Rəssam Babi Bədəlov: Uzun fasilədən sonra Vətəndə (FOTOLAR)
Rəssam
- 02.03.2019
- 0 Şərh
- 8222 Baxış
Martın 1-də "YARAT” Müasir İncəsənət Mərkəzində vizual rəssam və şair Babi Bədəlovun fərdi sərgisinə press-tur təşkil olunub.
Yarpaq.Az xəbər verir ki, sərgi rəssamın bütün mövcud olan və yenicə yaratmış parça əsərlərindən ibarət möhtəşəm instalyasiyasını təqdim edir.
Sərginin kuratoru Anna Fech əvvəlcə jurnalistlərə sərgi haqqında məlumat verib. Bildirib ki, 2008-ci ildən Fransada yaşayan sənətkarın yaradıcılığı, dilin mürəkkəbliyi və məhdudiyyətlərini, habelə gender məsələləri ilə bağlı problemləri araşdırır.
Ömrünün uzun hissəsini müxtəlif ölkələr və mədəniyyətlərdə keçirən Babi Bədəlov öz yaradıcılığında, xüsusi olaraq gender və seksuallıq problemlərinə rəğmən, öz şəxsi izolyasiya təcrübəsinə əsaslanır, eyni zamanda, daha geniş geosiyasi problemləri vurğulayır. O, avtomatik yazı üsulundan istifadə etməklə, sənətkar mətn üzərində qurulan əhəmiyyətli və orqanik vəhdət yaradan əsərlərində, onların fərqli vizual poeziyasını qurmaq, müdrik detallarla zəngin şüarlar və sosial-siyasi mənalarla yüklənmiş söz oyunlarını formalaşdırmaq məqsədilə, çoxsaylı dillərdən istifadə edir.
Məlumat verilib ki, sərginin adı, "ZARAtustra”, özlüyündə, müasir sürətli modanın sinonimi sayılan, dünya səviyyəli məşhur ticarət nişanı "ZARA”, habelə müasir Azərbaycanın tarixinə və mədəniyyətinə hələ də əhəmiyyətli dərəcədə təsir göstərən, zərdüştlük dininin banisi Zərdüştün (həmçinin "Zaratuştra” kimi də istinad edilir) adı ilə oxşarlıq təşkil edən söz düzəltməsidir.
Rəssam tez-tez öz yaradıcılığında media qismində parçalardan istifadə edir və "YARAT” Mərkəzində quraşdırılmış instalyasiya, qalereyanın tavanından cərgələrlə asılmış, təxminən 250 ədəd parçadan ibarətdir. İnstalyasiyada köhnə mələfələr, pərdə hissələri və oradan-buradan tapılmış materiallardan istifadə edilib və hər bir parçada, sənətkarın poetik yazıları əks olunub. Sənaye zavodunun istehsal xəttində iş prosesini xatırladan bu immersiv instalyasiya, tamaşaçının diqqətini sürətli modanın və kütləvi istehsalın müasir mənzərəsinə yönəldir və bizim nisbətən daha ənənəvi və tarixi kökləri olan obrazları ilə əlaqəli məsələləri ön plana çəkir. İnstalyasiyanın divarüstü komponentləri tekstil əsərlərdən kənaraçıxma sayılsa da, onlar da hekayə formasına malikdir və insanları, habelə onların yaşayış mühitini əks etdirir.
Qalereyanın divarları boyunca əllə yazılmış şüar və yazılardan ibarət olan bu komponentlər, eyni zamanda, geosiyasi sərhədlərin fiziki təsviri, eləcə də dilin özünün sərhədlərinin metaforası kimi görünür. Bu əsər, rəssamın bu yaxınlarda beynəlxalq səviyyədə bir sıra sərgilər üçün ərsəyə gətirdiyi silsilə əsərlərinin ən sonuncusudur.
Qeyd edək ki, 1959-cu ildə Lerikdə anadan olan rəssam, hazırda Parisdə yaşayır. B. Bədəlovun əsərləri bir çox beynəlxalq muzey və qalereyalarda keçirilən sərgilərdə nümayiş etdirilib. Sənətkar, həmçinin dünyanın bir sıra ölkələrində keçirilən biennale və art festivallarında da uğurla iştirak edib.
Kuratorları Suad Qarayeva-Maleki və Anna Fech olan sərgi iyunun 28-dək ziyarətçilər üçün açıq qalacaq.