Orxan Saffari. "Döl"ə atasından məktub (Esse)
Esse
- 10.09.2020
- 0 Şərh
- 12066 Baxış
- Oğlum?
- Qızım?
...Heç bilmirəm, necə müraciət edim. Sənin mənim oğlum, yoxsa qızım olacağını da bilmirdim. Heç bilmədim də. Mən səni hələ lap yox ikən öldürdüm. Səni insan kimi formalaşmağa qoymadım. Qoymadım bədənin formalaşsın, nəfəs alasan, insana dönəsən.
- Mənim gözəl döl balam..
Əslində, mən heç vaxt istəməzdim ki, belə olsun. Düşünməzdim ki, bir gün belə bir şey olar və mən bunu etmək məcburiyyətində qalaram. Başa düşürsən? Məcburiyyət! Əşi, belə də necə başa düşəsən, axı?!..
Bilirəm, bütün səhvlər məndədir. Sənə hər şeyi açıq deyəcəm. Ananla olan münasibətdə səni heç vaxt istəməmişdik. Hərdən şirin-şirin sevgi söhbətləri edəndə xəyalını çox qurmuşuq, o heç. Amma hələki tez olduğunu düşünmüşdük. Mən isə içimdə heç vaxt düşünməmişəm. O, anan idi, mənə çox inanırdı. Mən isə bir qədər inamsız və imansız adamam. Neyləyim?!
Həm də, imkan versəydim, sən doğulacağın ölkədə vəziyyət başqa cürdür. Heç belə də insan kimi formalaşa bilməyəcəkdin. Mən atan guya doğulub adammı oldum?!
Sənin xəyalını o qədər qurmuşuq ki, əziz balam. Yarı gerçək, yarı yalan. Anan oğlan istəyirdi, mən qız. O deyirdi, oğlum sənin kimi hündür və yaraşıqlı olsun, mən deyirdim, qızım sənin kimi gözəl və həyasız.. Hərəmiz bir cür xəyal elədik səni. Mən qız olsan saçlarını yığacaqdım, keçi bağlayıb dərsə aparacaqdım, oğlan olsan, idmana qoyacaqdıq. Mən istəyirdim ki, döyüşçü olasan, anan futbolçu. Qız da olsan model..
-Ay mənim heç kim ola bilməyən balam..
Səni dünyaya gətirsəydik, özümüz də, elə böyüyəndə özün də peşiman olacaqdın. Sən bizim neçə il sonranın xəyalı idin. Mənim səhvim ucbatımdan tez gerçəkləşdin. Beləcə, mən gələcək arzumu indidən məhv elədim.
Sənə düzünü deyəcəm. Həmin gün ikimiz də içmişdik. Anan səni çox arzuladı. Mən istəmirdim... Amma oldu... Sənin gələcəyini biləndə, anan sənə hamilə olanda keçirdiyim hissləri ifadə edə bilsəydim, bəlkə də bu dünyanın ən müdrik insanı olardım... Sevinc, peşmanlıq... Hər şey qarışmışdı bir-birinə. Amma romantik hisslərə aldanmaq olmazdı! Mən rasional olmağı seçdim.
Görəsən, sən gəlsən necə olacaqdın? Böyüyüb kim olacaqdın? Açığı, bunu yazanda özümü ata kimi hiss elədim. Elə bilirəm, axşam evə gedəndə səni qoxlayacam. Böyüyəcəksən, qapıdan girəndə üstümə qaçacaqsan, qucaqlayacaqsan..
Anan yaxşı adamdı, yaxşı qadındı. Onu çox sevdim... Hə, sevdim... Artıq anan da getdi. Hərə bir cür gedir də!
Amma indi sənə başqa bir xəbərim var, gözəl balam. Ananla o söhbətlərdən sonra ayrıldıq. Üstündən aylar keçdi, eşitdim ki, artıq evlənir. Bunu sənə yazdığım gün sənin bir qardaşının olduğu gündür...
Həə, gözəl balam. Belə. Anan mənim kimi hündür və yaraşıqlı olmasa da, bir adama ərə getdi. Ondan da uşaq doğdu. Bax, o uşaq sənin yerinə gəldi, balam. O, sən olmalı idin. O, sən idin, gözəl qızım, kişi oğlum. İndi o oğlan sənin yerinə futbolçu, döyüşçü olacaq.
Mən isə bilmirəm. Başqa da heç nə demək istəmirəm. Bir az sözüm yoxdu, bir az da üzüm gəlmir.
Bağışla..