Şəlalə Əbil. Balıqlara yazılan məktublar (Hekayə)

Şəlalə Əbil. Balıqlara yazılan məktublar (Hekayə)

Səsindəki həyəcanı telefonda hiss etmək çətin deyildi:

-Qayıq yerində yoxdur, oğurlanıb!
Həyəcanı mənə də keçdiyindən cavabında verdiyim sual uşaqcasına səsləndi:
-Necə yəni yoxdur, bəs zəncirlər?
-Kəsiblər, kəsib götürüblər.

Gözümün qarşısına qızarmış yanaqları, qəzəblənəndə iti baxan mavi gözləri, insanlardan aldığı gözlənilməz zərbəyə hazır olmayan məyus sifəti canlandı. Bu qayığın onun üçün nə demək olduğunu bilirdim.

Bir neçə il qabaq bələdiyyədən,evindən ,təqribən, beş yüz metr uzaqlıqda yerləşən, qayıqların, yaxtaların yan alması üçün sahildən suyun içinə doğru tikilmiş, bir ucu torpaqda, o biri ucu  suya basdırılmış dirəklərin üzərində yerləşən taxta bir körpü kirayələmişdi. Uzun illərdi işlədilməmiş körpünün bir tərəfi azacıq əyilmiş, hündür otların, qarğıların və üzərinə  əyilmiş söyüd ağacının arasında itib-batmış, görünməz olmuşdu. Təmizlənməsi bir həftəsini aldı. Qayığın yan ala bilməsi üçün körpüyə, budaqları suya dəyəcək qədər əyilmiş söyüd ağacının mane olan hissələrini ehtiyatla budamış, hündür otlardan təmizləmişdi. Körpünün baş tərəfinə, suya rahat düşüb çimmək üçün qısa asılqan pilləkan bərkitmişdi. Əminəm ki, taxta körpünün əyilmiş tərəfini bir təhər dikəltməyə də çalışmışdı, amma illərin əyrisini düzəltmək mümkün olmadığı üçün gərək söküb yenidən tikəydi. O isə təzə şeyləri sevmirdi.Deyirdi ki,  təzə əşyalarda ruh yoxdu. Onlar keçmişdən, xatirələrdən, yaddaşdan məhrumdur. Köhnə əşyalara əllərini sürtəndə gözləri parıldayır, dodaqlarında utancaq bir təbəssüm yaranardı. Sanki kiminsə sirli, gizli, intim, özəl həyatına baxdığı üçün ehtiyatlanır,utanır, amma eyni zamanda,marağından vaz keçə bilmirdi. Təpə üstündə yerləşən yaşadığı kiçik evdəki əşyaların demək olar ki, çoxunu ”Qədim şeylərin satışı” yarmarkasından almışdı, qayığinı da. 

Qayığa ağıllı-başlı əl gəzdirməli olmuşdu, döşəməsinə taxtalar vurmuş, motor qoymuş və gölün ortasında  suya rahat düşmək-çıxmaq üçün baş tərəfindən qısa pilləkan asmışdı. Kürəklərin bərkidildiyi yumru dəmir halqaların yerini bir az da möhkəmləndirmişdi. Kürək çəkildiyi zaman halqalarla təmasından yaranan səsi çox sevirdi dostum.
İndi isə qayıq yoxdu yerində, dörd yerdən qalın zəncirlərlə  taxta körpüyə bərkidilməsinə baxmayaraq...

-Polisə zəng etmisən?

-Etmişəm, amma tapa biləcəklərini düşünmürəm. Götürən götürdü. 
Qısa bir sükutdan sonra 
-Sən bilirsən, mən həmişə fələstinlilərin tərəfində olmuşam. Əliyalın fələstinlilərin öldürülməsini pislədiyim üçün dəfələrlə  feysbukda əngəllənmişəm,-bir az susandan sonra tərəddüdlə əlavə etdi,- amma indi...bilmirəm...bəlkə də çox qaba alınacaq deyecəklərim...düşünürəm ki... hər kəs layiq olduğunu yaşayır...

-Nə demək istəyirsən? Qayığı fələstinlilərin oğurladıqları haqqında bir məlumatınmı var?
-Dəqiq yox, amma qonşulardan son vaxtlar balıq tutmaqla məşğul olan ərəbləri görən olub bu tərəflərdə...

Susdu. Sonra söylədiyi sözdən utanırmış kimi, dediklərinə  peşiman olubmuş kimi və mənim qulaq yaddaşımdan silmək istəyirmiş kimi tez də əlavə etdi ki, bəs  dediyi sözlər üçün onu bağışlayım, əslində o belə demək istəmirdi, sadəcə, çox gərgin və əsəbidir...

Və sonra artıq danışmaq istəmədiyini, sonra zəng vuracağını deyib telefonu bağladı.

Onu yaxşı başa düşürdüm, qayığın onun üçün nə demək olduğunu da yaxşı bilirdim. 

Qayıqı həm motor, həm də kürəklə işlətmək olurdı. O kürək çəkməyi daha çox sevərdi. Həftə sonları qayığına minib gölün  sakit bir yerinə kürək çəkər, orada lövbər atar, suya atlayıb qayıqdan uzaqlaşmadan üzər ( Belə vaxtlarda çox sevdiyi qayığına uzaqdan baxıb zövq almasını unutmazdı), sonra qayıqda uzanıb göyü seyr edər, kiçik termosda götürdüyü kofesindən içə-içə suda üzən balıqlara baxar və sonra da kürəyi çəkib körpüyə yan alardı.

O dənizin, gölün vurğunudu. Mən onu bəzən gölə  bənzədirəm. Göldə uzun məsafəni üzə bilir. Maraqlı olan da budur ki, suyun və gözünün maviliyi görüşəndə, ortaya yaşıla bənzər bir rəng çıxır. Və bunu ona deyəndə, "Hamı mavi olduğunu söyləsə də, mən onların yaşıla çaldığını bilirəm” deyə məmnunluqla gülümsəyər. Maraqlı olan bir də budur ki, o göldə gecələri üzməyi daha çox sevir. Axşamlar hava qaralandan sonra Flottsbru kanalının üstündəki Milliter körpüsünün ən hündür yerindən ( Bu ,təqribən, altı mert olar) gölə atlayar, iki kilometrə qədər üzüb qayığının lövbər saldığı taxta körpüyə çatar, sonra da quruya çıxıb təpənin üstündəki kiçik evinə tərəf addımlayardı. O göldə ilin bütün fəsillərində çimər. Göl buz bağlayanda isə buzqıranla özü boyda bir deşik açıb suya girər və donmamaq üçün tez də bayıra çıxardı. 

Axşamtərəfi bir daha zəng edəndə səs tonunun yumşaldığını hiss etdim:

-Səhər ərəblər barədə dediklərimə görə bir daha üzr istəyirəm. Onları ürəkdən demədiyimi bilirsən, yəqin. Sadəcə, çox gərgin idim.
-Bilirəm, səni yaxşı tanıyıram,-dedim,-amma çox düşünmə, əvəzində biz və doğmalarımız sağ-salamatdırlar,-deyə insanın çətin bir duruma düşəndə istifadə etdiyi təskinlikverici sözlərdən düzüb-qoşmağa başladım. 
-Bilirsən, nə düşündüm, mən o qayığı az istifadə edərdim, ev günlərimdə, bir əyləncə kimi. Bəlkə, qayıq ,onu oğurlayan adama əyləncə üçün deyil, balıq tutub yemək, həyatda qalmaq üçün lazım imiş. Demək istədiyim odur ki, bəlkə, məndən daha çox ona gərəkdi?

Növbəti dəfə ayaqda qalması, içini ovutması, yenidən qaldığı yerdən başlaya bilməsi üçün, hər dəfəsində insanlardan gələn zərbədən sarsılan dostuma, bu cür düşünməsi, bəlkə də, kömək edəcəkdi. Amma bu dəfə mən barışmazlıq mövqeyində idim: 
-Heç bir şey oğurluq üçün əsas vermir!
-Elədi... Amma bilirsən...Əslində mən yelkənli qayığı daha çox xoşlayırdım. O balıqçı qayığı idi, mən heç vaxt balıq tutmuram, bilirsən bunu, onları incitmək, ağızlarını, mədələrini qanatmaq dəhşətlidi! Əvəzində yelkənli qayıq alaram...
- Yelkənli qayıqmı? Hələ o birisinin pulunu verib qurtarmamısan.
- Bilirəm. Amma iki ay ev günlərimdə də işləsəm ala bilərəm yelkənli qayığı...

O meşəni də çox sevər. Onu ağaca da bənzədirəm bəzən, əslində oxşayır da. Boyu ucadır, ağac kimi, uzun saqqalı var, ağacın da budaqları, onun gözləri mavidir, ağacsa yaşıl. Amma meşənin rəngi gözlərinə yansıyanda onlar da yaşıla çalır və bunu ona deyəndə çox xoşlanır. Meşədə gecələr dolaşmağı daha çox sevir, deyir ki, təbiətdən adama zərər gəlməz. Zərər insanlardan gələr ki, onlar da gecələri olmazlar meşədə.

Ertəsi günü səhər bir daha zəng etdi. Səsi daha gümrah, şən və həyatdolu idi:
-İşlə danışdım. Hər şeyi düzüb qoşmuşam. İki ay ev dünlərimdə də işləyəcəyəm. Bir yelkənli qayıq da tapmışam. İşdən sonra almağa gedəcəyəm. Mənə yol yoldaşı olmaq istəməzsən ki?
-Xəstə olduğumu, korona virusumu unutmusan, deyəsən. Özümü yaxşı hiss etsəm də, hələ də yoluxdura bilərəm.
-Koronanın məni öldürəcəyini düşünmürəm. Amma insanlara inamımı bərpa etməsəm ölə bilərəm. Hər dəfə körpünün  yanından keçəndə və qayığın yerini boş görəndə məyus oluram. İnsanlığı şübhə altına alıram, bu məni çox incidir.

Onunla gedəcəyimə razılıq verdim.

O daşları daha çox sevər.Əslində onu daşa da bənzədirəm, bəlkə də, elə daşın özüdü. Həyətində qeyri-adi daşlardan ibarət kicik bir kolleksiyası var. Getdiyi ölkələrdən daş yığıb gətirər, bir çanta daş. Canta elə ağır olar ki, yük normalarına uyğun gəlmədiyi üçün ya üstündən götürüb atmalı, ya da çoxlu pul ödəməlidi. O, sözsüz ki, ikinci seçənəyə üstünlük verər.
Həmin gün işini bitirəndən sonra məni evdən götürməyə gəldi. Qayığı gətirmək üçün kirayə götürdüyü qoşqunu maşının dalına bağlamışdı.

"Gecənin xeyrindənsə gündüzün şəri yaxşıdı” atalar məsəlini onun başa düşəcəyi şəkildə və anlamını itirmədən isveç dilinə çevirib deməyə tərəddüd etdim. Bu cür şeylərin uğursuz tərcüməsi çox vaxt lazımı effekti vermədiyinə görə məhşur atalar sözümüzə müraciət etməkdən vaz keçdim.
-Səncə çox gec deyil? Bir saat o yana, bir saat bu yana, hələ qayığı oradan götürməyimiz də var. Bəlkə, sabaha qalsın?
- Qayığı bu gün gətirmək istəyirəm!
Onu artıq başına saldığı bir fikirdən yayındırmağın çətin olduğunu bildiyim üçün maşına oturdum və biz yola düzəldik. 
-Hansı yolla sürəcəksən?
-Magistral yolla, bu daha tez olar, hava qaralmağa başlayır.
-Magistral yolda qoşqu ilə sürmək? Polisin saxlama ehtimalı nə qədərdi, səncə?
-Bilmirəm, bəlkə, yüz faiz...
-Amma yenə də magistralla sürmək istəyirsən...Əlinin aşaqı olan vaxtı cərimə verməyin bu qədər xoşuna getdiyini bilmirdim...
Yalnış olduğunu bilib amma israrla istəyən bir uşaq təbəssümü ilə gülümsündü və yenə də təkrarladı:
-Qayığı bu gün gətirmək istəyirəm!

Polisin öz maşınının pəncərəsindən üzərində "STOP” yazılmış lövhəni bizə tərəf uzatması ilə elədiyimiz bu söhbətin arasında çox da elə uzun vaxt keçmədi. Yolun bir kənarında dayanmış  maşınının arxasındakı  qoşquya əlləri cibində söykənmiş halda polislərin verəcəyi qərarı gözləyəndə də həmin günahlar, lakin inadcıl gülüşü hələ də üzündəydi. Min üç yüz kron cərimə kağazı və magistral yoldan istifadə etməmək üçün alternativ və daha uzun ara yollarla sürmək göstərişi veriləndən sonra bizdə "İslanmışın yağışdan nə qorxusu” havasına bürünmüş bir rahatlıq vardı. Onsuz da gecikmişdik və cərimələnmişdik.  Daha uzun yolla getdiyimiz üçün ora çatanda hava tamamilə qaralmışdı.

 Meşənin içində yerləşən böyük bir villadan qayığı satan ailə-ər və arvad bayıra çıxdlar və gecikmə səbəblərimizə anlaşıqlı yanaşsalar da, bəlli bir saatdan sonra rahatsız olunmağı xoşlamayan bir isveçli tərəddüdü ilə bizi həyətin küncündəki ağzı üstə qoyulmuş qayığın yanına apardılar.  Bu qaranlıqda belə ağır qayığın yerdən qaldırılıb maşına bağlanmış qoşquya aparıb qoyulmağın dörd nəfər adamla mümkün olmadığını  dostumdan başqa hamı qəbul etmişdi. O hələ də uşaq inadı ilə bunun mümkünlüyünü isbat etməyə çalışırdı. Amma qadının sakit, qətiyyətlə dediyi " Sabah yanınıza iki nəfəri də alıb gəlsəniz daha yaxşı olardı” sözündən sonra sağollaşıb maşına oturmaqdan başqa çarəsi qalmadı.

Geri qayıdırdıq, qayıqsız. O pərt, üzgün, bir az da sinirli görünürdü. Sükutu mən pozdum:

-Eybi yox, sabah gəlib götürərik.
-Bura bir daha gələcəyimi düşünmürəm.
-Olsun. Ən azından cəhd etdik...
Növbəti sükutu yenə mən pozdum:
-"Hara gedirsən sən, gəmi? 
-Uzaqlara, uzaqlara...
-Məktub versəm verərsənmi
-Balıqlara, balıqlara?..”

Bu mahnını xoşladığını bilirdim. Bir anda maşının içində canlanma yarandı. "Növbə səndə”- dedim.

"-Killing me softly with his song
Killing me softly with his song
Telling my whole life with his words
Killing me softly with his song” ,- növbə bizdə,- dedi.

İsveç dilində bildiyim yeganə mahnını birgə oxumağa başladıq:

-”Əvvəllər… lap əvvəllər
bir qayığım vardı,
Yelkənli, lövbərli…
Ba da bam bam bam bam
Ba da bam bam bam bam….”

Benzinin qurtardığını xəbərdarlıq edən qırmızı işığın yanıb-sönməsini ikimiz də eyni anda görəndə maşını  başına götürmüş səsimiz azaldı…azaldı… yavaş-yavaş yox oldu…

  Qarşımızda hər iki tərəfdən hündür şam ağacı meşəsi ilə əhatə olunmuş, yaxınlıqda heç bir benzindoldurma məntəqəsinin görünmədiyi  uzun bir yol dayanırdı. Bir neçə kilometr daha artıq sürəndən sonra maşını yolun kənarında saxlamalı oldu. Benzin tamamilə qurtarmışdı. Düzgün  qərar qəbul etmək üçün bir qədər səssiz dayandıq. İlk ağlına gələn fikir qardaşına zəng etmək oldu. Amma telefonu açan olmadı, yəqin yatmışdı. Növbəti addımda tərəddüdlə qızına zəng etməyi düşünürdü. Amma əri növbədə olan qızının iki körpə uşağı evdə tək qoyub, bu qədər uzaq bir yola çıxıb benzin gətirə bilməsi mümkünsüz görünürdü. Yerə düşüb  qabağa bir xeyli addımlamaq, dayandığımız yerin yaxınlığında yaşayış məntəqələrinin olub-olmamasını öyrənmək cəhddi də bir nəticə verməyəndə, yenidən maşına oturub qardaşının, yuxudan ayılıb onun zəng etdiyini görməsi ümidi ilə gözləməkdən başqa çarəmiz qalmırdı. 

-Kömək lazımdı?

Maşınını bizdən bir qədər qabaqda saxlamış və pəncərədən bizə tərəf boylanan adam yüksək səslə soruşurdu.

-Benzini qurtarıb,- dedi dostum. 

Adam ehtiyatla qapını açıb yerə düşdü, maşının yüklüyündən yarısına qədər benzin olan bidonunu götürüb bizə tərəf addımladı. Efiopiya əsilli orta yaşlı bir kişi sınıq-salxaq isveçcəsi ilə:

-Hamısını götür, bu məndə  ehtiyat üçündü, ümid edirəm kömək edər,- dedi.
-Pulunu ödəməyim üçün telefon nömrəni bilməyim lazımdı, üstümdə nəğd pul yoxdur.
-Önəmli deyil, əsas mənzil başına yetişə bilməndi. Pul lazım deyil, amma boş bidonu geri qaytar.

Qarşımızda gediləcək uzun bir yolumuz vardı. Dostum düşüncəli görünürdü, susmuşdu, amma sanki danışacaq çox şeyi varmış kimi…