Tanınmış kinorejissor Gülbəniz Əzimzadənin yubileyi qeyd ediləcək

Tanınmış kinorejissor Gülbəniz Əzimzadənin yubileyi qeyd ediləcək

Aprelin 26-da istedadlı Azərbaycan rejissoru, milli kino tariximizdə ilk qadın kinorejissorlardan biri Gülbəniz Əzimzadənin 65 illiyi qeyd ediləcək.

Bu münasibətlə Dövlət Film Fondunun təşkilatçılığı ilə tədbir keçiriləcək.

Gülbəniz Əzimzadə Bakıda ziyalı ailəsində anadan olub. Atası Yusif Əzimzadə yazıçı, anası Gülnaz Salamova isə rəssam idi. Səkkizinci sinfi bitirdikdən sonra o, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuşdur. 1969-1974-ci illərdə isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsili almışdır.
G.Əzimzadə 1974-1998-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-rejissor işləmişdir. Filmləri bir sıra kinofestivallarda mükafatlara layiq görülüb.

Onun Anarın “Dantenin yubileyi” povesti əsasında quruluş verdiyi eyniadlı film 1978-ci ildə ekranlaşdırılmış və maraqla qarşılanıb. Reyissorun “Təkcə adanı özünlə apara bilməzsən” bədii filminin əsas mövzusunu insana və təbiətə məhəbbət təşkil edir. Gülbəniz Əzimzadəyə böyük uğur qazandıran bu film bir sıra mükafatlara layiq görülüb.

Bunlardan başqa, G.Əzimzadə “Qaladan tapılan mücrü”, “Ötən ilin son gecəsi”, “İmtahan”, “Qətl günü” kimi maraqlı filmlərin də quruluşçu rejissorudur. Onun “Müqəddəs oda yanaram” və “Ümid” adlı yeni dövr filmlərində Qarabağ müharibəsinin gətirdiyi faciələr və insanın həyatda yerini axtarması kimi mühüm mövzular öz əksini tapıb.

İstedadlı kino rejissoru Gülbəniz Əzimzadə 2006-cı ilin dekabrında uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.