üzərində qalxdı və
bir neçə dəfə qapını sakitcə tıqqıldatdı.
- Bir baxın, nə gətirmişəm, - təsərrüfatçı qadına
dedi.
- Bu nədir belə?
- Deyəsən, uşaqdır.
- Necə yəni
deyəsən?..
- Onu orada atıb gediblər.
- İndi biz onu neynəyəcəyik?
- Necə yəni... neynəyəcəyik? Sadəcə: tərbiyə edəcəyik!
- Kim tərbiyə edəcək?
- İkimiz.
- Mən? Yox, mən yox!
- Süd anası tapacağıq.
- Başınıza hava gəlib, sinyorito? Hər şeydən əvvəl,
hakimə bu barədə məlumat vermək lazımdır, bunu isə-yetimxanaya!
- Zavallı! Yox, yetimxanaya olmaz.
- Əlbəttə, burada ev sahibi sizsiniz.
İlk günlər körpəyə yazığı gəldiyi üçün, onu qonşu
qadın əmizdirirdi, lakin tezliklə don Rafaelin həkimi gözəl bir süd anası tapdı
- bu, tənha bir qadındı yenicə uşaq dünyaya gətirmişdi, lakin uşağı ölü
doğulmuşdu.
- Süd anası kimi o, əladır, - həkim don Rafaelə
dedi, - lakin insan kimi... bilirsənmi, hər kəs yanlış edə bilər.
- Məndən savayı! - özünəməxsus bir sadədilliklə don
Rafael cavab verdi.
- Yaxşı olardı ki, - təsərrüfatçı qadın dilləndi, -
o, körpəni aparıb öz evində tərbiyə eləyəydi.
- Yox, - don Rafael razılaşmadı, - bu təhlükəli ola
bilər; mən onun anasına etibar etmirəm. Yox, burada, yalnız burada, mənim gözlərimin
önündə. Süd anasını məyus etmək də lazım deyil, sinyora Roxeliya, axı körpənin
sağlamlığı bundan asılıdır. Mən istəmirəm ki, Emiliyanın məyusluğu üzündən
bizim mələyimizin qarnı ağrısın.
Süd anasının - Emiliyanın iyirmi yaşı vardı; ucaboy,
mütənasib bədənli idi, bir az da qaraçıları xatırladırdı, ətrafında xoruzların
vurnuxduğu toyuk kimi yeriyirdi. Gözləri daima gülümsəyirdi. O gözlərin
inanılmaz siyahlığı üzünü haşiyələyən, hər iki yandan ağır qarğa qanadları kimi
gicgahlarına tökülən göyümtül-qara saçlarının rəngini bir az da qabardırdı. Həmişə
yarıaçıq olan parlaq dodaqları nəmdi.
- Bəs onu xaç suyuna nə cür salmaq fikrindəsiniz,
sinyorito?
- Oğlum olaraq.
- Sizin ağlınızmı qaçıb, nədir?
- Ola bilər.
- Bəs sabah boynuna taxılan bu medalyona və yaxud
bir başqa əlamətinə görə əsl validenləri onu axtarıb tapsalar?..
- Onun əsl valideynləri - mənəm. Anası da, atası
da. Mən xəritələri axtarmadığım kimi, uşaqları da axtarmıram; ancaq onlar özləri
gələrsə... o zaman mən qəbul etməyə hazıram. Və əminəm ki, bu halda duyduğum
valideynlik hissi - hisslərin ən təmizi, ən səmimisidir: o duyğu instinktə
deyil, nəcib iradəyə tabedir. Onun dünyaya gəlişi mənim günahım deyil, amma
böyütmək mənim işim olacaq. Heç olmasa,
nəyəsə inanmaq naminə taleyə inanmaq lazımdır; bu, təsəlli edir və bundan əlavə,
mən indi artıq hüzur içində ölə bilərəm, necə deyərlər, ab intestato: oğlan
qanunla mənim varisim olacaq.
Sinyora Roxeliya dodaqlarını gəmirirdi. Don Rafael
bu körpəni xaç suyuna saldıraraq oğulluğa götürdüyü zaman bu, ətrafda yaşayan hər
kəsin gülüşünə səbəb oldu. Lakin heç kim don Rafaeldən hər hansı bir pis əməldə
şübhələnmədi: onun büllur kimi tərtəmiz olan qəlbinə kifayət qədər bələd idilər.
Təsərrüfatçı qadın da öz iradəsinə xilaf çıxaraq mövcud vəziyyətlə barışmaq və
süd anası ilə yaxşı keçinmək məcburiyyətində qaldı.
İndi don Rafael təkcə ov və yə lomber oyunu
haqqında düşünmürdü. İndi onun günləri bihudə keçmirdi, evdə yeni – parlaq və sadə həyatın qığılcımları sezilməyə
başlamışdı. İndi o, tez-tez yuxusuz və
hüzursuz gecələr keçirməli olurdu: körpənin səsini eşidən kimi yanına gedir,
oğlanı qucağına alıb sakitləşdirirdi.
- O, günəşin özü qədər gözəldir, sinyora Roxeliya.
Və deyəsən, süd anası sarıdan da bəxtimiz gətirib...
- Köhnə həyat tərzinə geri qayıtmasa...
- Bunun öhdəsindən gələrəm. Bu, xəyanət, etimadını
itirmək olardı: o, körpənin yanında olmalıdır. Yox, yox, yox, onu aldadan o gənc adamdan iyrənib artıq: axı o,
avaranın, vecsizin biridir, bir nömrəli heyvandır.
- Çox da inanmayın... Çox da inanmayın...
- Mən onun Amerikaya gediş haqqını ödəməyə
hazırlaşıram. Qadının isə, halına acımaq lazımdır, o - bədbəxtdir...
- İlk rastlantıya qədər...
- Axı dedim ki, mən buna yol verən deyiləm!
- Hə, amma əgər o özü istəyərsə...
- A-a, o halda hə. Bilirsinizmi, əgər həqiqəti söyləmək
lazımdırsa, doğru olan budur ki...
- Bəli, ehtiaml edə bilirəm.
- Lakin hər şeydən əvvəl mən oğlumun qeydinə
qalacağam!
Emiliya heç də səfeh qadınlardan deyildi və sanki mürgülü vəziyyətdə yaşayan bu qoca subayın heyrətamiz sadədilliyi onu
heyran edirdi. O, körpəyə dərhal bağlanmışdı, elə bil doğma anası idi. Ögey ata
və körpəni öz südü ilə bəsləyən bu qadın beşiyin başında saatlarla dayanıb
mışıl-mışıl uyuyan körpəni seyr etməkdən, onun yuxuda gülümsəməsindən və
dodaqlarını marçıldatmağından həzz alırdılar.
- Budur insan! - don Rafael deyirdi.
Onların baxışları rastlaşırdı. Elə olurdu ki,
Emiliya körpəni qucağında saxlayan zaman don Rafael ou öpmək üçün yaxınlaşırdı. Don Rafael əyilərkən yanağı süd
anasının yanağına demək olar ki, toxunurdu, onun qulac-qulac qapqara saçları isə
don Rafaelın alnını dalayırdı. Bəzən o,
süd anasının səxavətli, həyat şirəsilə dolu olan bəmbəyaz döşlərindən birini, şəffaf
dərinin altında ilan kimi qıvrılan mavi damarları görürdü. Şəhadət və orta
barmaqları ilə döşünü qaldıraraq o, göyərçin ürkəkliyilə körpənin üzərinə əyilirdi.
Və atada yenidən körpəni öpmək arzusu oyanır, alnı onun sinəsinə toxunduğu
zaman isə hərarət və titrəyişləri hiss edirdi.
-Ah, mənim günəşim, səni tezliklə tərk edəcəyim
üçün elə üzgünəm ki! - Emiliya körpəni bağrına basaraq bu sözləri elə deyirdi ki, sanki uşaq onu
anlaya bilirdi.
Don Rafael susurdu.
Süd anası körpəni yırğalayarkən tez-tez anaların
bir-birinə ötürdüyü, ürəkdən-ürəyə yol alan, lakin hər dəfəsində yenidən yaradılan, hər ananın öz ruhunu
qataraq yenidən uydurduğu, daim yeni və
günəş kimi yeganə olan o şirin, yeknəsəq nəğməni oxuyardı. Don Rafael nəğməni
dinlərdi və bu nəğmə onun üçün sanki uzaq, demək olar ki, unudulmuş uşaqlıq
çağının əks-sədası idi.
Əgər sən az uyusan...
Və bu nəğmə qəlbinin keçmişin xəfif dumanına qərq
olaraq,
Buka yenidən gələr...
hələ də uyumaqda olan
Yaxşı oğlan ol, uyu...
...mübhəm çeşmələrinin pıçıltısına qarışardı.
Layla, balam, lay-lay-lay...
"O, necə də gözəl ana olub!” - Rafael düşünərdi.
Günlərin bir günü onu süd anası olmağa vadar edən o
bədbəxt hadisə haqqında danışarkən don Rafael soruşdu:
- Qualq as, qız, bu necə baş verə bilərdi axı?
- Siz ki, bilirsiniz, don Rafael! - Onun yanaqları
hiss olunmayacaq dərəcədə qızardı.
- Doğrudur, bilirəm!
Bir gün körpə ağır xəstələnmişdi; təlaşla dolu gecələr
və gündüzlər başladı. Don Rafael Emiliyaya əmr etdi ki, uşaqla bərabər onun
otağında gecələsin.
- Sinyorito, axı mən necə burada gecələyə bilərəm?..
- Emiliya dedi.
- Ah, çox sadə, - o, özünə xas olan sadədilliklə
cavab verdi, - necə yatırlar, elə.
Sadəqəlbliliyin rəmzi olan bu insan üçün hər şey
çox sadə idi. Nəhayət, həkim təhlükənin sovuşduğunu elan etdi.
- Bilirsənmi nə var? - o, Emiliyanı ağuşundan
buraxmayaraq sağaldıqdan sonra bəxtiyarlıqla gülümsəyən körpəyə nəzər saldı.
- Yox, amma hər halda deyəcəksiniz, - Emiliya cavab
verdi və qəlbi çılğınlıqla atmağa başladı.
- Bir fikirləş, qız: hər ikimiz azadıq, bizi heç nədə
təqsirləndirə bilməzlər - axı sənin hələ də o səfeh barəsində düşündüyünə
inanmıram, biz hətta onun Tukumana çatıb-çatmadığını da bilmirik - bir halda
ki, hərəmiz bir şəkildə bu körpənin anası və atası olmuşuq, gəl evlənək və iş bitsin!
- Amma don Rafael... - o, qıpqırmızı oldu.
- Qulaq as, qız, axı o zaman bizim yenə də körpəmiz
ola bilər...
Səbəb o qədər də əsaslı deyildi, amma Emiliyanı
qane etdi. Onsuz da bir damın altında yaşadıqlarından və işi uzatmağın da bir mənası
olmadığı üçün - günlər elə sürətlə keçib gedir ki, çox şey baş verə bilər! - elə
bu gecə öz talelərini birləşdirdilər və bizim müqəddəs anamız olan kilsənin və qayğıkeş dövlətimizin də
buyurduğu kimi, çox keçməmiş evləndilər.
Onlar sadə həyat sürürdülər və özlərinə görə xoşbəxtdilər - bu isə heç də az
şey demək deyil! Tanrının xeyir-duası ilə onların on övladı vardı və birdən-birə
ovçudan və oyunçudan ailə başçısına çevrilən sadəqəlbli don Rafael indi artıq
hüzur içində ölə bilərdi - ab intestato; artıq onun varisləri vardı.
Və o, hər
zaman inandığı və öz həyat fəlsəfəsinin özəyi hesab etdiyi bir cümləni daim təkrar
edirdi: "Dünyada hər şey təsadüfün işidir. Gərək taleyini ona etibar etməyi biləsən”.
*Ab intestato - vəsiyyət edərək.
Tərcümə: Dinar Həmidova