Sami Yusuf

Sami Yusuf "Sığmazam"ı oxudu, rekord baxış topladı (VİDEO)

Azərbaycan əsilli müğənni Sami Yusuf azərbaycanlı şair, mütəfəkkir İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiya hazırlayıb. 

Yarpaq.az xəbər verir ki, kompozisiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb. Sami Yusuf kompozisiyanı Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində canlı ifa edib.

Qəzəli daha da zənginləşdirmək üçün Əməkdar artist Samirə Əliyeva və Təyyar Bayramov muğam hissələrini səsləndiriblər. 

Ekran işinin yaradıcı prodüseri və rejissoru Andrey Boltenko, kompozisiyanın bəstəkarlığını isə Sami Yusuf özü edib.

Kompazisiya böyük maraqla qarşılanıb. Youtube.com portalında yerləşdirilən videoya 15 saat ərzində 100 mindən çox baxış olub.

Xatırladaq ki, ilk albomu "Al-Muallim”lə məşhurlaşan azərbaycanlı Sami Yusuf eyni zamanda BMT-nin sülh elçisidir. Dünyaca məşhur müğənni və bəstəkar "Time” jurnalı tərəfindən "İslam dünyasının ən böyük rok ulduzu” və "Dünyanın ən məşhur müsəlman ingilisi” elan olunub.