Samir Sədaqətoğlu. İtən adam (Hekayə)
Proza
- 04.01.2021
- 0 Şərh
- 6624 Baxış
Yazıçı Samir Sədaqətoğlunun "İtən adam” hekayəsi İsveçrədə fransız dilində çap olunub. Hekayəni "Voix d’Exils” saytı yayımlayıb.
Qeyd edək ki, Samir Sədaqətoğlu hal-hazırda İsveçrə Konfederasiyasında yaşayır.
Hekayənin Azərbaycan dilindəki versiyasını oxucularımıza təqdim edirik:
Samir Sədaqətoğlu
İtən adam
(Hekayə)
Bu, çox dəhşətli hadisəydi: o özünü itirmişdi. Lap əşya itirirmiş kimi – pul, cib dəsmalı, gün eynəyi və yaxud pencəyin qopub düşmüş düyməsi kimi o, haradasa məhz özünü salıb itirmişdi. Bu, ağrı itki idi və heç şübhəsiz, bunu onun həyatında ən böyük itki hesab eləmək olardı. Pulu yenidən qazanmaq, qazanılmış bu pulla cib dəsmalı, gün eynəyi, sözsüz ki, yeni kostyum da almaq olar. Bunlar çox adi itkilərdi. Amma özünü satın almaq, bax, bu, çox qəliz məsələdi. Axı, hansı dükana gedib satıcıya demək olar: "Mən özümü almaq istəyirəm”. Heç şübhəsiz, adamı dəli hesab eləyərlər, gözləri bərəlmiş halda, təəccüblə, qorxa-qorxa adamın üzünə baxaraq, tez-tələsik qırağa çəkilib, gizlincə, o dəqiqə polisə və ya psixi xəstəxanaya zəng edib mağazada müəmmalı, sərsəm bir şəxsin olması haqqında xəbər verərlər. Bəli, məhz belə olacaq. Çünki bu özünü satmaq deyil ki, normal qarşılansın. Dünya yaranandan bəri belə olub: insan özünü satın ala bilməsə də, hər tin, hər addımbaşı, istənilən vaxt, istənilən qiymətə, kimə gəldi, hətta lap özündən aşağı səviyyəli şəxsə sata bilər!
Tfu sənə, belə dünya...
O bu düşüncələr içində tora düşmüş balıq kimi çırpınır, fəqət özünü harada salıb itirdiyini xatırlaya bilmirdi. Axı, bu hadisə necə olmuçdu, harada, nə vaxt baş vermişdi? Niyə, neçin o bu məsələdən anındaca xəbər tutmamışdı? Belə də iş olarmı, ilahi? O, artıq həyatda uğursuz, talehsiz bir adam olduğuna qəti əmin idi. Axı, niyə, nədən ötrü bu iş məhz onun başına gəlmişdi? Bundan sonra o, adamların –qonşuların, qohumların, tanışların üzünə necə baxacaqdı? Yəqin ki, hamı onu məsxərəyə qoyacaqdı. İş yoldaşları, ələlxüsus da, tez-tez ona ağıl verənlər, zəmanə adamı olmadığını, rəislə dil tapa bilmədiyini, "azca aşım, ağrımaz başım” misalı yaşamadığını başına qaxınc edənlər, onu ələ salmaqdan ötrü adına "Haqq aşiqi” deyənlər daha çox canfəçanlıq edəcək, lağ etməkdən xüsusi zövq alacaqdılar. Bu səhnələri xəyalında canlandırdıqdan sonra o, bir daha dəhşətə gəldi və tez güzgü önünə keçdi.
Əlbəttə, güzgüdəki özüydü. Buna heç bir şübhə ola bilməzdi. Başı, qulaqları, burnu, gözləri, əllləri, ayaqları – hər şey yerli-yerində idi. Amma o, bütün varlığıyla, ağlıyla, duyğusuyla nəyinsə çatışmadığını hiss eləyirdi. O, yüz faiz əmin idi: bəli, məhz güzgüdəki əksində hər şey yerli-yerindəydi, fəqət onun reallıqdakı, həyatdakı varlığında nəsə çatışmırdı, nəsə qeyb olmuşdu, yoxa çıxmışdı. Heç şübhəsiz, o "nəsə” o özü idi, o, məhz özünü itirmişdi və bu acı, ağır həqiqəti bir daha dərk edəndən sonra onun ürəyi güllə yarası kimi acı-acı gizildədi...
Həmin gün o, qorxu, təşviş içində evdən küçəyə çıxdı. Həyacanla ətrafına boylana-boylana iş yerinə getdi. Maraqlıydı ki, iş yerində heç kəs onun bu halından şübhələnmədi və ən qəribəsi də o idi ki, bircə nəfər də olsun belə onun bu itkisindən xəbər tutan, fərqinə varan olmadı. Təkcə arabir dərdləşdiyi iş yoldaşı diqqətlə onu başdan-ayağa nəzərdən keçirib şübhəli-şübhəli soruşdu:
- Sənə nə olub? Birtəhər dəyirsən gözümə. Nəsə qiymətli bir şey itirən adama oxşayırsan.
Həmin adama nə cavab verdiyini heç özü də anlamadı, tez ondan aralandı, icazə alaraq qəribə bir xof, qorxu içərisində iş yerini tərk etdi.
***
Beləliklə, o, tamamilə özünə qapıldı. Ən əvvəl şeir yazdı. Hamı onun şeirlərini tərifləsə də, o öz yazdıqlarından razı qalmadı və poeziyanın daşını birdəfəlik atdı. Sonra rəssamlığa qurşandı, sonra bəstəkarlığa... Bir ara çəkməçi yanında şəyird də işlədi. Amma nə faydası, illər keçsə də, o, heç cür rahatlanmır, axtarıb özünü tapa bilmirdi ki, bilmirdi...
***
Boz bir qış günüydü. Göy üzü yekə bir ələyə oxşayırdı və bu iri ələkdən elə hey ələndikcə yerə qar ələnirdi. O, əlləri nimdaş paltosunun ciblərində, qar gözlərinin içinə dolmasın deyə pırtlaşıq saçlı başını aşağı əyərək, üzü küləyə sarı sürətlə addımlayırdı. Şiddətlə əsən küləyin vıyıltısı lap ulayan canavarın səsinə bənzəyirdi. Və bu canavar səsli külək yağmış və yağmaqda olan qarı sovuraraq küçədən keçən tək-tük yolçuların üzünə çırpırdı. O bu qarın və küləyin içiylə xeyli getdikdən sonra üstündə "KAFE” yazılmış qapını açdı və içəri daxil oldu. Piştaxtaya yaxınlaşdı:
- İçmək istəyirəm!
- Olmaz, sən əvvəl borclarını ödə, sonar iç. Nə vaxta qədər sən nisyə araq içəcəksən? – deyə bufetçi soruşdu.
- Tezliklə borclarımı ödəyəcəyəm. İndi isə mümkünsə yüz qram... həm az qalır ürəyim partlasın, həm də az qalır ki, soyuqdan donam.
- Olmaz!
- Xahiş edirəm...
- Yox, dedim ki, olmaz!
O, pərt halda içəri qoyulmuş stolların birinə yaxınlaşaraq başını əllərinin arasına alaraq oturdu. Kafenin uzaq küncündə əyləşmiş iki nəfər xosunlaşaraq xidmətçini çağırdılar və həmin nimdaş paltolu adamın bütün borclarını ödəyərək ona ürəyi istədiyi qədər içki verilməsini əmr etdilər. Həmin iki nəfər ona zəmanə adamı olmağı tövsiyyə edən keçmiş iş yoldaşları idi. İndi onlardan biri rəis, digəri isə departament müdiri işləyirdi. Rəis deyirdi:
- Görürsənmi, o, nə günə düşüb? Hayıf, çox hayıf. Əvəzsiz istedad sahibi idi.
- Düz deyirsən, - deyə departament müdiri təsdiq etdi. – Özünə qiymət qoymayan, gün ağlamayn bütün adamların axırı, bax, belə olur. İçki, əyyaşlıq, mənasız, məhv olmuş bir həyat.
Onlar ətrafdakı adamlardan utandıqlarına görə ona – keçmiş iş yoldaşlarına tanışlıq vermədilər.
Ümumiyyətlə isə onu tanıyanların hamısı onunla məhz belə rəftar edirdi: özlərini elə aparırdılar ki, guya o adda adamı heç vaxt tanımayıblar. Onlar – onun qonşuları, tanışları, keçmiş iş yoldaşları, zəmanə adamları, demək olar ki, onu əhatə edənlərin hamısı, hər kəs onu içkiyə qurşanmış əskik bir adam, əyyaş hesab edirdilər. Və ən dəhşətlisi də o idi ki, heç kimin ağlına da belə gəlmirdi ki, o, hələ də özünü axtarmaqla məşğuldur.
Bayırda qar dayanmadan yağırdı. Nəfəsini dərmədən, inadkarcasına yağmaqda olan bu qarın məqsədi sanki bütün Yer kürəsinin, bütün dünyanın üzünü ağartmaq idi.