Rəhim Əliyev. Birinci türkoloji qurultayın iki qərarı haqqında (Məqalə)
- 27.06.2020
- 0 Şərh
- 15289 Baxış
1
Müstəqillik
dövründə Birinci Türkoloji qurultay türkoloqların çox maraqlandığı mövzuya
çevrilib. 1926-cı ildə baş tutmuş qurultayın 80 və 90 illik yubileyləri az qala bayram kimi qeyd
edildi, stenoqram və müxtəlif məqalələr
məcmuəsi buraxıldı. Özlüyündə bu müsbət bir haldır, dilçilər arasında millətçi
düşüncənin daha da artdığını göstərir. Bəzi tarixçi və jurnalistlər Türkoloji
qurultayı az qala millətçi ziyalıların fəaliyyətinin və təşkilatçılığının nəticəsi
kimi təqdim edirlər. Lakin belə təşəbbüslər tarixi həqiqətə ziddir. Birincisi,
bu qurultay türkoloqların yox, SSRİ Millətlər
Komissarlığının planı əsasında baş tutub. İkincisi isə, bu qurultayın yaxşı nəticələri
ilə yanaşı pis nəticələri, türk xalqlarının maarifinə və tərəqqisinə ziyan
vermiş nəticələri də olmuşdur. Biz bunlardan ikisi: ərəb əlifbasının dəyişilməsi və orfoqrafiya haqqında qərarlar barədə
danışmaq istəyirik. Bunların hər ikisi ziddiyyətli idi, birmənalı deyildi.
Birinci,
əlifba dəyişməsi anlayışı haqqında. Mədəni xalqların heç birində əlifba dəyişdirilməsi
faktı olmayıb, olanda da ancaq dinin dəyişməsi ilə bağlı olub. Bunun da sadə
bir səbəbi var: hər bir xalqın mədəniyyəti, ilk növbədə, onun öz dilində
yazılmış mətnlərdən ibarətdir. Xalqlar öz birliyini ortaya qoyub sübut etmək
üçün ən çox bu mətnlərin vahid bir mədəniyyət olması və eyni bir dildə, onun ləhcəsində
yazılması ilə sübut edir. Hər bir xalqın birliyi onun tarixən yaratdığı mətnlərdə
və bunlarda sabitləşən ədəbi dildə, milli birlik şüurundadır. Biz xalq kimi öz
birliyimizi və qədimliyimizi, ilk növbədə XIII-XIV əsrlərdə təşəkkül edən
türkdilli mətnlərimiz vasitəsi ilə əsaslandırırıq və deyirik ki, biz də qədim xalqıq. Hər bir xalqın tarixi öz dilində
ortaya gələn mətnlər və bunlarda istifadə edilən yazı mədəniyyəti ilə bağlıdır.
Ona görə 1949-cu ildə Fələstində İsrail
dövləti yaranan kimi onlar yəhudilərin əksəriyyətinin çoxdan unutduğu ivrit
dilini dövlət dili elan etdilər. Əslində
ivrit qədim arami ədəbi dilinin yazılı ləhcəsi idi. Amma yəhudilərin ağıllı
başları bilirdi ki, dövlətin tarixi xəritədə yeri olmalıdır, bunsuz onu heç kim
qəbul etməz. Ona görə də İsrail dövləti özünü iki min əvvəl Fələstində olmuş
yarımif dövlət qurumunun və onun ərazisində istifadə edilmiş qədim yazı ləhcəsinin
varisi elan etdi. Bütün İsrailə köçən yəhudiləri də məcbur etdilər ki, ivriti
öyrənsinlər. Bu dil milyon sözdən ibarət deyildi, qədim mətnlər cəmi 1200-1600 söz və birləşmədən ibarət idi və hövsələli yəhudilər
bunu öyrəndi.
Rusiya
türklərinin əlifbasını dəyişmək məsələsi rus çarlarının fanatik və mistik
ideyası idi. Əslən ruhanı köklü olan
Romanovlar bütpərəst Sibir xalqıarını
xristianlığa gətirdilər və bununla özlərini Allah qarşısında ən böyük savab
sahibi hesab etdilər. Çünki kimsə çarlara sərsəm bir ideya təlqin etmişdi:
Rusiya müsəlmanlarını da pravoslav kilsəsinə gətirmək olar, amma bunun üçün əvvəlcə
onları Quranın əlifbasından ayırmaq lazımdır. Ruslar necə xristian olduqlarını
yaxşı bilirdilər. Onların yazısı vizantiyalı hakim qeysərin əmri ilə Kiril və
Mifodinin qədim slavyanlar üçün
yaratdığı əlifba ilə başlayırdı. İndi bu cür müsəlman türklər (tatarlar) üçün də
yeni dinin yaranması təzə əlifba ilə, yəni ərəb əlifbasının kiril əlifbası ilə
dəyişməsi ilə başlamalı idi. M. F. Axundzadə bunun mənasını yəqin ki bilirdi və
erməni Mirzə Melkum xan kimi ruspərəst ziyalılar da buna kömək edirdilər.
XIX əsrdə
bu iş baş tutmadı. XX əsrdə Romanovlar
yıxıldı. Onların yerinə gələn bolşeviklər də Romanovlar kimi mistikaya meyilli
idilər. Ona görə xristianlığı yaymaq yerinə dünya sosialist inqilabı ideyası gəldi.
Birinci Türkiyə, İran, Əfqanıstan kimi müsəlman ölkələrində "dünya inqilabı”
etmək istədilər. Lakin əvvəlcə islam dinini aradan götürmək lazım idi, çünki
ictimai rəyi ruhanilər formalaşdırırdı və onlarsız müsəlman ölkələrində "dünya
sosialist inqilabı” eləmək mümkün deyildi. Bolşeviklər müsəlman ölkələrində
ruhaniliyin hakimiyyətini sarsıtmaq üçün çarların əlifba layihəsini yada
saldılar. Onlara belə gəlirdi ki, müsəlman xalqların əlifbasını dəyişmək onları sosialist inqilabına gətirmək üçün
yaşıl işiq yandıracaq.
Artıq
1921-cı ildə – oyuncaq qurultaydan beş il əvvəl – Moskvada bolşeviklər
Ümumittifaq Sovetləri Mərkəzi Şurası
yanında Ümumittifaq Yeni Türk Əlifbası
Komitəsini yaratdılar. Onun sədri Nərimanovun Bakı hakimiyyətində varisi Əliyev Səmədağa Ağamalıoğlu (1867-1930) oldu.
O, N. Nərimanovdan qat-qat dayaz adam
idi, Moskvanın bütün əmrlərini sözsüz icra edirdi. Ona görə Nərimanovun yerinə-vəzifəsinə qoyuldu, İnqilab Komitəsi sözünü Mərkəzi İcraiyyə Komitəsi termini ilə əvəz etdilər. Yeni əlifba
Komissiyasının sədrliyinə namizəd ona görə bizdən oldu ki, o zaman Azərbaycandan
başqa heç yerdə türk kökənli ruspərəst
bolşevik ziyalılar yox idi. Ağamalıoğlu isə, əslində, ziyalı yox, vəzifəpərəst
müstəmləkə məmuru idi. Əlbəttə, N. Nərimanov bu işdə iştirakçı olmaq istəmədi,
çünki əsərləri ərəb əlifbasında yayılmışdı və başa düşürdü ki, əlifba dəyişikliyinin
milli tərəqqi ilə heç bir bağlılığı yoxdur, bəlkə əksinədir. Daha doğrusu, müsəlman
türklərin siyası yönünü dəyişməyə xidmət edir.
Ağamalıoğlu
Qori Seminariyasını bitirmişdi, amma bilik və savadından böyük mövzulara
girişir, əsərlərində bütün türk
xalqlarının mədəni "qayğı və problemlərindən” danışırdı. Əslində isə, türklərin
qayğılarından yox, Moskvanın Rusiya türklərini islam köklərindən ayırmaq
planlarına xidmət edirdi. Onun kitablarının adlarına baxın:
"Azərbaycanın
siyasi vəziyyəti" (1919)
"Bizim
yolumuz hayanadır?" (1924)
"Türk
aləmində mədəni məsələlər" (1924)
"Türk-tatar
xalqlarının təxirəsalınmaz mədəni ehtiyacları" (1925)
"Elmdən
və tarixdən", "Yeni türk əlifbasının müdafiəsində" (1927)
"Oktyabr
inqilabı və yeni əlifba" (1927)
"İki
mədəniyyət"(1929) və s.
Ağamalıoğlunun bioqrafiyasında yazırlar ki,
Leninlə görüşüb, əslində isə, belə bir görüş olmayıb. N. Nərimanovun yerinə
onun namizədliyi irəli sürüləndə nomenklatur qaydada V. Lenin onu qəbul edib.
O, Leninə Millətlər Komissralığının qarşısına qoyulan vəzifələri can-başla
yerinə yetirəcəyini vəd edib. Bunlardan biri də türklərin özünün xəbəri olmadan
onların əlifbasının dəyişilməsi söhbəti olub. Moskva əlifba layihəsini icra
üçün xırda adamlardan istifadə edirdi.
1926-ci
ildə bolşeviklər Türkoloji qurultayı Bakıda təşkil etdilər. Daha doğrusu,
Rusiya büdcəsi hesabına hər türk tayfasından 1-3 adam yığıb, adını qurultay
qoydular. Qurultay nümayəndələri kimi təmsil edirdilər? Ancaq özlərini, çünki mənsub olduqları
tayfalardan mandat, etimadnamə almamışdılar. Hamısı da marksist və ya marksizmə
meyilli adamlar idi. Üçdə biri isə heç qurultaya niyə gəldiyini bilmirdi,
partiya orqanları onları ezamiyyətə yollamışdı. Cəmi yüz ona yaxın adam idi,
saysan türk ləhcələrinin sayı bu rəqəmdən çoxdur.
Bizim
tərəfdən bu işi Moskvanın təsiri ilə dəsrəkləyənlər cavan və az savadlı
bolşeviklər idi. Azərbaycan ziyalı və müəllimlərinin böyük əksəriyyəti isə
latın əlifbasının əleyhinə olub. Amma bolşeviklər bu mövqedə olanlara mətbuatda
çıxış etməyə imkan verməyiblər. İndiki "qurultayşünaslar” da buraxılan kitablarda əlifbanın dəyişilməsi
əleyhinə olanların mövqeyi barədə bir kəlmə belə yazmır.
Çünki
latın əlifbasını tərifləyənlər, bunun Azərbaycana tərəqqi gətirəcəyini deyənlər
elə Ağamalıoğlu kimi sadəlövh idilər. Növbəti əlifba dəyişikliyi haqda da bunu demək
olar: tarix ikinci dəfə təkrar olunanda məzhəkə kimi təkrar olunur. Bu bizim
millətçi ziyalıların başındakı cəhalətin törətdiyi hadisə oldu.
1930-cu
ildə rəsmən latına keçiddən cəmi on il sonra artıq "türklərdən” heç nə
soruşulmadan Moskvanın fərmanı ilə Azərbaycan əlifbası kirilə çevrildi. Bu əlifba
islahatının siyasi mənasını və hədəflərini ortaya qoydu: ruslaşdırma.
Moskva
istədiyi qərarların qəbuluna nail oldu. Qurultay heç bir səlahiyyəti olmasa da,
əlifbanın dəyişməsi haqda "qərar " qəbul etdi. Moskvadan bəri bütün bolşevik mətbuatı
Birinci Türkoloji Qurultayın keçirilməsi və türk xalqlarının latın əlifbasına keçməsi barədə qərarını
yaydı. Halbuki türk xalqlarının, o sıradan Azərbaycan xalqının bu qərardan xəbəri yox idi. Üstəlik, o zaman savadlı adamların və
ruhanilərin əksəriyyətinin buna qarşı olduğu nəzərə alınmadı və heç
xatırlanmadı.
İndi
biz Birinci Türkoloji Qurultayı tariximizdə və dərsliklərdə necə qeyd etməliyik?
Əlbəttə, obyektiv şəkildə desək, şüurumuza və milli yaddaşımıza nəhəng ziyan
vurmuş bir hadisə kimi! Bayram kimi yox. Çünki latına keçiddən sonra Azərbaycanda
təhsilin səviyyəsi aşağı düşüb, əmək məhsuldarlığı da bir zərrə artmayıb,
çoxsaylı fabrik və zavodlarımız bağlanıb. Çünki əlifba tərəqqi aləti deyil,
savad və məlumat almaq alətidir. Bu isə fərdi zəhmətlə olur, rusdan qalan təhsil sistemini dağıdıb sadələşdirməklə
yox. Bir də əlifba dəyişməsi Azərbaycan xalqını 1940-cı ilə qədər yaranan azı
600 illik mədəniyyətə yad edib, yəni yaddaşsız topluma çevirib.
2
Birinci
Türkoloji qurultayın mübahisəli qəraralarından biri orfoqrafiya haqqında idi. Bu qərarda göstərilirdi
ki, yeni əlifba üçün opfoqrafiya qaydaları fonetik və morfoloji principə əsaslanır. Məsələnin özünün qoyuluşu doğru deyildir.
Qurultaya qədər Azərbaycan ləhcəsində 600 illik tarixi olan yazılı mətn və yazı
təcrübəsi vardı, yəni yaxşı-pis orfoqrafiya formalaşmışdı. Amma bu qərardan belə çıxırdı ki, kimlərsə
yeni orfoqrafiya yatatmalıdır. Halbuki təkrar edirik, 600 illik anadilli mətnlərdə
müəyyən yazı qaydaları ənənəsi var idi. Bu qaydalar o qədər sabit idi ki, əksər
türk tayfalarında Nəsimi, Füzuli, Yunis Əmrə kimi şairlərin şeir divanlarını
oxuyub başa düşürdü. Heç kimin təsdiq etmədiyi, tərtib etmədiyi "natamam” ərəb əlifbasına əsaslanan yazı qaydaları,
əslində, kortəbii ümumtürk dili idi. Və bu ümumtürk dili haqqında söhbətlər də
ümumtürk şairlərinin mövcudluğundan doğmuşdu, onların bütün məkanlarda və bölgələrdə
rahat oxunmasından doğmuşdu.
Bu mənada,
yeni orfoqrafiya yaratmaq bəyanatı savadsız bir iddia idi, çünki olan şeyi
yenidən yaratmaq olmaz. Söhbət anacaq tədris niyyəti ilə orfoqrafiya lüğətləri
tərtib etməkdən gedə bilərdı. Böyük dolaşıqlıq yaradan məsələ fonetik prinsipin
bizim orfoqrafiyanın əsası kimi irəli sürülməsi idi.
Ərəb
əlifbasında yazılan divan ədəbiyyatının mətnlərində müəyyən özünəməxsus
orfoqrafik qaydalar var idi. Bütün hallarda yazanın özünün savad və vərdiş səviyyəsi
mühüm rol oynayırdı, klassiklərin, Füzuli qarışıq, savadsız katibləri qınaması
da burdan gəlirdi. Lakin tarixilik prinsipi sadə bir şeyə əsaslanırdı: sözü düz
yazdığına şübhələnəndə əlinə düşən birinci kitaba baxmaq kifayət idi, yəni əvvəl
yazılan kimi yazmaq kifayət idi. Sual doğa bilər: orfoqrafiyada tarixilik
prinsipi necə yaranıb, birinci kitab hansı olub?
Yeni
eradan əvvəl ikinci əsrə qədər sözləri tələffüz olunan şəkildə yazırdılar. Daha
doğrusu, orfoqrafiya anlayışı olmayıb. Nəzərə almalıyıq ki, müasir maarifin
yaranmasının ən mürəkkəb məsələsi elə əvvəl yazılan mətnləri düz oxumaq
problemi idi. İndi hər məktəblinin evdə orfoqrafiya lüğəti olduğu bir şəraitdə
bunu başa düşmək asan deyil. Amma orfoqrafiya anlayışı yaranana qədər 150 min
il insanlar yazı yazıblar. Amma onlar itib batıb, bizə çatanları isə indiki alimlər tapmaca kimi oxuyur. Niyə?
Ona görə ki, orfoqrafiyasız yazılan yazı fərdi istifadə üçün olur, çünki ümumi
oxunuş kodu olmayan, yəni orfoqrafiyasız yazılan şeyi oxumaq, daha doğrusu,
identik, eyni cür oxumaq qeyri-mümkündür. Ona görə yazı-pozu öyrənməyin ən çətin
yeri yazmaq yox, əvvəlkiləri düzgün oxumaq olub. İndi də eşidirik ki, filan məktəbdə
7-ci sinifdə şagirdlər höccələyə-höccələyə kitab oxuyurlar, əslində kitab
oxumağı öyrənməyiblər. Nəyə görə oxumaq yazmaqdan vacibdir və çətindir ? Ona
görə ki, yazı informasiyanı maddiləşdirmək di. Oxumaq isə informasiyadan
istifadə di. Mətn oxunmursa, yazı istidadəyə yaramır, lazımsız olur, tərəqqiyə
xidmət edə bilmir və mədəni dövriyyədən çıxdaş olur.
Orfoqrafiya
həm də savad öyrənən adamın özündən əvvəlki mətnlər və informasiya bazasından
istifadə etmək məsələsidir. Bunsuz min illər sivilizasiya yerində sayıb. Ona
görə ki, əvvəlki informasiya daşıyıcılarına, kitablara yol tapmaq, onları mənimsəmək
üçün universal və sabit kod yox idi, yəni orfoqrafiya mövcud deyildi. Hətta
orfoqrafiya epoxasına can atmaq danışığa, qulaqla eşidilənə mümkün qədər yaxın
olmaq kimi başa düşülürdü. Belə də yazırdılar. Amma sonraki nəsil bu yazları
oxuya bilmirdi, daha doğrusu, hərə bir cür oxyurdu. Yəni keçmişlə informasiya əlaqəsi,
keçmiş biliklərlə varislik əlaqəsi yarana bilmirdi, adamlar öləndə bilikləri də
onlarla ölürdü, sonraki nəsillərin malı olmurdu. Nəyə görə? İndi sadə görünən
orfoqrafiya kodunun yoxluğuna görə! Bu kodun yoxluğu qədim zamanlarda dini
kitabların avazla, ritmlə oxunub əzbərlənməsi ilə doldurulurdu. "İlliada” və "Oddiseya”, Tövrat və Quran ritmik şeirlə yazılıb. Nə üçün? Ona
görə ki, qədimlərdə bu kitabların oxunuşu xorla oxu şəklində öyrədilirdi. Müsəlman-türk
ordularında mollalar əsgərlərə dini qoşma dilində, yəni ritmikadan stifadə etməklə
təbliğ edirdilər. Bütün dinlərdə ruhanilər
müqəddəs kitabları ritmlə oxuyur və təbliğ edirlər. Bizim mollaxanalarda da dünənəcən
belə idi. Məhz tədris məqsədi ilə orta əsrlərdə elmi kitablar ritmik nəzm kimi
yazılırdı, şagirdlərin bu kitabları düz və başlıcası, asan oxuması və yadda
saxlanması üçün belə edilirdi.
Bəs
orfoqrafiya necə yarandı?
Orfoqrafiya
da bəşərin əksər kəşfləri kimi təsadüfən
yaranıb. Yeni eradan əvvəl ikinci əsrdə Fələstində ruhanilər Tövrata 60 fəsillik
(cildlik) şərh yazdılar və bu şərhlər tarixdə Talmud adı ilə qalıb. Bu şərhlərə
qədər allahlar haqqında kitablar peyğəmbərlərə (kahinlərə, katiblərə) aid
edilirdi. Talmudda ilk dəfə Tövratın müəllifliyi Allaha aid edildi və onun
Allah yazısı olduğu irəli sürüldü. Yazdılar ki, Tövratı Allah Musaya şifahi şəkildə
verib, sonralar isə onu yazıya alıblar. Bu ehkamın sivilizasiya üçün çox böyük
nəticələri oldu:
1.
Tövratın tarixilik prinsipi ilə əvvəlki əlyazmalarla mütləq eyniyyət şəklində
köçürmək tələbi meydana çıxdı, Allahın kitabını səhv köçürmək ağır günah elan
edildi. Yəni əslində Tövratın Allahın sözü elan edilməsindən orfoqrafiya
anlayışı ortaya gəldi və Tövratın özü ilk orfoqrafiya kitabı oldu. Sonra İncil,
Quran da bu vəzifəni yerinə yetirirdi.
2.
Kitabxana və kitabın müqəddəsliyi anlayışı yarandı. Allahın sözünü atmaq, yandırmaq günah elan edildi. Köhnə kitablar üçün kitabxanalar yarandı və
onlar qorunmağa başlandı. Yalnız bundan sonra yazılı mətnlər universal
informasiya daşıyıcısı oldu.
3.
Allah kəlamını səhv yazıb, oxumaq günahından qaçmaq üçün Allah yazısı olan
Tövratı (oxu: İncil, Quran) düzgün köçürmək və düzgün oxumaq məqsədi ilə ana
dilində təhsil və məktəb yarandı. Bu, indiki icbari orta təhsillə və vahid
ümümbəşəri informasiya bazasının yaranması ilə bitdi. Bircə Quran tərcümə
olunmadığı üçün müsəlman xalqlar bu dinə
gəlməklə anadilli məktəb sahibi olmadılar. Yalnız İranda yunan əlifbasına əsaslanan yazı və məktəb
qaldı. Amma o da islamlaşıb ərəb əlifbasına keçdi.
4.
Növbə ilə bütün xalqların yazısında tarixilik prinsipinə əsaslanan orfoqrafiya
anlayışı yarandı. Orfoqrafiya sivilizasiyanın tərəqqi sürətini 100 dəfə
artırdı. Çünki orfoqrafiya sayəsində heç bir informasıya, hətta söz belə yazıya düşəndən sonra itmədi. Yəni, zözün,
yazınin əbədiliyi bərqərar oldu və s.
Həqiqət
budur ki, bizim 600 illik divan yazısı və divan ədəbi dilinin orfoqrafiyası
tarixilik prinsipinə əsaslanırdı. Bu nə deməkdir?
1.
Quranda olan və bizim dilimizdə işlənən sözlər Quranda yazıldığı kimi
yazılırdı.
2. Hər
bir söz qələm əhlinin həmin sözü oxuduğu əvvəlki kitabda, divanda olduğu kimi
yazılmalı idi.
3.
Fars sözləri (lüğətimizin yarısı saydadır) fars dilində yazldığı şəkildə, yəni
Firdösidə, Hafizdə, Sədidə və s. olduğu kimi yazılırdı. XIV əsrdən 1920-ci ilin
sentyabrına qədər mollaxanalar əsas məktəbimiz olub və onların ana dili farsca
olub.
Osmanlı
imperiyasının 1911-cı ildə Birinci Balkan müharibəsində məğlubiyyəti və böyük ərazilər
itirməsundən sonra türk millətçiliyi ideyaları Azərbaycanda və digər müsəlman türklər arasında sürətlə yayılmağa
başladı. Müsəlman türkləri qorxdular: Osmanlı dövləti xristian dövlətləri tərəfindən
aradan götürülərdisə, türklərin yeganə dövləti yox olardı. Bu qorxu türk həmrəyliyi
və türk mədəniyyətini bərpa etmək hərəkatı yaratdı. Birinci qurultaya yığılmış əsas
dilçilər bu ovqatda idilər. Onlar türk mədəniyyətinin ərəb və fars mədəniyyətindən
ayrı köklərini axtarırdılar. Bu ifrat sadəlövh ovqatlar idi, çünki türk mədəniyyətini fars-ərəb mədəniyyətindən
ayırmaq mümkün deyildi, bu, müəyyən mənada
bir mədəniyyət idi. Necə ki, fransız və
ingilis mədəniyyətlərini xristian mədəniyyətindən ayırmaq mümkün deyil və bu,
heç kəsin ağlına gəlmir.
Qurultayın
orfoqrafiya ilə bağlı reallığı görməməzliyə vuran qərarı həm də bu ovqatlarla
bağlı idi. Avropa dilçiliyindən məlumdur ki, türk dilləri aqlitunativ tipə
aiddir. Ona görə qərara gəldilər ki, morfoloji prinsipi əsas tutmaq lazımdır. Şəkilçilər,
köməkçi sözlər hamısı sözün arxasına süni olaraq yapışdırıldı.
1. Hətta
sual mənası yaradan mi-nı da şəkilçi kimi sözə qoşdular. Halbuki "mi” şəkilçi deyil. Necə ki, "görən gəlib?”, "ola
gəlib?” – ifadələrində sual mənası müstəqil sözlərlə yaranır.
2. Şərt
mənası yaradan "sə” də şəkilçi deyil və
ayrı yazılmalıdır, danışıqda da ayrı vurğu ilə deyilir.
3. Gələcək
zamanı bildirən "acey/acax,/ acağ”-ı da şəkilçiyə aid edib, süni olaraq "acaq”
şəkilçisi yaratdılar. Heç kəs indi də "acaq”, yəni "q” səsi
ilə tələffüz etmir.
4.
Dilimizin ən doğma bağlayıcısı olan nan
sözünü yazıdan qovdular. Yerinə və, ilə
yazdılar. Rəhmətlik Səlim Cəfərov mühazirədə dedi ki, nan hal şəkilçisi qəbul
olunmadı, çünki ismin yeddinci halını istəmədilər. Amma nan şəkilci seyil, müstəqil
sözdü və ayrı yazılmalıdı.
5.
Miş/biş keçmiş zaman bildirən sözü də şəkilçi
elədilər. Azərbaycan dilinin xəbər formaları içində mişdi, mişmiş, ibdi kimi tavtaloji və səhv xəbər
formaları norma sayıldı. Biz məktəbdə
oxuyanda dərslikdə olub, edib, yeyib, gəlib formaları feli bağlama adlanırdı. Amma mən bu bağlamanın nə olduğunu
indi də anlamıram. Ib/ib şəkilçisi keçmiş zamanda hərəkət və hadisənin
bitdiyini bildirir. Atam gəlib. Qonşu ölüb və s. Çörəyimi yeyib, işə getdim, –
cümləsi tabeli mürəkkəb cümlə sayılır, əlbəttə, səhvdir. Çörəyimi yeyib, getdim
işə. Tabesiz mürəkkəb çümlədir. İb də müstəqil xəbər şəkilçisidir. Türk
tayfaları iç-içə yaşayıblar. Ona görə bir tayfada işlək olan xəbər şəkilçisi o
biri tayfada kafi sayılmayıb. Yazıb: gəl+miş+dir. Səhv formadı. Ya gəldi olmalıdı, ya da gəlmiş. Cənub
ləhcəsində miş çox vaxt di-siz işlənir.
Dünya dillərində zaman mənası yaradan sözlər adətən ayrı yazılır. Amma kor-koruna hər şeyi şəkilçi etmək pis
bir ehkamçılıq əlamətidir. Bəzi dilçilər
orfoqradiyanın morfoloji prinsipə əsaslammasını hər şeyi şəkilçiləşdirmək kimi
başa düşdülər. Bunu edənlərə elə gəldi ki, türkcənin spesifikasına
yaxınlaşırlar. Amma əslində dilin canlı və işlək faktlarını orfoqrafik normadan
kənar elan edirdilər. Hansı ki – sözü düz deyil. Ki nən cümlədə bir budaq cüməsi
işlənə bilər. Canlı dildə axı belə deyil. Belə süni normalar dilin elastik ifadə
imkanlarını, xüsusilə, bədii dili şikəst edir.
Hər
şeyi süni şəkildə şəkilçiləşdirmək, xüsusilə, mənsubiyyəti ancaq şəkilçi ilə
bildirmək, yazı dilini ağırlaşdırır. Aydındir ki, biz hər yazı işarəsini həm
yazmağa, həm oxumağa fiziki enerji, diqqət sərf edirik. Ona görə bilməliyik ki,
uzun şəkilçilərdən istifadə ana dilimizi ağırlaşdırır. Bu o deməkdir ki, biz müəyyən
həcm informasiyanı yazmaq və ya oxumaq üçün tutaq ki, ingiılisdən və rusdan
artıq enerji sərf edirik. Yeri gəlmişkən, bizim hələ milli klaviatura düzümümüz
də yoxdur. Başqa dilə xas klaviaturadan istifadə bizdən, məsələn ingilisə nisbətən
eyni işarə sayını yazmağa daha artıq enerji aparır. Bizim itkilərimiz belə
xırdalıqlardadır, əlifbanin yaxşı-pisliyində deyil.
Bizim şəkilçi ilə yazmağa aludəliyimizdən bir
neçə misal gətirək. Elə öz mətnimizin əvvəlki hissəsindən:
1. fəaliyyətinin və təşkilatçılığının nəticəsi – ifadəsini götürək. Burada qara ilə
seçdiyimiz iki şəkilçi artıqdır ( diqqət edin, biz "səhvdir” demirik). Əgər ifadəni "fəaliyyət və təşkilatçılıq nəticəsi”
kimi yazsaq altı işarə qənaət olur, yəni oxuma və yazma asanlaşır.
2.
İşlə+ yir+ ik – xəbər formasını götürək. Burada tavtalogiya var, yəni bir xəbərə
həm üçüncü şəxs məncubiyyəti (yir), həm də ikinci şəxs cəm mənsubiyyət (ik) şəkilçisi
qoşuruq. Bu daşlaşmış deyimdi, amma səhvdi. Olmalıdı: işlirik ( istirik, gözlürük və s.)
3.
Aradan götürülərdisə – ifadəsini: aradan götürül sə iydi – şəklində
yazmaq və oxumaq daha rahatdır.
4. Şəxs
əvəzlikləri təyin kimi işlənəndə ikinci sözdə məncubiyyət şəkilçisi
tavtologiyadır. Məsələn, bizim xalqımız, bizim ordumuz ifadələri daşlaşıb. Amma bilməliyik ki, üslubi səhvdir və
bizim xalq, bizim ordu şəklində yazımalıdır. Və ya bizim hələ milli klaviatura
düzümümüz də yoxdur – ifadəsi də səhvdir, burda da tavtologiya var. Əgər ifadənin
əvvəlində bizim mənsibiyyət əvəzliyi varsa, "düzümümüz” tamalığında müz forması
artıqdır. İfadənin düzgün forması belə yazılmalıdır: bizim hələ milli klaviatura düzümü də yoxdur.
İşarələrin sayını azaldan hər şey düzdür, çünki yığcamlıq və qısalıq danışığın
və yazının təsir gücünü artırır.
5. Cənublu
yazıçı və dilçu Nasir Mənzuri türkcə nəsr əsərlərində dır xəbər şəlilçisini
ismi xəbərlərə aid olanda ayrı yazır. Sayırıq ki, bu düzgündür. Çünki Quba
dialektində və bəzi dialektlərdə Gələ dü, ala du, apara di – formaları ayrı vurğu ilə işlənir. Diqqət
etsək, bizim şifahi ədəbi danişiq
dilimizdə də "dır” xəbər şəkilçisi müstəqil xəbər bildirən söz kimi işlənir.
Amma yazıda bu yoxdur. Məsələn, "kitab yaz dı, ailə dağıl di, ürək daşdan di – kimi ifadələrdə müstəqil xəbər
bildirən di sözü işlənir və sayıram ki, onun hələlik heç olmasa bədii dildə işlənməsi
məqbuldur. Di -- müstəqil xəbər sözü
Füzuli dilində və başqa klassiklərdə də vardır.
Fonetik
prinsipin tətbiiqində də eybəcərliklər və səhvlər yaratdılar. Bütün qaydalarda
istisna var, bütün dillərdə belə di.
1.
Ahəng qanunu da universal orfoqrafik prinsip edildi. Amma unutduq ki,
Sösür demiş, dil müstəqil orqanizm di, savadlı və savadsız dilçilərin müdaxiləsini
qəbul etmir. Ahəng qanununa görə orfoqrafik norma kimi atanı yazdılar. Amma
adamlar ateyin, atoun deyir və deyəcək. Əlli qurultay da bunu dəyişə bilməz.
2.
Dilimizdə dan/ nan çıxışlıq hal şəkilçiləri paralel işlənir. İkinci variant
orfoqrafiyadan kənar qaldı. Indi atandan yazırıq, amma danışıqda atannan/
atonnan, əlünnən, cibünnən şəklində deyirik.
3. Dərsliklərdə
yazırlar ki, dilimizdə sağır nun səsi var. Amma bu da doğru deyil. Dilimizdə
ou/oun diftonqu var (O və qısa U), bu diftonq n foneminə yaxın məxrəcdə
tələffüz olunur. Sana sözündəki sağır nun səsi əslində A hərifinin dialekt təəffüzüdür.
Bizim dialektlərdə bu A-nın daha üç variantı var. Lənkəran A-sı, Məsələn haa?
–sual sözündə Lənkəranlılar A-nı az qala burunda tələffüz edirlər. Naxçıvanda
A-nı burunda amma cingiltili tələffüz edirlər. Məsələn, maaa. Səlyanda isə uo
diftonqonu A-ya yaxınlaşdırıb udlağa yaxın məxrəcdə tələffüz edirlər. Məsələn:
Oa dedi. Bu oa-da N səsinin məxrəcinə yaxın bir şey də tələffüz olunur. Bunları
nəzərə alsaq, onda biz Azərbaycan dilində sağır nun dan başqa daha üç nun
variantından bəhs aça bilərik. Amma bunu etmək olmaz, çünki dildə bütün
normalar variantlıdır və mütləq fərdi və dialekt variantlarında olur. N-nun bu
variantları da bir fonem kimi qəbul edilib, kitablarda da belə yazılmalıdır.
Amma
təəssüf ki, ou difqonqu da orfoqrafiyada əksini tapmayıb, halbuki bu difqonqla
tələffüz olunan onlarla əsas lüğət fonduna aid sözlər var. Məsələn:
Dou,
qırou, birouz, çarhovuz, souğ, qouğ, Murou, Touz, Qouvlyar, nouhur, girou, bizou, tilou, zınqırou, qourma, sourma, soura, toulama, qoulama,
qouzama, çoumaq, soumaq, timou, hırnou, firoun, sincou, Şirou, Şamou, Safou,
qoun, pilou, gour, mişoul, qaroul, Kintou, piştou, siçoul və c.
Bu
sözlərin əksəriyyəti ən qədim hind-Avropa kökündən olan sözlərdir. Ou diftonqu
Avropa dillərinin çoxunda, o sıradan ingilis dilində də var. Pişto sözü rus
dilindən gəlmədir. Əsli piston di və göstərir ki, bu diftonq hətta əcnəbi sözlərin
tələfüzünü də özünə uyğunlaşdırır. Bu diftonqun dilə doğmalığının göstəricisidir.
Əbəttə,
biz demirik ki, Türkoloji qurultay xatırlanmasın. Tarixi yox etmək komiklikdir,
gülüncdür. Amma tarixi çəhrayı boyalarda vermək də komikdi. Biz tariximizi
obyektiv işiqlandıraq. Belə olmayanda indi də dilimizdə reformalat təklif edn
adamlar ictimai rəyi şaşdırır. Dilin taleyi və inkişafı incə, mürəkkəb bir məsələdir.
Onu doğru işiqlandırmaq və cavan nəsillərə çtdırmaq lazımdır. İkinci tərəfdən
bizdə getmiş ziyanlı dil reformatorluğunun təsitri ilə indi cənubda da həmvətənlərimiz
fəallaşıb. Orda da hey orfoqrafiya müzakirələri gedir.
Biz
apastrofu orfoqrafiyadan çıxardıq. Firudin Cəlilovin bu bu barədə məqaləni "Əbəbiyyat və incəsənət”
qəzetində çap etdirəndə mən şöbə müdiri kimi bu işə tərəfdar olmuşam. Amma indi
etiraf edirəm ki, səhv mövqe tutmuşam. On beş il sonra Qazi Bürhanəddin və Nəsimi
haqqında monoqrafiya yazanda mən divan mətnərinə daha dərindən nüfuz edəsi
oldum və anladım ki, apostrofsuz divan ədəbiyyatı mətnlərini dürüst çap etmək
olmaz, çünki onlarla sözün məna çalarları qarışır. İndi ürəklə deyirəm: ərəb əlifbasında
Y-la yazılan sözləri, məsələn "Hüsyin”i y-sız yazmaq səhvdir. Ərəbcədən gələn
"iyyət” çəkilçisini bir y-la yazmaq səhvdir
və s. Ümumiyyətlə, orfoqrafiyanı sadələşdirmək iddiası həmişə prinsipin
pozulmasına, səhvlərə aparır.
Orfoqrafiyanı öyrənmək lazımdır, mədəniyyət zəhmətlə mənimsənilir və bunun ayrı
yolu yoxdur.
Hamı
bilməlidir ki, orfoqrafiyaya edilən heç bir dəyişiklik 600 illik yazı mədəniyyətimizin
normalarını ləğv edə bilməz. Fizulidə, "Molla Nəsrəddin” jurnalındakı
orfoqrafik normaları köhnəlmiş sayıb onları dəyişmək təhlükəli və səhv bir
yoldur. Yaddaşsızlığa aparan bir yoldur. Biz yeni bir orfoqrafik norma qəbul edəndə,
bu Fizuli orfoqrafiyasına uyğn deyilsə, yeniliyi paralel norma kimi qəbul etməliyik.
Əvvəlki hər şeyi səhv elan etmək olmaz. Bütün qabaqcıl xalqların orfoqrafiyası
bu cür təkmilləşir.
Dekabr, 2016
Bakı