Serb xalq ədəbiyyatından: Həsənağaxatun

Serb xalq ədəbiyyatından: Həsənağaxatun


Bu ballada 1646-49-cu illərdə o vaxtlar Osmanlı imperiyasının tərkibində olan Bosniya əyalətinin İmotski regionunda (hazırda Xorvatiyanın ərazisidir) yaranıb. Uzun illər şifahi şəkildə yayılıb. Birinci dəfə 1770-ci ildə italyan səyyahı abbat Alberto Fortis tərəfindən yazıya alınıb və abbatın tərcüməsində 1774-cü ildə italyanca çap olunub. "Həsənağaxatun” balladası Bosniya, Xorvatiya və Serbiya şifahi xalq ədəbiyyatının icnilərindəndir. 40-dan çox dilə tərcümə olunmuş balladanın tərcüməçiləri arasında Gete (almancaya), Valter Skott (ingiliscəyə), Prosper Merime, Adam Mitskeviç (hər ikisi fransızcaya), Puşkin (ruscaya; natamam) və Anna Axmatova (ruscaya) var.

 

 

 

 

O nədir ki, ağarır yaşıl vahə içində?

Bəlkə qar yağıb ora, ya durna dəstəsidir?

Əgər qar yağsa idi, o çoxdan əriyərdi.

Durna dəstəsi isə çoxdan uçub gedərdi.

Yox, nə qar yağıb ora, nə durna dəstəsidir,

Həsən ağanın bəyaz çadırıdır ağaran.

Yaralı Həsən ağa yatır indi çadırda,

Anasıyla bacısı onun yanına gəlib,

Sevimli arvadısa utanıb görünməyə.

Ağanın yaraları közərib bitişəndə

Məktub yazıb göndərdi sevimli arvadına:

"Bəyaz evimdə məni gözləmək lazım deyil,

Artıq yerin də yoxdur, çıx get mənim evimdən”.

Arvadı bu xəbəri eşidəndən bu yana

Qara, pis fikirləri qova bilmir başından.

Evin yaxınlığından at səsi eşidildi,

Qadın qaçaraq çıxdı evinin qülləsinə,

Pəncərədən boylanıb gələn adama baxdı.

Onun dalınca isə iki qızı yüyürdü.

"Eşit, əziz anamız, atamız deyil gələn,

Gələn sənin qardaşın Pintoroviç dayıdır”.

Qadın yenə qaçaraq düşüb aşağı gəldi

Möhkəmcə qardaşını qucaqlayıb ağladı:

"Eşit məni qardaşım, nədir başıma gələn?

Məni beş uşağımdan ayırmaq istəyirlər!”

Bəy təmkinlə dayandı, bircə söz də demədi,

Sonra əlini salıb cibində eşələndi

Ayrılıq kağızını bacısına uzatdı.

Orda yazılmışdı ki, yığışdırsın nəyi var

Yubanmadan qayıtsın anasının yanına.

Qadın həmin məktubu oxuyub tamamladı.

Alınlarından öpdü iki böyük oğlunun,

İki qızının isə çəhrayı yanağından,

Amma bələkdə olan ən balaca oğlundan

Ayrılmaq həddən artıq çətin idi onunçün.

Bəy kəskin hərəkətlə qolundan tutub dartdı

Ayırdı bacısını körpəcə balasından.

Onu yəhər üstündə yanına otuzdurub

Çaparaq uzaqlaşdı bəyaz qəsr səmtinə.

Qadın ata evində çox yaşaya bilmədi,

Cəmisi bircə həftə sakit otura bildi.

Yaxşı nəsildən idi, gözəl-göyçək qadındı,

Belə qadınlar üçün elçilər tez tapılır.

Tezliklə yerli qazi qadına elçi düşdü.

Qadın çox darıxırdı, qardaşına yalvardı:

"Əziz qardaş, bacına yazığın gəlsin barı,

Təzədən ərə getmək mənim nəyimə lazım?

Onsuz ayrı düşmüşəm beş körpə uşağımdan,

Bu gedişlə ürəyim qüssədən partlayacaq”.

Bəy isə təmkinlidir, fikri qətidir onun,

Xoş üzlə qəbul edir qazi elçilərini.

Qadın yanına gəlir yenə bəy qardaşının,

Xahiş edir qaziyə məktub göndərməyini,

Gəlinin istəyini ona çatdırmağını:

"Gəlin qucaq dolusu təbrik göndərir sənə,

Bircə yerinə yetir sən onun xahişini:

Elçilərlə gəlini aparmağa gələndə

Ona hədiyyə gətir uzun bir kəlağayı,

Gəlin üzünü örtsün, gözlərini bağlasın,

Görməsin üzlərini yazıq uşaqlarının”.

Qazi məktubu aldı, elçiləri topladı,

Hazırlaşıb gəldilər gəlini aparmağa.

Qız evi elçiləri xoş üzlə qarşıladı,

Gəlini də götürüb bəy evinə getdilər.

Həsən ağa evinin qabağından keçəndə

Pəncərədən boylandı qadının uşaqları.

Qadının iki böyük oğlu küçəyə çıxdı

Anaya təzim edib onu salamladılar.

"Bizim əziz anamız, gəl bizimlə içəri,

İndi nahar vaxtıdır, gəl bizimlə çörək ye”.

Qadın oğlanlarını görəndə qüssələndi

Müraciət elədi dəstədəki qocaya:

"Elçilərin böyüyü, tanrının xatirinə

Evin yanında duraq, mən öz yetimlərimə

Hədiyyə bağışlayım, onları sevindirim”.

Atlar Həsən ağanın qapısında dayandı,

Qadın uşaqlarına hədiyyə bağışladı:

İki böyük oğluna qızıl dəstəkli xəncər,

İki böyük qızına bahalı mahud parça,

Hələ bələkdə olan körpə oğluna isə

Üstünə çəkmək üçün kiçik uşaq ədyalı.

Həsən ağa uzaqdan uşaqları səslədi:

"Balaca yetimlərim, gəlin, qayıdın evə,

Ananızın sizlərə yazığı gəlmir qəti,

Onun ürəyi yoxdur, yerində daş asılıb”.

Ağanın sözlərini qadın eşidən kimi

Düşdü sinəsi üstə torpağa sərələndi

Yetimlərinə görə çəkdiyi qüssə-qəmdən

Ruhu çıxdı bədəndən, ürəyi parçalandı.

 

 

Tərcümə: Həmid P.