Rahid Ulusel. Dözməyə can bəslərik (Qaravəlli)
Poeziya
- 05.09.2020
- 0 Şərh
- 7628 Baxış
Dağdan dərə səsləyir
Bizim maqnit Qələndər.
Dözməyə can bəsləyir
Dərd üstə dərd gələndə.
Qələndər, ay Qələndər...
Var-yoxunu sümürdü
Bizim anqut Səməndər...
Neftin – kapitala döndü,
Özün – abdala döndün.
Qəm üstünə qəm əndər...
Qələndər, ay Qələndər...
Şiltə-şiltə olubsan
Kor şahsevənliyində...
Qələndər, ay Qələndər...
İçməyə – qan bəslərik!
Dözməyə – can bəslərik!
Cibişdanın ekranı
Qəpik-quruş göstərir,
Aztevenin diktoru
Bülbül kimi ötəndə,
Qələndər, ay Qələndər...
Ömrün boyu mumladın...
Şəklini çəkdir barı
On ildə bir dinəndə,
Qələndər, ay Qələndər...
"Vətən!” deyə çubuq sanc
Küncdə-bucaqda-tində,
Qələndər, ay Qələndər...
Axtardığın hardadır? –
Nə səndədir, nə məndə!
Qələndər, ay Qələndər...
İçməyə – qan bəslərik!
Dözməyə – can bəslərik!
Ah çəkməyə zaman yox:
Muzd işin – bir kalendar
Qələndər, ay Qələndər...
Nədən gözün yaşlanır
Hətta üzün güləndə?!
Qələndər, ay Qələndər...
"Yasin”ə qənaət et
Tarappadan öləndə
Qələndər, ay Qələndər...
Evinin üç öynəsi –
Şorabadır yavanlıq.
Sağ-salamat qayıtsan,
Qənd alarsan gələndə...
Qələndər, ay Qələndər...
İçməyə – qan bəslərik!
Dözməyə – can bəslərik!
Hərdən qarışdırıram:
Səməndərsən, Qələndər?!
Fərqi varmı bunun heç:
Ya ol – yeyən Səməndər,
Ya – yeyilən Kələntər,
Sünnət oğlu Biləndər,
Dövlət oğlu Səməndər...
Camış kimi sağırlar
Qamış kimi əkirlər
Səni bataqlıqlara
Göy gölündə üzənlər...
Qələndər, ay Qələndər...
Dizim yerə sancılır
Sən yuxuma girəndə...
Qələndər, ay Qələndər...
İçməyə – qan bəslərik!
Dözməyə – can bəslərik!
Heç bilmirsən hardasan:
Avropadan öndəsən,
Afrikadan daldasan?!
Yekələrin gözündə –
İt başında xaltasan.
Heç səni əsgi saymaz
Çəkməsini silənlər...
Qələndər, ay Qələndər...
Səndən yaxşı dolanır
Tropik meşələrdə
Ağacın təpəsində
Banan yeyən lüt əntər...
Qələndər, ay Qələndər...
İçməyə – qan bəslərik!
Dözməyə – can bəslərik!
İçinə salma bunu –
Yel olub öt yanından.
Səni evdə gözləyir
"Gümüş” adlı bir itin,
"Qızıl” adlı bir danan,
Altı qızın başında
İldə birini doğan
Qaloşu parıldayan
Qayışbaldır Simu-Zər...
Qələndər, ay Qələndər...
İçməyə – qan bəslərik!
Dözməyə – can bəslərik!
Suvaq vurduğun otel
Bilirsənmi kimindir?! –
"Yatırım” yatırılan –
Parıldayan nə varsa –
Yastı damından başqa –
"Qazan”ın başındakı –
Ailə dəftərində,
Qələndər, ay Qələndər...
Öl çul-çuxan içində,
Heçkim oğlu heçkimsən
Sıfırların önündə...
Qələndər, ay Qələndər...
Heç olmasa, bir diksin
Vicdan qəbristanlığında
Goreşənlər hürəndə
Qələndər, ay Qələndər...
İçməyə – qan bəslərik!
Dözməyə – can bəslərik!
"Yox!!!” demək yolu qanmış –
Susur, incik Qələndər.
Əzilib yastılanmış
Bizim küncüt Qələndər:
Yük altında həsləyir,
Dözməyə can bəsləyir –
Mənim "dözümlü xalqım”.
Şərab yox, yandıran su –
Süzməyə qan bəsləyir.
Sallanıb salxım-salxım:
Dözməyə can bəsləyir!
İçməyə – qan bəslərik!
Dözməyə – can bəslərik!