Rauf Ra. İntellektə aparan yollar...
Köşə, Esse, Art, Rəssam
- 08.04.2021
- 0 Şərh
- 15674 Baxış
Keçənlərdə bir xanım feysbukda qızının çəkdiyi minimalist peyzajı paylaşmışdı. Balaca öz təxəyyülündə (xatiratında) canlandırdığı mənzərəni - kiçik evi, evdən daha hündür olan alma ağacını və onların arasından uzanan ensiz cığırı təsvir etmişdi. Bu, minimalist peyzajın diqqətimi çəkən tərəfi alma ağacındakı üç almanın və evin iki pəncərəsi ilə qapısının düzülüşü oldu. Evin pəncərələrinin və qapısının düzülüşü "T" şəkilli struktura sahib - insan simasındakı gözlər və ağızın yerləşmə nöqtələri ilə yaratdığı "tərs üçbucaq" sxemini barındırırdı. Kiçik, kənd evlərinin bu cür təsvirinə əksər uşaq rəsmlərindən vərdiş almışıq. Lakin bu rəsmin əsas maraqlı cəhəti evin bu formada təsviri ilə bərabər, ağacın da, yəni ağacın üzərindəki üç almanın da insan simasındakı gözlər və ağız düzülüşündə ("tərs üçbucaq" formasında) təsviri idi. Demək olar ki, bütün uşaq rəsmlərində bu formada görünən, primitiv və saf simvolizmlərə rast gəlinir. Bu predmetlərin dərhal gözə batmasının səbəbi təsvirlərin əyri-üyrü xətlərlə, uyğunlaşmayan rənglərlə - saf "qüsurlar"la işlənmiş olmasıdır. Məhz bu saf "qüsurlar" dərhal təsvirin konseptini, simvolik işarələrini aşkara çıxarır. Əlbəttə ki, uşaq təsvirlərindəki (ibtidai sənətə yaxın təsvirlərdəki) belə predmetlərin yolculuğunun sonu intellektə dayanmır. Yaxud bunun qeyri-ixtiyari şəkildə alınmasını deyib yaxa qurtarmaq da olmur. Ən azından mənim, fikrimcə, "uşaq duyğusu" deyib geri çəkilmək və düşünməyi elə burdaca bitirmək daha yaxşı fikirdir.
Klassik və müasir incəsənətin təhlilində isə düşünməyi dayandırmaq geriyə sönük vizuallıqdan ötə nəsə buraxmır. Yeni intelekt dövründə modern incəsənətin intellekt prizmasından daha çox önə çıxması, klassik incəsənətin bu marafondan uzaq olmasına bənzər fikirlər formalaşdırıb. Bəzi sənətşünasların fikrincə, bu fikirlərin formalaşmasına səbəb klassik qüsursuzluqdur. Qəribə səslənsə də, mövzunun konteksti üçün yerinə düşən fikirdir. Çünki klassikada olan təsvirlər, klassik çalarlar nə qədər gözəl olsa da, məhz bu gözəllik, daha doğru desək - qüsursuzluq, təsvirin əsas mahiyyəti olan kiçik ayrıntılarını fikirdən yayındırır.
Buna misal olaraq ağla ilk gələn Da Vinçinin "Sonuncu şam yeməyi" əsərini göstərmək olar. Hazırlıqlı izləyici əsərin uğursuzluqla yekunlaşan "tempera" texnikasından sonra yenidən bərpa işlərində daha aydın sezilən, Yəhudanın önünə tökülən duzun xəyanəti təmsil etdiyini ya da xəyanət etmək üçün seçilmiş olmasındakı pis şansına bir işarət olduğunu və ya əsərdəki balıq ilan balığıdırsa, bunun İsaya olan bağlılığı təmsil etdiyini, Ringa balığıdırsa, dini inkar edən bir inancsıza işarə etdiyini və s. kimi simvolik fikirlər söyləyə, fərqli interpretasiyalara gələ bilər. Hazırlıqsız izləyicini isə əsərin möhtəşəm görüntüsü özünə tilsimləyir. Və bu tilsim bir zamandan sonra qırılıb gedir. Qırılma nöqtəsi əsərin düşüncə üzərində qurulan bütün nüanslarını da özüylə bərabər aparır. Geriyə sadəcə vizual görüntü qalır. Belə, xırda detallara Piter Klasın natürmortlarında, ümumiyyətlə, əksər klassik əsərlərdə də rast gəlinir.
Modern incəsənətin bu formada olan izləyici diqqətsizliyindən bezməsi, yaxud intellektual diqqəti yenidən əsərlərin üzərinə qaytarmaq üçün tapdığı çıxış yolu - qüsursuzluqdan əl çəkmək, diqqəti intellektə yönləndirəcək təsvirlərdən, kobud formada desək, qüsurlu təsvirlərdən istifadə etməsi oldu. Amma diqqəti intellekt yolculuğuna aparan təsvirlər təkcə fikri dolaşıq salan qarmaşa strukturlardan ibarət deyil. Bunun məcburiyyətində də deyil. Bu məqsədlə başqa formalarda, məsələn, suprematik təsvirlərlə Kazimir Maleviç daha təsir edici yol tapmışdı. Hər yeni epoxa ilə çatdırılmaq istəyən fikir, ideya hər dəfə geniş konseptuallıq təşkil etsə də, ilk baxışdan sadə görünən təsvirlərdə bir qədər də altqatlara yerləşdirilirdi və bu gün də eyni formada davam etdirilir.
Bu günün "anlaşılmazlıq"ları əslində anlaşılmaq üçün istifadə edilən intellekt gedişatıdır. Modern intellekt dövründə intellekt yolculuğundan üz döndərmək demək olar ki, mümkünsüzdür. Modern dövrün dadaistləri belə inkar etdiklərindan öz yaxalarını qurtarmağı bacarmamışdılar. Çünki intelektdən uzaq durmağa, kənar yollardan istifadə etməyə çalışsaq belə, yolun harasındasa onunla yolumuz kəsişəcək. Yaxud modern incəsənətlə bağlı fikirlərdən sonra şablonlaşmış ifadəni "Didro effekt"inə bənzər şəkildə dəyişib, "modern dövrün bütün yolları intellektə aparır", deyə bilərik.